Tibbi işçiləri üçün sertifikasiya tələb oluna bilər - komitə sədri

Müasir dövrdə tibbi turizmin əhəmiyyəti son dərəcə artıb. Bu gün tibbi turizm sayəsində ölkələr böyük iqtisadi gəlirlər əldə edirlər. Təəssüf ki, biz ölkə olaraq mövcud potensialımızdan hələ də kifayət qədər istifadə edə bilmirik. Halbuki bunun üçün geniş imkanlarımız var.

Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 

“Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə fəaliyyət göstərərək tibbi turizmin inkişafı üçün konkret tədbirlər planı hazırlamalı və onu həyata keçirməlidirlər.

Qeyd etmək lazımdır ki, tibbi turizmdən əldə olunan gəlir digər turizm növləri ilə müqayisədə 6–10 dəfə daha yüksək ola bilir. Bu baxımdan ölkəmiz bu sahədən əhəmiyyətli maliyyə vəsaiti əldə edə bilər”.

Komitə sədri bildirib ki, klinikalarda çalışan təcrübəli mütəxəssislərin və əməkdar tibb işçilərinin bu sahədə fəal iştirakı son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan deputat onların beynəlxalq sertifikasiya keçməli olduğunu qeyd edib:

“Bu sertifikasiya bir neçə əsas meyara söykənməlidir: mütəxəssisin hansı ali təhsil müəssisəsini bitirməsi, hansı nüfuzlu tibb mərkəzlərində ixtisasartırma və ya təcrübə keçməsi, çalışdığı sahə üzrə beynəlxalq səviyyədə tanınan elmi nəşrlərdə məqalələrinin dərc olunması, peşəkar fəaliyyətinin beynəlxalq platformalarda və rəsmi tibbi resurslarda tanıdılması.

Bundan əlavə, klinikalarda aparılan müalicə və cərrahi əməliyyatların statistik göstəriciləri də açıq şəkildə təqdim olunmalı olduğunu bildirib. 

O qeyd edib ki, klinikalarda əməliyyatların uğur faizi, ağırlaşma göstəriciləri, pasiyent məmnunluğu reytinqləri göstərilməlidir. 

“Tibbi turizm məqsədilə ölkəyə gəlmək istəyən şəxslər məhz bu məlumatlara əsaslanaraq seçim edirlər. Ölkəyə gələn heç bir turist klinikadakı qiymətə yox, bu göstəricilərə baxır”.  

Ə.Əmiraslanov qeyd edib ki, tibbi turizmi inkişaf etdirmək istəyiriksə, ölkəmizdə müasir reabilitasiya mərkəzlərinin yaradılması və bu sahədə işin sistemli şəkildə təşkili vacibdir.

Share on Facebook