Ombudsman: Qadınların pensiya yaşı azaldılsın

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilir.

Sozcu.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir.

Məruzə zamanı bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən biri Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi olub.

“Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var", - ombudsman təklif edib.

Eyni zamanda insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi təklif olunub. Həmçinin zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib.

Bundan başqa məruzədə bir neçə təklif yer alıb.//Modern.az

Share on Facebook