Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda güclü zəlzələ oldu: ətraf rayonlarda hiss edildi

Biləsuvar rayonunda zəlzələ olub. Bu barədə Sozcu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb. Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Gürcüstan müxalifətindən çağırış: Yeni mitinq...

Gürcüstanda bu gün günortadan sonra parlament önündəki meydanda yenidən böyük mitinq keçiriləcək. Sozcu.az xəbər verir ki, bu haqda Gürcüstan müxalifəti məlumat yayıb. Qeyd edək ki, ölkədə əhali və müxalifət "Xarici agentlər" haqqında qanun layihəsinə etiraz edir. Dünən və gecə boyunca isə ölkə paytaxtında etirazçı kütlələr ilə polis arasında ciddi toqquşmalar yaşanıb.

Akşənər kartları açıq oynayar... - Davudoğlu

İYİ Partiyanın sədri Maral Akşənər çox vacib bir mübarizə apardı. Sozcu.az xəbər verir ki, bunu Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ölkə mətbuatına açıqlamasında deyib. “Düşünürəm ki, Akşənərin dünən axşam verdiyi açıqlamalar bu prosesdə ən önəmli şeylərdən biri oldu. Buna görə də zəng edərək təbriklərimi çatdırdım. Akşənər kartları açıq oynayar, açıq da sözünü deyər. Bəli böhran var idi. Siyasətdə bəzən böhranlar faydalı ola bilər. Baş verən bu böhran da faydasını verdi. Ona görə də xanım Akşənərin görüşə gəlməsi vacib idi. Hətta onun iştirakı vəziyyəti dəyişdi”, - partiya sədri deyib.

378-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 378-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 155 530 hərbçi, 3436 ədəd tank, 6723 ədəd zirehli döyüş maşını, 2463 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 253 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5330 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 236 xüsusi avadanlıq itirib.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,33 dollara, yüngül neftin bir barreli isə 77,49 dollara təklif olunur.

İlham Əliyev Migel Anxel Moratinosu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qala bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” barəsində qanun layihəsinə görə vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır. “Dinc nümayişçilərin danışmaq hüququ olmalıdır, bu hüquq Gürcüstan xalqı və bütün dünya xalqları üçün mövcuddur”, - Prays brifinqdə deyib. O vurğulayıb ki, Vaşinqton Gürcüstandakı vəziyyəti izləyir: "Birləşmiş Ştatlar sərbəst toplaşmaq və danışmaq hüquqlarını dinc şəkildə həyata keçirənlərin yanındadır", - Prays əlavə edib. O, həmçinin bildirib ki, Gürcüstanda “xarici agentlər” haqda qanunun qəbulu Vaşinqtonla Tiflis arasında tərəfdaşlığa xələl gətirə bilər.

Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin barrikadasını yarıblar - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər. Qeyd edək ki, ötən gün Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq. 07.03.2023. 21:41 Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Qeyd edək ki, parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.

Gürcüstan Prezidenti xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib - YENİLƏNİB

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında bildirilir. "Bu axşam bir neçə dəfə dayandığım Rustavelidə (prospektdə-red) dayanaraq sizə müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib. Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub. 07.03.2023. 23:29 Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək. “Report”un məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb. "Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", - administrasiyanın bəyanatında deyilir. Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.

Müsavat başqanı Arif Hacılı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz xanımlar!  Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək dünyanın əksər ölkələrində Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub,  ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub.  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular.  Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Qadınlarımız bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər.  Vətən müharibəsində canından keçən şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.  Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər. Əldə olunan qələbəyə öz töhfələrini vermişlər. Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq nümunələri yaratmışlar.  İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur.  İnanıram ki, yaxın zamanlarda Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyət qurulacaq.  Əziz xanımlar!  Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

Bakıda şirkətə BASQIN: Şüşələri qırıb...

Bakıda şirkətə basqın olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction" şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq əmlakı zədələyiblər. Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədib. Bu barədə polisə məlumat verilib. Faktla bağlı Binəqədi ayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.

XİN-dən İrana cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə reaksiya verib. Sozcu.az xəbər verir ki, o bu barədə Tvitter hesabında paylaşım edib. "Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, bütün həyatı boyu Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb. Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə dərin hörmət qazanıb. Bu həftə Azərbaycanda X Qlobal Bakı Forum keçiriləcək və Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq”, - deyə o qeyd edib.

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib.  N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək:  “Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”.  “Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib.  “Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb. 

İlham Əliyev Timor-Lestenin Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Patriot" və "Leopard"lar artıq Ukraynaya daxil oldu

Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gəlib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib. “Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya daxil olub" - o, deyib. Eyni zamanda, Blaşak qeyd edib ki, Polşa Ukraynaya yardımın ötürülməsi üçün təkcə əsas nöqtə deyil, həm də ən böyük donorlardan biridir. Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avrodan çox silah ötürüb. Eyni zamanda, məbləğə ölkənin Ukrayna hərbçilərinin təlimi üçün çəkdiyi xərclər və “Leopard 2A4” tanklarının daxil olduğu sonuncu “zirehli maşın” paketi daxil deyil. Bundan əlavə, Blaşak aviasiyanın Ukraynaya verilməsindən danışıb. Onun sözlərinə görə, bu cür qərarlar daha geniş müttəfiqlər səviyyəsində qəbul edilməlidir.

Apteklər iynə və sistem qoşulmasına görə məsuliyyətə cəlb edilə bilərlər

“Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”. Bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib. Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər: “Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”. “Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb. /Report/

Kılıçdaroğlu CHP sədrliyindən getdi

Yeni başlanğıc üçün bütün sıxıntılarımızı həll etməyimizi istəyirəm. Biz bunları etdiyimiz zaman şahanə, görkəmli Türkiyəni yenidən inşa edəcəyik. Sozcu.az xəbər verir ki, bunu “Altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu deyib. “Bu gün bu kürsüyə (CHP sədrliyinə) vida etmək üçün buradayam. Vidalaşmaq asan deyil. Sizə son dəfə bu kürsüdən baxmaq istəyirəm”, - Kılıçdaroğlu bildirib. Qeyd edək ki, “Altılı masa” K.Kılıcdaroğlunun prezidentliyə namizədliyini ötən gün irəli sürüb.

Bakı metrosunda ölüm hadisəsi

Bu gün saat 15:40-da Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında yaşlı kişi sərnişin dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb: "Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin vəfat edib".

Ukrayna dəyərlərimiz uğrunda vuruşur - Blaşak

Hərbi yardım, sanksiyalar və siyasi təzyiq Rusiyaya qarşı mübarizənin ən təsirli formalarıdır. Sozcu.az xəbər verir ki, bunu Polşa müdafiə naziri Mariuş Blaşak deyib. “Rusiya Çeçenistan və Əfqanıstanda olduğu kimi, Ukraynada da bataqlıq içindədir. Müharibədən indi çıxmaq Kremlin səhvini etiraf etmək və bu vəhşi hücumun nəticələri ilə üzləşmək zərurəti demək olardı. Biz özümüzü Ukraynaya yardımdan yorulmuş hiss eləməməliyik, bu xalq azadlığımız, Avropanın dəyərləri uğrunda vuruşur ”, - Blaşak bildirib.

Güney Azərbaycan şəhərində etiraz aksiyası keçirilib

Martın 6-ı gecə saatlarında Güney Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərində etiraz aksiyası keçirilib. Etirazçılar məktəblərdə qız şagirdlərə qarşı zəhərli qazla hücumlara etiraz edib, hökumət əleyhinə şüarlar səsləndiriblər. Soyuqbulaq şəhəri ilə yanaşı Tehran şəhərinin də bir neçə bölgəsində nümayişlər baş tutub. Nümayişçilər "uşaq öldürən hökumətə ölüm", "diktatora ölüm" şüarları səsləndiriblər. Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb. Martın 4-də isə İranın 37 şəhərinin 116 məktəbində şagirdlər kütləvi şəkildə zəhərlənib. Bir sıra media rorqanları bunu məktəblərə kimiyəvi hücum kimi yazıb və zəhərlənmənin bir neçə kimiyəvi qazın birləşməsi nəticəsində baş verdiyini bildiriblər. 

Ombudsman: Qadınların pensiya yaşı azaldılsın

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilir. Sozcu.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Məruzə zamanı bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən biri Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi olub. “Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var", - ombudsman təklif edib. Eyni zamanda insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi təklif olunub. Həmçinin zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib. Bundan başqa məruzədə bir neçə təklif yer alıb.//Modern.az

“Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir”

“Bu gün düz 40 dəqiqədən artıq “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda 199 nömrəli avtobusu gözləmişəm. Dayanacaqda 199-u gözləyən iyirmidən artıq insan var idi. İşə, instituta, getdiyi ünvana gecikən... Bakı Nəqliyyat Agentliyi, aylardır ki, sərnişinlər bu marşrut üzrə avtobusların intervalının nizamlanmasını gözləyir. Gediş haqqının 30% bahalaşmasından sonra heç bir keyfiyyət və komfort dəyişikliyindən söhbət gedə bilməz”. Sozcu.az-ın xəbərinə görə, bunu gənc alim Elyar İslamoğlu bildirib. E.İslamoğlu Agentlikdən həmin marşrut xətti üzrə monitorinqlərin təşkil edilməsini istəyib: “Dayanacaqda gözləyən vətəndaşların fikrini, şikayətini öyrənin. Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir. Mini marketi olan dayanacaqlar quraşdırıb qazanc güdməkdən başınız açılanda, avtobuslardan istifadə edən vətəndaşlara azacıq keyfiyyətli xidmət göstərilməsinə də çalışın. Aylardır ki, günün istənilən saatında 199 nömrəli avtobus 30-40 dəqiqə intervalla işləyir. Daha çox tələbələrin istifadə etdiyi bu avtobusun intervalı çox olduğu üçün minmək olmur, yağışda, küləkdə, soyuq havada insanlar yolda qalır. Avtobus sayı azdır. Sahibkardan keyfiyyətli xidmət göstərilməsini, avtobus sayının artırılmasını tələb edin. Qiymətlər bahalaşanda vətəndaşa keyfiyyətli xidmət göstəriləcəyinə BNA söz vermişdi”.

Xırdalan internetsiz qaldı – Nə baş verir?

Xırdalanda internet kəsilib. Sozcu.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib. “KTV dünəndən Xırdalanda sıradan çıxıb. Nə internet var, nə də TV kanalları işləyir. Zəng vuranda da deyirlər ki, iş gedir, bilinmir nə vaxt düzələcək. KTV-nin interneti onsuz da bərbad işləyirdi. İndi da tamam kəsilib. İnternet isə narkotikadan da betərdir. Onsuz həyat yoxmuş kimidir. Əvvəllər necə yaşamışıq hələ də möcüzə gəlir. Gözləyirik...”, - S.Əliyev qeyd edib.