Şair-jurnalist kimi etdiyim müraciətlər ölkə Prezidentinə niyə çatdırılmır axı?

Göndərdiyim məktublar, teleqramlar, cənab Prezidentdən nə üçün gizlədilir? Hörmətli oxucular, şair-jurnalist kimi bu yazımda çox ciddi bir məsələ haqqında öz fikirlərimi bölüşmək istəyirəm.  Qeyd edim ki, 25 ildir mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Onu da deyim ki, mənzilim olmadığı üçün ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə evlərə köçmüşük. Çox-çox böyük təəssüf hissilə deyirəm ki, hələ də mənzilim yoxdur. Mətbuat səhifələrində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı olaraq ədəbiyyat adamlarına, şairlərə, jurnalistlərə, idmançılara, sənət adamlarına-xanəndələrə, müğənnilərə, aktyorlara, eləcə də ayrı-ayrı sahələrdə çalışan bir çox vətəndaşlara mənzil hədiyyə etdiklərilə bağlı xəbərlər oxuyuruq. Sözsüz ki, bu, çox xoşagələn haldır. Mənzil hədiyyə edilən vətəndaşlar da bu diqqətə və sayğıya görə ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini bildirirlər. Əlbəttə, mənzillə təmin olunan şəxslər təbii ki, ölkə başçısına minnətdarlıq etməlidir.  Uzun illərdir jurnalist kimi dövlətimə, Vətənimə yüksək səviyyədə xidmət edirəm. Mənzilim olmadığı üçün başqalarının kirayə evlərində çətinliklə və əzab-əziyyət içində yaşayıram. Belə olan halda dövlət tərəfindən mənzillə məni nə üçün təmin etmirlər axı?  Amma şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, dövlət tərəfindən mənzillə təmin olunan bir çox şəxslərin mənzili var. Ölkə mətbuatından da məlum olduğu kimi mənzil hədiyyə edilən həmin şəxslər hətta bir yox, bir neçə mənzil sahibidir.  Sual olunur ki, bir və bir neçə mənzil sahibi olan vətəndaşların sənədləri, təqqimatı ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iş masasının üzərinə necə, hansı şəraitdə və kimlər tərəfindən qoyulur.  Jurnalist olaraq mənə çox maraqlıdır ki, bir və bir neçə yerdə mənzili olan şəxslərə yenidən mənzil verilməsi üçün o şəxslərin  təqdimatını ölkə prezidentinə, eləcə də Birinci vitse-prezidentə bir neçə gün ərzində kimlər təqdim edir? Etiraf edirəm, bu sual məni elə çox düşündürür ki... Çünki şəxsən mən şair-jurnalist kimi 10 ildir ki, dövlətin bir çox qurumlarına və Prezident Administrasiyasına, eləcə də Heydər Əliyev Fonduna rəsmi şəkildə müraciət edirəm, poçt vasitəsilə məktub və hətta teleqram da göndərirəm.  Təəssüf ki, bu 10 il ərzində müraciətlərimin heç biri Prezident Aparatının bu məsələlərlə bağlı  aidyyatı sektor və şöbələri tərəfindən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmır. Axı buna səbəb nədir? Yəni müraciətim nədən öz müsbət həllini tapa bilmir? Mənzil problemimlə əlaqədar olaraq mənimlə bağlı təqdimat nəyə görə Prezident cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya göndərilmir?  Düşünürəm ki, görəsən bu məsələlərdə görünməyən hansı tərəflər və hansı səbəblər var? Nə üçün 10 il ərzində rəsmi şəkildə mənim göndərdiyim yazılı müraciətlər Prezidentə çatdırılmır, amma mənzili olan şəxslərin sənədləri, təqdimatı isə bir neçə günə ölkə Prezidentinə çatdırılır. Bu məsələlərdə nə sirr var axı? Bəs mən bu sirri indiyə kimi nəyə görə bilmirəm? Mayın 25-i ulu Şirvan yurdunda-Ağsuda bu dünyaya göz açdığım gündür. Düşünürəm ki, ömrümün bu əlamətdar günündə Prezident cənab İlham Əliyev ziyalılara, ədəbiyyat adamlarına mənzil bağışladığı kimi mənə də mənzil bağışlayar. Ad günüm ərəfəsində dövlət başçısı məni də mənzillə təmin etsə, bu, sözün əsl mənasında şair-jurnalist kimi mənim üçün dövlətim tərəfindən çox qiymətli və çox dəyərli hədiyyə olar! Təki belə olsun! P. S. Məlum olduğu kimi iyulun 22-də Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək. Ümidliyəm ki, müraciətlərim ölkə Prezidentinə çatdırılsa, jurnalist kimi 25 illik fəaliyyətim nəzərə alınar və cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məmurlar nə üçün məsuliyyətsizlik edir? Səhlənkarlıq onlarda hardan qaynaqlanır?

Birbaşa mətləbə keçəcəyəm. Son illər sosial şəbəkələrdə, Yutubda, eləcə də bəzi internet resurslarında paytaxt Bakıdakı bir çox problemlərin əks olunduğu videolarla qarşılaşıram.  Təəssüflər olsun ki, həmin videolarda çox utancverici və biabırçı mənzərələri görürük. Yeri gəlmşkən qeyd edim ki, paytaxt Bakıda ötən ilin oktyabrında yağan yağışda Sabunçu tunelində 2 nəfər gənc insan həyatını faciəli surətdə itirmişdi. Həmin problemli tunellə bağlı çoxlu sayda videolar çəkilib və jurnalistlər tərəfindən  tənqidi yazılar da yazılıb. O videolara baxanda məlum olur ki, həmin tuneldəki problemlər öz həlli yollarını tapmaqda çətinlik çəkir. Eləcə də də paytaxtın bir çox yerlərində yağış suyunu kanalizasiyaya yönəltmək üçün drenaj xətləri yoxdur. Bu baxımdan da yağış yağanda Bakının yolları keçilməz günə düşür. Təbii ki, nəticədə isə Bakı əhalisi çox böyük əzab-əziyyət çəkir.  Sual yaranır ki, yüksək vəzifəli şəxslər, məmurlar Bakıda yaranmış problemlərdən əhalinin dözülməz, məşəqqətli vəziyyətə düşdüyünü, çətinliklə üz-üzə qaldığını görmür yəni? Digər bir ciddi məsələyə də toxunmaq istəyirəm. Bakıda, həmçinin Bakıətrafı qəsəbə və kəndlərin bəzilərində məişət tullantılarının yığılması üçün zibil qutuları yoxdur. Eləcə də bir çox küçələr yaxşı süpürülmür, təmizlənmir və bunun da nəticəsində antisanitar vəziyyət yaranır. Görən paytaxt Bakıda yaranmış problemləri aidiyyatı qurumlar vaxtında niyə həll edə bilmirlər? Səbəb nədir ki?  Şair-jurnalist kimi mənə çox maraqlıdır ki, ümumiyyətlə bu ölkənin məsuliyyətsiz, səhlənkar məmurları nə işlə məşğul olur görəsən, bilən varmı? Çünki Azərbaycan adlı məmləkətdə bir çox sahələrdə o qədər problem var ki, bilmirsən hansı birindən söz açasan? Bu yerdə Bak Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına sual ünvanlayıram. Cənab Eldar Əzizov, paytaxt Bakıdakı problemləri yəni görmürsünüzmü? Əgər paytaxtımızdakı problemləri cavabdeh şəxs olaraq görmürsünüzsə, niyə və hansı səbəblər baxımından görə bilmirsiniz? Paytaxt Bakının bir çox problemləri nə üçün vaxtında həll olunmur? Onu da vurğulayım ki, hətta Bakının bəzi problemləri aylarla, çox vaxt isə illərlə öz həllini tapa bilmir.  Bütün bunlara səbəb nədir? Bu səbəblər hardan qaynaqlanır axı? Necə düşünürsünüz, sizcə bu, məmur məsuliyyətsizliyindən irəli gəlirmi? Yoxsa bəzi məmurlar öz işinə bilərəkdən səhlənkar yanaşır? Hörmətli Eldar Əzizov, jurnalist kimi xahiş edirəm ki, sizə ünvanladığım bu sualları cavablandırasınız? XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Növbəti iki gün güclü külək əsəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Gədəbəy, Göygöl, Qazax, Tovuz, Samux, Ağstafa, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Saatlı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, İsmayıllı, Ağsu, Şamaxı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında eyni zamanda Daşkəsən, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Bərdə, Yevlax, Neftçala, Hacıqabul, Ağcabədi, Mingəçevir, Qusar, Qobustan, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şəhid ailələrinin mənzillə təminatı müddəti uzadıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 65 (Cild I); 2024, № 2, maddə 171) 1-ci və 3-cü hissələrində “2025-ci” sözləri “2030-cu” sözləri ilə əvəz edilsin.

Faktiki hava: bu rayonlara yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az-a xidmətdən verilən məlumata görə, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır. Zaqatalada qərb küləyinin sürəti arabir saniyədə 17 metrədək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

"Putin mənimlə birbaşa danışıqlardan qorxur..." - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya diktatoru və Ukraynaya qarşı müharibənin təşəbbüskarı Vladimir Putinin onunla birbaşa danışıqlardan qorxduğunu vurğulayıb.  Sozcu.az xəbər verir ki, "UNİAN"-ın müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna lideri brifinqdə bildirib. Ukrayna prezidenti xatırladıb ki, martın 11-də Ukrayna ABŞ-ın Səudiyyə Ərəbistanında keçirilən görüşdə tam qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib, çünki Ukrayna müharibəni dayandırmağa çalışır. Eyni zamanda, Prezidentin qeyd etdiyi kimi, bu təklif danışıqlar platformasında 63 gündür ki, qüvvədə qalır. "Mən bunu prezident Trampa dəfələrlə vurğulamışam. Hesab edirəm ki, Putin müharibənin bitməsini istəmir, atəşkəs istəmir, heç bir danışıqlar istəmir. Hələ onun mənimlə birbaşa danışıqlardan qorxmasından danışmıram", - Zelenski vurğulayıb. Zelenski İstanbulda Putinlə görüşməyə hazırdır... "UNİAN"-ın məlumatına görə, Zelenski Rusiya diktatoru Vladimir Putinlə həm Ankarada, həm də İstanbulda görüşməyə hazırdır. Və Ukrayna belə yüksək səviyyəli görüşün baş tutması üçün hər şeyi edir. "Əgər Putin həqiqətən də təkcə mediada deyil, real həyatda da görüşməyə hazırdırsa. Və sonra liderlər səviyyəsində atəşkəs barədə razılığa gəlmək üçün hər şeyi edəcəyik. Çünki atəşkəslə bağlı mən onunla razılaşmalıyam. Çünki buna yalnız o qərar verib", - Zelenski bildirib.

Saleh Səmədov SSRİ bayrağına görə VƏZİFƏDƏN ÇIXARILDI

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib. Sozcu.az xəbər verir ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.  İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.  Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır

Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonu üzrə "3 nömrəli Yol İstismarı" İdarəsinin rəisi Rafiq Kərimovu vəzifəsindən azad edib. Onun yerinə həmin vəzifəyə oğlu - Elməddin Rafiq oğlu Kərimov təyin olunub. Sozcu.az bildirir ki, Qaynarinfo Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan idarə və təşkilatların vergi borclarını araşdırıb. Müqayisə nəticəsində məlum olub ki, əvvəlki illərlə nisbətdə bu borclar əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi Yol İstismarı idarələrinin vergi borcu milyonlarla manata çatıb. Vergi borcu olan idarələrin siyahısı və borc məbləğləri aşağıdakı kimidir: * "Bakı 1 №-li Yol İstismarı" MMC (Direktor: Zaur Həmzəyev Oktay oğlu) – 562,018.50 AZN * "41 №-li Yol İstismarı" MMC (Direktor: Fayiq Əliyev Rasim oğlu) – 922,295.02 AZN * "37 №-li Yol İstismarı" MMC (Direktor: Fizuli Quliyev Tofiq oğlu) – 1,005,201.28 AZN * "43 №-li Yol İstismarı" MMC (Direktor: İlham Əzimov Əli oğlu) – 9,077,526.56 AZN * "31 №-li Yol İstismarı" MMC (Direktor: Aqil Vəliyev Mehman oğlu) – 156,926.92 AZN * "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC (Direktor: Kazım Hüseynov Mirəziz oğlu) – 4,278,107.36 AZN * "23 №-li Yol İstismarı" MMC (Direktor: Mübariz Əkbərov Hilal oğlu) – 78,076.33 AZN * "3 №-li Magistral Yolların İstismarı" MMC (Direktor: Anar Süleymanov Nəriman oğlu) – 6,998,376.97 AZN Qeyd edilən məbləğlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə olan vergi borclarıdır.

Yaşar İbrahimov vəzifəsindən azad edildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub. Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Elmar Qasımov məhkəmə salonunda HƏBS EDİLDİ

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Sozcu.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elmar Qasımova 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub. E.Qasımov iş üzrə özünü təqsirli bilmədiyini bildirib. Dövlət Sığorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, mülki iddianın 288 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır. İstintaq müddətində Elmar Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Fəhlənin sinəsinə armatur batdı

Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nin Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub. Fakt araşdırılır.

Şəhid qızının son sözü: “Atam gəldi” - QANDONDURAN HEKAYƏT

Xəbər verdiyimiz kimi, mayın 11-də şəhid Zaur Cəfərovun qızı Səlbi Cəfərli dünyasını dəyişib. Böyrək çatışmazlığından əziyyət çəkən 13 yaşlı Səlbi dünən Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, 2 il əvvəl həkimlər Səlbiyə böyrək çatışmazlığı diaqnozu qoyub. Bundan sonra o, dialez xəstəsi kimi qeydiyyatda olub və mütəmadi müalicə alıb. Səlbi Cəfərli ötən müddət ərzində paytaxtın müxtəlif klinikalarında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qohumları saytımıza açıqlamasında Səlbinin səhhətinin qəfildən pisləşdiyini deyiblər. Onların sözlərinə görə, Səlbi ölumundən bir gün əvvəl, mayın 10-da anasından onu atası ilə görusə aparmağı xahiş edib. Anası İradə Cəfərova övladının arzusunu yerinə yetirərək, onu İkinci Fəxri Xiyabanda uyuyan atası, şəhid polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət etməyə aparıb. Həmin gün Səlbi üzünü atasının məzar daşına söykəyərək ətrafdakıların eşidə bilməyəcəyi tonda anlaşılmaz sözlər deyib. Yaxınlari bildirib ki, mayın 11-də Səlbinin səhhəti qəfildən pisləşib. O, xəstə yatagında bir neçə dəfə atasını istədiyini söyləyib. Sonra isə əlini göyə açaraq, "Ata, əlimdən tut" deyib. Bu hal bir neçə dəfə takrarlanıb. Qohumları deyir ki, Səlbinin son sözü onun başının üstündə dayanan qohumlarını heyrətə salıb: "Səlbi bir neçə dəfə atasını səsləyəndən sonra otağa dərin sükut çökdü. Bir müddət sonra gözlərini açıb bu sözləri dedi: "Atam gəldi". Bu, Səlbinin son sözləri oldu". Qeyd edək ki, Səlbinin atası Zaur Cəfərov Vətən Müharibəsi şəhididir. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. O, 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.   Zaur Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. yenisabah)

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

11:42 Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilib ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb. Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Polad Həşimovun anası böyrəyini şəhid qızına vermək istəyib - VİDEO

13 yaşlı Səlbi Cəfərli... Ölüm xəbəri ilə bütün ölkəni məyus etdi. Atası Zaur Cəfərov vətən uğrunda döyüşlərə qatılmış, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhid olan döyüş yoldaşının adını həkk etdiribmişdi. Körpə balasının böyrək çatışmazlığından əziyyət çəkməsi belə polkovnik-leytenant Zaur Cəfərovu Vətənin harayına qaçmaqdan saxlaya bilməmişdi. Bizlərə əmanət etdiyi balaca Səlbimiz dünən atasına qovuşdu. Bir müddət öncə şəhidlərin xatirəsinə həsr olunan tədbirdəki çıxışı hər kəsi kövrəltmişdi. Atasından danışarkən bütün şəhid anaları başına toplanmışdı. Şəhid generalımız Polad Həşimovun anası isə onu qucaqlayıb bildirmişdi ki, övladını vətən yolunda şəhid verib, bütün şəhid balaları onun da balasıdır. Buna görə də öz böyrəyini balaca Səlbiyə vermək istəyir.

Tramp: Bu tarixdə Szinpinlə danışacağam

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Szinpinlə telefon danışığı aparacaq. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özü məlumat verib. "Mən Si ilə, yəqin ki, həftə sonu danışacağam", - Tramp qeyd edib.

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib. Sozcu.az xəbər verir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb. “Aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başladı. Kəndə hücum edən ermənilər evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb. Zərərçəkmiş əlavə edib ki, Ermənistan ordusunun silahlılarının kahaya hücumu nəticəsində anası qolundan güllə yarası alıb: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər. Orada Livan erməniləri də var idi. Qaçmağı bacardığımdan məni öldürə bilmədilər. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atıb dondurmuşdular. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 15-də davam etdiriləcək.

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib. "Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda qeyd olunub.

Gəncədəki hadisə ilə bağlı Prokurorluqdan açıqlama

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır. Baş Prokurorluğunun Mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

30 günlük atəşkəs təklifini dəstəkləyirik - Çin

Ukrayna, AB və ABŞ 30 günlük atəşkəs təklif edib. Çin bu təşəbbüsü dəstəkləyir. Sozcu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan deyib. “Ukrayna böhranı ilə bağlı Çinin mövqeyi ardıcıl və aydındır. İnanırıq ki, bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir”, - Szyan bildirib.

Sulu qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda yeniyetmə qız faciəli şəkildə öldü

Bakıda yeniyetmə qız faciəli şəkildə ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 2008-ci il təvəllüdlü Nərmin Məmmədova yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb. N.Məmmədova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Mayın 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub. Belə ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Yollarda yeni təhlükə: “Velosiped üçün qoyulan kauçuk baryerlər yığışdırılsın!”

“Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Sadəcə bu elə həyata keçirilməlidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun”. Bu sözləri "Yeni Sabah"a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. O qeyd edib ki, yollarda tıxac yaradan amillərin başında tikinti özbaşınalığı dayanır: “Bakıda tıxacların yaranmasının səbəbləri həddən artıq çoxdur. Əsas səbəblərdən biri tikinti özbaşınalığıdır. Şəhərsalma və tikinti sahəsində bir sıra nöqsanlar var. Avtomobil yollarının, piyada səkilərinin üzərində obyektlər tikilir. Amma bu obyektlərin parklanma yerləri də təşkil olunmur. Sadəcə yollar daralır. Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Bu elə həyata keçirilməıidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun. Hazırda şəhər mobilliyini və inklüzivliyi nəzərə alaraq, çalışırıq ki, digər hərəkət iştirakçıları üçün də şərait yaradaq. Doğrudur, hələlik velosipedçilərin sayı azdır. Velospied infrastrukturu yalnız yolun çəkilməsi ilə yekunlaşmır. Onu saxlamaq üçün də xüsusi yerlər olmalıdır. İş yerləri qarşısında belə velosiped dayanacaqları təşkil olunmalıdır. Bu proseslər hələlik başlamayıb. Bunun nə dərəcədə effektiv olub-olmadığını gələcək göstərəcək. Ona görə də, biz bir qədər səbrli olmalıyıq”.  Ekspertin fikrincə, velosiped yollarında qoyulan kauçuk bariyerlər yığışdırılmalıdır: “Çox istəyərdim ki, velosiped yollarında qoyulan kauçuk baryerlər yığışdırılsın. Bu həm piyadalar, həm velosipedçilər, həm də avtomobil sürücüləri üçün çox təhlükəli bir maneədir. Onun üzərində ya işıq qaytaran xüsusi rənglər, stikerlər olmalı, yaxud ümumiyyətlə yığışdırılmalıdır.  Kauçuk maneəələr heç bir halda velosipedçinin təhlükəsizliyinə təminat verə bilməz. Hansısa avtomobil bilmədən velosiped yoluna çıxacaqsa, istənilən halda qəza qaçılmaz olacaq. Xüsusən, günün qaranlıq saatlarında”.