İran səfirinin növbəti “erməniliyi” - Fars rejiminin təmsilçisindən həddini aşan açıqlamalar

Adını “İslam dövləti” qoyan İranın qonşu, müsəlman Azərbaycana qarşı açıq düşmən və ermənipərəst siyasəti hər addım başı özünü göstərməkdə davam edir. İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mətbuatına açıqlamasında növbəti dəfə ölkəsinin “ermənidən betər ermənilik etməyə” hazır olduğunu bəyan edib. Erməni jurnalistləri səfirdən “Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizini açmağa cəhd edəcəyi təqdirdə” İranın nə edəcəyini, Ermənistana necə yardım göstərəcəyini soruşub. Sobhani cavabında bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir, onun ərazi bütövlüyünü dəstəkləyir və “bunun təmin olunması üçün addımlar atır”. “İran bu halda hansı konkret addımlar atacaq” sualına isə Sobhani özündən razı şəkildə belə cavab verib: “Güc yolu ilə heç nə dəyişməyəcək. Mən deyəndə ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək, hər şey aydın olur”. İran səfiri bununla da həddini aşaraq onun təmsil etdiyi “İslam dövləti”nin Ermənistan tərəfində Azərbaycana qarşı müharibəyə qoşulmağa hazır olduğuna işarə vurub. Səfirinin bu açıqlaması növbəti dəfə Azərbaycanda dini məzhəbçiliyin, narkomaniyanın yayılmasından tutmuş açıq terrora qədər hər cür çirkin əməllərə əl atan İranın fars rejiminin müsəlman məscidlərini təhqir edən, on minlərlə müsəlmanı qətl edən Ermənistanla birgə Azərbaycana qarşı döyüşəcək qədər rəzil və iblis mahiyyətə malik olduğunu təsdiqləyib.AzPolitika.info

Naxçıvanda fəhlə faciəvi şəkildə öldü

Naxçıvanda fəhlə tikinti zamanı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Baydendən Trampa: Yaraşıqlı və gözəl oğlan...

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı həbsxana fotosuna münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Trampı "yaraşıqlı oğlan" adlandırıb. "Yaraşıqlı oğlan, gözəl oğlan", - Bayden deyib . Prezident televiziyada Trampın şəklini gördüyünü deyib. Xatırladaq ki, avqustun 25-də Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı rəsmi həbs prosedurundan keçib və sonrakı məhkəmə prosesləri üçün həbsxanada foto çəkdirib. Ağ Evin keçmiş rəhbəri 200 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

“Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb” - Podolyak

“Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb”. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda danışıqlara çağırış və yaxud silah tədarükünün dayanıdırılması ilə bağlı məsələ gündəmə gətirilə bilər. “Rusiya müdafiə xətti dağılmağa başlayır. Ukrayna ordusu müəyyən uğurlarla cənuba doğru irəliləyir. Atəş nəzarəti altında olan "Krım quru dəhlizi"nə nəzarəti ələ keçirməyə bir addım da yaxınlaşır. Rusiyanın bütün dəstək xətləri, o cümlədən dəmir yolu xətləri təhlükə altındadır", - deyə M.Podolyak bəyan edib.

"Rusiyanın Qarabağda varlığı münaqişəyə son qoyulmasına ən böyük maneə olaraq qalır…”

“Xankəndi rejiminin finalına aparan yolun cığırı…” “Siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndində separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir…” “Siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir…” Qarabağ ətrafında yaranmış və davam edən prosesin tezliklə finala yaxınlaşacağı barədə hətta nikbin proqnozlar verməyə meyilli olanlar da indi birmənalı fikir bildirməyə ehtiyat edirlər. 44 günlük müharibə dayandırılandan sonra Ermənistanın ehtiyatla, sətiraltı apardığı “zamanı uzatma” siyasəti bu gün bütün çılpaqlığı ilə istər rəsmilərin, istərsə də siyasi və hərbi ekspertlərinin dilindən tez-tez səsləndirilir.  Laçın və Ağdam yolu ətrafında mövcud böhranın həll edilməsinin ilkin şərtləri (hər iki yoldan müəyyən şərtlər əsasında istifadə olunma) barədə yayılan informasiyalar yaxın günlərə, çətin ki, təsdiqini tapsın, hətta bu baş versə belə, finala aparan yolun cığırı hesab edilməz. Ermənilər ən xırda detalı problemə çevirib diqqəti aylarla onun həllinə yönəltməklə, həm əsas hədəfdən – sülhdən yayınır, həm də zamanı uzatmaqla hərbi, siyasi hazırlıqlarını davam etdirir. Üstəlik, ənənəvi “əzabkeş erməni” obraz şou-təbliğatı ilə bizi dünyanın təzyiq və qınaq hədəfinə çevirir və yalnız təzyiq deyil, məcburetmə siyasətinə keçməyin zəruriliyini xüsusi vurğulayırlar. İrəvan merinin seçki kampaniyasında namizədlər paytaxtlarının problemini necə həll edəcəklərindən yox, Qarabağdan danışırlar, Azərbaycana qarşı hansı siyasətin uğurlu olacağını seçicilərlə müzakirə edirlər. Namizəd və partiya sədri titulunda olan birinin çıxışı erməni siyasətinin mahiyyətini aydın göstərir: “Dünya Azərbaycanı nəyəsə inandırmağa çalışır və kimin inandırmasının fərqi yoxdur, Rusiya, yoxsa Qərb, çünki inandırılan tərəf güzəşt istəyir. Və bunun qarşısını almaq üçün Azərbaycanı inandırmaq yox, məcbur etmək lazımdır. Bunun üçün dünyadan tələb etmək lazımdır ki, qəbul etdiyi qanunları müdafiə etsin”. Bu, ümumerməni siyasətinin - yəni, Ermənistan hakimiyyətinin, müxalifətinin, diasporunun, kilsənin, erməni terror təşkilatlarının müəyyənləşdirdiyi siyasətdir. Baxmayaraq ki, bu qüvvələr arasında hakimiyyət uğrunda mübarizə gedir(çünki Paşinyan bəzi gedişləri və fərqli siyasət yeritməsi ilə qeyri müəyyənliklər yarada bilir),  amma bu amil ümumerməni siyasətinə təsir göstərmir. Son anda Paşinyan da, onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr də Qarabağ məsələsində külüngü bir yerə vururlar və deyirlər ki, rəsmi Bakı keçmiş Dağlıq Qarabağdakı qondarma, qanunsuz, separatçı “hakimiyyət” orqanları ilə beynəlxalq mexanizm tətbiq olunmaqla dialoq qurmalıdır…  Bu tələb həm də ikili standartlarla çıxış edən Qərbin istifadə etdiyi siyasi alətdir və qeyri-rəsmi şəkildə çatdırırlar ki, əks halda BMT Təhlükəsizlik Şurası müzakirələrdən sonra Laçın dəhlizi ilə bağlı blokadanı pisləyən qətnamə qəbul edə bilər, üstəlik, Ermənistan-Azərbaycan sərhədində olduğu kimi, Yuxarı Qarabağda da monitorinq keçirməsini Qərb mümkün variant kimi görür. Məqsəd ermənilərə milli azlıqdan daha yüksək status verilməsidir. Ermənilərin arzusu və apardığı siyasət də odur ki, 10-15 il Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsə, bu müddət ərzində dövləti və ordunu bərpa etmək mümkündür, ondan sonra “sülh dövrü”ndən danışmaq olar. Məqsəd, hədəf bu qədər sadəliklə aydındır və ermənilərin indiyədək sülhdən danışması, sadəcə siyasi texnologiyadır və müharibə dayandırılandan bəri, bu siyasi texnologiyanı köklü şəkildə dayandırmağa hələ ki, müvəffəq olmamışıq…  Separatçıların dayağı Rusiyanın Qarabağda mövcudluğu münaqişənin yekun nöqtəsinin qoyulmasına ən böyük maneə olaraq qalır və bu gedişlə 2025-ci ilin noyabrında Azərbaycanı tərk etməsi real görünmür. Ukrayna müharibəsinin necə davam edəcəyi, nə vaxt bitəcəyi, hansı şərtlərlə dayandırılacağı və Qarabağ münaqişəsinə təsir etməsinin mümkün variantlarına nəzər salaq; bu günkü reallıq odur ki, müharibə davam edir, Rusiyanın əsas hədəfi bu müharibə olsa da, Qarabağı da unutmur və müharibənin gedişində bir neçə dəfə Rusiya Federasiyası məkanında tərəflərin görüşlərinə, danışıqlarına vasitəçilik edib, daha doğrusu tərəfləri, ehtiyatla olsa da, sülh imzalanmasından yayındırıb. Beləliklə, Rusiya Ukrayna müharibəsindəki işğalçı üstünlüyünü saxlayarsa, Qarabağda qalma şərtlərini artıq ehtiyatla deyil, sərt şəkildə irəli sürəcək; müharibəni uduzarsa, nüfuzunu qorumaq naminə Qarabağda mövcudluğunu beynəlxalq mandat qazanmaq pərdəsi ilə saxlamağa cəhd edəcək, yəni birmənalı şəkildə istədiyinə nail olması çox çətin olacaq…  Siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndidə separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir. Laçın yoluna tətbiq olunan məhdudiyyətə baxmayaraq ermənilər güzəştli addımlar atmağa tələsmirlər, çünki özlərinin etirafına görə Rusiya helikopterləri hər gün minimum tələbatı ödəyən qida və tibbi məhsullar daşımaqda davam edirlər. Rusiya erməni silahlı qüvvələrini də çıxarmır. Deməli, siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir. Bu məsələ Xankəndi rejiminin fəaliyyətinə son verilməsinin və Azərbaycan dövlət strukturlarının dövlət nəzarətinin Xankəndində bərpa edilməsinin başlanğıcı deməkdir. 2024-cü ildə isə keçmiş Dağlıq Qarabağda yaşamış və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıdışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə həyata keçirilməlidir…  Qarşıda danışıqlar prosesi gözlənilir. Açığı, sentyabrda Brüssel, oktyabrda Qranada görüşündən sonra konkret nəticələr olacağı yenə də real görsənmir, hətta bu görüşlər pozitiv təsir bağışlasa da, Qarabağda separatçı rejimin fəaliyyətinə son verəsi deyil. Biz Xankəndi rejiminə son verəcək siyasi, hərbi fəaliyyətə üstünlük verməliyik, ermənilərin planlı şəkildə davam etdirdikləri vaxtuzatma siyasətinin detallı problemlərini aradan qaldırmağa zaman sərf edilməsi maraqlarımıza uyğun deyil…(moderator) İlham İsmayıl

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun hərbçisi Erkan Səlcuq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, - Məlumatda bildirilib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 549-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 260 270 hərbçi, 4390ədəd tank, 8539 ədəd zirehli döyüş maşını, 5379 ədəd artilleriya sistemi, 726 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 497 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7823 ədəd avtomobil texnikası, 4367 ədəd PUA, 1411 qanadlı raket, 18 gəmi/qayıq, 804 xüsusi avadanlıq itirib.

Hərbçilərimizin tələbi ilə separatçı rejimin simvolları söküldü – Video

Azərbaycan sərhədçiləri xəstələri Qarabağdan Ermənistana aparan təcili yardım avtomobilinin üzərində separatçı rejimin simvollarını müşahidə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İTV kadrlar yayıb. Hərbçilərimizin tələbi ilə sözügedən simvollar sökülüb.

Mirvari Qəhrəmanlı neftçilərin həlak olmasından danışdı: “İşçi yox, işə götürən günahkardır”

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsində (NQÇİ) planlı tikinti quraşdırma işləri zamanı 2 nəfər işçinin dənizə düşərək həlak olması barədə məlumatı mənə avqustun 24-də 07:30-da vermişdilər. Bir az gec paylaşdım, xəbəri yazmağa ürəyim gəlmirdi. Axı valideynləri, ailələri bilmirdi. Bütün gün işçilərlə əlaqədə olmuşam. Podratçı şirkət Neft Qaz Çıxarma İdarəsinin Tikinti Tresti, sifarişçi isə N.Nərimanov Neft və Qazçıxarma İdarəsidir. İndiki halda məsuliyyət onların sahə üzrə məsul şəxslərinin boynundadır. Yəni ilkin halda işə götürən günahkardır. Tərəflər müqavilə əsasında hansı məsuliyyəti üzərilərinə götürüblər? Məsuliyyətin kimin üstündə olmasına baxılacaq. Fərqi yoxdur, kimin məsuliyyət daşımasından asılı olmayaraq işçi günahkar deyil. Orada çalışan işçilər heç bir məsuliyyət daşımırlar. Çünki Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına görə, işçilərə əmək fəaliyyəti zamanı şərait yaradılmalıdır”. Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlının sözlərinə görə, hadisə ilə bağlı ona verilən məlumatda belə bildirilib: “Dedilər ki, mövcud köhnə betonlar dəyişdirilir. Bəlkə də, əvvəlcədən xəbərdarlıq olmuşdu, ya da yox. Mənə verilən məlumata görə, yeni beton plitəni qoyarkən kran qırılıb, nefçilərin üstünə düşüb. Neft Daşlarında işlədilən yük maşınlarının, avadanlıqların, nəqliyyat vasitələrinin standartlara uyğun gəlməməsi, vaxtlı-vaxtında yoxlanılmaması haqqında məsələni bir müddət əvvəl hesabata da salmışam. Kranlar da işə buraxılanda yoxlanılmalıdır. İstifadə olunanda vaxtaşırı yoxlama qaydaları var. Aydınlaşdırılmalıdır ki, həmin kran işə buraxılarkən yararlı idimi? Bilmirəm, buna fikir verəcəklər, ya yox. Mənə verilən məlumat təsdiqini taparsa, kran betonu qaldıranda qırılıb. Bu, araşdırılmalıdır. Betonmu qırılıb? Buna inanmıram. Kranın qaldırıcı hissəsi var, bu nüansa da fikir verilməlidir. Mövcud plitələr əvvəlcədən yoxlanılıbmı ki, adamlar üstündə işləyəcəklər. Çox böyük əminliklə deyirəm ki, Dövlət Əmək Müfəttişliyinə etibar etmirəm. Çünki uzun illər apardığım müşahidələrin nəticəsində aydın olub ki, işə götürən günahkar olduğu halda heç vaxt cəzalanmayıb. Əmək Məcəlləsinin icrasına nəzarəti DƏM edir. Məcəllənin 310, 311, 312, 313-cü maddələri deyir ki, işə götürən Məcəllənin şərtlərini pozubsa, cəzalandırılmalıdır”. M.Qəhrəmanlı 2015-ci il dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciəni də xatırladıb: “Həmin hadisədə 37 nəfər öldü. Hamısını küləyin boynuna qoydular, amma deyən yoxdur ki, korrupsiya var, normal təmir olunmayıb. Bax, bu hallardan sonra “Azneft”in baş direktoru Daşqın İskəndərovu vitse-prezident qoydular. İndi də sağlığınıza müşavir işləyir. Hamısı məsuliyyət daşıyır. Dövlət Neft Şirkətində əvəllər iş yerində həlak olan işçilərin ailə üzvlərindən birini işə götürürdülər, ödənişli əsaslarla oxuyan övladı varsa, onun təhsil haqqını ödəyirdilər. Hətta elə zaman olmuşdu ki, kreditlərin də bağlanmasına kömək olunması nəzərdə tutulurdu. Bu, qanunda deyil, öhdəlikdir. Qanunən bütün ödənişləri etməlidirlər. Yeni gələn kontingentin isə hamısı iqtisadçıdır, bilmirəm, necə araşdıracaqlar. Hazırda həm Nazirlər Kabinetinin qərarı, həm də Əmək Məcəlləsinin müvafiq maddələri pozulub. İnsan ölümü baş verib. İstehsalat zədəsi aktı (İZ) tərtib edilir. Baş Prokurorluq araşdırmalıdır. 2010-cu ildən bəri neçə ölüm hadisəsi olub, onu araşdırıram. Hamısı cəzasız qalır. Görməmişəm ki, hansınınsa vəzifəsini aşağı salsınlar. Dövlət Əmək Müfəttişliyi araşdırma apararkən orada həm də Həmkarlar Təşkilatının sədri də iştirak etməlidir. HK işçi hüquqlarını pozmaqda işə götürənlə paraleldir. Bunu sübut etmişəm. Ona da etibar etmirəm”. Hüquq müdafiəçisi deyib ki, araşdırmalar ədalətli aparılsa, insan ölümündə günahkar olanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Biz addım-addım araşdırırıq. 2015-ci ildə kiçik bir məsuliyyətsizliyin, FHN-nin, SOCAR-ın hazırlıqsızlıqları ucbatından o qədər insan həlak oldu. Biz araşdırdıq. Komissiyanın sədri Rüstəm Usubov idi. Hesabatımız açıqlandı, SOCAR rəhbərliyi heç bir söz tapa bilmədi. Nə SOCAR-ın açıqlaması oldu, nə hadisə ilə əlaqədar yaradılmış Komissiyanın. Nə də Komissiyanın qərarı oldu. Bu boyda hadisə qarşısında susdular. Niyə? Bir nəfər günahkar adam tapılmadı. İndi də N.Nərimanov NÇQİ. Meyitləri balıqçılar təsadüfən tapmışdılar. Bu qədər illər ərzində baş verən hadisələri araşdırsanız, kiməsə cəza verildiyini tapmayacaqsınız. Sovet vaxtı partiyadan çıxarılma var idi. Kimisə partiyadan çıxarmaq dəhşətli bir şey idi. Həmin adamı heç yerdə işə götürmür, vəzifəyə qoymurdular. Eləsinə hətta şərti “iş” də verirdilər. Axı insan ölüb. Neft sektorunda bu qədər oğurluq, məsuliyyətsizlik yox idi. Köhnə boruları yenidən rəngləyib, təzələrini isə satıblar. Bunu bir dəfə Əmrə də qoymuşam. Həmin adam ölümə baiskar adamlardan biridir.  Nə oldu? Heç nə. Toxunulmazdırlar. Çünki hamısı qohum-əqrəbadır. Guya indi nə edəcəklər? Sahəni bilirlər ki? Hesablayacaqlar ki, beton çökəndə onlara nə qədər ziyan dəyib? Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Mən neftçiyəm, düz 28 il o platformalarda olmuşam. Biz bunlar kimi içəridə oturmurduq. Bütün qəza baş verən yerlərdə olmuşam. Sahəyə bələdəm. Bir hadisə baş verəndə ürəyim göynəyir. İstehsalatda qəza nəticəsində həlak olan insan ölmür, öldürülür! Onların öldürülməsinə bais olan adamlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Hakan Fidan Kiyevdədir - Zelenski ilə görüşdü

Türkiyənin XİN başçısı Hakan Fidan Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib. Səfər çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

İlham Əliyev və xanımı Laçına getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib. Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

Ordumuz Sərsəngi nəzarətə götürməlidir - Politoloq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin işğal altındakı Sərsəng su anbarıyla bağlı yaydığı birgə bəyanat Qarabağın əsas su ehtiyatı mənbəyinin azad olunması məsələsini aktuallaşdırıb. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. “Bəyanatda da vurğulandığı kimi, su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Separatçılar və onları himayə edənlər söz eşitmirlərsə, demək, məsələnin güc yoluyla həllinə üstünlük verməliyik. Əlbəttə, erməni separatçıları və Ermənistan hakimiyyəti yenə haray-həşir salacaq, məsələni BMT müstəvisinə çıxarmağa çalışacaqlar. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar ayında Sərsəng su anbarıyla bağlı qəbul etdiyi qətnamə bizə məsələni istədiyimiz şəkildə həllinə geniş manevr imkanı yaradır. İnsanlarımızı azad olunmuş bölgələrə köçürürük, kənd təssəərrüfatı çalışmalarında suya ehtiyac yaranacaq. Bu səbəbdən də su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının nəzarətimizə keçməsinin əhəmiyyəti böyükdür”, - o bildirib.

Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə və müharibə veteranlarına veriləcək - RƏSMİ

Uzun müddətdir ki, sosial şəbəkələrdə müzakirə olunan “Jurnalistlər evi”nin taleyinə aydınlıq gəlib. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat yayıb. Məlumatda deyilir: “Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”. Qeyd edək ki, adı çəkilən ünvanda jurnalistlər üçün 3 bina inşa edilmişdi. Onlardan ikisi əvvəlki illərdə jurnalistlər arasında bölüşdürülmüşdü. Üçüncü ev isə artıq 2 il idi ki, hazır vəziyyətdə qalmışdı.

Türkiyə yenidən silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Elbistan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ermənistan KİV: "Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”

“Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Bildirilib ki, o, dünən hökumətin iclasında Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib: “Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”. Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar. Qəzetdə, həmçinin vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır. Xatırladaq ki, Ermənistan hökumət başçısı dünən, avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.

“Müharibə Rusiya ərazisinə keçir, qoy, savaşın nə demək olduğunu anlasınlar"

“Müharibə Rusiya ərazisinə keçir. Qoy, qarşı tərəf də müharibənin nə olduğunu başa düşsün”. Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Moskva da savaşdan əziyyət çəkməlidir: “Ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim sığınacaqlarda yaşayırlar. Qoy, qarşı tərəf də Moskvada öz evlərində özlərini rahat hiss edə bilməsin”. O.Danilovun sözlərinə görə, bu, ədalətlidir: “Qarşı tərəfə daha çox təzyiq göstərilməlidir”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatlarına start verib. Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisinə, o cümlədən, paytaxt Moskvaya intensiv zərbələr endirir.

Pentaqon: "Artıq "Vaqner" Ukraynadakı müharibədə aktor deyil"

"Artıq "Vaqner” xüsusi hərbi şirkətinin silahlıları Rusiyanın Ukraynaya qarşı müharibəsində aktor deyil”. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib. Onun sözlərinə görə, “Vaqner” Ukraynadakı müharibədə ciddi mənada rolunu itirib: “Onların effektivliyi azalıb”. Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib. Bir çox ekspertin fikrincə, bundan sonra “Vaqner” parçalanacaq.

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb. Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan xəbər var

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyitini hissələrə bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Sozcu.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Bu səbəbdən onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə onun şirkətinə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb. İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.pravda

“Atam məni heç vaxt sevmədi” - Aktrisa sirləri açdı

"Uşaqlıqdan atama qəlbən, ruhən küsmüş biriyəm. Amma uğurumu bütünlüklə atama borcluyam. Çünki öz ayağımın üstündə dayanma səbəbim, sadəcə atamın məni bircə dəfə qucaqlayıb "Səni çox istəyirəm, qızım. Yaxşı ki, sən mənim qızımsan” deməyi olub. O heç zaman mənə nəvaziş göstərməyib. Atam olub, amma olmayıb. Atalıq nədir ancaq anamda görmüşəm".  Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova "Qapqara" proqramına müsahibəsində deyib. Atasından danışan sənətçi ondan gileylənib: "Amma son iki ildir ki, atamı bağışlamışam. Ona haqq verməyə başlamışam ki, o niyə məni heç zaman sevməyib. Heç sevməyib, dəstək olmayıb. Heç zaman arxamda dayanmayıb. Ondan sanki o sevgini "dilənmişəm". Aktrisa kimi qazandığım bu uğurları onun üçün etmişəm ki, o, görsün. Əslində, bir dəfə söylədi ki, “Oturmuşduq, hamı səndən danışırdı. Sən demə, sən məşhur aktrisa imişsən”. Amma o sözləri sevgi ilə demədi. Görmədim... Gözünə girmək istədim, amma girə bilmədim. Alınmadı. Hazırda atam bizimlə bir yerdə deyil. Atamın uşaqlıq travması var: Qadınlara qarşı sevgisizlik. Kiçik yaşlarında uşaq evində böyüyüb. Böyüyəndə anası onu oradan götürüb. Bəlkə də elə budur əsl səbəb. Yəni artıq gec olub. Atamın anasının adı Zinyət olub. Və mən bu adı heç sevməmişəm. Özümə yeni pozitiv, mənə xoşbəxtlik və sevinc gətirən adı seçmişəm: Zərinə. Sadəcə aktrisa olandan sonra oldum Zarina". 

Günün qoroskopu: Fiziki işdə xeyir var

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.  Qoç - Mürəkkəb və uğursuz gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Prioritetləri mümkün qədər sürətlə, tez müəyyənləşdirin. Bir neçə mühüm işin öhdəsindən gələ biləcəyinizi düşünməyin. Bir işi seçin, diqqəti ona yönəldin. Günün ikinci yarısında qohumlara, habelə çoxdan və yaxşı tanıdığınız insanlara yardım üçün müraciət edə bilərsiniz. Yeni tanışlara, bələd olmadığınız insanlara üz tutmayın. Münasibətlər səmimi olsa da, birgə fəaliyyət üçün yetərli deyil. Buğa - Günün ilk yarısı nisbətən uğurludur. İkinci dərəcəli işlərlə məşğul olmayın. Önəmli məsələnin həllinə başlayın və ciddi məqamların çözülməsini təxirə salmayın. Fiziki iş, həllini tələb edən problemlərin nəzərdən keçirilməsi üçün pis zaman deyil. Saatlar keçdikcə yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Sərvaxt olun ki, ifrat yorğunluq hiss etməyəsiniz. Günün ikinci yarısında önəmli maliyyə məsələlərini çözməyə çalışmağa, alış-veriş etməyə dəyməz. Axşam saatları yaxınlarınızla ünsiyyət üçün ədverişlidir. Münasibətlər son vaxtlar qeyri-rəvan və gərgin olsalar da, indi səy göstərsəniz, onları harmonik edə bilərsiniz. Əkizlər - Xırdalıqlara və detallara fikir verin. Nəyisə nəzərdən qaçırsanız, sonradan çox ciddi problemlər yarana bilər. Ünsiyyətdə də sayıq olun. Deyilənlərə qulaq asmaqla yanaşı, intonasiya və kontekstə fikir verin. İradları nəzərə almağa çalışın. Gərəkli məlumatı əldə etmək üçün həddən artıq çalışmağa lüzum yoxdur. Günün ikinci yarısı gələn həftəyə hazırlıq zamanı olmalıdır. Peşəkar fəaliyyət və ya kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə edin. Yeni tərəfdaş və ya müttəfiq aramaq olar. Xərçəng - Çoxsaylı problemlər və xoşagəlməz hadisələr zamanıdır. Rəğbət bəslədiyiniz insanlar belə, sizi təəssüfləndirəcəklər. Fəqət düşünməyin ki, yanınızda layiqli insan qalmayıb. Belə deyil. Ünsiyyət çevrəsini və təmas dairəsini köklü şəkildə dəyişməyə can atmayın. Günün ikinci yarısı yeni imkanlar yaradacaq. Yeni öhdəliklər götürməyə, məsul işə başlamağa dəyər. Çətin işi təkbaşına görə bilərsiniz. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Bilik və bacarıqlarınızdan tam istifadə edin. Şir - Parlaq, yaddaqalan gün olacaq. Müsbət təmayüllərin təsiri güclüdür. Gözlənilməz, amma çox maraqlı təkliflər ala bilərsiniz. Yeni müttəfiq, tərəfdaş və şərik tapılması istisna deyil. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Günün ikinci yarısı rəqabət zamanıdır. Qalib gəlmək asan deyil. Müdrik davranın, aşkar və açıq qarşıdurmadan yararlanın. Buna rəğmən münasibətlərdəki gərginlikdən qurtula bilməyəcəksiniz. Qız - Uğursuzluqlar zolağına düşdüyünüzü düşünməyin. Günün ilk yarısı çətinliklər və problemlərlə zəngin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ehtiyatlı olun. Ciddi işlə məşğul deyilsinizsə, həddən artıq aktiv davranmayın. Maliyyə itkiləri riski var. İtkilər düşündüyünüzdən də artıq ola bilər. Günün ikinci yarısı xoş olacaq. Son vaxtlar görmək istədiyiniz və darıxdığınız insanla qarşılaşacaqsınız. Perspektivli tanışlıq da ola bilər. Baş verənlərə rəğmən sayıq olun, dürüst qərarlar qəbul edin. Tərəzi - Günün ilk yarısı kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişlidir. Maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Hadisələri tələsdirməyin. Onların öz məcrasında inkişafına süni təkan verməyin. Müdaxilələr olmazsa, hər şey yaxşı alınacaq. Axşam saatlarında qonaq qəbul etmək olar. Ən mühüm məsələləri də rahat ev şəraitində müzakirə etmək mümkündür. Əqrəb - Pis gün olmasa da, xariqələr vəd etməyən zamandır. Mühüm hadisələr yaşanmayacaq. Əhvalınızı pozmayın, hər şey o qədər də pis deyil. Yeni təcrübə, bacarıq və ya biliklər əldə etməyə çalışın. Onlar bir müddət sonra karınıza gələ bilər. Günün ikinci yarısında yaradıcılıq eksperimentləri uğurlu olacaq. İstənilən sahədə yenilik etmək imkanlarına malik olduğunuzu düşünsəniz də, belə deyil. Axşam saatlarında sevdiyiniz insanla bir araya gəlin. Onu sevindirməyə çalışın. Oxatan - Yalnız ailə üzvlərinizə, yaxınlarınıza və dostlarınıza güvənin. Bədxahlarla rəqiblər bu gün sizi tora salmağa çalışacaqlar. Hətta indiyədək yalan danışmağı sevməyən insanlardan biri sizi aldatmağa can atacaq. Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq. Günün ikinci yarısında işlə bağlı məsələləri müzakirə etməyə dəyməz. Yaşca sizdən kiçik şəxslərlə dil tapmaq asan deyil. Axşam saatlarında mühüm, amma xoşagəlməz işlə məşğul olmaq zərurətiilə üzləşəcəksiniz. Oğlaq - Günün ilk yarısında qəfil çətinliklər yaranacaq. Bədgüman olmayın, qüvvələrinizə inamınızı itirməyin. Nikbin davranın. Ruhdan düşmək üçün heç bir ciddi səbəb yoxdur. Problemlərin səbəbi əlverişsiz emosional fondur. Günün ikinci yarısında pozitiv olun. Yaxınlarınızla ünsiyyətdə sərt danışmayın. Axşam saatlarınızı yaxınlarınızla keçirin. Şəhər kənarına yollanın, bir qədər əylənin. Dolça - Günün ilk yarısında mühüm işləri yerinə yetirmək fikriniz varsa, onların planlaşdırılan vaxtdan artıq zaman alacağına hazır olun. Cari və rutin işlərin öhdəsindən isə sürətlə gələcəksiniz. Onların yerinə yetirilməsində heç bir problem yaranmayacaq. Başqalarına darıxdırıcı və usandırıcı gələcək işlər sizi yormayacaq. Günün ikinci yarısında mühüm məsələləri müzakirə etmək, gələcəklə bağlı planlar qurmaq olar. Qüvvənizi, potensialınızı, işlərin real durumunu dəqiq qiymətləndirin. Balıqlar - Tələskən və səbirsiz davranmasanız, hər şey yaxşı alınacaq. Mühüm qərarları düşünmədən qəbul etməyin. Hansısa qəfil ideyanın müstəsna və ya parlaq olacağını düşünməyin. Əvvəllər hazırladığınız planlardan birini reallaşdırmağa başlayın. Günün ikinci yarısı fəaliyyət üçün əlverişli zamandır. Fiziki işdə xeyir var. Açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Axşam saatlarında aktiv istirahət edin.

Makiyaj vasitələrində gizlənən infeksiya: Tez-tez təmizləməsəniz

Makiyaj fırçalarını tez-tez təmizləməsəniz, bakteriya və göbələklərin yuvasına çevrilə bilər. Çirkli fırçalardan istifadə edənlər bilmədən onları bütün üzlərinə sürtürlər, bu isə göz infeksiyaları və dəri problemləri kimi bir çox ciddi xəstəliklərə yol açır. Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı mütəxəssislər məlumat verib. Bildirilib ki bakteriyalar dərinin məsamələrinə daxil olaraq ciddi infeksiyalara səbəb ola bilir. Həmçinin bir çox çirkli fırçaların tualet oturacaqlarından daha çirkli olduğu əlavə edilib. Mütəxəssislər makiyaj ustalarına və xanımlara kir yığılmasının qarşısını almaq üçün makiyaj fırçalarını və süngərlərini hər yeddi-on gündən bir yumağı tövsiyə edir. Lakin məlumatlar göstərir ki, amerikalıların 22 faizi fırçaları təmizləmir, 39 faizi isə onlar ayda yalnız bir dəfə yuyur. ABŞ-ın makiyaj təmizləmə brendi olan "GlamTech"in sosial mediada paylaşdığı videoda natəmiz fırçaların vəziyyəti açıq şəkildə göstərilir. Yaxşı istifadə edilmiş, təmiz görünüşlü süngər və fırça istifadə edildikdən sonra qabına qoyulur. Lakin tədqiqatçılar bir müddət sonra hər yerdə bakteriyaların əmələ gəldiyini aşkar edib.

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi

Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb. Sozcu.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə  ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib. Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir. Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. 

Dənizdə ölən neftçilərlə bağlı cinayət işi açıldı

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşən və nəticədə boğularaq ölən şəxslərlə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.