Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,52 dollara, yüngül neftin bir barreli isə 69,44 dollara təklif edilir.

Rusların ağır itkiləri var - NATO generalı

Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı müharibədə ağır itkilərinə baxmayaraq ciddi hərbi qüvvə olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib. "Quru Qoşunlarının həqiqətən böyük problemləri var: çoxluq əsgər, silah və texnika itirdilər. Ancaq bunun müqabilində onların yeri dolduruldu və indi Rusiyanın quru qüvvələri əvvəlkindən daha böyükdür”, - Kavoli bildirib. Generalın sözlərinə görə, Rusiya Hava Qüvvələri yüzdən az qırıcı və bombardmançı təyyarəsini itirib, lakin onların minə yaxın təyyarəsi hələ də var: "Donanma, kibernetik qoşunlar, kosmik qüvvələr demək olar ki, zərər görməyib”. Kavolinin fikrincə, Rusiya ordusunun döyüş qabiliyyətinin qiymətləndirilməsi zamanı bütün qoşun növlərində imkanları nəzərə alınmalıdır.

Ukraynanın əks-hücumunun ilk uğuru - Sırski

Ukrayna qoşunlarının Baxmut istiqamətində irəliləməsi Baxmutun müdafiəsi üçün hücum əməliyyatlarının ilk uğurudur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski deyib. “Son bir neçə gün göstərdi ki, biz hətta belə çətin şəraitdə də irəli gedib düşməni məhv edə bilərik. Biz düşməndən daha az resursla döyüşürük. Bununla belə, onun planlarını məhv etməyi bacarırıq. Bunların hamısı insan imkanlarının ən yüksək həddini aşaraq işğalçıya qarşı mübarizə aparan döyüşçülərimizin sayəsindədir”, - Sırski bildirib.

Bakıda qadın döyüldü, pulları əlindən alındı

Bakıda qadın döyülüb, pulları əlindən alınıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

DİM qəbul imtahanı ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. DİM-dən Sozcu.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İki Türkiyə: Varlılarla yoxsulların seçim fərqi

Xəqani Cəfərli,  şərhçi Ötən gün Türkiyədəki seçkilərlə bağlı səsverməni İstanbulda müşahidə edən yaxınlarımdan birinin göndərdiyi bir qeydi paylaşmışdım. Həmin qeydi şübhə altına alanlar da olmuşdu. Həmin seçki məntəqəsinin yerləşdiyi Kadıköydə  rəsmi məlumatlara görə, Kemal Kılıçdaroğlu səslərin 80.58 faizini, Rəcəb Tayyip Ərdoğan cəmi 16.85 faizini qazanıb.  Türkiyənin Ümumdaxili Məhsulunun 45 fazindən artığını təşkil edən üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə Kemal Kılıçdaroğlu qalib gəlməsinə baxmayaraq seçki ikinci tura qaldı.  Böyük şəhərlərin dövlət büdcəsinə ödədiyi vergilərdən dotatsiya almaqla yaşayan, şeyx-mürid münasibətlərinin hökm sürdüyü əyalətlərin güclü dəstəyi Rəcəb Tayyip Ərdoğanı məğlubiyyətdən xilas etdi. Türkiyədə seçki rəqabəti savadlı, nisbətən daha yaxşı yaşayan şəhər əhalisi ilə savadsız və yoxsul əyalət əhalsi arasında gedirdi. Daha varlı olan şəhərlərdə bir qayda olaraq Kılıçdaroğlu, yoxsul əyalətlərdə isə Ərdoğan qalib gəldi.  Seçkinin nəticəsinin müəyyən olunması ikinci tura qalsa da, Ərdoğan üstünlüyə malikdir. Ancaq bu Ərdoğanın arzuladığı bir qələbə deyil. Beş il əvvəlki, 2018-ci il seçkilərində 26.068.146 seçicinin səsini qazanan Ərdoğan, 14 mayda cəmi 26.082.947 seçinin səsini qazanıb. Bu səslərin içərisində isə 2018-ci ildən fərqli olaraq radikal islamçı Yendən Rifah  Partiyasının və HÜDA PAR-ın 2 milyon səsi də var. Üstəlik bu iki radikal islamçı partiya parlamentdə də təmsil olunacaq. İslam dünyasında şəriətin aparıcı siyasi cəryana çevrilməsində əsas rol oynamış Milli Selamet Partiyasının davamı olan Yendən Rifah  Partiyası, eləcə də Hizbullahın siyasi qanadı olan şəriət dövlətinin yaradılmasına çalışan HÜDA PAR-ın (Hür Dava Partisi) parlamentdə təmsilçiliyi çox ciddi problemlərin yaranacağından xəbər verir.  Ümumilikdə, Türkiyə 14 may seçkiləri nəticəsində cümhuriyyət dövrünün ən qatı şəriətçi və anti-Qərbçi parlamentini qazanıb. Mərkəzi Bankında valyuta qalmadığı üçün aprel ayının 1-dən bu günə kimi 700 ton qızıl eytiyyatının 147 tonunu satmaq məcburiyyətində qalan bir ölkənin bu xəstə və yorğun prezident, qatı şəriətçi və anti-Qərbçi parlamentlə nə qədər davam gətirəcəyi qeyri-müəyyəndir.  Yeganə ümid yaradan məqam müxalifətin  beş il əvvəllə müqayisədə səslərini 15.216.199-dən 23.867.812-ya artırması, üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə tam üstünlük qazanması və Ekrem İmamoğlu kimi gənc liderə sahib olmasıdır.   Bizim isə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin etdiyi kimi Azərbaycanın müstəqiliyini hər kəsə qarşı qorumaqdan, Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yolla getməkdən başqa seçimimiz yoxdur. Əks halda Yenidən Rifah və HÜDA PAR tezliklə Bakıda peyda olacaq.  P.S. İstanbul, Ankara və İzmirdəki seçkilərin rəsmi nəticələrini ardıcılıqla təqdim edirəm.

Kılıçdaroğlu: "Xalqın iradəsindən qorxmayın"

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu seçkilərlə bağlı media önündə açıqlama verib. Sozcu.az xəbər verir ki, K.Kılıçdaroğlu vərəqdən oxuduğu və dərhal da kürsünü tərk etdiyi açıqlamasında bunları deyib: "Əziz xalqım, səsimizin çox olduğu qutularda dəfələrlə etiraz edərək sistemi bloklayırlar. Məsələn, Ankarada 300, İstanbulda 783 seçki qutusuna qarşı davamlı etirazlar var. 6 dəfə seçki qutularına etiraz edildi, 11 dəfə seçki qutularına etiraz edildi. Sizin blok etdiyiniz Türkiyənin iradəsidir. Etirazlarla bunun qarşısını ala bilməzsiniz. Biz heç vaxt imkan verməyəcəyik ki, bu işin yerinə yetirilməsinə çevrilsin. Qavrayış idarəçiliyi ilə məşğul olmağı dayandırın. Bu məsələ ciddidir. Səslər gəlsin, nəticə tezliklə bilinəcək. Ölkə artıq qeyri-müəyyənliyə dözə bilmir. Xalqın iradəsindən qorxmayın. YSK-nı məsuliyyətə dəvət edirəm. Yaş imzalanmış protokollarımız var. İctimaiyyətin diqqətini yayındırmayın. Yenə deyirəm, bu millətin iradəsinə mane olmayın. Mən meydanda demokratiya işçilərimizə səslənirəm. Heç vaxt seçki qutularını və seçki lövhələrini tərk etməyin. Hər bir səs hesablanana qədər buradayıq."

Zelenski: “İran Rusiyaya mindən çox dron və digər silahlar satıb”

Rusiya İrandan mindən çox pilotsuz təyyarə və digər silah alıb. Sozcu.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sayəsində Rusiya Federasiyasında istehsal olunan raketlərin sayı xeyli azalıb. "Başqa silahlar da var. Bizdə dəqiq məlumat var, onlar bunu bu yaxınlarda ediblər", - prezident bildirib. Eyni zamanda prezident əlavə edib ki, hava hücumundan müdafiə vasitələri sayəsində Ukrayna özünü bu dronlardan müdafiə etməyi bacarır.

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel ilə görüşü başlayıb

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən xəbər verilib. 

Rusiyanın itkiləri 199 minə yaxınlaşır

Ukrayna müharibənin 445-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 198 880 hərbçi, 3756 ədəd tank, 7325 ədəd zirehli döyüş maşını, 3116 ədəd artilleriya sistemi, 562 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 314 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6018 ədəd avtomobil texnikası, 2696 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 404 xüsusi avadanlıq itirib.

Əks-hücum: Ukrayna ordusu rusları Baxmutdan qovur

Ukrayna ordusu Baxmut istiqamətində həyata keçirilən əks-hücum nəticəsində xeyli irəliləyiş əldə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Baxmutdan 14 km cənub-şərq istiqamətində yerləşən Kurdyumovka kəndində uğurlar əldə edərək rusları Severski Donets – Donbas kanalının şərq sahilinə qovub. Bundan başqa ukraynalılar Baxmutdan 7 km cənub qərbdə yerləşən Klişeyevka kəndi istiqamətində də irəliləyiblər. “Mayın 13-nə olan vəziyyətə görə, əks-hücumlar nəticəsində Ukrayna ordusu Baxmut rayonunda 16.85 kv.km ərazi azad edib”, - hesabatda qeyd olunub.

Millət İttifaqını bir arada bu iradə tutdu

Sinan Oğan kampaniyasına İmamoğlunun sloqanı ilə nöqtə qoydu. Cəhənnəmin qapılarını qapadacaqlarını, yəni bu dövrü bitirəcəklərini söylədi.  Dünən dediyi "bizə kim vəzifə təklif etsə, 2-ci turda onu dəstəkləyəcəyik" açıqlaması ciddi etirazlara səbəb olmuşdu. Çünki Türkiyə toplumunda müdhiş bir dəyişiklik tələbi var. Cumhur İttifaqı xaricindəki bütün vətəndaşlar - türkü, kürdü, ələvisi, sünnisi, millətçisi, dindarı, sosialisti, liberalı - bir sözlə, hər kəs dəyişikliyə, ədalətə, azadlığa təşnədir. Bu dəyişikliyə mane ola biləcək hər addıma, qərara, açıqlamaya dərhal və çox sərt etirazlar gəlir. Meral Akşeneri masaya bu iradə qaytardı, əks təqdirdə, partiyası əriyib bitəcəkdi. Millət İttifaqını bir arada bu iradə tutdu. Belə bir məsəl var: əgər aslan, ceyran, canavar, dovşan, ayı, zebra yan-yana qaçırsa, deməli, meşədə yanğın var. Türkiyənin də durumu budur. Ölkədə yanğın var. Söhbət heç də sosial-iqtisadi çətinliklərdən getmir. Anadolu torpaqlarında hələ 1808-ci ildə "Sənədi ittifaq" ilə başlayan, 1839-da "Tanzimat" fərmanı, 1876-da "Qanuni Əsası" (1-ci Məşrutiyət) ilə davam edən demokratikləşmə, modernləşmə cəhdləri olub. Pis-yaxşı, bu yarımçıq ənənə Cümhuriyyətin qurulmasında köməyə gəldi. Cümhuriyyət dövründə isə 1950-ci ildən bəri qazanılan və tədricən, fasilələrlə institutlaşan demokratik nailiyyətlər var. İndi bu demokratik birikim və onunla paralel laik sistem, sekulyar yaşam tərzi təhlükə qarşısındadır. Yuxarıda saydığım əhali təbəqələri bunu qəti istəmir. Hər kəs hüquq və azadlıqların, dünyəviliyin nə qədər həyati olduğunu dərk etdi. HDP-li kürdlə İYİ Partili və ya partiyasız türk millətçisini, CHP-li ilə Səadət partiyalını bir araya gətirən bu ortaq maraqdır. Ölkənin bu nailiyyətlərini itirib, Orta Şərq tipli despotizmə yuvarlanması onlar üçün kabus ssenarisidir. Əslində AKP və MHP-lilərin də çoxu bunu istəmir, əgər hakimiyyətdən düşsələr, bunların necə bir demokratiya mücahidinə çevriləcəklərini görəcəyik. Yaşasın laik, demokratik Türkiyə Cümhuriyyəti! Şahin Cəfərli 

"Əgər biz indi düşməni öldürməsək, özümüz məhv ediləcəyik..." - General Zalujnı

"Rusiyanın strateji məqsədi Ukrayna dövlətçiliyini məhv etməkdir..." "Ukraynalılar son damla qanlarınadək döyüşməlidir, çünki başqa çıxış yolları yoxdur..." Rusiya tammiqyaslı hərbi müdaxiləyə kompleks şəkildə hazırlaşıb Rusiyalılar əhəmiyyətli dərəcədə itkilərə rəğmən, ukraynalıları şüurlu istəklə öldürmək üçün cəbhəyə yollanır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı "vikna.tv" nəşrinin müxbiri, ukraynalı aparıcı və jurnalisti Dmitri Komarova geniş müsahibəsində bəyan edib. O, növbəti dəfə qeyd edib ki, ukraynalılar "son damla qanınadək" döyüşməlidir, çünki bu gün düşməni məhv etməsələr, özləri məhv ediləcək. Zalujnı vurğulayıb ki, onun üçün və peşəkar ukraynalı hərbçilər üçün Rusiya ilə müharibə hələ 2014-cü ildə başlayıb, 2022-ci ilin fevralında isə, sadəcə, öz miqyasını dəyişib. Onun sözlərinə görə, fevral ayından işin həcmi, məsuliyyət və gərginlik dərəcəsi xeyli artıb. "Biz bunu 8 ildir etmişik, biz mənəvi cəhətdən buna hazır olmuşuq ki, düşməni öldürək və onun sakitləşməsini və bizi rahat buraxacağını gözləməyək. Bu 8 il bizi bərkidib və bizə döyüşməyi öyrədib, bu isə rusiyalılar üçün gözlənilməz olub", - general deyib. O, vurğulayıb ki, ukraynalı hərbçilər 8 il ərzində həm mənəvi, həm fiziki cəhətdən hazırlaşıb və "çoxsaylı insanlarını" itirib. Baş komandanın fikrincə, Rusiya tammiqyaslı hərbi müdaxiləyə kompleks şəkildə hazırlaşıb, öz silahlı qüvvələrinin bütün fəaliyyət sahələrində hazırlığı həyata keçirib. O, əmindir ki, bu əməliyyat kifayət qədər detallı planlaşdırılıb. "Fikrimcə, Rusiyanın strateji məqsədi Ukrayna dövlətçiliyini məhv etmək olub. Görünür, onlar zənn edib ki, mütəşəkkil kolonlarla ölkəmizə daxil olacaq, insanlar onları duz-çörəklə qarşılaycaq və bununla da Ukrayna dövlətçiliyinə son qoyulacaq", - Zalujnı güman edir. Baş komandan növbəti dəfə qeyd edib ki, ruslar müqaviməti gözləməyib. "Ona görə də onlar Rusiyadan buraya şüurlu olaraq ukraynalıları öldürmək üçün gəlir. Və bu müharibənin mahiyyəti ondan ibarətdir ki, əgər biz indi bu düşməni öldürməsək, özümüz məhv ediləcəyik. Çünki onlar şüurlu olaraq buraya gəlib və indi, o cümlədən Donetsk əməliyyat istiqamətində, Baxmut rayonunda çox böyük itkilər verir, amma yenə də ukraynalıları öldürməkdə davam edir", - o, vurğulayıb. Zalujnı həmçinin özünün sözlərini təkrarlayaraq deyib ki, Ukrayna "son damla qanadək" döyüşəcək, çünki ukraynalıların başqa çıxış yolu yoxdur.

Rusiyanın iki helikopteri və iki qırıcısı vuruldu

Rusiyanın Bryansk vilayətində helikopter alışıb və qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı TASS fövqəladə hallar xidmətindəki mənbəsinə istinadla yayıb. Bildirilib ki, ilkin məlumata görə, helikopterin mühərriki alovlanov və təyyarə Klints şəhərinə düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadaları göndərilib. Hələlik, helikopterin qalıqları tapılmayıb. *** Rusiya mediası Bryansk vilayətində bu gün daha bir Mi-8 helikopterinin qəzaya uğradığını bildirib. Helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb. “Mash” nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub. Bryansk vilayətində axtarış əməliyyatları aparılır.

Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək. Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb. İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. İlk matçda “Qəbələ” qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1. Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla doqquzuncu sırada yer alıblar. Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə “köhlən atlar” 18 dəfə qələbə sevinci yaşayıblar. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8. “Qarabağ” son beş oyunda qələbə qazanıb. Son yeddi matçda ən azı üç qol vurub. Azərbaycan Premyer Liqası XXXIV tur 13 may (şənbə) 18:00. “Qəbələ” - “Turan Tovuz” Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Qəbələ şəhər stadionu. 20:30. “Səbail” - “Qarabağ” Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: İlham Əliyev “ASCO Arena”. Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” - “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” - “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

Ukrayna ordusu ötən gecə Rusiyanın 17 “Shahed” PUA-sını vurub

Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed-136/131” tipli 21 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib. Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb. Həmin PUA-lardan 17-si məhv edilib. Bildirilib ki, PUA-lardan biri Xmelnitski vilayətində infrastruktur obyekinə düşüb. Nəticədə 5 nəfər yaralanıb.

Gözlər yenidən Brüsseldə: Sabah Əliyev Paşinyanla görüşəcək

Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb.  Sozcu.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir. Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq. Bundan əvvəl Avropa İttifaqının Brüssel görüşü barədə açıqlamasında deyilir ki, Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir. 

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,17 dollara, yüngül neftin bir barreli isə 70,04 dollara təklif edilir.

Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir. Hadisənin təfərrüatı araşdırılır.

Rusiyanın itkiləri 198 MİNİ keçdi

Ukrayna müharibənin 444-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 198 260 hərbçi, 3751 ədəd tank, 7307 ədəd zirehli döyüş maşını, 3095 ədəd artilleriya sistemi, 561 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 314 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6011 ədəd avtomobil texnikası, 2665 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 402 xüsusi avadanlıq itirib.

Bakıda toyda dava: 1 nəfər bıçaqlandı

Bakıda toyda bıçaqlanma olub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib. 1992-ci il təvəllüdlü Əmrah Kalam oğlu Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Həmidulla oğlu Əsgərov a kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib. Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən Əmrah Alışov saxlanılıb.

MİT-dən əməliyyat: Heydər Dəmirəl məhv edildi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın şimalında antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat çərçivəsində, PKK/YPG-nin Əl-Hol bölgəsi üzrə “lideri” Heydər Dəmirəl məhv edilib.

İranda baş redaktor güllələndi

İranın Xuzistan əyalətinin İzə şəhərində "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Həmşəhri" qəzeti məlumat yayıb. Hadisə mayın 12-i gecə saatlarında baş verib. Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib. Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur. Silahlı hücumun təfərrüatı açıqlanmayıb. Hadisə araşdırılır.

Rusiya ordusu Baxmutdan qaçır - Priqojin

Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir. Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb. “Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.