Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar. 

Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib.

Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar.

Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar:

“Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib:

“İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”.

Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”.

TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib: 

“Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”.

Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür: 

“Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”.

Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır: 

“Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

Share on Facebook