Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 18 may tarixli qərardadında müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə görə, kassasiya şikayətinin qaytarılması nəticəsində kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib.
Bu barədə Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.
Ali Məhkəmə araşdırmanı apararkən Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının Zubac Xorvatiyaya qarşı iş üzrə qərarına istinad edərək, həmçinin öz məhkəmə təcrübəsini yenidən nəzərdən keçirib.
Məhkəmə kollegiyası qeyd edib ki, Ali Məhkəmənin qərarında hüquqi müəyyənlik və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ali Məhkəmənin yurisdiksiyasına toxunan məsələ üzrə icraat zamanı ərizəçi və apellyasiya instansiyası məhkəməsi tərəfindən yanlış prosessual addıma yol verildikdə, Ali Məhkəmə Qanunun Aliliyini bərpa etməlidir. Bununla da, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəlilik prinsipi dəstəklənilməli və belə şəraitdə, apriori, heç bir həddindən artıq formalizmdən söhbət gedə bilməz. Qanunun Aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması ilə bağlı heç bir gözlənti ola bilməz.
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Bundan əlavə, vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini daşıyan Ali Məhkəmə dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi səbəbindən kassasiya şikayətinin qeyri-mümkün olmasına dair çoxsaylı qərarlar qəbul edib, həmin qərarlar Ali Məhkəmənin internet səhifəsindəki elektron axtarış sistemində yerləşdirilib.
Kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz.
Kassatorun peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir, Ali Məhkəmə isə tərəflərin kassasiya şikayətinin verilməsi ilə bağlı səhvlərini düzəltmək vəzifəsini daşımır. Belə halda, cavabdehin kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
Kassasiya şikayətinin mümkünlüyünə dair məsələlərin təhlili nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən özbaşınalığın qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir.
Həmçinin qeyd edilib ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq ilk növbədə apelyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməli və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan işi baxılması üçün Ali Məhkəməyə göndərməməlidir.