“Rusiyada baş verən qiyam göstərdi ki, o nə qədər biabırçı bir gündədir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O bu fikrdədir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətin özəl hərbi şirkətin qarşısında acizlik nümayiş etdirib:
“Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar. Bir qismi Sankt-Peterburqa, digər bir qismi isə başqa şəhərlərə. Bu, zərrə qədər də oyun deyildi. Çünki belə oyun olmur, əksinə, bu, Rusiyanın zəifliyi idi ki, Yevgeni Priqojin qısa bir müddətdə Rostovu və Voroneji nəzarətə götürdü. Hamı da çaşqın bir vəziyyətdə idi. Priqojinin Sergey Şoyqunun müavini Yunusbek Yevkurov və digər bir generalla qurduğu təmaslar onu göstərdi ki, bu adamın fikri qətidir”.
Ekspertin fikrincə, Priqojin öldürüləcək:
“Hər şey bundan sonra başlayacaq və Rusiyada vəziyyət daha da xaotik hala gələcək. Aleksandr Lukaşenkodan da Putin xahiş etmişdi, çünki Priqojinlə təmaslara girməyi qüruruna sığışdırmırdı.
Lukaşenko Priqojinə bəzi zəmanətlər verdi. Priqojin və onun silahdaşlarına qarşı cinayət işinin ləğv olunduğunu isə Peskov bildirdi. Bu, sadəcə nonsensdir. Yəni bu ölkədə kefləri necə istəyirlərsə, elə də edirlər”.
Müsahibimizin sözlərinə görə, baş verənlər onu deməyə əsas verir ki, ölkə artıq rüşvət və korrupsiyanın içərisində çabalayır:
“Putinin özü də çirkaba batıb. Onun generalları, Şoyqu və Gerasimov da eynilə. Mən sosial şəbəkə hesabımda yazdım ki, 25 minlik hansısa bir silahlı dəstədən qaçan bir dövlət bu gün Qarabağda bizə yol göstərməyə çalışır və orada hoqqalardan çıxır.
Düşünürəm ki, bu, Putinin oyunu deyil. Çünki Putin özü-özünü rüsvay etməzdi. O, faktiki olaraq yerlə bir oldu. Rusiya prezidenti vətənə xəyanət ittihamları səsləndirib, “vagner”çilərin məhvi ilə bağlı göstərişlər verirdi. Bu, oyun ola bilərdi, amma gərək bunu fərqli formada oynamalı idilər. Fakt faktlığında qalır ki, Rusiya dövləti bir daha bütün dünyanın gözü qarşısında rüsvayçı bir duruma düşdü.
Putin, əlbəttə, bunu Priqojinə bağışlamayacaq. Hadisələrin yaxın vaxtlarda hansı məcrada inkişaf edəcəyini görəcəyik. Bəlkə, Lukaşenko öz dostunu, eyni zamanda həm də özünü xilas etmək üçün bu yola baş vurdu. Çünki Putin devriləcəyi təqdirdə, Lukaşenkonun əlləri qandallanacaq.
25 minlik dəstənin qarşısında kimsə çıxa bilmədi. Rusiya tarixinin ən rəzil gününü yaşadı. Məncə, Putin bunu asanlıqla həzm etməyəcək. Şoyqu isə müvəqqəti vəzifəsində qalacaq. Gerasimov da yaxın vəzifəsindən uzaqlaşdırılacaq. Öz həyatına görə narahat olan Putin daha böyük problemlərlə qarşılaşmamaq üçün bu addımları atacaq”.