Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. 

Təbrikdə deyilir: 

“Əziz həmvətənlər! 

Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər birinizə ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. 

Qurban Bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycan xalqı üçün də ən müqəddəs, ən əziz bayramdır.

 İslamın digər müqəddəs bayramları kimi Qurban Bayramı  da insanları sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir. 

Mən inanıram ki, belə bir müqəddəs gündə xoş niyyətlə etdiyimiz bütün dualar Allahın dərgahında qəbul olunacaq. 

Belə bir əziz gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş dualarımız ölkəmizin və millətimizin problemlərinin həlli, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçündür. 

Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram. 

Bu bayram günündə xalqımızın xoşbəxtliyi,  ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıı üçün dualar səslənir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anılır.

Əziz həmvətənlər! 

Sizi bir daha müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. 

Tanrı Sizi qorusun!”

Share on Facebook