“Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun...”
Son təxminən 10 gündə Azərbaycan-Ermənistan sərhədində iki məntəqənin adı çox aktualdır; iyunun 15-də snayper atəşinə məruz qalan və Rusiya(!) “sülhməramlı”larının da olduğu Laçın keçid məntəqəsi və ondan bir neçə gün öncə guya Azərbaycan ordusu tərəfindən atəşə tutulan Ermənistanın Naxçıvanla sərhədində yerləşən Arazdəyən kəndi ərazisindəki ABŞ(!) şirkətinin tikdiyi zavod... Görəsən, bu iki insident arasında hansı əlaqə var?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“Zənnimcə, Azərbaycan-Ermənistan sərhədində istər Naxçıvan, istərsə də Şərqi Zəngəzur istiqamətində baş verənlərin hamısı Zəngəzur dəhlizi ətrafındakı proseslərlə bağlıdır. Və yalnız bununla bağlı deyil. Burinci məqsəd dəhliz ətrafında gərginliyi saxlamaqdır. Və bunu birmənalı şəkildə Rusiya edir. İkinci məqsəd isə sülh prosesini əngəlləməkdir. Bu da Rusiyanın planıdır. Digər məsələlər isə xırda detallardır. Biz gördük ki, son vaxtlar Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın ünvanına müəyyən atmacalar atdı. Azərbaycan tərəfi də Rusiyanın ərazimizdəki “sülhməramlı” deyilən kontingentini bir sıra məsələlərdə ittiham edir. O cümlədən Qarabağdakı separatçılara dəstək verməkdə... Bütün bu hadisələr hamısı birbaşa əlaqəlidir. Zəngəzur dəhlizinin açılmalı olduğu hər iki tərəfdə, həm Şərqi Zəngəzur, Zəngilan, Laçın, həm də Naxçıvan istiqamətində daim gərginlik baş verir. Bunlar, dediyim kimi, həmin o dəhliz məsələsini mübahisə predmeti kimi ortalıqda saxlamağa xidmət edir. Digər tərəfdən isə sülh prosesinə əngəl törədir. Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun. Bir sözlə, qeyd etdiyiniz hər iki istiqamətdəki gərginlik birbaşa əlaqəlidir və bu Rusiya tərəfindən yaradılır”.