Şərqi Azərbaycanda uçqun: 19 nəfər xəsarət aldı

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qaraqaya kəndində yağan güclü qar uçqun ilə nəticələnib. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat verib. Qar uçqunu nəticəsində 19 nəfərin xəsarət aldığını deyən H.Münəccim axtarış-xilasetmə dəstələrinin vaxtında müdaxiləsi nəticəsində onların həyatının xilas edildiyini bildirib. Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.

Goranboyda qəza - Hərbçilər öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər. Faktla bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir. Belə ki, Nicat Nəbiyev N saylı hərbi hissədə müddətdən artıq qulluq edən əsgər, Elvin Quliyev isə gizir kimi xidmət aparırmış.

“Həyatım boyu avtobus sürməmişəm, amma 1400 manat cərimə gəlib”

Binəqədi sakini Şamxal Rüstəmov ona aidiyyəti olmadığı halda Dövlət Yol Polisi tərəfindən 1400 manat məbləğində ümumilikdə 25 cərimə yazıldığını iddia edir. “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı “Çinar Trans” MMC-yə məxsus 99-JP-462 markalı nəqliyyat vasitəsinin inzibati cərimələri onun sürücülük vəsiqəsinə yazılır: “Məsələni ilk dəfə 2022-ci ilin noyabrında elektron hökumət portalındakı şəxsi kabinetimə daxil olarkən gördüm. Bu haqda DYP-yə məktubla müraciət etdim və mənə 12.01.2023 tarixində gələn cavabda “Çinar Trans” MMC tərəfindən 99-JP-462 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol vərəqəsi və ya etibarnamənin DYP-yə göndərilməsi səbəbindən cərimələrin mənə gəlməsi bildirildi. “Çinar Trans” MMC-nin əməkdaşı ilə telefonda danışığımız zamanı onlar tərəfindən DYP-yə mənimlə bağlı heç bir etibarnamə və ya yol vərəqəsinin verilmədiyini bildirdi. Üstəlik qeyd edim ki, mənim sürücülük vəsiqəm B kateqoriyadır, yəni yalnız minik avtomobillərini idarə etməyə imkan verir. Amma 99-JP-462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Yəni mən istəsəm belə, avtobus idarə edə bilmərəm. Həyatım boyu avtobus sürməmişəm, amma hazırda adımda avtobusa görə yazılmış 1400 manatlıq 25 cərimə var”. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, 99-JP-462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Çinar-Trans” MMC-yə məxsus olduğundan avtomobili idarə edən sürücüyə aid məlumatlar, yəni yol vərəqəsi və ya etibarnamə Baş DYPİ-nin Mərkəzi İnformasiya Sistemində yerləşdirilməsi üçün müəssisə tərəfindən göndərilib: "Müəssisənin verdiyi məlumata əsasən qeyd edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ 06.11.2022-ci il tarixdən 03.04.2023-cü il tarixədək müraciət edən şəxsin adına verilib. Bu səbəbdən də tərtib edilən elektron qərarlar vətəndaşın sürücülük vəsiqəsinə yönləndirilib. Cərimələrin digər şəxsə yönləndirilməsi üçün aidiyyəti üzrə “Çinar-Trans” MMC-yə müraciət etməyini tövsiyə edirik". Məsələ ilə bağlı “Çinar Trans” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru “Qafqazinfo”ya bildirdi ki, məsələ texniki xəta səbəbindən baş verib və gün ərzində vətəndaşa yazılmış yanlış cərimələr ödəniləcək. Qeyd edək ki, “Çinar Trans” MMC Bakıda bir sıra marşrut xətləri üzrə fəaliyyət göstərən şirkətdir.

“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”

“Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib. O, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton danışıqlarını belə şərh edib: “ABŞ bu danışıqların tərəfi olmayıb. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunların irəliləmək üçün vacib addımlar olduğuna inanırıq və əvvəki kimi hesab edirik ki, bu iki ölkə arasında davamlı sülh mümkündür”. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşü baş tutub.

“Biz su üzü görmürük, gün ərzində 3-4 saat verilir”

“Artıq aylardır ki, bizə su 3-4 saat ərzində gəlir. Nə yemək bişirmək olur, nə də təmizlik etmək... Müraciətlərimizə də hər dəfə bir cavab verilir”.  Bu şikayətlə “Qafqazinfo”ya Saray qəsəbəsi, Rəhim Əzimov küçəsinin sakinləri müraciət edib. Vətəndaşların sözlərinə görə, əvvəlki qrafikə əsasən, su axşam saat 22:00-da kəsilib, səhər 06:00-da verilsə də, indi belə deyil: “Su yenə də axşam kəsilir və bir də saat 19:00-da gəlir. Sonra yenə axşam saat 22:00-da kəsilir. Bizə gün ərzində 3-4 saat su gəlir. 5-6 nəfərlik ailə 3-4 saat su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Evdə qocası var, xəstəsi var, körpəsi var. Eyni vaxtda da kəsilmir. Hər gün fərqli saatda biz bu problemlə üz-üzə qalırıq”. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Zəng edəndə də hərəsi bir söz deyir. Gah deyirlər elə şey ola bilməz, orada su fasiləsiz gəlməlidir, gah deyirlər rejim var: axşam 10-da kəsilir səhər 6-da gəlir. Hər dəfə ayrı rejim, ayrı söz deyirlər. Operatorlar imkan vermir, dərdimizi izah edək. Ancaq da bir söz əzbərliyiblər ki, bizlik deyil, tabeliyinizdə olan idarəni yığın. Verdikləri nömrəyə də zəng edirik, açmırlar. Məsələni üstlərindən atmaq istəyirlər. O gün də deyirlər ki, suyu açmalı olan adam işə gəlməyib. Gəlsin, sonra su açılacaq. Suyun nə vaxt gələcəyini soruşuruq, deyir saat deyə bilmərik, biz də bilmirik. Tanışlarımızdan digər küçələrdə qalanlar da var. Onlarda heç su kəsilmir. Əgər qənaətdirsə, normal qaydada hamıya olsun. Biz su üzü görmürük”.  Vətəndaşlar qeyd edirlər ki, problemə görə bəzi sakinlər çən də qoyublar. Amma çən qoydurmaq üçün hamının imkanı çatmır. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən ərazidə suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Bununla bağlı fevral ayında məlumat vermişdik. Bildirmişdik ki, qrafikləri azaldırıq və qənaət rejiminə keçirik. Həmin tədbirlər çərçivəsində bu ərazilərdə də suyun verilişi müddəti azaldılıb. Qrafiklər hələlik bu rejimdə olacaq. Ehtiyat çənlərdən istifadə edə bilərlər. Bunu etsələr, 24 saat suları olar”.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycandakı Türkiyə səfirliyi prezident seçkilərinin ikinci turu ilə bağlı vətəndaşlara müraciət edib. Sozcu.az xəbər verir ki, müraciət səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb. "İkinci tur üzrə səsvermə proseduru səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında gerçəkləşdiriləcək. Bütün vətəndaşlarımıza sayğı ilə elan olunur", - deyə qeyd olunub. Xatırladaq ki, ilk tur prezident seçkiləri və parlament seçkiləri üçün Bakıdakı səvermə 5-7 may tarixlərində baş tutmuşdu.

Məhkəmə şəhid qardaşının arvadını boğub öldürən şəxs barəsində qərar verdi

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanov məhkəmə qarşısına çıxarılıb. Sozcu.az-ın xəbərinə görə, Xızı Rayon Məhkəməsinə göndərilən təqdimatda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Qərara əsasən, Taleh Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır. Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb. Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.//APA

Ağstafada qohumlar arasında KÜTLƏVİ DAVA

Ağstafa rayonunun Poylu qəsəbəsində qohumlar arasında kütləvi dava-dalaş olub. Sozcu.az xəbər verir ki, dava zamanı 1971-ci il təvəllüdlü Elşən Bədirov qardaşı oğlu, 1990-cı il təvəllüdlü Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 1998-ci il təvəllüdlü Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib. E.Bədirov və Məhəmməd Bədirov saxlanılıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.//Qafqazinfo

Bakıda sürücü sükan arxasında ÖLDÜ

Bakıda sürücü sükan arxasında ölüb. Sozcu.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Sürücü avtomobili idarə edərkən ölüb, bu zaman avtomobil səkiyə çırpılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, sürücü ürək tutmasından ölüb.//APA

Şəhid Xudayar Yusifzadənin ailəsində ağır itki

II Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib. Sozcu.az xəbər verir ki, Xudayarın babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib: “Xudayarı hər gün yuxuda görürəm”, deyirdi Şimşad baba… Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi “Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya… Məni tək qoyma…” Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın”. Xatırladaq ki, Xudayar Yusifzadə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olub. O, 2020-ci il 27 sentyabarında Vətən müharibəsi zamanı əvvəl Füzulidə sərhəd məntəqəsində xidmət edib, daha sonra da Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Qəzada həyatını itirən 16 yaşlı Aylanın FOTOSU

Məlum olduğu kimi, mayın 13-də Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında 2007-ci il təvəllüdlü Ayla Osman qızı Əliyeva həyatını itirib. Sozcu.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi imiş. Hadisə vaxtı Aylanın anası Vəfa Əliyeva sürdüyü “Hyundai Sonata” markalı avtomobilin idarəetməsini itirərək qarşıda gedən TIR-a çırpıb. Nəticədə 16 yaşlı Ayla hadisə yerində həyatını itirib. İlkin ehtimala görə, qəza V.Əliyevanın diqqətinin yayınması səbəbindən baş verib. Qəza anını və həyatını itirən Aylanın fotosunu təqdim edirik:

Günün qoroskopu: Fiziki işdə fayda var

Qoç - aktiv və nikbin olun. Problemlər yaranarsa, onları dərhal çözməyə çalışın. Enerjiniz və səyləriniz, niyyət və məramınız nə qədər güclü olarsa, bir o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Kollektitv tədbir, təqdimat, çıxış üçün yaxşı gündür. Fiziki işdə və aktiv çalışmaqda fayda var. Yaşam arealınızı qaydayas alın. Qısa müddətdə çox iş görməyə cəhd göstərin. İnşaat və dizayn sahələrində kreativ həllər tapmaq olar. Maliyyə və pulla bağlı məsələlərdə ehtiyatlı olun. Şəxsi münasibətlər müstəvisində təşəbbüskar olun. Sərt və aqressiv davranmayın. Buğa - məqsədə çatmağa az qalıb. Yeni planların reallaşdırılması üçün məkan hazırlamaq və ya ideyanı gerçəkləşdirmək üçün aktiv çalışın. Fəqət, həddən ziyadə səy göstərməyin. Əks təqdirdə irəliləyiş əvəzinə geriləməyə nail olaraq səhhətinizdə problemlərə rəvac verə bilərsiniz. Diqqətli olun, yaxın ətrafınızdakı insanların dəstəyini almağa çalışın. Sürətli nəticəyə hesablanmış yeni işə başlayın. Maraqlarınızdan birini gerçəkləşdirmək üçün gərəkli material ala bilərsiniz. Olayların məcrası ümumən pis deyil. Kiçik problemlərə fikir verməyin. Axşam saatlarında yetərincə istirahət edin. Əkizlər - çoxsaylı təmaslar, xəbərlər və danışıqlar günüdür. Sabahkı günə əminliyinizin asılı olduğu işləri təxirə salmayın. Diqqətli olun. Gərgin fon münaqişələr üçün əlverişli və münbit zəmin hazırlayır. Rəqiblər və bədxahlar aktivləşiblər. Dava üçün səbəb heç nədən yarana bilər. İnformasiya axınını genişləndirin. Danışmaq, görüşmək, zəng etmək və ya yazışmağın vacib olduğu insanı müəyyənləşdirin. Müzakirələr və ünsiyyət hətta sizin üçün gözlənilməz mövzunun başlanğıcı ola bilər. Xərçəng - şablon və klişelərdən imtina edin, yeni və orijinal variantlar seçin. Başqasının fikirlərindən əvvəlcədə xəbər tutmaq mümkün deyil, belə mənasız arzulardan əl çəkin. Təmkinli, fəndgir, hətta hiyləgər olun. Nə isə gərək olarsa, açıq danışın. Standart olmayan qərarlar qəfil uğur gətirə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə təşəbbüskar olun. Ən maraqlı hadisələr olayların ciddiləşdiyi müstəvidə baş verəcək. Dərhal döyüşə atılmayın. Təmkinli olun, marağı cəlb etməyə çalışın, nə istədiyiniz aydın deyil. Belə olarsa, məqsədə aparan yol xeyli qısalar. Şir - ciddi və böyük miqyaslı iş görmək istəyi yarana bilər. Kollektiv də buna sevinəcək, enerjinizi gərəkli məcraya yönəltməyə çalışacaqlar. Təhsil, təkamül, səfər və biliklərin əldə olunmasında xeyir var. Mürəkkəb məsələni həll edin, yük kimi asılmış problemi çözün. Avantüralarla fırıldaqlara uymayın. Güc və ideyalarınız çox olsa da, nəticədə nə əldə etmək istədiyiniz barədə düşünün. Tələsməyin, planları bir neçə günə bölün. Qız - cəsarətli, aktiv, əzmli olun. Situsiyanın təbii axarına düşəcəyi anı gözləməyin. Sizə lazım olan məsələlərə təkan verin, onları sürətləndirin. Danışıqlar, toplantılar, görüşlərə qatılın. Bilik və bacarığınızı nümayiş etdirin. Məşğul olduğunuz yeni iş barədə danışın. Faydalı tanışlıq olacaq. Lakin o, romantik yox, işgüzar ruhdadır. Bəzi mühüm işləri başa vurun ki, yeni layihə və maraqlar üçün məkan olsun. Fiziki işdə xeyir var. Evdə ciddi işlə məşğul olun. Tərəzi - alınan informasiya və bu məlumatlardan istifadənin intensivliyi ilə yanaşı, faydaları barədə düşünün. Əlaqələr, təmaslar və sərfəli tərəfdaşlıq günün aktual mövzularıdır. Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi həyacanlandıra bilər. O adama yardım edin, dəstək verin. Hadisələrin qismən nəzarətiniz altında olduğunu hiss etsəniz, aktiv və təşəbbüskar olun. Tərəfdaşlarınızın davranışınıza olan reaksiyasına fikir verin. Valideynlərlə ünsiyyət üçün vaxt tapın. Əqrəb - maraqlar və qarşınızda duran məqsədlər bu, ya da digər halda tərəfdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizi maraqlandıran məsələləri anlamağa çalışırlar. Hamı tələsir və insanları yalnız şəxsi məsələləri, problemləri maraqlandırır. Problemlərin həlli daha geniş miqyasda fayda verə bilər. Yeni perspektivlər yaranır. Fərqli situasiyalarda təmasların energetika səviyyəsi yüksəkdir. Səhər saatlarından etibarən aktiv olun. Məhsuldar, maraqlı gündür. Toplantılara qatılsanız, fəal mövqeyinizi nümayiş etdirin. Axşam saatlarında dostlarla görüş maraqlı ola bilər. Oxatan - xəbər və hadisələrin pressinqinə rəğmən, ruhdan düşməyin, bədbin olmayın. Məhsul yığmağın zamanıdır. Başladığınız işdən həzz almağa çalışın. Münasibətlər bərpa olunur, gələcək perspektivlərin formalaşması ilə bağlı müzakirələrdə ilkin razılaşma əldə olunur. Dostlar və iş yoldaşları yeni təəssüratların mənbəyi olacaqlar. Prioritetlərin dəyişməsi, məqsədlərin yenilənməsi istisna deyil. Yaşanacaq hadisələr bundan sonra uzun müddətdə işlərin gedişatı ilə şəxsi maraqları bəlirləyəcək. Yeni orientirlər seçin, anlaşma və müqavilələr imzalayın. Yaxın gələcəkdəki işlərlə bağlı əməkdaşlığa başlamaq olar. Oğlaq - narahat və gərgin gündür. Emosiyalar həddən ziyadədir. Yaxın ətrafınızdakı insanlar probelmlərin tez-tələsik həll yollarını arayırlar. Onlar maraqların toqquşduğu məqamlarda hövsələsiz və səbrsiz olacaqlar. Vaxtınızı və enerjinizi boş söhbətlər, müzakirələr, münasibətlərin aydınlaşdırılmasına sərf etməyin. Yaradıcı olun, problemlərin orijinal həll yollarını arayın. Günün ikinci yarısında perspektivləriniz üçün məhsuldar çalışın. Əldə etdiyiniz müvəffəqiyyəti gerçək uğura döndərin, detalları tələsmədən hazırlayaraq başa vurun. Axşam saatlarında evdə qayda yaradın. Yaxın ətrafınızdakı insanlara yardımlarınız xüsusilə effektiv ola bilər. Ailə üzvlərinizdən birinin qarşısında yeni perspektivlər yaranır. Dolça - uğur sizin tərəfinizdədir. Məqsəd və hədəflərinizi aydınlaşdırın, daha konkret edin. İşdə rəhbərliklə mübahisə etməyin. Belə mübahisənin ciddi fəsadları ola bilər. Valideynləriniz sizinlə daha çox maraqlanmağa başlasalar, diqqətli davranın. Günün ikinci yarısında aktiv, amma soyuqqanlı davranın. Qısa müddətə reallaşdıra biləcəyiniz məqsədləri müəyyənləşdirin. İşə elə indi başlayın və yaxın ətrafınızdakı insanlardan bəzilərini də yeni layihəyə cəlb edin. Amma onlara təzyiq etməyin. İfrat tələbkarlıq, eqoizm, öz fikrinizi ən doğru mövqe saymaq yanlış davranışdır. Fiziki işdə fayda var. Axşam saatlarında yetərincə istirahət edin. Balıqlar - diqqətinizi bütünlüklə işə yönəltsəniz, çox məhsuldar gün ola bilər. Təhsil, tədris və ya digər müstəqil fəaliyyətlə məşğul olun. Qaçaqaç, vurnuxma və intriqalardan kənar olun. Birgə işdə də yaxşı nəticələr əldə etmək olar. Uzun söhbətlərə baş qoşmayın,  bir işlə məşğul olun, bir məqsədə can atın. Axşam saatları səfər, görüş, müzakirələr, qonaq qəbulu üçün əlverişlidir. Son vaxtlar yarımçıq qalan işlərdən bəzilərini başa vurmaq olar. Maliyyə perspektivlərinizi yaxşılaşdırmaq üçün yaranan imkanlardan istifadə edin. Maraqlı ideyalar peyda olarsa, onlardan birini mütləq reallaşdırın. Hədiyyə, mükafat, uğurlu alış-veriş istisna deyil.

Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs gözlənilməz paylaşım edib. Belə ki, İ. Tatlısəs Rəcəb Tayyib Ərdoğana səs versə də, ifaçının qızı Kemal Kılıçdaroğluna səs verib.  Hətta Dilan son paylaşımında izləyicilərini Kılıçdaroğlunun əli ilə tutduğu ürək işarəsindən istifadə edərək ikinci turda səs verməyə çağırıb.  Qeyd edək ki, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Türkiyədə ikinci turda keçiriləcək prezident seçkiləri zamanı daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq.

"Arsenal"dan transferlərə 200 milyon avro

"Arsenal" bu yay böyük transferlərə hazırlaşır.  Sozcu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi heyəti gücləndirmək üçün 200 milyon avrodan çox pul ayırıb. "Arsenal"ın əsas hədəfləri Deklan Rays ("Vest Hem") və Moyzes Kaysedodur ("Brayton"). Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında 81 xalla 2-ci pillədə qərarlaşıb.

Neft qiymətləri yüksəlib

Avrozonada və ABŞ-da iqtisadi göstəricilərin açıqlanması ərəfəsində dünya bazarında neftin qiyməti artıb. “Brent” markalı neftin iyul füçersləri 0,45 % bahalaşaraq 75,56 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,44 % artaraq 1 bareli 71,42 ABŞ dolları təşkil edib. Neft bazarı qiymətlərə təsir edə biləcək bir sıra iqtisadi göstəricilərin açıqlanmasını gözləyir. Belə ki, bu gün “Eurostat” Avrozonada I rüb üzrə ÜDM-in həcmi ilə bağlı proqnozunu dərc edəcək. Bundan başqa, bu gün ABŞ-da aprel ayı üzrə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq. Analitiklər göstəricinin əvvəlki ayla müqayisədə dəyişməyəcəyini proqnozlaşdırırlar. 

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb. Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Həbsdə olan sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb. Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ağ Evdə İranla bağlı təcili brifinq keçiriləcək

Bu gün Ağ Ev ABŞ senatorları üçün İranla bağlı brifinq keçirəcək. Qeyd olunur ki, brifinqdə ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Tehrandan gələn təhdidlər və İranın nüvə sazişi üzrə danışıqların gedişi barədə məlumat verəcəklər. Brifinqdə ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kahl, ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini Morqan Myuir və digər yüksək səviyyəli hökumət rəsmiləri iştirak edəcəklər. Mənbə: Politico

Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi

Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və “Şahid” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib. Onun sözlərinə görə, 6 ədəd MiQ-31K təyyarələrindən 6 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, Qara dənizdən 9 ədəd “Kalibr” qanadlı raketi və 3 ədəd yerüstü bazalı (S-400, “İsgəndər”) raket atılıb. “Bütün raketlər Ukrayna Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.

Ceyhun Bayramov Borellə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə məlumat verib. Görüşdə Azərbaycan ilə AB arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib. Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.

Sinan Oğan “kimi dəstəkləyəcəksiniz” sualına cavab verdi

Türkiyədə prezidentliyə iddialı, “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan “kimi dəstəkləyəcəksiniz” sualına cavab verib.  Sozcu.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində bu barədə danışıb. “Məsləhətləşəcəyik. Bu gün həm “ATA İttifaqı”nın üzvlərini, həm də birlikdə fəaliyyət göstərdiyim yoldaşlarımı görüşə dəvət etdim. Bu gün hər iki tərəflə birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Bu məsləhətləşmələr davam edəcək və inşallah, ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ortaq ağlın qərarı olacaq”. 

Separatçıların “daxili işlər naziri” yaralandı

Luqansk separatçılarının “daxili işlər naziri” İqor Kornet yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Onun Luqanskdakı partlayışlar zamanı yaralandığı bildirilir. Kornet xəstəxanaya yerləşdirilib.

Türkiyədə seçkilər ikinci tura qaldı

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. “Ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib”, - Əhməd Yener bildirib.

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Türkiyədə prezident seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə prosesləri mayın 24-ü başlayacaq. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. İkinci tur 28 mayda keçiriləcək.