Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin "Armenpress"ə verdiyi məlumatda deyilir.
Bildirilib ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı məsələləri müzakirə edilib.
Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.