Müsavat başqanı Arif Hacılı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. 

Təbrikdə deyilir: 

"Əziz xanımlar! 

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. 

8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək dünyanın əksər ölkələrində Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub,  ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. 

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq.

Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular. 

Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır.

Qadınlarımız bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər. 

Vətən müharibəsində canından keçən şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. 

Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər. Əldə olunan qələbəyə öz töhfələrini vermişlər. Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq nümunələri yaratmışlar. 

İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur. 

İnanıram ki, yaxın zamanlarda Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyət qurulacaq. 

Əziz xanımlar! 

Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

Share on Facebook