Vilnüsdə Ukraynanı sürpriz gözləyir

Son günlər getdikcə daha çox ölkə Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini bildirir və deyirlər ki, Vilnüsdə keçiriləcək sammitdə dövlətlər Ukrayna qarşısında Kiyevi məyus etməyəcək öhdəliklər barədə razılığa gələcəklər. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib. “Qərb ölkələrindən və NATO-dan Ukraynanın sammitdən sonra razı qalacağına işarə edən bəyanatlar var. Güman edə bilərəm ki, söhbət strateji tərəfdaşlığın mümkünlüyündən - Ukrayna ilə NATO-nun əsas ölkələri arasında hərbi-texniki əməkdaşlığa dair birbaşa razılaşmalardan gedir”, - ekspert bildirib. Sneqirevin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, ona daim hərbi-texniki yardım almağa imkan verən strateji tərəfdaş statusu ola bilər.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,83 dollara, yüngül neftin bir barreli isə 72,11 dollara satılır.

Maşınlar toqquşdu, yolla hərəkət edən piyada öldü

Ağcabədi rayonunda avtomobillər toqquşub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Şamil İlqar oğlu Qasımov VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Yavər Adıgözəl oğlu Allahverdiyevə məxsus VAZ-21074 markalı və Muradov Vüqar Maşallah oğluna məxsus VAZ-21063 markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mahir Kərəm oğlu Mamedovu vuraraq öldürüb. Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Ukrayna müharibəsi: Ruslara daha 510 tabut lazım olacaq

Ukrayna müharibənin 499-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 232 810 hərbçi, 4070 ədəd tank, 7944 ədəd zirehli döyüş maşını, 4330 ədəd artilleriya sistemi, 658 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 408 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6898 ədəd avtomobil texnikası, 3652 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 612 xüsusi avadanlıq itirib.

İlham Əliyevlə Beqay arasında təkbətək görüş başladı

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ruslar “Laçın” postunda bayrağımızın asıldığı dirəyi aşırdı

Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Sərhədimizi pozan erməni diversantlara hökm oxundu

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Daha sonra məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..."

"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..."  Ermənilərin son günlər xüsusi aqressivliyini hiss etməmək mümkün deyil. Aqressivlik ABŞ səfirinə, Ağ evə, qismən Paşinyan hakimiyyətinə ünvanlansa da, qəzəbin mərkəzində Azərbaycan dayanır. Demək olar ki, erməni mətbuatının 90 faizi sülh müqaviləsini bağlayıb “artsaxı” Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edən sənədə imza ata biləcək səlahiyyətli şəxsi, konkret olaraq Paşinyan hakimiyyətini artıq tənqid yox, hədələmək xəttini seçib. Bir erməni siyasətçisi tapa bilməzsən ki, sülhdən danışsın. Bütün ermənilər Azərbaycanla sülh imzalanmasının əleyhinədir. Bunu rəsmiləşdirmək üçün “Ayakve” adlı bir təşkilat yaradaraq imza toplayır, Ermənistanın heç bir səlahiyyətli şəxsinin “artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıya bilməz” qanununu qəbul etməyi planlaşdırırlar. “Qolos Armenii” saytında bu təşkilatın yaydığı müraciətin başlığı qeyd etdiyimiz aqressivliyin nümunəsi ola bilər:  "Artsaxın cinayətkar dövlətin tərkibinə daxil edilməsi fikrini hətta ağlından keçirməyə cəsarət edən hər kəsin ağzı dayanmadan yumulmalıdır”. Gördüyünüz kimi, hədəf konkret olaraq Azərbaycan və mümkün ermənilərdir.  Özümüzü inandırmayaq ki, ermənilərin başqa yolu qalmayıb, mütləq masaya oturub sülh müqaviləsini imzalayacaq və bundan sonra Qarabağ problemində yekun nöqtə qoyulacaq. Separatçı rejimin liderləri bu işdə daha aqressivlik göstərirlər. Ona görə ki, Rusiya hələ də erməni silahlı qüvvələrini tam təmin edir və Azərbaycan ərazisində qalmasına hər cür şərait yaradır. Baş separatçı Arutyunyan Rusiya prezidentinə məktub göndərir və Paşinyandan xahiş edir ki, Putinlə danışıb onun fikirlərini çatdırsın. Fikir də budur ki, Putin ermənilərə kömək etməsə, “vulkan kimi partayacaqlar”. Şantaj ermənilərin xislətidir. Yeri gəlmişkən, telefon danışığı da baş tutur və Qarabağdan, Laçın yolundan danışırlar. Putinin bəşəriyyəti atom bombası ilə hədələdiyi bir vaxtda, yəni “iki daşın arasında” Laçın yolunu müzakirə etməyə həvəsli olduğu az inandırıcı olsa da, telefon danışığı faktdır...    İki il səkkiz aydır ki, məğlub olan ermənilər hər gün aqressivləşirlər. Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılmasını tələbinə bu gün Paşinyan bir daha özünə xas manevrlə cavab verərək: “Ermənistanın Qarabağda silahlı qüvvələri yoxdur”- açıqlamasını verib. Sual yaranır, yoxdursa, niyə Ermənistan Respublikasının 2023-cü ilin büdcəsində bu qüvvələrin maliyyələşdirilməsi üçün vəsait ayrılıb? Separatçı rejim isə bu qüvvələri onların təhlükəsizliyinin qarantı kimi təqdim edir. O zaman Rusiya hərbi kontingenti hansı funksiyanı həyata keçirir?..   Ermənilər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün  Azərbaycanla sülh müqaviləsini imzalanmasını bəhanə kimi görürlər. Bütün eks-məmurlar, diplomatlar Paşinyanı hədələyən bəyanatlar verirlər. Paşinyan da bu qüvvələri sakitləşdirmək məqsədilə Vaşinqton görüşünə kinayə ilə yanaşır, hansısa bir irəliləyişin“hiss olunmadığını” deyir. Son günlərdə baş verənlər və müharibədən sonra Ermənistan və Rusiya tərəfindən aparılan siyasət bir daha göstərir ki, sülh müqaviləsi bu il də imzalanmaya bilər. Baxmayaraq ki, ötən il olduğu kimi, bu il də ilin sonunda imazalanacağına “böyük ümidlər var” deyənlər də az deyil. Reallıq isə əksini deyir...  Qarabağdakı yerli əhalinin də yaranmış çətin vəziyyətə etirazı faktiki olaraq yoxdur. Onlara lazım olan zəruri malların Ağdamdan alınması üçün verilən təklifə müsbət yanaşması da yoxdur. Ya Araik Arutunyan, ya da sadə Qarabağ ermənisi Aşot bir-birinin ayağını basası deyil. Azərbaycana qarşı illlərlə yaranmış düşmənçilik onların gözünü çoxdan örtüb, üstəlik, yanlarında dayanan Rusiyanı hər gün gördükləri üçün hələ də “müstəqil artsax” xəyalı ilə ümidlənirlər. 44 günlük müharibədən dərs almayan ermənidən sülh müqaviləsi imzalanmasını gözləmək olmaz. Son günlərin erməni aqressivliyi onların öz başında çatlamalıdır... Belə vəziyyətdə Azərbaycanın atacağı addımlar taleyüklü və həlledici olmalıdır. Qarşıdakı Brüssel görüşündən sonra da konkret nəticənin olacağı şübhəlidir. Məhz bu görüşdən sonra İrəvanda hakimiyyət uğrunda mübarizənin daha dağıdıcı olacağı və qarşıdurmanın güclənəcəyi proqnozlaşdırılır. Bu, onların daxili işidir, Qarabağ isə bizim daxili işimiz. Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər. Hansı yolla? Sərt xəbərdarlıq və vaxt verməklə. Ermənilər sakit diplomatiyadan 30 il anlamadılar, bundan sonra da anlayası deyillər...(moderator) İlham İsmayıl

“Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır?” - Qalmaqal

“Təhsil naziri Emin Əmrullayevin 500-dən çox müəllimin 2 min manat maaş alması ilə bağlı söylədiyi fikirlər doğrudur. Lakin hazırda ölkənin 4.432 orta ümumtəhsil məktəbində 150 min müəllim var. 150 min müəllimdən 500 nəfərin 2 min manat, 1,500 nəfərdən çoxunun isə 1,500-2,000 manat əməkhaqqı alması çox aşağı bir göstəricidir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.  O, 2 min manat maaş alan müəllimlərin hansı kriteriyalar daxilində bu pulu qazandıqlarından söz açıb.  K.Əsədov xatırladıb ki, Azərbaycan dövləti tərəfindən müəllimlərin əməkhaqqı mütəmadi artırılır:  “Bu gün 18 saat dərs deyən müəllimin əməkhaqqı əvvəl 495 manat edirdisə, hazırda 600 manata yaxındır. Bunlar o müəllimlərdir ki, onların 36 saat dərsi var, 18 ildən artıq dərs deyirlər və onlar sertifikasiyadan keçmiş ibtidai sinif müəllimləridir. Amma bu gün ölkə müəllimlərinin 140 minə qədərinin əməkhaqqı kifayət qədər aşağıdır”.  Mütəxəssis söyləyib ki, Azərbaycan müəlliminin aldığı əməkhaqqı onu idarə edənlərdən azdır:  “Məsələn, biz bunu Elm və Təhsil Nazirliyinin işçilərinin əməkhaqqıları ilə müqayisə etsək, fərqi görərik. Yaxud bu gün 2,500 manat əməkhaqqı alan məktəb direktorları var. Çünki şagird sayı 2,500-dən çox olanda onlara əlavə əməkhaqqı verilir. Bu gün müəllimlərin əməkhaqqı gördükləri işin müqabilində kifayət qədər azdır. Biz 500 müəllimdən danışırıq, bəs digərlərinin məvacibi nə qədərdir?”  Müsahibimiz iddia edib ki, hazırda 600-dən çox müəllimin əməkhaqqı 100 manatdan aşağıdır:  “Yəni nazirin söylədiklərinin tam əksini də iddia etmək olar. Bu gün 100 manat və ondan daha aşağı maaş alan müəllimlər var. Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır? Azərbaycan müəllimi hazırda ən yaxşı imtiyazlara və təminatlara malik olmalıdır. Çünki Azərbaycanın təhsil sistemi müəllimlərin çiyinləri üstündədir, nəinki təhsili idarə edənlər. Heç bir ölkənin təhsil səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Təhsili idarə edənlər peşəkar ola, xaricdə nüfuzlu ali məktəblər qurtara bilərlər, amma təhsilin göstərici onlardan yox, müəllimdən asılıdır”.  Ekspert onu da vurğulayıb ki, müəllimlərin əməkhaqları onların stajlarına və dərs saatlarına uyğundur:  “Lakin gələcəkdə onların sertifikasiyadan topladığı ballar həm onlara dərs saatlarının verilməsinə, həmçinin də əməkhaqlarının artımına təsir göstərəcək. Məsələn, bu gün 2 min manat əməkhaqqı alan müəllim sertifikasiyadan keçib, 51 baldan çox bal toplayıbsa, nəticədə də əməkhaqqına 35% əlavə olunub. Yaxud həmin şəxsin 18-36 saat dərsi var, 18 ildən çox stajı var və o, 51 baldan çox bal toplayıb ki, onun da əməkhaqqı ona görə çoxdur. Ola bilsin ki, həmin müəllim 5 ildən sonra nəticələri zəif olsa, həmin əməkhaqqını belə ala bilməyəcək”. 

Azərbaycandakı Rusiya trolları hansı mərkəzdən idarə olunur?

“Vaqner”in qurucusu Yevgeni Priqojinin “trol fabriki” hesab olunan “Patriot” media holdinqini ləğv edilib. “Patriot”un tərkibinə daxil olan “Nevski xəbərləri” nəşrinin redaktorları fəaliyyətlərini dayandırdıqlarını elan edərək, oxucularla vidalaşıblar. Eyni addımı “Patriot”a daxil olan “Economics Today” nəşrinin rəhbərləri də atıblar. “Trol fabriki”nə daxil olan RİA FAN-nın baş redaktoru Kristina Masenkova rəhbərlik etdiyi media qurumunun fəaliyyətini dayandırdığını deyib. “Politics Today” nəşri isə “köklü şəkildə yeniləndiyini”, bundan sonra fəaliyyətlərini davam etdirəcəyini bildirib. The Bell internet resursu “Patriot”un sahibinin dəyişə biləcəyi haqqında məlumat yayıb.  Priqojin bu ilin əvvəlində bir qrup jurnalistin suallarını cavablandırarkən “trol fabriki” yaratdığını və idarə etdiyini etiraf etmişdi. Bundan əlavə, Priqojin “Kibercəbhə Z”-dən olan bloqçuların işləməsi üçün binalar verdiyini, hətta onlara maliyyə yardımı təklif etdiyini bildirmişdi. Der Spiegel jurnalistləri “Kibercəbhə Z”-ni Priqojinin “yeni trol ordusu” adlandırıblar.  Priqojinin “trol fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmişdi. Vaşinqtonda əmindirlər ki, Priqojinin “trol fabriki” saxta sosial şəbəkə hesabları yaradaraq dezinformasiya yayıblar və ictimai rəyi manipulyasiya etməyə çalışıblar.  Priqojinin “trol fabriki” fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan seqmentindəki Rusiya trolları fəaliyyətini daha da gücləndiriblər. Belə görünür ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki trollar Priqojinin “trol fabriki”ndən deyil, başqa mərkəzdən idarə olunurlar. Azərbaycan ictimai rəyini manipulyasiya etməyə çalışan, dezinformasiya yayan trolların qısa adı “Rossotrudniçestvo” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir. Avropa İttifaqı hələ ötən ilin yayında “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq edib. Azərbaycanın da bu sanksiyaya qoşulmalıdır.  Təhlükəsizlik məsələləri üzrə dünyca nüfuzlu ekspertlər “Rossotrudniçestvo”-nu Rusiya xüsusi xidmət orqanlarının qeyri-rəsmi şöbələri hesab edirlər. Bütün bunlara görə, “Rossotrudniçestvo”-nun Azərbaycandakı ofisi bağlanmalı, fəaliyyəti qadağan edilməlidir. Xəqani Cəfərli, siyası şərhçi 

Priqojin Belarusda deyil - Lukaşenko onun yerini AÇIQLADI

"Yevgeni Priqojin Belarus ərazisində yoxdur". Sozcu.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib. Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.

“Bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki müəllimlərə”

“Müəllim peşəsini seçən adam “mən gedib ölkənin harasında olsa, azərbaycanlı uşaqlara dərs keçəcəyəm” düşüncəsində olmalıdır. Evimin yanında işləyəcəyəm deyə düşünməməlidir”. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin  Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib. Nazir qeyd edib ki, sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar: “Çalışırıq ki sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar. Savadsız müəllim bütün cəmiyyətin problemidir. Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.

Deputat AZAL-ı tənqid etdi: "Səbəbi birbaşa korrupsiya ilə bağlıdır"

"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.  Deputat bildirib ki, Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır: "Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə 20 manat qazanırsan. Fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsulluq içində yaşayan əhali sıxıntı çəkməsin".

Elm və təhsil naziri: “Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir”

“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə deyib. Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”. Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”. E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.

Təbrizdə içməli su çatışmazlığı yaşanır

İyunun 20-dən başlayaraq Təbrizin bir neçə məhəlləsində içməli suyun verilişi dayandırılıb və bu günə kimi problemin həlli ilə bağlı heç bir tədbir görülməyib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat yayan yerli media və sosial media fəalları əlaqədar qurumların qəzəbinə tuş gəliblər. Şərqi Azərbaycan əyalətinin Su və Kabalizasiya Şirkətinin başçısı Məhəmməd Xaninin problemlə bağlı verdiyi açıqlama təbrizlilərin etirazları ilə qarşılaşıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, şəhərin yüksək yerlərdə yerləşən məhəllələri və çox mərtəbəli binalara içməli su verilməsi ilə bağlı başçılıq etdiyi qurumun heç bir öhdəliyi yoxdur. "Yüksək yerlərdə yerləşən, habelə 9 mərtəbəli və daha çox mərtəbəsi olan binalara su verməyə borclu deyilik. Bu günə kimi etdiklərimizə görə isə bizə minnətdar olmalıdırlar",- Xani qeyd edib. O, bununla yanaşı Təbrizin əsas içməli su təminatçısı olan Nəhənd su bəndində suyun tükənmək üzrə olduğunu və 25 gündən sonra ciddi su qıtlığı yaşanacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Salyan xəstəxanasında bir gündə iki ölüm hadisəsi

Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilən hamilə qadın ölü uşaq dünyaya gətirib. Sozcu.az xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub. Bundan başqa, Salyan RMX-yə böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib. Hər iki faktla bağlı araşdırma aparılır.Qafqazinfo

Qızını öldürən ataya 9 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.pravda

Naxçıvan aeroportunda biabırçılıq: "Pilot "uçamayacam" dedi..." — Türk jurnalist video paylaşdı

Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.  O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.  Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”. "Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:  "Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.  Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C.Məmmədov keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib.  İfaçının "Mən bilirəm sizə kim deyib onu efirə çıxardın" sözləri aparıcını özündən çıxardıb. C.Məmmədov bildirib ki, L.Azərtaş Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb: "Bura aylarla gələn var efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın". Aparıcı isə ona "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızını və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişdə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım" cavabını verib. C.Məmmədov "Otaqda olanları yayımlayın" deməsinə Lalə "Bilirsiniz yayımlasam nələr olacaq? Siz ona cinayətkar deyə bilməzsiniz, məhkəmə qərarı yoxdur" reaksiyasını verib. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. 

Boğaz ağrıyanda dondurma yemək olar? - CAVAB

Dondurma yay günlərində sizi istidən xilas edən əla desertdir. Uşaqlar və böyüklər onu sevirlər. Bəziləri hətta xəstələndikləri dövrdə belə sevimli qidadan imtina edə bilmirlər. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hətta belə bir fikir var ki, dondurma boğaz ağrısına faydalıdır. Həqiqətən belədirmi? Bu sualın cavabını otorinolarinqoloq Vladimir Zaytsev verib. Həkim qeyd edib ki, isti yay dövründə bir insan xəstələnirsə, soyuq desertdən imtina edilməlidir. Temperatur fərqi yalnız vəziyyəti daha da pisləşdirəcək, hipotermiyaya, daha çox iltihaba səbəb olacaq. O, həmçinin əlavə edib ki, xəstəlik zamanı digər süd məhsullarından imtina etmək daha yaxşıdır. Siz şəkər, maya məhsulları və turşu qidalarını da rasiondan çıxarmalısınız. Bütün bunlar bakteriyaların böyüməsinə səbəb olur. Nəticədə sağalma prosesi gecikəcək. Ağır və yağlı qidalar da istisna edilməlidir.

"Neftçi"nin baş məşqçisi vəzifəsi ilə bağlı yeni iddia

"Neftçi" hazırda baş məşqçi axtarışlarını davam etdirir. Sozcu.az xəbər verir ki, hazırda "Matç TV" turniri üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan "ağ-qaralar" Konfrans Liqasına hazırlığını da orada davam etdirir. Lakin baş məşqçi olmadan. Bu arada Rumıniya mətbuatı yeni iddia ilə çıxış edib. Bu ölkənin gsp.ro saytının yazdığına görə, Laurensio Regekampfla yolları ayıran paytaxt təmsilçisi başqa bir rumın mütəxəssisə təklif göndərmək fikrindədir. Söhbət 44 yaşlı Adrian Mutudan gedir. Sayt iddia edib ki, "Neftçi" Rumıniya millisinin sabiq üzvünə illik 1 milyon avro ödəməyə hazırdır. Bununla belə, qeyd edilir ki, hazırda "Neftçi" üçün əsas namizəd Sərgən Yalçındır. Əgər Mutu Azərbaycana gələrsə, bu halda onun hazırkı klubu "Rapid 1923"ə müəyyən təzminat ödənilməlidir. Qeyd edək ki, bu məlumatla əlaqədar "Neftçi"dən fikir almaq mümkün olmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi ilə bağlı klubdan indiyədək heç bir açıqlama verilməyib. Ehtimal etmək olar ki, yekun qərar həmişə olduğu kimi bu dəfə də "Neftçi"nin sponsoru SOCAR tərəfdən veriləcək. Odur ki, bu məsələ klub rəhbərliyi faktiki olaraq ofsaydda qalıb.

Nəqliyyat əlaqələrini bərpa etməyə hazırıq - Paşinyan

"İrəvan çoxdan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Biz bununla bağlı müvafiq sənədi dövriyyəyə buraxmışıq. O sənəd xüsusilə Ermənistan tərəfdən 3 keçid məntəqəsinin açılmasını nəzərdə tutur", - Paşinyan söyləyib.

Bu müəllimlər 1270 manat maaş alacaq

"35 faiz artım əldə edən müəllimlər 1270, 10 faiz artım əldə edənlər 1030, sertifikasiyada iştirak etməyənlər isə 750 manat əməkhaqqı alacaq".  Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib. O bildirib ki, hazırda Azərbaycanda hər 3 müəllimdən biri 1000 manat maaş alır. Digər 2 nəfər isə 2000 manat maaş alır.

Bu il 56 min insan müəllim olmaq istəyir - Nazir

“Bu il 56 min insan müəllim olmaq istəyir”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Nazir bildirib ki, müəllimlik peşəsi ən rəqabətli sahədir: “Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bir görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib”. “Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatını yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək”, - o, əlavə edib.