Siqareti tərgitməyin daha bir FAYDASI

Alimlər siqareti tərgitməyin psixi sağlamlığa yaxşı təsir etdiyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, 24 həftə siqaretdən istifadə edilmədikdə ondan asılı olan şəxslərin psixologiyasında yaxşı dərəcədə dəyişikliklər görülüb. Araşdırmalar 2011-ci ildən 2015-ci ilə qədər olan dövrdə siqaretin mənfi təsirlərini qiymətləndirmək üçün 4260 iştirakçını əhatə edən randomizə edilmiş klinik sınaqdan əldə edilən məlumatlardan istifadə edilib. Tədqiqatda iştirak edən şəxslərin təxminən yarısında psixi xəstəlik keçmişi var idi. Mütəxəssislər 9-24 həftə ərzində siqaretdən imtinanın təsirini araşdırıblar. Siqareti tərk etməzdən əvvəl və sonra iştirakçılardan psixi sağlamlıqla bağlı sualların daxil olduğu anketləri doldurmaları istənilib. Xüsusilə, narahatlıq və depressiya ölçüləri 0-dan 21-ə qədər olan klinik reytinq şkalası ilə ölçülüb. Nümunə arasında ilkin orta bal narahatlıq üçün 4,25 və depressiya üçün 2,44 olub. Siqareti buraxdıqdan 24 həftə sonra xəstələrdə simptomlarda əhəmiyyətli bir yaxşılaşma müşahidə olunub. Demoqrafik göstəricilərə və əsas dəyişənlərə düzəliş etdikdən sonra, siqareti dayandırmaq siqaret çəkməyə davam edən qrupla müqayisədə həm narahatlıq (mənfi 0,4 bal), həm də depressiya (mənfi 0,47 bal) azalması ilə əlaqələndirilib.

"Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən"

“Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər”. Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib. Tanınmış teleaparıcı televiziya sahəsinə gəldiyi günü də xatırlayıb. “25 ildir ki, televiziya sahəsindəyəm. 1998-ci il mart ayının 9-da Azv-də ilk efirim idi. Bir gün idi ki, işə gəlmişdim, efirə çıxdım. Heç hazırlıqlı deyildim. Mənim üçün yeni bir məkan idi, kamera da görməmişdim. Şükürlər olsun ki, bacardım. Mədəniyyət və İncəsənət universitetində Arzu Tağıyeva adlı bir rejissor var idi, ilk məni kamera qarşısına çıxaran insan o olub. Yadımdadır, avtomobil verilişinin ilk qadın aparıcısı oldum” deyə Afaq Gəncəli bildirib. Teleaparıcı deyir ki, müğənnni dostlarına görə bəzi sənətçilər onu çox incidib.                                                         “Bəzi müğənnilərlə dostluğuma görə mənimlə küsənlər, danışmayanlar da olub. Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən. Bu düzgün yanaşma deyil. Əgər kiməsə qarşı münasibətdə yaxşıyamsa, onun da mənə qarşı münasibəti yaxşı olmalıdır. Yox, əgər mən münasibətlərdə fərq qoyuramsa, o zaman sən nəsə deyə bilərsən. Haqlısan. Hamı ilə ayrı-ayrılıqda münasibətim və onlara hörmətim var. Hansısa tədbirdə, toyda baxmamışam ki, o insan mənimlə danışmır, onu elə gözəl, özünə layiq təqdim etmişəm ki. Çünki bu mənim işimdir. Mən onunla ədavət apara bilmərəm” deyə aparıcı bildirib

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Qeyd edilib ki, iyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib: "Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir".

Ekspert: "Məktəb sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır"

"Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır". Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib. Ekspert bildirib ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir: "Mütəxəssis hazırlamaq bilavasitə ali məktəbin vəzifəsidir. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması məzunun topladığı balla deyil, onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.

Tehran rejimi seldən zərərçəkən Güney Azərbaycan bölgələrinin sakinlərinə yardım etmir

İran hakimiyyəti seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki əhalinin vəziyyəti ilə maraqlanmır. Bunu sosial şəbəkədə çoxsaylı faktlar və məlumatlar da təsdiqləyir. Bildirilib ki, İranın rəsmi xəbər saytları və agentlikləri də seldən zərərçəkən bölgələrlə bağlı məlumat vermir. Yerli sakinlər seldən zərər çəkən əhalinin ürəkdağlayan olduğunu bildirirlər. Onların sözlərinə görə, İran hökuməti onlara heç bir yardım göstərmir və taleyin ümidinə buraxıb. Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Germi və Biləsuvar rayonlarında leysan yağışlar nəticəsində sel olub. Əhalinin əkin sahələri, şəxsi təsərrüfatına xeyli ziyan dəyib. Sakinlər ərzaq və içməli su çatışmazlığından əziyyət çəkir. Onlara Güney Azərbaycanın müxtəlif bölgələrinin sakinləri humanitar yardım edir.

Bu şəxslərin maaşı sentyabr ayından 35 % ARTIRILACAQ

Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb. Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib: "Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində qaydalarda nəzərdə tutulan meyarlar üzrə müəllimlərin ünsiyyət bacarıqları, sinfin idarə olunması, digər meyarlar üzrə qiymətləndirmə aparılacaq. Sentyabr ayından etibarən prosesdən uğurla keçən müəllimlərin əmək haqlarında müvafiq olaraq 10-35 faiz artımlar tətbiq ediləcək". /metbuat.az/

Xəstəxananın mühafizəçiləri qəzaya düşdü: ölən var

Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hazırda araşdırma aparılır.

Bu gün Konfrans Liqasının finalı keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq. Sozcu.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. UEFA Konfrans Liqası Final 7 iyun Saat 23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) Baş hakim: Karlos Del Serro (İspaniya) Praqa, "Eden Arena" Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

Azərbaycanda bu yollar bağlandı

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonunun ərazisində bir neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub. Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

SES-i ordumuzun qarşısını almaq üçün partlatdılar

Ruslar nəzarətlərində olan Kaxovka SES-i ona görə partlatdılar ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gecikdirsinlər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Heç nə Ukrayna müdafiəçilərinin ölkə ərazilərini azad etməsinə mane ola bilməz. Onlar hesab edirdilər ki, bu ərazilər bizim əks-hücum istiqamətlərimizdən biri ola bilər. Hücumu gecikdirmək üçün belə bir terakt həyata keçirdiər. Onların fəaliyyəti Ukrayna SQ-nin döyüş qabiliyyətinə təsir etməyəcək”, - deyə o bildirib. Qeyd edək ki, ötən gün ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar. Bölgədəki bir sıra yaşayış məntəqələri su altında qalıb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,93 dollara, yüngül neftin bir barreli isə 71,43 dollara təklif edilir.

46 yaşlı kişi qohumunun toyunda qəfil öldü

Neftçalada 46 yaşlı kişi qohumunun toyunda infarkt keçirǝrǝk ölüb. Sozcu.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Məmmədov iyunun 6-da rayonun Dördlər kəndində əmisi nəvəsinin kiçik toy məclisində olan zaman infarkt keçirǝrǝk vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədovun ürəyinə stend qoyulubmuş. Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət izi aşkar olunmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

469-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 469-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 212 030 hərbçi, 3873 ədəd tank, 7560 ədəd zirehli döyüş maşını, 3640 ədəd artilleriya sistemi, 594 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 352 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6349 ədəd avtomobil texnikası, 3219 ədəd PUA, 1171 qanadlı raket, 18 gəmi/qayıq, 492 xüsusi avadanlıq itirib.

Bu erməni “Laçın” postundan buraxılmadı, panika başladı

Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Sozcu.az xəbər verir ki, bu barədə iddia erməni mediasında yayılıb. Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib. “Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir.

Bakı və İrəvan arasındakı danışıqlar... - ABŞ rəsmisi

Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin rəhbəri və baş icraçı direktoru Suzan Elliott Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir. S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib: “Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”.

Türkiyə lirəsindən inanılmaz: bir gün ərzində şok

Türkiyə lirəsi bu gün səhər saatlarında inanılmaz səviyyədə ucuzlaşıb. Sozcu.az xəbər verir ki, lirə səhər saatlarında 7,1 faiz ucuzlaşma ilə son ayların ən böyük antirekorduna imza atıb. Hazırda dollar 23,1 lirəni keçib, avro isə 24,85 lirəyə qalxıb. Xatırladaq ki, ötən gün birjalar bağlananda dollar 21,5 lirə idi.

Ermənistan Baş prokurorun müavini dinlənilirmiş

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın işlərinin araşdırılmasında iştirak edən prokurorların istefaya getməsinə səbəb onların Baş prokuror Anna Vardapetyanın ünvanına “sərt” ifadələrlə müşayiət olunan söhbətləri olub. Prokurorların otaqlarında dinləmə cihazları yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar. İstefa verənlər Baş prokurorun müavini Gevorq Baqdasaryan və Robert Köçəryanın işi ilə məşğul olan prokuror Petros Petrosyan, həmçinin Serj Sərkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyandır.

Ziya Məmmədovun tikdirdiyi bina sökülür - Video

Quba rayonunun mərkəzində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus hündürmərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb. Sozcu.az 7Times.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl binanın bütün mərtəbələrinin özül hissələrində söküntü işlərinə başlanılıb. Həmin görüntüləri təqdim edirik:

İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alındı

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ukrayna tərəfdən döyüşən ruslar Belqorodda rus polkovniki öldürdü

Rusiyanın Novaya Tavoljanka kəndində 52 yaşlı polkovnik Andrey Stesev öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna tərəfindən döyüşən "Rusiya könüllülər korpusu”nun Teleqram kanalında məlumat verilib.  Daha sonra bununla bağlı video dərc edilib. Qeyd olunur ki, Ukrayna tərəfindən vuruşan rusiyalı könüllülər artıq bir neçə gündür, Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsinə nəzarət edirlər. Yerli əhalinin əksəriyyəti evakuasiya edilib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, öldürülən polkovnik Andrey Stesev "Belqorod” əməliyyat qrupunun komandiri olub.  "Əməliyyat məlumatına görə, iyunun 4-dən 05-nə keçən gecə Novaya Tavoljanka kəndində Belqorod əməliyyat qrupunun komandiri qvardiya polkovniki Andrey Vasilyeviç Stesev məhv edilib. O, bundan əvvəl Rusiya Federasiyasının Hava-Desant Qüvvələrinin 104-cü desant-həmlə alayının komandiri vəzifəsində çalışıb”, - Ukrayna kəşfiyyatının məlumatında deyilir.

ABŞ təsdiqlədi: Ukrayna hücuma başlayıb!

Ukrayna ABŞ hakimiyyətinə əks-hücumun dəqiq tarixini deməyib, lakin Vaşinqton hesab edir ki, o, artıq başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat verib. Məlumata görə, Kiyev ABŞ hakimiyyətinə yalnız ordunun əks-hücuma keçəcəyi ilə bağlı müvəqqəti çərçivələr təqdim edib: “ABŞ hərbçiləri Ukrayna mövqelərində aktivliyin qeydə alındığını bildirirlər. Onların sözlərinə görə, Ukrayna ordusu rusların mövqelərini və saylarını öyrənmək üçün döyüş əməliyyatlarına başlayıb. Kəşfiyyat döyüşü bir neçə gün davam edəcək”.

"Laçının "sülhməramlı"ların nəzarət zonası kimi göstərilməsi məqsədyönlü təxribatdır..."

“Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər…” “Laçının virtual “işğalı”na cavab olaraq biz də Saxalini, Şikotanı, Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr dərc etməliyik…” “Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər…” Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il yarımdan çoxdur ki,  müvəqqəti(!) qalmaq  şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti  2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-də, iyunun 1-də, 4-də və 5-də, yəni dünən də yenidən virtual olaraq(dislokasiya xəritələrində) öz məsuliyyət və nəzarət zonasına daxil edib. Və bu təxribatın məhz  mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik günü, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra başlaması təsadüf sayıla bilməz… Tanınmış hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: “Rusiya Müdafiə Nazirliyi dəfələrlə öz rəsmi saytında dərc edilən “sülhməramlı” hərbi kontingentin dislokasiya xəritələrində Laçın şəhərini və digər Azərbaycan məntəqələrini ərazimizdə müvəqqəti yerləşdirilmiş həmin kontingentin məsuliyyət zonaları kimi göstərib. Və mən bu məsələni daimi diqqətdə saxladığınız üçün sizə xüsusi təşəkkür edirəm”.   Ekspert hesab edir ki, sözügedən məsələ Rusiyanın “sülhməramlı” adlanan kontingentinin ermənipərəst mövqeyi ilə də izah oluna bilər. “Qeyd edim ki, bu bir daha Rusiyanın Azərbaycan torpaqlarındakı "sülhməramlı" sayıllan hərbi kontingentinin ermənipərəst mövqeyi ilə izah edilməli, onun rəhbərliyinin erməni silahlılarını dəstəkləməsi kimi qəbul edilməlidir. Nəticə etibarilə bu gün erməni silahlılarına kuryerlik edən, onların aşağı-yuxarı silah-sursat daşıması üçün can-fəşanlıq göstərən Rusiya “sülhməramlı”larından bundan artığını gözləmək olmazdı.  Hesab edirəm ki, onların bu kimi fəaliyyətlərinə bizim güc strukturlarının kartoqrafları da müəyyən cavablar hazırlaya bilərdi.  Məsələn, biz də Saxalini, Şikotanı,  Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr çap edə və onları Rusiya “sülhməramlı”larının saxta xəritələrinə, o cümlədən Laçın şəhərini virtual “işğal” etmələrinə cavab olaraq media vasitəsilə tirajlaya bilərdik. Təəssüf ki, müvafiq qurumlar hələ bu haqda düşünmürlər”,- deyə Ədalət Verdiyev qeyd edib.  “Rusiya Müdafiə  Nazirliyinin Azərbaycan ordusunun nəzarətində olan əraziləri “sülhməramlı” kontingentin məsuliyyət zonası kimi  göstərməsi heç bir halda “təsadüfi”, “texniki səhv” kimi dəyərləndirilə bilməz. Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı məqsədyönlü və təxribat xarakterli addımlardır. Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər”,- deyə hərbi ekspert vurğulayıb.

Rusiya və “kuklaları”nı məsuliyyətə cəlb edəcəyik

Kaxovka SES-də baş verən partlayışın məsuliyyətini Rusiya və onun “kuklaları” daşıyır. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının Prezidenti Şarl Mişel deyib. Mişel bildirib ki, sözügedən hadisəyə görə şokdadır: “Mülki infrastrukturun məhv edilməsi açıq şəkildə müharibə cinayəti kimi təsnif edilir və AB Rusiyanı və onun “kukla”larını məsuliyyətə cəlb edəcək”.

"Kremldəki quldurların hər biri məhkum ediləcək" - Zelenski

"Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir..." "Müharibə başlanandan 485 ukraynalı uşaq həlak olub, 1005 uşaq yaralanıb, 19 505 nəfər deportasiya edilib, bunlar yalnız rəsmi rəqəmlərdir..." "AŞPA-nın aprelin 27-də qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasyası soyqırım adlandırılıb..." Ukrayna prezidenti Vladimir Zelenski iyunun 4-də Rusiyanın təcavüzü nəticəsində həlak olan uşaqların Xatirə Günündə bəyan edib ki, Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün növbəti videomüraciətində bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb. O, iyunun 4-də gecə Dnepr şəhərinin raket zərbəsinə məruz qalması, nəticədə iki yaşlı körpə qızcığazın həlak olması və beş uşağın yaralanmasını xatırladıb. "Rusiyanın terroru yüzlərlə uşaqlarımızın həyatına son qoyub. Təkcə fevralın 24-dən tammiqyaslı müharibə müddətində 485 nəfər uşaq həlak olub. Bu rəqəmi rəsmən təsdiq edə bilərik, çünki o uşaqların hər birini tanıyırıq. Təəssüf ki, onların sayı daha çoxdur", - o, deyib. Prezident qeyd edib ki, hər dəfə müdafiə qüvvələri Ukrayna ərazisini rusiyalı işğalçılardan azad edəndə, onların günahından nə qədər uşağın həlak olduğu barədə həqiqət bəlli olur. "Təəssüf ki, hələlik, Rusiyaya deportasiya edilən yüzlərlə uşaq haqqında tam məlumatımız yoxdur. Bugünədək müxtəlif səylərlə 371 deportasiya edilmiş uşaq Ukraynaya qaytarılıb. Həm də bizim ən azı 19 505 nəfər ukraynalı uşağın deportasiya olunması barədə dəqiq məlumatımız var. Bu, hələ də düşmənin sərəncamında olan körpə ukraynalı oğlan və qızların yalnız bir hissəsidir. Biz onların hamısını qaytarmalıyıq", - o, bəyan edib. Zelenski vurğulayıb ki, 2014-cü ildə Kreml "xalqların taleyini həll edə biləcəyinə" qərar verməsəydi, bir çox uşaq sağ qalardı. "Bu quldurların hər biri məhkum ediləcək. Mən buna şübhə etmirəm. Bütün lazımi hüquqi təsisatlar bu nəticəyə işləyir", - prezident deyib. Kontekst: 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya soxulub, müharibənin tammiqyaslı mərhələsinə başlayıb. Rusiya faktiki olaraq Ukraynaya qarşı 2014-cü ildə, Ləyaqət İnqilabından sonra qanunsuz olaraq Krımı ilhaq edib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib. Ukrayna Baş Prokurorluğu Ofisinin məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilənin əvvəlindən 485 uşaq həlak olub, 1005 uşaq yaralanıb. "Müharibə uşaqları" dövlət portalının məlumatına görə, Ukraynadan ən azı 19 505 uşaq deportasiya edilib. Onlardan yalnız 371 nəfəri geri qaytarılıb. Ukraynanın uşaq ombudsmanı Darya Qerasimçuk bəyan edib ki, Ukrayna ərazisinin bir hissəsi işğal altında olduğuna və hakimiyyətin oraya çıxışının olmadığına görə söhbət bir neçə yüz min oğurlanmış uşaqlardan gedə bilər. Aprelin 27-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasiyası soyqırım adlandırılıb.