Rusiya uduzur, artıq heç kim şübhə etmir - Zelenski

Rusiya uduzur. Ukraynanın özünü və müttəfiqlərini müdafiə etmək gücündə olduğuna heç kim şübhə etmir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “NATO-nun son illərdə əsas zəif tərəfi o idi ki, dünya alyansın şərq cinahını müdafiə edib-etməyəcəyinə şübhə ilə yanaşırdı. Amma Ukraynanın üzvlüyü bunu aradan qaldırır. Ukraynanın qələbəsindən sonra müttəfiqlər bizim döyüş briqadalarımızın ərazilərində yerləşdirilməsini istəyəcəklər, çünki Ukrayna güc ölkəsidir və bunu hamı görür”, - Zelenski bildirib.

Rusiyanın itkiləri 227 mini keçdi

Ukrayna müharibənin 490-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 227 100 hərbçi, 4036 ədəd tank, 7847 ədəd zirehli döyüş maşını, 4089 ədəd artilleriya sistemi, 627 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 387 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6774 ədəd avtomobil texnikası, 3499 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 563 xüsusi avadanlıq itirib.

Söyüdlüyə əlavə polis qüvvələri gətirilib

Söyüdlü kəndində gərginlik davam edir. Kənd əhalisi yaxınlıqdakı qızıl mədənindən  atılan tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərdiyini bildirir. İyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələri gətirilib. Yerli sakinlərin sözlərinə görə, polis istənilən yeni etiraz aksiyasının qarşısını zorla almaqla hədələyir.  Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev dünən yenidən kəndə gəlib. Ancaq sakinlərə konkret heç bir şey deməyib. Onu deyib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq. Bakıda fəallar Söyüdlü sakinlərinin hüquqlarını müdafiə etmək üçün "Söyüdlü" işçi qrupu yaradıblar. İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır. İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı amansız şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.Turan.az

Hərbçimizin qisası alındı - 4 separatçı məhv edildi

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür./APA

Əks-hücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçdi

Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Geolokasiya məlumatlarına əsaslanan institutun analitiklərinin verdiyi məlumata görə, hazırda Ukrayna ordusu Antonov körpüsü rayonunda mövqeləri tutub və bunu rusiyalı hərbi jurnalistlər də etiraf edir. “Bununla yanaşı, rus ordusu ukraynalılatın hücumunun qarşısını almağa çalışıb və “Solnçepek” ağır artilleriya sistemindən istifadə edib”, - məlumatda qeyd olunub.

Əsas əks-hücum hələ qarşıdadır - Reznikov

Ukrayna Silahlı Qüvvələrinin əsas əks-hücumu hələ qarşıdadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, Ukrayna hələ əsas ehtiyat qüvvələrini hərəkətə gətirməyib: “Qərbdə hazırlıq görmüş, NATO-nun müasir tank və zirehli texnikaları ilə silahlandırılmış briqadaların əksəriyyəti döyüşə girməyib və lazımi vaxtı gözləyir”. Reznikov bildirib ki, son həftələrdə bir sıra yaşayış məntəqələrinin azad edilməsi planlaşdırılanların yalnız bir hissəsidir: “Qoşunlara zərər verməmək üçün bəzi uğurlar hələ bildirilmir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib.  Təbrikdə deyilir:  “Əziz həmvətənlər!  Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər birinizə ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  Qurban Bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycan xalqı üçün də ən müqəddəs, ən əziz bayramdır.  İslamın digər müqəddəs bayramları kimi Qurban Bayramı  da insanları sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir.  Mən inanıram ki, belə bir müqəddəs gündə xoş niyyətlə etdiyimiz bütün dualar Allahın dərgahında qəbul olunacaq.  Belə bir əziz gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş dualarımız ölkəmizin və millətimizin problemlərinin həlli, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçündür.  Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram.  Bu bayram günündə xalqımızın xoşbəxtliyi,  ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıı üçün dualar səslənir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anılır. Əziz həmvətənlər!  Sizi bir daha müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  Tanrı Sizi qorusun!”

Blinken nazirləri bir araya gətirdi - 3 günlük danışıqlar nə ilə bitəcək?

ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb. Sozcu.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində, Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində baş tutub. E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Xatırladaq ki, ABŞ-da ikitərəfli danışıqlar 3 gün davam edəcək.

Zelenski tanınmış müsavatçının oğlunun şəklini paylaşdı - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında müharibənin getdiyi ərazidən fotolar paylaşıb. Sozcu.az xəbər verir ki, Zelenskinin paylaşdığı fotolardakı şəxslərdən biri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğlu Elşad Aslanlıdır. Elşad Aslanlı Ukrayna ordusunda kapitanı kimi müharibənin ən qaynar və təhlükəli nöqtəsində - Baxmutda döyüşür.

Ukrayna briqadası rusların müdafiə xəttini yardı

Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadası Baxmut yaxınlığında rusların aylarla hazırladıqları müdafiə xəttini yararaq, rus batalyonu darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə sözügedən briqadanın Feysbuk hesabında məlumat yayılıb. “Bu mühüm uğurdur, çünki əsgərlərimiz düşmənin aylarla hazırladığı müdafiəni yarıb”, - məlumatda qeyd olunub.

Ukrayna bu əraziləri geri qaytardı - Britaniya

Ukrayna ordusu bu yaxınlarda ölkənin şərqində 2014-cü ildən işğal altında olan ərazini geri qaytarıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, ukraynalı paraşütçülər Donetsk yaxınlığındakı Krasnoqorovkanın şərqinə kiçik irəliləyiş ediblər. Bu kənd isə köhnə demarkasiya xəttində yerləşir.

Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb. Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Ukrayna DSX: “Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir, könüllü təslim olur"

“Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir və onların bir hissəsi artıq könüllü təslim olub”. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib. Qeyd edilib ki, Ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusunun piyada qoşunlarını məhv etməkdə davam edir: “İndi əsas vəzifəmiz məhz Rusiya Silahlı Qüvvələrinin piyada qoşunlarını məhv etməkdir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən PUA-lardan, minaatanlardan, qumbaraatanlardan istifadə edilir”. Qeyd edək ki, Rusiya KİV-i daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başladığını elan edib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusiyanın itkiləri 226 mini ötdü

Ukrayna müharibənin 489-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 226 170 hərbçi, 4036 ədəd tank, 7834 ədəd zirehli döyüş maşını, 4083 ədəd artilleriya sistemi, 626 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 386 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6772 ədəd avtomobil texnikası, 3492 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 563 xüsusi avadanlıq itirib.

Zelenski döyüşlərin getdiyi ən qaynar bölgəyə gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski ən intensiv döyüşlərin getdiyi istiqamətlərdən birinə - Berdyanska gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb. Müdafiə xəttinə baxış keçirən prezident cəbhə xəttində döyüşən hərbçiləri də təltif edib.

Ukrayna ordusu Melitopolda irəliləyir

Ukrayna ordusu Melitopol istiqamətində 1,5 kilometr irəliləyə bilib.  Sozcu.az xəbər verir ki, bunu Tavriya istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin sözçüsü Valeri Şerşnya deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri ərazinin minalardan təmizlənməsi və havadan kəşfiyyatını aparır. "Ruslar bu yaxınlarda azad edilmiş Novodarivka bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Ötən gün cənubda 146 işğalçı məhv edilib, 229-u yaralanıb, 4-ü əsir götürülüb", - məlumatda deyilir.

Ukrayna MN: "İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır"

"Ötən həftənin yekunlarına əsasən, itkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır". Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb. Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib. O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Türkiyə MN: "Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik"

"Azərbaycan türkü qardaşlarımzın hüzur və təhlükəsizliyi üçün fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik". Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında yazıb. Türkiyə Müdafiə Nazirliyi 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib: "Azərbaycan Silahlı Qüvvələrinin 105-ci ili mübarək olsun".

“Vaqner” qiyamı və Qarabağ şərtləri...- “Yaranmış situasiyadan yararlanmalıyıq...”

“Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir...” “Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır...”   Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kompaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna ən böyük zərbə vurdu. Qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Rusiyada baş verən qiyam 1991-ci il avqust putçunu xatırladır. Putç uğursuz oldu, amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerasının sonunun qarşısı alınmaz oldu. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək...  “ Vaqner” qiyamının Qarabağ ətrafında baş verənlərə təsiri ola bilərmi? Təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır və bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu, doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir. Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var və erməni silahlı qüvvələri bölgəni tərk edəcəyi halda Qarabağda sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. RF-yə olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək...  Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir. Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb. Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır.  Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə (bu daha çox ehtimal olunur) yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır... Rusiya həm xaricdən, həm də daxildən gərginlik yaşayır. Türkiyənin də bu vəziyyətdə Qarabağla əlaqədar artıq Rusiya ilə təmaslara keçməsi çox yerinə, zamanına uyğun ola bilər. Putin çətin günündə Türkiyə prezidentindən daha dəqiq dəstək aldı. Bu situasiyanı dəyərləndirmək və ondan yararlanmaq maraqlarımıza xidmət etmiş olar...  Qarşıda Vaşinqton və Brüssel görüşləri dayanır. May ayında keçirilən birinci Vaşinqton görüşündə bəzi “prinsipial məsələlərdə razılığın olmaması” bu dəfəki görüşdə həllini tapa bilər, ən azı müəyyən bir hissəsində. Əlbəttə, bu bizim nəyəsə güzəşt edəcəyimiz demək deyil, əksinə, yersiz şərtlər qaldıran Ermənistana aiddir. Azərbaycan bu görüşlərdə yalnız iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prinsiplərini müzakirə edəcək. Qarabağ bizim daxili işimizdir və yuxarıda qeyd etdiyimiz şərtlər birbaşa Qarabağa aiddir və bir daha vurğulayırıq ki, Rusiyada yaranmış daxili böhranı nəzərə alıb şərtlərimizi irəli sürməliyik...(moderaor) İlham İsmayıl

Naxçıvanda ağır qəza: 6 nəfər öldü

01:59 Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib. Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb. Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir. *** Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır. Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir. Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 488-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 225 580 hərbçi, 4031 ədəd tank, 7820 ədəd zirehli döyüş maşını, 4055 ədəd artilleriya sistemi, 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 385 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6751 ədəd avtomobil texnikası, 3482 ədəd PUA, 1259 qanadlı raket, 18 gəmi/qayıq, 557 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu 130 kvadrat kilometr ərazini azad etdi

Ukrayna ordusu ölkənin cənubunda 130 kvadrat kilometr ərazini işğaldan azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. Nazir müavini ordunun ölkənin şərqində də irəliləməyə davam etdiyini bildirib.

Bayramov ABŞ-a yola düşdü - XİN

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.