İranın hökumət qüvvələri sakinləri atəşə tutdu: ölənlər var

İranın Mazandaran bölgəsində Daniyal kəndində hökumət qüvvələri kənd sakinlərini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Ukraynalı politoloq: “İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"

“Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir". Bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib. "Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib. "Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir. Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.

İrəvanda qızıl qazandı, qələbəni Azərbaycana həsr etdi

Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər. Sozcu.az xəbər verir ki, Cansu Bektaş medal aldıqları üçün xoşbəxt olduqlarını və hər ikisi qələbəni Azərbaycana həsr etdiklərini və yanımızda olduqlarını bildiriblər.

ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

Xızıdakı partlayışda xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinə yerləşdirilib

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Baş Prokurorluq Xızıdakı partlayışla bağlı məlumat yaydı

Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.  Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.  İbtidai istintaq davam etdirilir.

Xızıda mina partladı: İki nəfər öldü, bir nəfər yaralandı

Xızıda mina partlayıb. Sozcu.az xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

"Etdiyi təxribatlara görə Ermənistanı peşman etməliyik"

"İlk dəfə deyil ki, Ermənistan idman, mədəniyyət proseslərini siyasi məqsədlərlə istismar edir. Biz müxtəlif illərdə bu cür situasiyaların şahidi olmuşuq". Bu sözləri politoloq Yeganə Hacıyeva  İrəvanda Azərbaycan bayrağının yandırılması hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, yandırılan Azərbaycan bayrağının dərhal alışması onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış təxribatdır: "Məlum məsələdir ki, bayraq həmən alışıb, yana bilməzdi. Bayrağın tez alovlanması sübut edir ki, onun tez alışması üçün xüsusi yağ maddələrindən istifadə olunub. Yəni, bu, xüsusi planlaşdırılmış təxribat idi". "Azərbaycan hansı addımlar atmalıdır?" sualına politoloq bu cür cavab verdi: "Azərbaycan artıq addımlar atır. Zatən idmançılarımızın orada təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var idi və indi bu narahatlıqlardan biri özünü artıq doğruldur, indi idmançılarımızın oradan sağ-salamat geri dönməsi, bir sözlə, təhlükəsizlik məsələləri sual doğurub, telefonlarına zəng çatmır və sairə. Ermənistan son günlərdə bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törətməkdədir. Əsgərlərimizə işgəncə verilir, daha sonra bayrağımız yandırılır. Azərbaycan bütün bu təxribatları dünyanın diqqətinə çatdırmalı, Ermənistanın əsl simasını göstərməlidir. Bunun üzərindən həm yerli, həm də beynəlxalq, regional səviyyədə kampaniya aparmalı, bu məsələnin izini biraxmamalı və bu istiqamətdə işlər həyata keçirməliyik. Bu cür təxribatları törətdiklərinə görə Ermənistanı peşman etdirməliyik".

Erməni deputat: “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə illərlə geri düşmüşük”

“Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”. Ermənistan KİV-in məlumatına görə, bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, deputat Arpi Davoyan deyib. “Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”, - Davoyan deyib.

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib. Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. /Oxu.az

Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Ovik Ağazaryan ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının dizayner Aram Nikolyan tərəfindən yandırılmasına münasibət bildirib.  Sozcu.az xəbər verir ki, millət vəkili erməni xalqının adından məlum hadisəyə görə üzr istəyib. “Mən bütün beynəlxalq və sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm. Ayıb olsun mənə”.  Xatırladaq ki, bu gün Azərbaycan milli komandası yarışları boykot edərək ölkəyə qayıtdığını elan edib. 

İkardidən yeni müqavilə ilə bağlı açıqlama

"Qalatasaray"ın ötən yay PSJ-dən icarəyə götürdüyü Mauro İkardi İstanbul təmsilçisi ilə mövsümün sonunda başa çatacaq müqaviləni uzadıb-uzatmayacağı barədə danışıb.  Sozcu.az xəbər verir ki, hücumçu bu haqda Superliqanın 29-cu turunda "Kayserispor"la matçdan sonra fikirlər söyləyib. O deyib:  "Qalatasaray" forması ilə ilk dəfə het-trik etdiyim üçün çox xoşbəxtəm. Qarşıda 9 oyun var və onların hər birində qalib gəlmək istəyirik. Mövsümün başa çatmasına hələ var. Son oyundan sonra klub prezidentimiz və direktorlarımızla gələcəyim haqqında danışacağıq". 

Ramazan bayramında 4 gün iş olmayacaq

Artıq Ramazan ayının bitməsinə sayılı günlər qalıb.  Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.  2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.  Ümumilikdə, cari ayın 21,22,23,24-ü qeyri-iş günləridir. Bayramdan sonra ilk iş günü isə aprel ayının 25-də başlayacaq. 

Bu davranışlar qəbuledilməzdir, qınayırıq - Cahit Bağçı

Ermənistan tərəfindən edilən davranışları qınayırıq.  Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "Twitter" hesabında yazıb. “Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”,-səfir vurğulayıb. 

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirir

Ukrayna Silahlı Qüvvələri arxa cəbhədə Rusiyanın hərbi obyektlərinə zərbələr endirir. Sozcu.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi (ISW) İnstitutu məlumat yayıb. Bildirilir ki, Rusiya mənbələrinin iddialarına əsasən, Ukrayna qüvvələri Luqansk vilayətində arxa cəbhəyə zərbələr endirməkdə davam edir. Xüsusilə, Luqanskın Rubejnoye və Troitskoye yaşayış məntəqələri vurulub. Bundan əlavə, Zaporojye bölgəsində Rusiyanın arxa xətlərinə zərbələr endirilməsi məlumdur. “Rusiya mənbələri aprelin 14-də Ukrayna qüvvələrinin Kupyansk-Svatovo xətti boyunca kəşfiyyat fəaliyyətini davam etdirdiyini də iddia edib”, - məlumatda deyilir.

Davoyan: Bayraq yandırmağı hələ də “qəhrəmanlıq” sayırıq…

Bayraq yandıranlar və bayraq yandıranlarla fəxr edənlər var. Deməli, biz çox geridəyik. Sozcu.az xəbər verir, bunu Ermənistanın hakim partiyasının deputatı Arpi Davoyan deyib. “Əgər bayrağı yandırmaq “qəhrəmanlıq” addımıdırsa, bir daha əsl qəhrəmanlar haqqında danışma”, - o bildirib. Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib. Azərbaycan milli komandası isə çempionatdan imtina edib və ölkəmizə qayıtmağa qərar verib.

"Paytaxt Əbdülhəmid”in aktyoru Bakıda

Türkiyənin məşhur aktyoru, “Paytaxt Əbdülhəmid” (Payitaht Abdülhamid) serialında Tahsin paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişəhirlioğlu Bakıda səfərdədir. Sozcu.az xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən aktyor “İftar öncəsi” başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq. B.Yenişəhirlioğlu Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edəcək. Fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişəhirlioğlu gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq. “Excevent” şirkətinin və "Beylimedia"nın təşkilatçılığı ilə təşkil olunacaq tədbir bu gün saat 16:00-da “Badamdar Estates” (Əvvəlki adı “Pulman Otel”) otelin konfrans zalında keçiriləcək.

Hüseyn və Aqşinin yaxınları Avropa Məhkəməsinə müraciət etdi

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər. Sozcu.az xəbər verir ki, KİV-də Azərbaycan hərbçisinə qarşı zorakılıq faktlarını əks etdirən video və foto materialların yayılmasından sonra Hüseyn Axundov və Aqşin Bəbirovun yaxınları Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Müraciətdə Ermənistan hakimiyyətini dərhal Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək və onlara tibbi yardım göstərmək, habelə onların harada olması, saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə məcbur etmək barədə tələblər yer alıb.

Bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlandı

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır.

İran vətəndaşlarına işləyən 18 nəfər tutuldu - Qadınlar da var

Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən 18 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan beş kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşlarından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - IV hissə

Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alması və həmin dönəm fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur                     IV hissə Transqafqaziyanın dağılmasından sonra azərbaycanlıların üz-üzə qaldığı məsələlər erməni və Gürcüstandakılardan olduqca fərqli idi. Azərbaycanlılara görə Türkiyə bir düşmən deyil, ancaq bir müttəfiq idi. 28 mayda Tiflisdə Seyimin azərbaycanlı üzvüləri və Müsəlman Milli Şurasının üzvüləri Azərbaycanın istiqlaliyyətini elan etdilər. Fətəli Xan Xoylu Baş nazir seçildi(2, 151).     Həmin günü Fətəli Xan Xoylu rəhbərlik edəcəyi hökümətin tərkibini elan etdi və həmin hökümətdə Xəlil bəy Xasməmmədli Ədliyyə naziri vəzifəsini tutdu. İyun böhranına qədər Xəlil bəy həmin vəzifəni icra etmişdi.     İyun böhranı zamanı birinci hökümət kabinəsi fəaliyyətini dayandırdı. İyunun 17-də axşam F.X.Xoylunun rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldı. İkinci kabinədə Xəlil bəy portfelsiz nazir vəzifəsi tutmuşdu.      İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən - M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə, Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət Dağlılar respublikası ilə münasibətlərə də aid idi(1, 92).     İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq"(1, 94).     1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəliklər Sultanın qəbuluna dəvət edilmişdilər. Lakin Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədli və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi ki, "sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə kimi qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzu edirəm". Bu qəbul barəsində Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"(1, 130-131).     Oktyabr ayının axırlarında İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndələri, Mərkəz ölkələri tərəfindən respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdılar. Sonuncu olaraq noyabr ayının 1-də X.Xasməmmədli İstanbuldan Bakıya yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədlinin və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı(1, 152).     X.Xasməmmədli  İstanbuldan döndükdən sonra 1918-ci il oktyabrın 6-da aparılan kabinədaxili dəyişikliklərdən sonra X.Xasməmmədli yollar naziri təyin edilmişdi. Fətəli Xan Xoylunun rəhbərlik etdiyi 3-cü hökumət kabinəsində (26.12.1918 – 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etməyə başlayır.  Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etdi. Azərbaycan Cümhuriyyəti dönəmində Daxili İşlər orqanlarının təkmilləşdirilməsi, kadr potensialının artırılması, polis orqanları ilə bağlı hüquqi bazanın dahada inkişafı Xəlil bəy Xasməmmədlinin adı ilə bağlıdır.     X.Xasməmmədlinin nazirliyi dövründə onun əmri ilə 14 fevral 1919-cu ildə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin Təftiş İstintaq Komissiyası yaradılmışdı. Onun təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təşkili haqqında” qanun layihəsinə baxmışdı. (Parlamenti Mühafizə Dəstəsi sonra alaya çevrilmişdi)(4, 107).     X. Xasməmmədlinin başçılıq etdiyi Daxili İşlər Nazirliyi öz fəaliyyətində Milli Ordu ilə qarşılıqlı fəaliyyət göstərirdi. Bunu Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi məlumatlardan da bilmək olar. X.Xasməmmədlinin nazirliyi zamanı Daxili İşlər Nazirliyinin məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisinin sayı rəsmən 9661 nəfərə çatmışdı. Bundan 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keşikçilər 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi(7, 47). Həmin vaxtdan əvvəllər ləğv edilmiş Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-muşdu. Bu qurum birbaşa Azərbaycan DİN-ə tabe idi. 3-5 yanvar 1919-cu i il Bakıdakı Böyük Britaniya Müvəqqəti Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DİN-in birgə əməliyyatları nəticəsində milli hökumətimizə qarşı yönəlmiş İrandakı sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin üstü açılmışdı(4, 108).     Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabineti zamanı daxili işlər naziri işləmiş X. Xasməmmədli yorulmaz və barışmaz şəxsiyyət olmuşdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və bunu tabeliyində olanlardan da tələb edirdi. Onun ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahəsində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi. Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniş iclasında çıxış edən daxili işlər naziri X. Xasməmmədov demişdi: - ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iştirakına da aiddir”. Xəlil bəy Parlamentdəki həmin çıxışında Quba, Göyçay, Gəncə və bəzi başqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə yanaşı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yollarından da bəhs etmişdi. Nazir Qazax qəzasında polisin istintaq orqanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını bildirmiş, həmçinin Ağstafa stansiyası vasitəsilə qonşu Gürcüstan və Ermənistana daşınıb 1 pudunun 20 manata satıldığı neft alverindən bəhs edib bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə çatdırmışdı.     18 yanvar 1919-cu il Bakıdakı müttəfiq dövlətlərin müvəqqəti Polis Komissarlığının razılığı və təşəbbüsü ilə Bakı Polismeysterliyinin yeni ştatlar üzrə Xəfiyyə Polisi təsis olunmuşdu. Bu vaxtadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin edilmişdi. Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X. Xasməmmədlinin əmri ilə mərkəzi Şuşa şəhəri olan, tərkibinə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının daxil olduğu Qarabağ General-Qubernatorluğu təsis edilmişdi. Gəncə quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-da Xosrov bəy Sultanov təyin edilmişdir.     Xəlil bəy Xasməmmədli Daxili İşlər nazirliyinin rəhbəri olarkən bolşevizmə, onun təbliğatına qarşı ciddi işlər görürdü. Onun bolşevizmə qarşı mövqeyi birmənalı idi. Milli hökümətimiz qurulmamışdan əvvəl belə Gəncədə İctimai Təşkilatların İcrayə Komitəsinin rəhbəri olarkən o açıq şəkildə bolşevizmə qarşı mübarizə elan etmişdi.     Daxili İşlər naziri olarkən 8 aprel 1919-cu ildə general-qubernator doktor X. Sultanova “ N.Nərimanovun Azərbaycan ordusunda bolşevizmin təbliğatını apardığına görə həbs edilməsi barədə” sərancamgöndərmişdi. Həmin sərəncamda yazılmışdı: “Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət”dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə catmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədli”(6, 224).     Xəlil bəy Xasməmmədli tutduğu bütün postlarda hüququn aliliyi prinsipini qorumağa, dövlətin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün gücü və enerjisini səfərbər etmişdi.      Gəncə qubernatoru polkovnik İ.Vəkilov 1919-cu ill martında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi raportda bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi “fitnə-fəsadlar” aşkar edilmişdir.Yerli bolşeviklərlə birləşən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.     1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli Ordunun paradı keçirilmişdi. Respublika hərbi naziri, tam artillerya generalı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içərisində X. Xasməmmədlidə var idi) paradda iştirak etmək üçün Gəncəyə gəlmişdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili İşlər Nazirliyinin vəzifə daşıyan yüksək rütbəli məmuru qubernator, polkovnik İ.Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Bununla bərabər, daxili işlər naziri X. Xasməmmədlinin verdiyi təqdimatlar və Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər nümunəvi xidmətinə görə İbrahim ağa Paşa oğlu Vəkilova general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan Xoyluya isə polkovnik rütbəsi verilmişdi(4, 115).     Xəlil bəy Xasməmmədli 1919-cu ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi ilk hökümət kabinetində qısamüddətli Daxili İşlər naziri çalışır. Həmçinin Nəsib bəyin rəhbərlik etdiyi sonuncu, 5-ci kabinədə o Ədliyyə naziri olur. Ümumilikdə götürdükdə Azərbaycan Cümhuriyyətinin hüquq, ədliyyə və polis sisteminin qurulmasının ağırlığı Xəlil bəy Xasməmmədlinin üzərində olub. Hüquq sahəsindəki savadı, işin praktiki tərəfini mükəmməl bilməsi bütün bu məsuliyyətləri ona tərəf yönləndirib. Dövlət Dumaları və Seym zamanı qazandığı təcrübə ona bu işlərdə geniş imkanlar yaratmışdı.     Tadeuş Svyataxovki Xəlil bəy Xasməmmədli haqqında bildirirdi ki, o çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşunas kimi ona verilirdi.     O öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökümət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə : “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılmasıda Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri Xəlil bəyin böyük qardaşı Ələkbər bəy Xasməmmədli təyin edilmişdir(3, 190). Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə o bu vəzifəyə təyin edilmişdi. O həmçinin Mülki departamentə rəhbərlik edir. Ələkbər bəy Xasməmmədli gələcək fəaliyyətlərində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfindən işlənib hazırlanmış prinsipləri rəhbər tutcaqlarını, ədalət mühakiməsini qorxuya görə deyil, vicdana görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və ədalətə riayət edəcəklərini bəyan edir (5, 49-50).     1920-ci ilin aprel ayında Xəlil bəy Xasməmmədli Azərbaycan Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edilir. Həmin ilin apreli Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son ayı idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilir. Bu xəbəri Xəlil bəy İstanbuldan eşidir. Bu xəbər onun üçün çox ağır və məyyusedici idi.     Həmin xəbərdən sonra bir çox silahdaşlarının - F. Xoylunun, H.Ağayevin, M.Vəkilovun, Ş. Rüstəmbəylinin və başqalarının o zaman Tiflisə gələrək orada yaşadıqlarını bilən Xəlil bəy də bu şəhərə gəlmiş, bir müddət orada yaşamışdı. Lakin duyurdu ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurtara bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan hökumətinin sabiq baş naziri və daxili işlər naziri Fətəli xan Xoylunun muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil bəy erməni terrorçusu ilə atışmada özü də yaralanmışdı. Xəlil bəy boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmişdi) daha Tiflisdə qalmayıb Türkiyəyə, İstanbula mühacirət etmiş və ömrünün sonunadək orada yaşamışdı.(4, 120). Fətəli Xanın qətlinin və Xəlil bəyin vurulmasının bilavasitə icraçıları erməni daşnakları olsada, polkovnik-leytenant Korbelin fikrincə bu cinayətin arxasında Azərbaycanda üsyançı hərakatı başsız qoymağa ümid edən bolşeviklər durmuşdu(3, 50). 1. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009  2. Firuz Kazımzadeh “TRANSKAFKASYA İÇİN MÜCADELE (1917-1921) Türkiye-İngiltere-Rusya, İstanbul, 2016 3. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015 4.  Iltifat Şahevən(Əliyarlı), Tahir Behbudov – “İstiqlal fədailəri- Azərbaycan Xalq Cümhuriyyətinin  Daxili İşlər Nazirləri və silahdaşları (1918-1920), Bakı, 2013. 5. Mehman Dəmirov “Azərbaycan prokrorluğu- tarix və müasirlik”, Bakı, 1997 6. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 7. İltifat Əliyarlı- Şahsevənli “ Azərbaycan polisinin yaranması və təşəkkül tarixindən”, Bakı, 2018. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Zelenski: Ukraynanın layiqli yeri NATO-dur

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Ukraynanın layiqli yeri NATO-dur. Sozcu.az xəbər verir ki, Zelenski Avro-Atlantik inteqrasiya, Ukrayna və Alyansın potensialının birləşdirilməsinin qaçılmazlığına dair görüş keçirib. "Ukraynanın yerinin NATO-da olduğu açıq-aydın görünür. Biz köhnəlmiş illüziyaları istəmirik. Ukraynanın NATO-ya gedən yolu məlumdur. 30 sentyabr 2022-ci ildə Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib. Həmin gün Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın Alyansa daxil olması üçün qapılar açıqdır, lakin hazırda diqqət Ukraynanın Rusiya Federasiyasından müdafiəsinin dəstəklənməsinə yönəlib. 2023-cü il aprelin 4-də NATO-nun baş katibi Ukraynanın Alyansa üzvlüyünün əldə edilməsinə töhfə verəcək mərhələləri sadalayıb və qeyd edib ki, Ukraynanın alyansa üzvlüyü ilə bağlı gələcək danışıqlar üçün ilkin şərt Rusiya ilə müharibədə qələbədir. Ukrayna da islahatlar aparmalıdır. Söhbət korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunun aliliyi və azlıqların hüquqlarından gedir”, - prezident vurğulayıb. Zelenski əlavə edib ki, bunun üçün “müvafiq addımlar” hazırlanır.

Rusiya Ukraynada NƏ QƏDƏR texnika itirdi? - dəhşətli statistika

Rusiya ordusunun Ukraynadakı itkiləri 10 min texnikanı ötüb. Rusiyanın Ukraynada işğalçı hərəkata başladığı gündən bu yana tankların 2/3-i və piyada döyüş maşınlarının demək olar ki, yarısı məhv edilib, zədələnib və ya ələ keçirilib. Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Oryx mərkəzi məlumat yayıb. Gələn informasiyalara əsasən, 414 günlük müharibədə Rusiya ordusu 10014 ədəd müxtəlif hərbi texnika itirib. Buraya Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilmiş, zədələnmiş, tərk edilmiş və əsir götürülmüş (və foto və ya videoda çəkilmiş) texnika da daxildir. Rus ordusu ən çox itkiləri tanklarda (1908 ədəd) və piyada döyüş maşınlarında (2288 ədəd) verib. Bu, 2022-ci ilin fevralında işğal başlamazdan əvvəl Rusiyanın Quru qoşunlarında xidmətdə olan tankların sayının 65%-ni və piyada döyüş maşınlarının sayının 44%-ni təşkil edir (anbarda olan maşınlar istisna olmaqla). 2023-cü ilin martında Ukraynanın Forbes jurnalı Rusiyanın itirdiyi avadanlıqların ümumi dəyərini 25 milyard dollar qiymətləndirib. Bu, 2 trilyon rubldan çox və ya Rusiya Federasiyasının 2023-cü il federal büdcəsinin bütün xərclərinin təxminən 7% -ni təşkil edir. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin 2023-cü ildə 1500 tank istehsal edəcəyinə söz verib. Hərbi ekspert Roman Svitan bu rəqəmi tamamilə qeyri-real adlandırıb: “Hələ sanksiyalardan əvvəl Rusiya müdafiə sənayesi ildə 200-ə yaxın (ayda 16-17) tank istehsal edirdi. İndi müəssisələrin 3 növbəli iş rejiminə keçidini nəzərə alaraq, onlar ayda cəmi 20 yeni tank istehsal edə, 30-a yaxın texnikanı anbardan gətirib yeniləyə bilərlər. Yeni fabriklər tikmədən bu rəqəmi artırmaq mümkün deyil, çünki buna illər lazımdır”,-deyə o, bildirib. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri Qərbin raket əleyhinə sistemləri (Javelin, TOW) sayəsində zirehli texnikanı Rusiyanın istehsal edə bildiyindən daha tez məhv edir.