Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş

Yenə Qərbi söyməyə başlayıblar. Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş. Guya Qərbin məqsədi də dövlətçiliyimizə qarşı çıxmaq imiş. Qərb heç vaxt bizim milli dövlətçiliyimizə qarşı olmayıb. Məsələn, Topçubaşovu Versalda qəbul edən kim idi? Qərb! Elçibəy Finlandiyadakı beynəlxalq toplantıda hansı dildə çıxış edirdi? Azərbaycan dilində! Qarabağın işğalı ilə bağlı 4 qətnamə verən kim idi? Qərb! Yenə sayaq, yoxsa bəsdir? İkincisi, mən bir insan və vətəndaş kimi niyə Qərb dəyərlərinin tərəfdarıyam, onu da deyim. Çünki Qərb insana, onun varlığına, mövcudluğuna hörmət edir. Deyir, sənin seçmək, sərbəst toplaşmaq azadlığın var, sənin mülkiyyət toxunulmazlığın var, sənin hüquqların var. İndi mən bir insan kimi liberal iqtisadiyyat, hüquq və azadlıqdan tərəf olan Qərb dəyərlərinin yanında olmalıyam, yoxsa korrupsiyanın, işğalın, zülmün, köləliyin? Əlbəttə, Qərb dəyərlərinin. Sən insana, insanlığa bu qədər hörmətlə yanaşan hansı dəyərlər sistemi ortaya qoymusan ki, mən də onun yanında olmamışam?  Kəramət Böyükçöl 

Özümə də, biliyimə də güvənirəm - Yüksək bal toplayan şəhid anası

Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. İmtahanda iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva yüksək nəticə əldə edib. Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb. İmtahanla bağlı təəssüratlarını Modern.az-la bölüşən şəhid anası yüksək bal toplayacağına əminliyini ifadə edib. “İmtahan yaxşı keçdi. Heç bir problemim olmadı. Mən diaqnostikada da yaxşı bal yığmışdım. Sınaqda da iştirak etmişdim. Ona görə sertifikasiyada yüksək bal gözləyirdim. Aşağı bal toplamayacığımdan əmin idim”,- o deyib.   Südabə Qazıyeva imtahan üçün xüsusi hazırlıq keçmədiyini qeyd edib: "Sözün açığı, mən imtahana elə də hazırlaşmırdım. Çünki buna heç ehtiyac yoxdur. Sınaqlarda iştirak etmişəm. Biliyimə əminəm, özümə güvənirəm. Sadəcə "Youtube" kanallarında kurikulumla bağlı videolara baxırdım. İmtahan prosesi çox yaxşı keçdi. Həyəcanlanmadım”. Müsahibə mərhələsindən gözləntilərinə gəlincə, şəhid anası deyib: “Mənim məktəbdə işlərim çoxdur. Hazırda həmin işlərlə maraqlanıram. Müsahibə mərhələsində də uğur qazanacağımı düşünürəm". Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

"İcra başçısı və şirkət rəhbəri kameralar önündə həmin göldən bir stəkan su içsin"

"Gədəbəydə əhalinin etiraz etdiyi gölün zəhərli olmadığını iddia edən tərəflər, o cümlədən Gədəbəy İcra Hakimiyyəti başçısı və həmin müəssisənin rəhbəri birər stəkan həmin gölün suyunu kameralar önündə içsin, iddialarını isbat etsin, məsələyə son nöqtəni qoysunlar". Bunu media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli özünün feysbuk hesabında yazıb. "Vaxtı ilə İstanbul Bələdiyyəsi Xaliçi təmizlədikdən sonra Beyoğlu Bələdiyyə başçısının Xalicin təmizliyini sübut etməsi üçün soyunub, həmin suda çimmişdi",- deyə o, qeyd edib.

"Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz" - Vahid Əhmədov

"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir". Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib. Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır: “Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər". V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var: "Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır". Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”. Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib: "Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.

Hüseyn Axundova 20 il həbs verildi

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.  Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib”. Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

ABŞ-ın İrana şərtləri bəlli oldu

İranla Amerika arasında aparılan gizli danışıqlarda Vaşinqton Tehran qarşısında 3 şərt qoyub. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ-ın İran qarşısında irəli sürdüyü şərtlər bunlardır: - İran atom silahı əldə etmək məqsədilə nüvə proqramının inkişafını məhdudlaşdırsın; - Tehrana bağlı proksi qüvvələrin Suriyada yerləşən ABŞ ordusuna hücumları dayandırılsın; - İranda saxlanılan 3 amerikalı məhbus sərbəst buraxılsın. “Vaşinqton Post” adı açıqlanmayan Amerika, Avropa və Yaxın Şərq rəsmilərinə istinadən vurğulayır ki, bir neçə ay əvvəl başlayan hazırkı danışıqlar artıq nüvə razılaşması danışıqlarını bərpa etmək məqsədi daşımır.

ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb

“ABŞ İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Albaniya polisinin “Əşrəf 3” düşərgəsinə hücumunu şərh edərkən deyib. O bildirib ki, rəsmi Vaşinqton Albaniya hökumətinin ölkə ərazisində hər hansı qanunsuz fəaliyyəti araşdırmaq hüququnu tanıyır. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti Xalq Mücahidləri Təşkilatına heç bir maliyyə dəstəyi vermir və onların üzvlərini təlimatlandırmır, habelə bu qurumla xüsusi əlaqəsi yoxdur: “Mücahidlərlə yalnız köçürülərkən (İraqdakı düşərgədən köçürülməni nəzərdə tutur-red.) əlaqə olub. Bu da 2016-cı ildə başa çatıb”. ABŞ Dövlət Departamentinin nümayəndəsi Xalq Mücahidləri Təşkilatının üzvlərinin hüquqlarını pozan hərəkətlərlə bağlı ciddi narahat olduqlarını da vurğulayıb. Xalq Mücahidləri Təşkilatının liderliyi ilə qurulan Milli Müqavimət Şurası Albaniya polisinin düşərgəyə hücumunu pisləyən bəyanat yayıb. Bildirilib ki, iyunun 20-də 1000-ə yaxın alban polisi İran hakimiyyətinin tələbi ilə ”Əşrəf 3” düşərgəsinin sakinlərinə gözyaşardıcı qazla hücum edib. Hadisə nəticəsində təşkilatın Əli Manşerari adlı üzvü öldürülüb. Bəyanatda qeyd olunub ki, təşkilatın bir neçə üzvü də gözyaşardıcı qazdan zəhərlənərək xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır. Milli Müqavimət Şurası BMT, ABŞ və Avropa İttifaqını məsələyə müdaxilə etməyə çağırıb. Xatırladaq ki, Xalq Mücahidləri Təşkilatı İrandakı rejimə qarşı siyasi-hərbi yolla mübarizə aparır. ABŞ və koalsiya qüvvələri İraqda hərbi əməliyyat başlayandan sonra mücahidlər ölkədən çıxarılaraq Albaniya ərazisində yerləşdirilib. Bir müddət əvvəl isə Milli Müqavimət Şurası Parisdə illik iclas keçirmək istəyib. Amma Fransa polisi buna razılıq verməyib. Təşkilat bunu tənqid edib və İranda hakim dini faşizmin şantajının qurbanı və girovu olmaq kimi qiymətləndirilib. Qeyd edək ki, şura iyulun 1-də Parisdə “Azad İran!” şüarı altında yürüş keçirmək üçün Fransanın uyğun dövlət qurumuna müraciət etmişdi. İyunun 18-də Fransa hökuməti hücum riski səbəbindən Müqavimət Milli Şurasının mitinqini də qadağan edib.

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir. Sozcu.az xəbər verir ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır. Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Yermak İsraili qınadı: İran PUA-larına qarşı silah verin

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İsrailin ölkəsinə hərbi yardım göstərməkdən imtina etməsindən məyus olduğunu bildirib. Sozcu.az “Times of Israel”ə istinadla xəbər verir ki, o, İran pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün İsrail texnologiyasını əldə etməyə ümid etdiyini bildirib. Yermak bəyan edib ki, İsraildən başqa heç kim İran PUA-larının hücumları ilə mübarizə aparmaq üçün avadanlıq təmin edə bilməz.  O, İsrail baş naziri Benyamin Netanyahunun Ukraynanı açıq şəkildə dəstəkləməməsindən məyus olduğunu bildirib. 

Bakı Hava Limanında qarşıdurma: Yüzlərlə sakin Naxçıvana uça bilmir

Bakı Hava limanında dünən gecədən etibarən gərginlik yaranıb.  Bakı-Naxçıvan reysilə uçmağa çalışan vətəndaşların "AzPolitika.info"-ya verdikləri məlumata görə, gecə reyslərinin Naxçıvanda hava şəraitinin yaxşı olmaması səbəbindən təxirə salınmasına görə yüzlərlə sərnişin gecəni hava limanında keçirib.  Gecə saat 2-də uçmalı olan sərnişinlərə bildirilib ki, onların reysi bu gün 16,30-a qədər təxirə salınır. Lakin səhər saat 7-yə təyin olunmuş reysin yerinə yetirilməsi cəhdi gərginliyə yol açıb.  Aeroport rəhbərliyi narazı vətəndaşların qarşısına polisi çıxarıb. Gecədən reysi yubanan vətəndaşlar tələb ediblər ki, birinci onlar yola salınsınlar. Bundan sonra hətta iki reysin sərnişinləri arasında da gərginlik yaşanıb.  Mənbə bildirir ki, hazırda Naxçıvana heç bir reysi yerinə yetirmək olmur, yüzlərlə sərnişin, o cümlədən uşaq və yaşlılar aeroportda gözləyir.

Bu şəxslərin maaşı 35 faiz artırılır

Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub. İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum (60) bal toplayanlar da olub. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əmək haqqı almaq imkanı qazandıracaq: "60 baldan 51-ni toplayan müəllimlərin əmək haqqına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əmək haqqına 10 faiz əlavələr ödəniləcək".

Azərbaycan şəhərində əhali ilə polis toqquşdu

İyunun 20-də Ərdəbil şəhərində vətəndaşlarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə ərdəbilli sosial media fəalları məlumat yayıb. Bildirilir ki, satıcının məmurlar tərəfindən döyülməsinə dözməyən ərdəbillilərin müdaxilə etməsi qarşıdurma ilə nəticələnib. Vətəndaşlara hücum edən polislər onları döyüb. Bir neçə nəfərin isə saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.

Emin Əmrullayev təhsili şam yeməyi ilə müqayisə etdi

“Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil prosesi mexaniki prosesi deyil: “Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır. Kimsə 6 ay ərzində böyük sayda İT mütəxəssisi yetişdirmək istəyir”. E.Əmrullayev əlavə edib ki, məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur: “Bunu müəllimlər də deyir. Sadəcə bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.

Valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar - DİM sədri

"29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar". Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib. O bildirib ki, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər: "Bacarıqları ölçmək üçüm müəyyən alətlər də var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlarla xüsusi bir dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir".

Təbrizdə məhkum edam edildi

İyunun 20-də Təbrizin mərkəzi həbsxanasında Siyamək Lütfi adlı məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıblar. Məlumatda Lütfinin kütləvi dava zamanı adam öldürməkdə günahlandırıldığı bildirilib. Bununla yanaşı, Zəncan, İlam, Qorqan və Əhvaz şəhərlərində də qətl və narkotik maddələrin alverində ittiham olunan 5 məhkum edam edilib.

Yay ayları bu bürclər üçün uğurlu olacaq

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir. Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır. Sozcu.az bildirir ki, qoroskopa görə, bu yay Qoç, Xərçəng, Əkizlər, Tərəzi, Əqrəb və Balıqlar üçün uğurlu olacaq. Bu bürclərin sahibləri ayrılıqda müxtəlif sahələrdə uğurlar qazanacaqlar və özlərini xoşbəxt hiss edəcəklər. Qoçlar üçün bu yay yeni tətil planları gözlənilir. Əylənəcəklər və özlərini çox xoşbəxt hiss edəcəklər. İsti günlərdə Xərçənglər üçün məhəbbət qapıları açıq olacaq. Sevdiklərinə qovuşacaqlar. Ailə planları quran Xərçənglər üçün evlənmək fürsəti yaranacaq. Bir sözlər yayda Xərçənglər özlərini xoşbəxt hiss edəcəklər. Əkizlərin iş həyatında və karyerasında yüksəlişlər olacaq. Yeni təkliflər və yeni əməkdaşlıqlar üçün də şanslar olacaq. Bir sözlə, yeni həyat qurmaqları üçün imkanlar yaranacaq. Tərəzilər üçün də yeni iş imkanları yaranacaq. Həmçinin bu bürc altında doğulanların maddi durumları yaxşılaşacaq. Əllərinə gözləmədikləri yerdən pul gələcək. Əqrəblər üçün də yay möhtəşəm keçəcək. Həm işdə, həm sevgidə, həm də maddi baxımdan bəxtləri gətirəcək. Bu yay Əqrəb bürcü altında doğulanların əllərinə çoxlu pul gələcək. Paxıllıqlarını çəkən çox olsa da, dəstək olanlar da az olmayacaq. Balıq bürcü altında doğulanları yeni səyahətlər gözləyir. Qoçlar kimi Balıqlar da bu yayda çox əylənəcək və gözəl tətil keçirəcəklər. Lakin bu tətil günlərində Balıqlar səhhətlərinə bir qədər diqqət yetirsələr yaxşı olar. Ümumiyyətlə Balıqlar üçün bu yay sıxıntı olmayacaq. /Baku.ws

“Sezercik” anasına görə həbs olundu - Ağır cəza

Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer İnanoğlu həbs edilib. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, saxta sənət səbəbi ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.  Aktyorun anasının sözlərinə görə, oğlu ona görə saxlanılıb: "Malikanə satarkən bizə saxta sənət verildi. Buna görə oğlumu həbs etdilər. Mənim məhkumluq həyatım olmadığı üçün bəraət qazandım. Oğlum isə mənim sənət işimdəki səhvimə görə həbs olundu. Özümü çox pis hiss edirəm". Qeyd edək ki, İnanoğlu bundan əvvəl də bir neçə dəfə həbs olunub. O, silah qaçaqmalçılığı, narkotik maddə və təhdidə görə məhkumluq həyatı yaşayıb.

Təzyiqi aşağı olan insanlar necə qidalanmalıdır? - HƏKİM AÇIQLADI

Terapevt Aleksey Jito hipotenziyası olan insanlar üçün əsas qidalanma qaydalarını açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, terapevt bildirir ki, hipotenziya ilə performans azalır, yorğunluq baş verir. Onun sözlərinə görə, bir çox insanlar hipotenziyadan (qan təzyiqinin aşağı düşməsindən) şikayət edirlər, çünki onların sağlamlıq vəziyyəti pisləşir və öz öhdəliklərini normal şəkildə yerinə yetirə bilmir: "Bu vəziyyətdə pəhrizi nəzərdən keçirmək və bir neçə dəyərli məsləhətə əməl etmək vacibdir. Daha çox hərəkət etmək lazımdır, çünki fiziki fəaliyyət qan dövranı prosesini yaxşılaşdırır, həmçinin başgicəllənməni və hipotenziya ilə baş verən yorğunluq hissini azaldır. Üzgüçülük və ya velosiped sürməyə üstünlük vermək daha yaxşıdır. Tərkibi zülalla zəngin olan qidaları istehlak etməyə üstünlük verin. Bu kimi qidalar ürək-damar sistemini gücləndirir, həmçinin əzələlərin işini yaxşılaşdırır. Pəhrizə həmçinin kəsmik, yumurta, göbələk, pendir əlavə edilməlidir".

Tudoru Marselinyo əvəzlədi

"Marsel"in yeni baş məşqçisi müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. O, Fransa klubunun Marselinyo Qarsiya Toralla 2 illik müqavilə imzaladığını qeyd edib.  Marselinyo bu vəzifədə İqor Tüdoru əvəzləyib. Qeyd edək ki, ispaniyalı mütəxəssisin son iş yeri “Atletik” olub. 

Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Türkiyədə yük maşını ilə avtobus toqquşub, ölənlər və yaralananlar var

Türkiyədə yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə Dənizli-Afyonkarahisar avtomobil yolunda baş verib. Qəza nəticəsində yük maşınının sürücüsü və sərnişini həyatını itirib.

Bakıda 11 yaşlı oğlan bıçaqlandı

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs qadına görə 11 yaşlı oğlanı bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 483-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 222 000 hərbçi, 4006 ədəd tank, 7771 ədəd zirehli döyüş maşını, 3920 ədəd artilleriya sistemi, 615 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 375 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 306 ədəd helikopter, 6667 ədəd avtomobil texnikası, 3428 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 539 xüsusi avadanlıq itirib.

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq öldü

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, 20.06.2023-cü il tarixdə saat 17:15-də həmin xəstəxanada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.