Ankara F-16-ları bu şərtlər əsasında alacaq – Media

ABŞ qanunvericiləri F-16 qırıcılarının Türkiyəyə satışına razılaşa bilər. Bunun üçün Ankara qırıcıları NATO müttəfiqlərinə qarşı istifadə etməyəcəyinə və F-16-lardan istifadə ilə bağlı əsas öhdəliklərə zəmanət verməlidir. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Məlumata görə, Bayden administrasiyası Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı razılığı fonunda bu sazişin təsdiqlənməsini müdafiə edib: “Lakin Bayden ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsindəki respublikaçılar və demokratların dəstəyi olmadan qırıcıları sata bilməz. Əvvəllər Türkiyəyə qırıcıların göndərilməsinə qarşı çıxan senatorlar isə bu məsələ ilə bağlı mövqelərini yumşaltmağa başlayıblar. Əsas narahatlıqlardan biri ABŞ-ın verdiyi qırıcılardan Türkiyənin necə istifadə edəcəyidir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Robert Menendez xüsusilə qeyd edib ki, o, Ankaradan F-16-ların təkcə Yunanıstana deyil, NATO-dakı hər hansı müttəfiqə qarşı istifadə olunmayacağına zəmanət verməsini gözləyir”.

Surovikinin işdən çıxarılması ilə bağlı daha bir detal

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin üsyanından sonra bir neçə rus general gözdən itib. General Sergey Surovikinin yerinə isə onun müavini ictimaiyyət qarşısına çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “İyulun 10-da Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov 2023-cü il iyunun 24-də baş vermiş uğursuz “Vaqner” üsyanından sonra ilk dəfə televiziyada çıxış edib. Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Viktor Afzalov Gerasimovla videobağlantı vasitəsilə əlaqə yaradıb. Afzalov ən azı dörd ildir bu vəzifədədir, lakin bu, onun Gerasimovla ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Afzalov Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Surovikinin müavinidir. Surovikinin yeri naməlum olduğu halda, Afzalovun ictimai profilinin gündəmə düşməsi general Surovikinin hərbi qiyamdan sonra vəzifədən uzaqlaşdırılması fərziyyəsinə əlavə çəki verir”, - məlumatda deyilir.

Rusiya Türkiyədən Qarabağda “əvəz” çıxacaq - Akyar

Öncə “Azov” batalyonuna qısa şəkildə tarixi perspektivdə baxmaq və məsələnin hüquqi tərəfinə nəzər yetirmək lazımdır. Bu sözləri Axar.az-a “Azov” komandirlərinin Ukraynaya verilməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Polkovnik batalyonun yaranma tarixindən bəhs edib: “Azov” batalyonu 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra qurulan paramilitar qrupdur. Yəni tərkibində həm hərbçilər, həm də mülki insanlar var. Hazırda Ukraynanı dəstəkləyən bir sıra ölkələr batalyonu xüsusilə Donbas bölgəsində beynəlxalq humanitar hüquqa zidd olan fəaliyyətlərə görə tənqid edib. Kiyev 2018-ci ildə batalyonu Daxili İşlər Nazirliyinin nəzdindəki xüsusi bir idarənin tabeçiliyinə verdiyini açıqlayıb. Ancaq təbii ki, bütün ölkələrdə olduğu kimi, Ukraynada da müharibə başladıqdan sonra milli gücün bütün ünsürləri istifadə olunur. Müasir dünyada hibrid müharibənin əsas xüsusiyyəti budur. “Gerasimov doktrinası”nda da bu məsələ öz əksini tapıb”. Akyar Ankaranın əsir mübadiləsi məsələsində də vasitəçi rolunu oynadığını, “Azov” komandirlərinin verilməsinin Ukraynaya jest ola biləcəyini qeyd edib: “Bildiyimiz kimi, Türkiyə Ukrayna müharibəsinin əvvəlindən tərəflər arasında vasitəçi rolu oynayır. Bu da hazırki geosiyasi vəziyyətdə çoxtərəfli siyasətlə bağlıdır. Yenə ölkəmiz əsir mübadiləsi məsələsində vasitəçi və birbaşa iştirakçı olub. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasına görə hərbi əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə dəyişdirilir. Türkiyə də buna öz töhfəsini verib. Sözügedən sənədin 111-ci maddəsinə görə isə döyüşən tərəflərdən başqa digər dövlətlər hərbi əsirləri və s. qarşılıqlı müqavilələr əsasında öz ərazilərində saxlaya bilərlər. Buna görə Rusiya “Azov”un 5 komandirinin verilməsi ilə bağlı ölkəmizin əldə olunan razılaşmanı pozduğunu iddia edir. Ukrayna isə sözügedən konvensiyanın 117-ci maddəsini əsas gətirir. Bu maddə ilə müharibədə əsir düşən və sonra dəyişdirilərək öz ölkəsinə qaytarılan hərbçilərin yenidən döyüşlərə qatılması birmənalı şəkildə qadağan olunub. Rəsmi Kiyev Moskvanı qadağanı pozmaqda ittiham edir. Vladimir Zelenskinin Türkiyəyə son səfərində müdafiə sənayesi və iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə dair çoxşaxəli müqavilə imzalandı. Ankaranın belə önəmli hadisə ilə bağlı Kiyevə jest etməsi də mümkündür. NATO-nun Vilnüs sammitinin və İsveçin üzvlük məsələsinin də prosesə təsiri ola bilər”. Alim hərbi əsirlərin Kiyevə təhvil verilməsinin ümumi mənada əlaqələrə təsir göstərməyəcəyini, ancaq qarşılıq olaraq Rusiyanın Suriya və Qarabağda müəyyən addımlar atmağa cəhd etməsinin mümkün olduğunu bildirib: “Rusiya “Azov” komandirlərinin Ukraynaya verilməsinin iqtisadi və s. münasibətlərə təsir göstərməyəcəyini, ancaq addımın yaxşı qarşılanmadığını bildirib. Yəqin ki, cənab Ərdoğanın İsveçin NATO üzvlüyünə razılıq verməsi münasibətləri bir az da gərginləşdirəcək. Ancaq Türkiyənin də özünə görə haqlı səbəbləri var və bunlar Ankaraya səfəri zamanı Putinin də nəzərinə çatdırılacaq. Eyni zamanda Vladimir Putinin Türkiyəni itirməmək üçün əlavə addımlar atması da gözləniləndir. Ölkələrimiz arasında münasibətlər pozulanda Rusiya hər zaman Suriya kartını irəli sürür. Məsələn, 2020-ci ilin əvvəllərində Türkiyə Liviyada ABŞ ilə birlikdə hərəkət etməyə başlayanda həmin ilin fevral ayında mənşəyi bəlli olmayan qırıcıların hücumu nəticəsində 34 nəfər hərbçimiz şəhid oldu. Yenə Suriyada hərəkətlənmələr ola və Rusiya Qarabağda Ermənistan lehinə addımlar atmağa çalışa bilər. Vilnüsdə İsveçin NATO-ya üzvlüyü hər nə qədər “Azov” komandirlərinin verilməsi məsələsini kölgədə qoysa da, Rusiya bununla bağlı hansısa addımlar atacaq. Türkiyə-Rusiya münasibətlərində problemli sahə yaransa da, ümumi mənada əlaqələr ciddi zədələnməyəcək. Çünki Türkiyə kimi güclü NATO ölkəsi ilə əlaqələr Rusiya üçün önəmlidir. Bu, Qərbə də sərf edir”.

Ermənilər Şuşa və Laçını atəşə tutdu

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

176 sığorta vasitəçisinin lisenziyası dayandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb. “Sığorta fəaliyyəti haqqında” qanuna görə sığorta vasitəçiləri rüb başa çatdıqdan sonra 20 gün müddətində AMB-yə onun müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər. Lisenziyasının qüvvəsi dayandırılmış vasitəçilər bu ilin I rübü üzrə hesabatı quruma təqdim etməyib. Qanuna əsasdən, bu halda sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 6 aya qədər müddətə dayandırıla bilər. Həmin sığorta vasitəçilərinin hər birinə barələrində inzibati icraatın başlanılması ilə bağlı bildirişlər göndərilib, həmin şəxslər AMB-yə görüşə dəvət edilib. Görüş iştirakçılarına lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilib. Onlar 3 ay ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırsa, lisenziyanın qüvvəsi bərpa ediləcək.

Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyulun 11-i "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində yaralanan və xəstəxanada müalicə alan Ərdəm Kavlak bu gün dünyasını dəyişib.

Sərhəddə təxribat törədən erməni hərbçi yaralandı

Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yaralı hərbçi hospitala yerləşdirilib. Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.

Rusiyanın itkiləri 236 minə yaxınlaşır

Ukrayna müharibənin 504-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 235 530 hərbçi, 4090 ədəd tank, 7990 ədəd zirehli döyüş maşını, 4402 ədəd artilleriya sistemi, 674 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 415 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6978 ədəd avtomobil texnikası, 3726 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 647 xüsusi avadanlıq itirib.

Qriqoryan ABŞ Müdafiə Nazirliyində görüş keçirdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Qriqoryan Kuperə müdafiə sahəsində Ermənistan-Amerika təhsil proqramlarının həyata keçirilməsi barədə məlumat verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər”, - məlumatda deyilir. Qeyd olunur ki, görüş iyulun 11-də Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.

Erməni təxribatı: Hərbçimiz yaralandı

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb. "Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

Arazda batan ata və oğulun meyiti tapıldı

16:31 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. *** Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin axtarışları davam etdirilir. *** İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb. Bildirilib ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb. Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib. Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

DSX-nin əsgəri silahdan açılan atəşdən öldü

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Yalnız bu əsasda sülh sazişi imzalana bilər - Əliyev

Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib. Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”. Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Şəmkirlilərə şad xəbər

Bakı-Ağstafa sürət qatarı Şəmkirdə də dayanacaq Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək. Sözcü.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib. "Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - o qeyd edib. Sözcü.az

Ət bahalaşır

“Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır. Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb: “Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün ətin satış qiymətində artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq”. Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin bir kiloqramının qiyməti təxminən 20 manata qədər bahalaşacaq: “Yanvardan sonra bahalaşma davam edəcək və ətin bir kiloqramının satış qiyməti 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcminin azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək”.

Ordumuzun təlimindən yeni - Video

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb. "Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır", - məlumatda qeyd edilib.

Səlim Müslümovun məhkəməsi niyə uzanır?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi biraylıq təxirə salınıb. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin bu dəfə təxirə salınmasına səbəb sədrlik edən hakim Faiq Qəniyevin məzuniyyətə çıxmasıdır. Ümumilikdə bir-iki iclası nəzərə almasaq, 6 aya yaxındır ki, bu iş üzrə məhkəmə iclasları keçirilmir. Ötən ilin dekabr ayında şahidlərin dindirilməsi yekunlaşıb, eks-nazir sərbəst ifadə verib. Prosedura görə, bundan sonrakı iclaslarda sənədlərin tədqiqi mərhələsi keçirilməli, məhkəmə istintaqı tamamlanmalıdır. Sədrlik edən hakim F.Qəniyevin sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində şirkətlər tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqəmətində işlərin aparılmasıdır. Cinayət işi üzrə dəymiş ziyan 27 milyon manat hesablanıb. Həmin məbləğin 20 milyonu mənimsəmə və rüşvət alma, 7 milyonu isə israfetmə epizodu ilə bağlıdır. Dəymiş ziyanın 20 milyon manatı ibtidai istintaqın sonunda, 5 milyonu isə məhkəmə istintaqı dövründə ödənilib. S.Müslümovun nazir olduğu müddətdə müxtəlif şirkətlər tərəfindən şəhid ailələri və qazilər üçün evlərin tikilməsi zamanı qanunsuzluğa yol verilərək dövlət büdcəsindən ayrılmış 7 milyon manat israf edilib. Bir müddət əvvəl S.Müslümov könüllü olaraq həmin ziyanın da  4.5 milyon manatını ödəyib. Şirkət rəhbərləri isə hələ ki yerə qalan məbləğin 600 min manatdan bir az çox təşkil edən hissəsini ödəyiblər.  Əldə etdiyimiz məlumata görə, növbəti ay keçiriləcək iclasda ödəmənin mahiyyəti barədə yekun məlumat veriləcək. Həmin gün məhkəmə istintaqı tamamlanacaq, prokuror ittiham nitqi ilə çıxış edəcək. Proses 11 avqusta təyin edilib. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş nazir sonradan ev dustaqlığına buraxılıb.

Sabah Vilnüsdə Zelenski-Bayden görüşü keçiriləcək

Sabah, iyulun 12-də Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər. V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər. Ağ Evdən isə bildirilib ki, NATO-nun sammiti çərçivəsində Ukraynanın Alyansa üzvlüyü ilə bağlı "yol xəritəsi” müəyyənləşəcək.

Qanunsuz kömür quyusu aşkarlandı

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd sakini Əlövsət Muradov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Generalın yerinə polkovnik gətirildi - Yeni təyinat

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.  Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.  Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb. 

Əhərdə milli fəalın məhkəməsi olub

Azərbaycan milli hərəkatının tanınmış fəalı Saleh Molla Abbasinin məhkəməsi olub. İyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib. Fəala qarşı "yalan məlumatlar yaymaq" ittihamı ilə bağlı məhkəmənin son qərarının yaxın günlərdə açıqlanacağı bildirilir. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Austin arasında telefon danışığı olub. Nzirlər ikitərəfli və çoxtərəfli müdafiə məsələlərini müzakirə ediblər. Y.Gülər və L.Austin Türkiyə, İsveç və NATO rəhbərləri arasında dünən, iyulun 10-da Vilnüsdə baş tutan üçtərəfli görüş haqqında fikir mübadiləsi aparıb, əldə olunan nəticələri müsbət qiymətləndiriblər. L.Austin ABŞ-ın Türkiyənin hərbi modernizasiyasına dəstəyini ifadə edib.

Neft bahalaşıb

Dünya bazarı iştirakçıları ABŞ-da makroiqtisadi məlumatların açıqlanmasını gözlədiyi bir vaxtda əmtəə birjalarında neft qiymətləri artıb. Brent” markalı neftin sentyabr fyuçersləri 0,6 % bahalaşaraq 1 barel üçün 78,14 ABŞ dolları təşkil edib. WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,67 % artaraq 73,48 ABŞ dolları olub.

Teleqramda Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edən nigeriyalılar saxlanılıb

Sosial şəbəkədə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalılar saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-ə sosial şəbəkədə Azərbaycan vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub: “Bu məlumatlar dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən teleqram sosial şəbəkəsində həyata keçirilib. Həmçinin araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları - Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar. Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vasaitlarini ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib. "Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.