Makron ordadırsa, sülh olmayacaq – Metyu Brayza

Bu gün Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşdə hansısa ciddi addımlar atıla bilər. Ancaq Makron faktorunu unutmaq olmaz. Bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Kişinyovdakı Zirvə Toplantısı çərçivəsində keçiriləcək beştərəfli görüş haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib. “Keşkə Prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil. Yaxşı ki, Şolts orada olacaq. Onun balans yaradacığını və ya balansı qoruyacağını düşünürəm”, - o bildirib. Brayza qeyd edib ki, Makronun görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalanması barədə razılığa gəlmək mümkün olmayacaq: “Ümumiyyətlə isə Kişinyovdakı görüşün prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”.

Xaçmazda bir ailənin 4 üzvünü it dişlədi

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib. Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Numan Qurtulmuş yeni vəzifə tutacaq

Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb. “Seçkidən sonra Hakim Ədalət və İnkişaf Partiyasının gündəmində - yeni nazirlər kabineti və məclis sədrinin seçilməsidir. Parlament sədri məsələsi artıq böyük ölçüdə həllini tapıb. Bu Numan Qurtulmuş olacaq”, - məlumatda deyilir.

Ukrayna Bryanskı da PUA ilə vurdu

Rusiyanın Bryansk vilayətinin Naytopoviç qəsəbəsi ərazisinə PUA düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, PUA Ukrayna ilə sərhəddən 70 km aralıda tapılıb. Tələfat və dağıntının olmadığı bildirilib.

Yadplanetlilərlə bağlı söhbətə amerikalı alim də qoşuldu: Onlarla rastlaşmışıq - FOTO

"Yadplanetlilər Yer kürəsinə gəliblər və hələ də buradadırlar". Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-nin Stenford Universitetinin (Kaliforniya) professoru Harri Nolan Nyu-Yorkda tematik konfransda deyib. Yadplanetlilərin Yer kürəsində olduğunu tam əminliklə bildirən alim iddia edir ki, insanlar hətta onlarla rastlaşıblar, lakin sanki İspan gəmilərini ilk dəfə görən Cənubi Amerika qəbilələrinin nümayəndələri kimi bunda xüsusi bir şey hiss etməyiblər. "Onlar (yadplanetlilər - red.) peyda olub deyirlər: "Nəyə baxdığınızı başa düşəcək qədər hansınız ağıllısınız? Qarşınızda olanı həqiqi şəkildə görə bilirsinizmi?", - deyə Nolan bildirib. Professor yerdənkənar həyatla bağlı konqres dinləmələrində iştirak etdiyini də vurğulayıb. Onun sözlərinə görə vurulan uçuş aparatları üçün tərs mühəndislik proqramları ilə məşğul olan mütəxəssislər var. Nolanın fikrincə, gələcəkdə bu, əsl texniki inqilaba səbəb ola bilər. Xatırladaq ki, 2020-ci ildə Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşmışdı.

Ürək xəstəliyinin dərmansız müalicəsi tapıldı

Dərmansız ürək xəstəliyi riskini azaltmağın təsirli yolu tapılıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu üsul ürək xəstəliyindən ölüm riskini təxminən 22 faiz azalda bilər. Tədqiqatlar zamanı bir qrup britaniyalı alim 40 ildən sonra ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda biləcək üsul kəşf edib. Tədqiqatçılar depressiyanın infarkt, insult və digər xəstəliklərin inkişafı üçün əsas risk faktorlarından birinə çevrildiyini iddia edirlər. Tədqiqat nəticəsində məlum olub ki, depressiv pozğunluq diaqnozu qoyulmuş insanların bu tip xəstəliyin inkişaf riski depressiya olmayan insanlara nisbətən təxminən 72 faiz daha yüksəkdir. Alimlər qeyd edirlər ki, depressiya dəyişən risk faktorudur və xüsusi diqqətə layiqdir. Psixoterapiya və ya danışıq terapiyası xəstənin problemlərinin müzakirəsi və xüsusi təlim keçmiş bir mütəxəssisin məsləhəti ilə psixi xəstəliyin müalicəsi üsuludur.

Abid Qafarov azadlığa buraxıldı

İctimai fəal Abid Qafarov azadlığa buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Qeyd edək ki, A.Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu. O, 1 il müddətə azadlıqdan məhrum edilmişdi.

"Sevilya"nın baş məşqçisi: "Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik"

“Burada olduğumuz üçün şadam. Bu mövsüm keçirdiyimiz çətin dövrdən sonra qalib gəldiyimiz üçün şadam. Biz yaxşı iş görmüşük. Bu, kluba müsbət təsir göstərə bilər. Qol buraxanda düşünürdüm ki, onlara cavab qolunu vurmaq asan olmayacaq. Ancaq fasilədən sonra hesabı tez bərabərləşdirdik və bu, mübarizəni davam etdirməyə kömək etdi". Sozcu.az xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının finalında "Roma"ya qalib gəldikləri oyundan   (1:1, penaltilər seriyası - 4:1)  sonra deyib. "Məşqdəki penaltilərlə və 60 min azarkeş qarşısında penaltilər eyni  deyil. Əvvəlki turlarda 11 metrlik cərimə zərbələrində məşq etmirdik. Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik. Montiel beşinci zərbəni vurmalı idi, lakin sonra bu dəyişdirildi. Sıra oyunçular tərəfindən müəyyən edilir. Oyuna pis başladıq, rəqib də rahat idi. İkinci hissədə isə vəziyyəti dəyişdik və bu, asan olmadı. Əlavə vaxtda heç nə dəyişmədi, amma penaltilər seriyasında uğur qazandıq".

Bilmirəm bu Çimnaz məndən nə istəyir - Aktrisa

"Çimnaz məndən hələ də əl çəkmir. Bilmirəm niyə görə". Sozcu.az Moderator-a istinadla xəbər verir ki, bunu aktrisa Nəzakət Məmmədova deyib. O əlavə edib: "Belə fikirləşirəm ki, mənim sayəmdə o həmişə gündəmdə qalmaq istəyir. Çünki Çimnazın işləri, nailiyyətləri yoxdur ki, insanların yadında onunla qalsın. Yalnız qalmaqal edərək özünü gündəmdə saxlamaq istəyir. Son zamanlar mən də gördüm ki, sosial şəbəkələrdə xəbər yayılıb ki, guya Çimnazın videosunun altına nəsə yazmışam. Bədəninin hansısa hissəsini göstərib həmin videoda. Həqiqətdə heç nə yazmamışam. Nə vaxtsa nəsə yazanda deyirəm ki, yazmışam, yaxşı etmişəm, haqqına etmişəm. Məni insanlar da görəndə deyirlər ki, düz deyirsiniz, Çimnazın etdikləri artıq biabırçılıqdır. Amma son yazını həqiqətən də mən yazmamışam. Çimnaz artıq başqa şeylərə əl atır, feyk profillər yaradaraq mənim adımdan rəylər yazır. Bu artıq acizlikdir". N. Məmmədova qeyd edib: "Mən Çimnaz haqqında sonuncu dəfə bir söz dedim. Aylar əvvəl olmuşdu bu qalmaqal. Mən artıq ona baş qoşmaq istəmirəm. Verilişlərin birində soruşdular ki, aktrisaların nəyi xoşunuza gəlmir?! Mən də bir tamaşaçı kimi fikrimi söylədim ki, Çimnazın geyim tərzi, özünü aparmağı heç Azərbaycan qadınına xas olan bir hərəkət deyil. Bu Azərbaycan üçün biyabırçılıqdır. Bu sözü demişəm və arxasında da dururam. Mən onu təhqir etmədim, tənqid etdim. O tənqidə təhqirlə cavab verir. O insanın tərbiyəsində, mədəniyyətində problemlər var. Hər bir insan tənqid edə bilər. Bütün xalq bizi tənqid edə bilər. Bu o demək deyil ki, insanları buna görə təhqir etməliyik. Mən qalım bir yana, o mənim oğlumun, qızımın haqqında təhqirəmiz sözlər yazıb. Bu artıq mədəniyyətsizlikdir. Filmlərdə çəkildiyim səhnələrdən görüntülər paylaşır. Mənim həyatımdan, qızımın, oğlumun həyatından götür nələrsə paylaş, mən də deyim ki, biz də özümüzü sənin kimi apara bilmirik. O ana deyil, ana olsaydı bala qədri bilərdi. Mən öz balalarımın qədrini bilirəm, onları qoruyuram, əzizləyirəm. Mən heç bilmirəm ki, onun övladı var yoxsa yoxdur?! Təbii ki, var övladı, amma ana deyil, övladı ilə yəqin ki, fəxr etmir. Çimnaz mənim səviyyəmə, statusuma uyğun bir adam deyil ki, onun haqqında danışım, qalmaqal edim. Odur məndən əl çəkməyən. Çimnaz deyir ki, məni heç kim tanımayanda, o gündəmdə olub. Mən Azərbaycanda tanınanda, sən ümumiyyətlə harada idin?! Səni hardan tanıyırlar? Nə nailiyyətin var? Sən yalnız seksual hərəkətlərini, gündəlik həyatını tamaşaçılara göstərmisən. Bu sənin həyat tərzindir. Mənim heç vecimə də deyil ki, Çimnaz ayağını, əlini açıb, nə göstərəcək?! Bu artıq xəstəlikdir, psixoloji problemdir. O bədənini insanlara nümayiş etdirməklə seksual həzz alır. Gedib özünü müalicə etdirsin, məndən də əl çəksin".

NATO: “Ukrayna Rusiya ərazisinə hücum edə bilər”

“Ukrayna Rusiya ərazisinə hücum edə bilər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısı başlamazdan əvvəl keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu, Ukraynanın özünümüdafiə hüququdur: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”. Müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını xatırladan Y.Stoltenberq qeyd edib ki, ancaq o özü də dayandıra bilər: “Biz Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçinin Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir. NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ölkəyə işlənmiş maşınlar gətirənlər bu ödənişi edəcək

Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqının alınması nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Qadın onu döyən keçmiş sevgilisini bıçaqladı

Qaxda qadın onu döyən keçmiş sevgilisini bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb".

Zelenski Kişinyova getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovanın paytaxtı Kişinyov şəhərinə gedib. Sozcu.az xəbər verir ki, V.Zelenskinin tədbirdə iştirakı əvvəlcədən açıqlanmayıb. Onun hərəkət etdiyi marşrut məxfi saxlanılır.

Güneyli milli fəallar Təbriz həbsxanasına köçürülüb

Təbrizdə yaşayan güneyli milli fəallar Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə Təbriz həbsxanasına köçürülüblər. Bu barədə milli fəalların yaxınları məlumat verib. Bundan əvvəl təhlükəsizlik idarəsinin istintaq təcridxanasından həbsxanaya köçürülən Məhəmmədrza Amani (Araz) isə yenidən təcridxanaya geri qaytarılıb. 22 may qiyamının ildönümü öncəsi saxlanılan fəalların nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,66 dollara, yüngül neftin bir barreli isə 68,39 dollara təklif edilir.

Gəncədə növbə üstündə dava

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb. Sozcu.az xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib. Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Report-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bu gün və sabah gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq: "Ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur".

Usta kondisioneri düzəldərkən yıxılıb öldü

Bakıda usta faciəvi şəkildə ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb. Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Rahim Oqtay oğlu Manafovun çağırışı ilə kondisioner quraşdırmaq üçün "Yasamal yağdəyişmə mərkəzi"nə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Paşinyan erməni icması ilə görüşdən imtina etdi

Moldovada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib. Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi: “İclas iştirakçılarının siyahısında birinci diaspor rəhbəri kimi mənim adım vardı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Bildirdim ki, burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var, niyə iştirak etməməliyəm? Təxminən bir saat əvvəl mənə zəng edərək görüşün olmayacağını dedilər”.

Rusiyaya növbəti hücum: döyüş gedir

Ukrayna diversantları tankların da köməkliyi ilə Belqorod vilayətinin Şebekino şəhərindəki sərhəd-keçid məntəqəsinə hücum ediblər. Döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, gecə boyunca da şəhər güclü atəş altında olub, mərmilərdən biri vilayətin daxili işlər idarəsinin binasına düşüb. Bəzi sakinlər isə şəhəri tərk etməyə hazırlaşırlar. Vilayətin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin mərkəzinin və ətrafının “Qrad”dan atəşə tutulduğunu bildirib, nəticədə 5 mülki vətəndaş xəsarət alıb.

Rusiyanın itkiləri 209 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 463-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 208 370 hərbçi, 3804 ədəd tank, 7478 ədəd zirehli döyüş maşını, 3474 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 333 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6239 ədəd avtomobil texnikası, 3131 ədəd PUA, 1107 qanadlı raket, 18 gəmi/qayıq, 458 xüsusi avadanlıq itirib.

NATO Baş katibi Türkiyəyə gəlir

İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə səfər edəcəm. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq səfərin dəqiq tarixi ilə bağlı məlumat verməyib.

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı dəyişiklik

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub. Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

"İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır" - Voskanyan

“İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır”. Sozcu.az xəbər verri ki, bunu erməni iranşünas Vardan Voskanyan jurnalistlərə deyib. O bildirib ki, iranlılar çox vaxt anlaşılan görünən məntiqə uyğun hərəkət etmirlər. “Bu mənada bizim regionda birlik dövləti var. Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır. Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir. İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir. Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət irəliləyişindən istifadə etməmək düzgün olmaz”, – deyə Voskanyan sərsəmləyib.