Ermənistan Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir! - Hikmət Hacıyev

“Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.Lakin haqq, ədalət öz yerini tapdı!Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı paylaşımında qeyd edib.

H.Hacıyev bildirib ki, bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir.

“Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”.

Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Share on Facebook