Ukrayna Baxmut ətrafında, Donetsk və Zaporojyenin müxtəlif istiqamətlərində irəliləyir

Ukrayna silahlı qüvvələri Baxmut ətrafında, eləcə də Donetsk və Zaporojye vilayətlərinin müxtəlif istiqamətlərində irəliləyirlər. Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan (MAİ) bildirib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kremennaya bölgəsində rəqibin məhdud və lokallaşdırılmış quru hücumlarını dəf edib. Eyni zamanda, Ukrayna qoşunları Baxmut yaxınlığında davam edən hücum əməliyyatları zamanı 1,2 kilometr irəliləyib. Bildirilib ki, Ukraynanın müdafiə qüvvələri də Donetsk vilayətinin qərbində Donetsk və Zaporojye vilayətləri arasındakı sərhəd yaxınlığında məhdud əks-hücum əməliyyatlarını davam etdirib və bu ərazilərdə taktiki uğur qazanıb. ISW qeyd edir ki, Ukrayna rəsmiləri açıq şəkildə etiraf ediblər ki, ordu əks-hücum əməliyyatları zamanı texnika itkisi gözləyir.

Sabirabadda iranlı narkotacirə kuriyerlik edənlər saxlanıldı

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

İran Şərqi Azərbaycanı parçalamaq istəyir - Rəhmanifər

Şərqi Azərbaycanı parçalayıb, orada Səhənd adında yeni bir vilayət yaratmaq fikrindədirlər. Ora Şərqi Azərbaycan yox, Səhənd vilayəti deyiləcək və Azərbaycan adı üstündən götürüləcək. Bu sözləri Axar.az-a güneyli araşdırmaçı və milli fəal Məhəmməd Rəhmanifər İranın Güney Azərbaycanı parçalayaraq yeni vilayətlərə bölmək planından danışarkən deyib. Onun sözlərinə görə, bu vilayətləri yaratmaqda məqsəd İranın Azərbaycan kəlməsinə olan qısqanclığıdır: “İranın əsas məqsədi Azərbaycan kəliməsini Güney Azərbaycan torpaqlarından silməkdir. Bu siyasət illərdir davam edir. Hələ Pəhləvilər zamanında çalışıblar ki, torpaqlarımızı parçalayıb, vilayətlərə təzə adlar verməklə, Azərbaycan adını bölgələrin üzərindən götürsünlər. Bəzi yerləri Azərbaycandan ayırıb, başqa vilayətlərə verdilər. Bir vaxtlar Zəncanı ayırıb, vilayət etdilər. Astaranı, Sunquru, Bicarı ayırıb kürd vilayətlərinə tabe etdilər. Həmçinin, Xoy adında bir vilayət yaratmaq istəyirdilər, lakin o zaman biz qarşı çıxdıq. İndi isə Səhənd adlı vilayət yaratmaq fikrindədilər". O, hələ rəsmiləşdirilməyən prosesin Tehran KİV-lərində təbliğatının aparıldığını bildirib: "Azərbaycan adı hazırda iki vilayətin üstündə qalıb: Qərbi və Şərqi Azərbaycan. 20 il bundan öncə də Şərqi Azərbaycanın daxilində şəhər olan Ərdəbili eynən bu cür ayırıb, ayrıca vilayətə çeviriblər. Əsl məqsədləri birdir: Azərbaycanı parçalamaq və tarixi adını silmək. Çalışırlar, elə şərait yaratsınlar ki, Azərbaycan adını dilə gətirməyə ehtiyac qalmasın. İranın rəsmi televiziya və qəzetlərində Qərbi Azərbaycanı “Ustani Urmiyə”, Şərqi Azərbaycanı “Təbriz” olaraq təqdim edir, Azərbaycan Respublikasına da “Bakı Cümhuriyyəti” deyirlər".

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,79 dollara, yüngül neftin bir barreli isə 70,17 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 472-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 214 660 hərbçi, 3909 ədəd tank, 7607 ədəd zirehli döyüş maşını, 3717 ədəd artilleriya sistemi, 600 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6428 ədəd avtomobil texnikası, 3263 ədəd PUA, 1176 qanadlı raket, 18 gəmi/qayıq, 507 xüsusi avadanlıq itirib.

Ermənilər Daşkəsən, Xocalı və Şuşanı atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Su kanalında 44 yaşlı kişi meyiti tapıldı

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb. Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ruslar Krımdan qaçmağa hazırlaşır

Ruslar Krımın şimalından Rusiyaya qaçmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. “Ruslar əhalinin köçürülməsinə, eyni zamanda bölgənin maddi-mədəni sərvətlərinin oğurlanmasına hazırlaşır. Artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. İlk növbədə işğal idarələrinin nümayəndələri və onların ailə üzvləri, eləcə də avadanlıq, sənədlər çıxarılacaq, - məlumatda deyilir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Sozcu.az xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir. Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. 16:33 Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir. Sozcu,az xəbər verir ki, humanitar yük Bakıdan təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq. Humanitar yardıma su boruları, su nasosları, xilasedici gödəkçələr və s. daxildir.

Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva ilə ona məxsus “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Elmar Səidov arasında məhkəmə çəkişməsi davam edir. Sozcu.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarından şikayəti Elmar Səidov verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də bu iş üzrə maraqlı şəxs qismində çıxış edir. Bu da səbəbsiz deyil. Çünki “Fireland Vineyards” MMC-nin hazırda 20 220,31 manat vergi borcu var. Elmar Səidovla Qalina Mehdiyeva arasında məhkəmə çəkişməsi 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmar Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Elmar Səidovun apellyasiya şikayəti verməsi onun iddiasının təmin olunmadığını söykəməyə əsas verir. Onu da qeyd edək ki, həmin vaxt “Fireland Vineyards” MMC-nin 128 767,72 manat vergi borcu olub./Qaynarinfo.az

"Bütün Türkiyə vətəndaşlarının şəxsi məlumatları internetə sızdı"

“Bütün Türkiyə vətəndaşlarının şəxsi məlumatları internetə sızdı”. Sozcu.az xəbər verir ki, bu barədə t24 nəşri yazıb. Nəşrin məlumatına görə, milyonlarla Türkiyə vətəndaşının şəxsiyyət vəsiqələrindən tutmuş mülkiyyət sənədlərinə qədər bütün şəxsi məlumatlarının yer aldığı e-Dövlət platformasından məlumatlar sızdırılıb. Adı açıqlanmayan sayt ödənişli məlumat verir. Bu arada t24 dəqiqləşdirir ki, bu saytdakı “istifadəçilərin” ümumi sayı 5195 nəfərdir. “İstifadəçilər” dedikdə, görünür, nəşr başlıqda deyildiyi kimi “bütün vətəndaşlar” üçün deyil, yalnız 5 min nəfər üçün məlumatın olduğunu nəzərdə tutur.

Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın” - ŞOK AÇIQLAMA

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib. Məhkəmədə onun istintaq ifadəsi elan edilib. Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: “Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli “Niva” markalı avtomobilə minərək uzaqlaşdı". Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: “Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu” “Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb. Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin Süleymanovun Apellyasiya Məhkəməsinə əngəl yaradılır - Qardaşından AÇIQLAMA

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun ailəsi Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət edib. Bu barədə Pravda.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov onların Apellyasiya məhkəməsinə şikayət etmələrini əngəlləməyə çalışır: “Belə ki, Dadaş İmanov iyunun 6-da verilmiş hökmün surətini 3 gün müddətində vəkillərə və qardaşıma təqdim etməli olduğu halda, qanunun bu tələbinə də məhəl qoymur. Müxtəlif əsassız bəhanələr gətirərək 5 gün keçməsinə baxmayaraq hələ də vəkillərə və qardaşıma hökmün surətini təqdim etməkdən boyun qaçırır. Apellyasiya şikayətinin müddətinin az olduğunu bildiyi halda Dadaş İmanovun bu hökmü hələ də bizə təqdim etməməkdə maraqlı və məqsədli olduğunu düşünürük. İnam Kərimovdan və Fikrət Məmmədovdan xahiş edirik ki, Dadaş İmanovun bu qanunsuz hərəkətlərinin qarşısının alınması  və 05.06.2023 tarixli hökmün çox gec olmadan vəkillərə və İlkinə təqdim olunması üçün göstəriş versinlər”.

Rusiyada yaşayış binasına PUA hücumu - Yaralılar var

Rusiyanın Voronej vilayətində PUA hücumu qeydə alınıb. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, PUA çoxmərtəbəli yaşayış binasına çırpılıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Hücumun detalları hələlik məlum deyil.

Ali məktəblərə qəbul planı TƏSDİQLƏNDİ

Bu il ali təhsil müəssislərinə qəbul planı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, plan ali təhsil müəssisələrinə göndərilib.

Ermənilər Qarabağda silah daşıyır

Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsi davam etdirilir. Sozcu.az xəbər verir ki, təqdim edilən videogörüntüdə sülhməramlıların ZTR-82A zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin 4 ədəd yük "KamAZ"ı, 1 ədəd çən olan "KamAZ"ı və 1 ədəd "UAZ"ın hərəkəti aydın görünür. Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşındığı icra edilir.report

“SOCAR PETROLEUM”un baza direktoru 274 min manatlıq mənimsəmədə təqsirləndirilir

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

SN: Elektron siqaretlər təhlükəlidir və sağlamlığa ciddi zərər yetirir

"Qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır". Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev bildirib. "Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir", - o əlavə edib.

Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?

Uşaqlarda ekspressiv və reseptiv olmaqla, iki cür nitq formalaşır. Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 5 nömrəli Uşaq Poliklinikasının baş həkiminin müavini Sevinc Abbasova deyib. Həkimin sözlərinə görə, ekspressiv nitq uşağın ifadə dilidir: “Onlar məhz ekspressiv nitq vasitəsilə istəklərini dilə gətirirlər. Reseptiv nitq isə anlama dilidir. Yəni uşaqlar reseptiv nitq vasitəsilə deyilənləri anlayırlar. Uşaq bir yaşında məna ifadə edən bir söz deyə bilirsə, həmçinin ona deyilən və hərəkət ifadə edən (gəl, al, dayan, oyna və s.), eyni zamanda, əşyaların adlarını deyəndə başa düşürsə, bu norma hesab edilir. Təxminən, iki yaş civarında məna kəsb edən altı söz bilməlidir. İstədiklərini başa salmaq üçün sözlərdən və jestlərdən istifadə etməlidir. 36-42 aylığında (üç yaş civarında) dörd sözdən ibarət cümlələr qurmalı, baş verənləri və ya qısa hekayələri ifadə etməlidir”. Uşaq sadalanan formada sözlər demirsə və fikrini ifadə edə bilmirsə, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır: “Ola bilər ki, uşaq eşitmir və ona görə də, danışmır. Üç yaşına qədər danışa bilmirsə, həmçinin eşitməsində heç bir problem yoxdursa, o zaman uşaqlar nevropatoloq və psixiatrlar tərəfindən yoxlanılır. Spektr, autizm olub-olmaması dəqiqləşdirilir. Uşağın kimlərlə kontaktda olması kimi amillər onların nitqinin inkişafında rol oynayan əsas məqamlardır. Bəzən uşaqların danışığı zamanı səsləri düzgün tələffüz etməmələri hallarına da rast gəlinir. Üç-dörd yaşına qədər belə hal olarsa, bu normal qəbul edilir. Amma məktəb yaşına qədər bu hal düzəlməlidir. Əgər bu proses davam edərsə, uşaqla loqoped məşğul olmalıdır. Nitqin düzgün olmamasına səbəb olan amillərdən biri də ağız boşluğunda hər hansı qüsurların olmasıdır”. 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva bildirib ki, uşaqları yedirəndə və ya digər vaxtlarda onlara telefon, planşet və digər texnoloji avadanlıqların əvəzinə rəngli şəkillər, quşlar, heyvanlar, təbiət aləmini əks etdirən görüntülər olan kitablar vermək lazımdır: “Valideyn kitabı vərəqləyərək, orada göstərilən cisimləri tələffüz etməlidir. Həmin sözlər uşaqların beynində formalaşmalıdır. Bir yaşında uşaq bir neçə sadə və rahat tələffüz olunan sözlər deməlidir. Məsələn, ana, ata, nənə, baba və s. Artıq iki yaşına qədər uşaqlar 10-a yaxın rahat tələffüz edilən sözlər deməlidir. İki yaşında isə iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Məsələn: “çay istəyirəm”, “gəl, gedək” kimi və s. Üç yaşında uşaqlar nisbətən daha mürəkkəb cümlələr qurmağı, həmçinin saymağı və rəngləri seçməyi bacarmalıdırlar. 4-5 yaşında isə dörd-beş sözdən ibarət cümlələr qurmalıdırlar”. Həkim-pediatr vurğulayıb ki, uşaqların inkişaf mərhələləri düzgün olarsa, məktəbə gedən zaman həm dərsləri qavrama, həm də fikirlərini daha düzgün ifadə etmək qabiliyyəti də inkişaf edəcək. “Nitq qüsurlarının müalicəsi həm loqoped və psixoloqların iştirakı ilə aparıla bilər. İrəliləyən yaşlarda nitq geriləmələri və digər qüsurlar qaldıqda, dərman müalicəsi ilə də bunun qarşısını almaq mümkündür”./Oxu.az

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq: - hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi; -. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi; -. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi; -. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim; -. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs; -. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs; -. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil; -. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim; - hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi. Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur: - Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri); - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs; - Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs; - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs; - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil; - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs. Beləliklə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri), - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs Məhkəmə-Hüquq Şurasının tərkibində yer almayacaq. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri) və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilməsi barədə müddəa ləğv olunur. Ümumilikdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrindən olan üzvlərinin sayı azaldılır, hakim üzvlərinin sayı artırılır, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla) seçilməsi, Məhkəmə-Hüquq Şurasının sədrinin isə Şuranın yalnız hakim üzvləri sırasından seçilməsi təklif edilir. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim də Məhkəmə-Hüquq Şurasının üzvü olacaq. Qeyd edək ki, qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar. Qanuna edilən digər dəyişikliyə əsasən, hakimlərin konfransı institutu yaradılır. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar: -. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim; - hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; - hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; - hər rayon (şəhər) məhkəməsindən 1 hakim. Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir. Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Arxalarında elə bil ki, “Kamaz” gəlir - Rəqsanə

Müğənni Rəqsanə İsmayılova plastik əməliyyat etdirəcək. Sozcu.az Olay-a istinadla xəbər verir ki, ifaçı bu barədə “Gül kimi şou”da qonaq olarkən danışıb.   O deyib: “Hamı etdirdiyindən etməyəcəm. Arxalarında elə bil ki, “Kamaz” gəlir. Məndə bu, mümkün deyil. Artıq 44 yaşım var, istəyirəm ki, bədənimi korreksiya etdirim. 2 həkimlə görüşəcəm. Hansı ilə alınsa, etdirəcəm. Bunu da insanlardan gizlətməyəcəm. 20 ilə yaxındır əməliyyat etdirmirəm”. 

"Gmail" hesabınızın təhlükəsizliyi üçün diqqətli olun: Mavi işarəyə etibar etməyin

"Gmail" hesablarınızın təhlükəsizliyi pozula bilər. Bununla bağlı mavi işarə hesablara belə etibar etmək düzgün deyil. "Google", mayın 4-də "Twitter Blue"a bənzər yeni təhlükəsizlik xüsusiyyəti olan mavi işarəni təqdim edib. Bu mavi işarə orijinal şirkətlərin e-poçtlarının yanında görünməli idi, lakin son iddialara görə, fırıldaqçılar da bu xüsusiyyətdən zərərli şəkildə istifadə etməyə başlayıblar. Sozcu.az Trend-ə istinadən bildirir ki, "Google" tərəfindən edilən bu təhlükəsizlik təkmilləşdirməsi şirkətlərə orijinal e-poçt hesablarını ayırd etməyə imkan verməli olsa da, bu xüsusiyyətin istifadə oluna biləcək bir zəifliyə sahib olduğu ortaya çıxıb. Tədqiqatçı Chris Plummer göstərdi ki, hakerlər bu funksiyadan sui-istifadə edə bilərlər. Saxta e-poçtlara şirkətin rəsmi loqosu və "Gmail" işarəsi daxil ola bilər və bu e-poçtlar gələnlər qutunuza düşə bilər. Hakerlər e-poçtlar vasitəsilə ünvanınızı, doğum tarixinizi və oxşar şəxsi məlumatlarınızı oğurlamağa cəhd edə bilərlər. Yeni bir üsul olaraq, e-poçtları bir şirkət adından göndərirlər. "Google"un bu problemi nə vaxt həll edəcəyi bəlli deyil. Buna görə də "Gmail"də görünən mavi işarələrə etibar etməməyiniz vacibdir. Həmişə göndərilən ünvanın şübhəli olub olmadığına diqqət yetirin. Şəxsi məlumatlarınızı "Gmail" vasitəsilə heç kimə verməyin və şübhəli hesablar üçün müvafiq şirkətlərə zəng edərək müştəri xidmətləri ilə əlaqə saxlayın. "Gmail" hesablarınızın təhlükəsizliyi üçün diqqətli olun.

İşdə yorğun olursunuzsa, bunları edin

İş zamanı göz qapaqlarınız ağırlaşır? Yorğunluq hiss edirsiniz? Yatmaq istəyirsiniz? Bu enerjinizin azaldığının göstəricisidir. Sozcu.az axşam.az-a istinadən bildirir ki, yorğunluqdan cəmi 10 dəqiqədə qurtulmağın yollarını açıqlayacaq. 1. Səhər yeməyindən imtina etməyin Nə qədər iştahsız olsanız belə, səhər yeməyini atlamayın. Xüsusuilə də, proteyin qəbulu sizi uzun müddət tox tutacaq və yorğunluğunuzun qarşısını alacaq. Ağ çörək, meyvə suyu, ağ undan hazırlanmış şirniyyatları səhər qəbul etməyin. Bu insulin dirəncinizi pozaraq gün ərzində yorğun qalmağınıza səbəb olacaq. 2. Qanınızı "hərəkətləndirin" Xüsusuilə də, oturaq işdə çalışanlar yorğunluqdan şikayət edir. Yerinizdən qalxıb 5-10 dəqiqə gəzmək və ya nəfəs hərəkətləri sizi özünüzə gətirəcək. 3. Çərəzlərlə "dost" olun Çərəzləri, xüsusilə də maqnezium və fol turşusu ilə zəngin badam, fıstıq enerjinizi bərpa edəcək və tez acmağınızı əngəlləyəcək. 4. Suyu yanınızdan ayırmayın Əksər hallarda yorğunluğun tək səbəbi bədənin susuz qalmasıdır. Gün ərzində 2 litr su içməyə vərdiş edin. 5. Çantanızda darçın çubuğu və nanə yağı saxlayın Bu bitkilərin əhval ruhiyyəni artırdığı sübut edilib. Yorğun hiss etdiyiniz zaman darçın çubuğu qoxlasanız və ya nanə yağı ilə biləklərinizi ovsanız fərqi hiss edəcəksiniz.

"Həmişə müsəlman ölkəsində yaşamaq istəmişəm" - Benzema

"Real"dan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçən Kərim Benzema seçiminin səbəbini açıqlayıb. Sozcu.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu müsəlman ölkəsində yaşamaq istədiyi üçün bu qərarı verdiyini deyib: "Mən müsəlmanam və həmişə müsəlman ölkəsində yaşamaq istəmişəm. Bura da müsəlman ölkəsidir". Qeyd edək ki, "Qızıl top"un son qalibi Kərim Benzema "Əl-İttihad"la 3 illik müqavilə imzalayıb.