“Biz su üzü görmürük, gün ərzində 3-4 saat verilir”

“Artıq aylardır ki, bizə su 3-4 saat ərzində gəlir. Nə yemək bişirmək olur, nə də təmizlik etmək... Müraciətlərimizə də hər dəfə bir cavab verilir”. 

Bu şikayətlə “Qafqazinfo”ya Saray qəsəbəsi, Rəhim Əzimov küçəsinin sakinləri müraciət edib.

Vətəndaşların sözlərinə görə, əvvəlki qrafikə əsasən, su axşam saat 22:00-da kəsilib, səhər 06:00-da verilsə də, indi belə deyil: “Su yenə də axşam kəsilir və bir də saat 19:00-da gəlir. Sonra yenə axşam saat 22:00-da kəsilir. Bizə gün ərzində 3-4 saat su gəlir. 5-6 nəfərlik ailə 3-4 saat su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Evdə qocası var, xəstəsi var, körpəsi var. Eyni vaxtda da kəsilmir. Hər gün fərqli saatda biz bu problemlə üz-üzə qalırıq”.

Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Zəng edəndə də hərəsi bir söz deyir. Gah deyirlər elə şey ola bilməz, orada su fasiləsiz gəlməlidir, gah deyirlər rejim var: axşam 10-da kəsilir səhər 6-da gəlir. Hər dəfə ayrı rejim, ayrı söz deyirlər. Operatorlar imkan vermir, dərdimizi izah edək. Ancaq da bir söz əzbərliyiblər ki, bizlik deyil, tabeliyinizdə olan idarəni yığın. Verdikləri nömrəyə də zəng edirik, açmırlar. Məsələni üstlərindən atmaq istəyirlər. O gün də deyirlər ki, suyu açmalı olan adam işə gəlməyib. Gəlsin, sonra su açılacaq. Suyun nə vaxt gələcəyini soruşuruq, deyir saat deyə bilmərik, biz də bilmirik. Tanışlarımızdan digər küçələrdə qalanlar da var. Onlarda heç su kəsilmir. Əgər qənaətdirsə, normal qaydada hamıya olsun. Biz su üzü görmürük”. 

Vətəndaşlar qeyd edirlər ki, problemə görə bəzi sakinlər çən də qoyublar. Amma çən qoydurmaq üçün hamının imkanı çatmır.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən ərazidə suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Bununla bağlı fevral ayında məlumat vermişdik. Bildirmişdik ki, qrafikləri azaldırıq və qənaət rejiminə keçirik. Həmin tədbirlər çərçivəsində bu ərazilərdə də suyun verilişi müddəti azaldılıb. Qrafiklər hələlik bu rejimdə olacaq. Ehtiyat çənlərdən istifadə edə bilərlər. Bunu etsələr, 24 saat suları olar”.

Share on Facebook