Azərbaycanda psixi xəstəliklər artacaq, boşanmalar uçuruma aparır – Sosioloq

Azərbaycanda yeni ailə quranlar və boşanma statistikasında ciddi fərq ildən – ilə artır. Sosial şəbəkələr və informasiya vasitələri hər gün bir ailə dramı, faciəsi xəbərini yayımlayır. Baş verənləri təhlil etdikdə artıq ciddi tədbirlərin görülməsinə ehtiyac var.

“Cəmiyyətdə münaqişələr, aqressivlik, qarşıdurmalar, psixoloji gərginlik, stres, depressiya halları kəskin artıb. Artıq bu, kənar şəxslərdən doğmalar arasına keçib. Bunun iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji, digəri isə sosial-iqtisadi. Milli dəyərlərin itirilməsi, yad dəyərlərin təbliği artıb. Psixi xəstəliklərin artımı çox yüksəkdir, süni və zərərli qidalar insanlarda güclü aqressiya yaradır”

Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ailə münaqişələri haqda danışarkən deyib.

Sosioloqun sözlərinə görə, işsizlik, kasıbçılıq kimi məsələlər də insanlarda ciddi stres, qıcıq yaradır:

“Bütövlükdə götürəndə insan psixologiyasına, fiziologiyasına qarşı ağır bir terror gedir. Belə bir gərgin, stresli həyat tərzi sürmək neqativ hallara səbəb olur. Bu sahədə cəmiyyət tamamilə müdafiəsiz buraxılıb. İnsanların ailə qurarkən fiziki, maddi dəyərlər üzərindən baxması, mənəvi dəyərlərə konkret olaraq tüpürməsi ailə münaqişlərinə çıxarır”.

E.Bayramlı deyib ki, bunun qarşısı alınmazsa, nəticələr heç də ürəkaçan olmayacaq:

“Cəmiyyətdə stress, aqressivlik artacaq. Biz uçuruma doğru gedirik və qarşısını almaq üçün tədbir də görmürük. Bütün müsbət xüsusiyyətlər lağa qoyulur, mənfi xüsusiyyətlər isə normal sayılır. Əgər biz sağlam gələcək yaratmaq istəyiriksə, dövlət və cəmiyyət olaraq bu məsələlərin üstünə düşməliyik”.

Share on Facebook