"Laçının "sülhməramlı"ların nəzarət zonası kimi göstərilməsi məqsədyönlü təxribatdır..."

“Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər…” “Laçının virtual “işğalı”na cavab olaraq biz də Saxalini, Şikotanı, Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr dərc etməliyik…” “Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər…” Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il yarımdan çoxdur ki,  müvəqqəti(!) qalmaq  şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti  2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-də, iyunun 1-də, 4-də və 5-də, yəni dünən də yenidən virtual olaraq(dislokasiya xəritələrində) öz məsuliyyət və nəzarət zonasına daxil edib. Və bu təxribatın məhz  mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik günü, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra başlaması təsadüf sayıla bilməz… Tanınmış hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: “Rusiya Müdafiə Nazirliyi dəfələrlə öz rəsmi saytında dərc edilən “sülhməramlı” hərbi kontingentin dislokasiya xəritələrində Laçın şəhərini və digər Azərbaycan məntəqələrini ərazimizdə müvəqqəti yerləşdirilmiş həmin kontingentin məsuliyyət zonaları kimi göstərib. Və mən bu məsələni daimi diqqətdə saxladığınız üçün sizə xüsusi təşəkkür edirəm”.   Ekspert hesab edir ki, sözügedən məsələ Rusiyanın “sülhməramlı” adlanan kontingentinin ermənipərəst mövqeyi ilə də izah oluna bilər. “Qeyd edim ki, bu bir daha Rusiyanın Azərbaycan torpaqlarındakı "sülhməramlı" sayıllan hərbi kontingentinin ermənipərəst mövqeyi ilə izah edilməli, onun rəhbərliyinin erməni silahlılarını dəstəkləməsi kimi qəbul edilməlidir. Nəticə etibarilə bu gün erməni silahlılarına kuryerlik edən, onların aşağı-yuxarı silah-sursat daşıması üçün can-fəşanlıq göstərən Rusiya “sülhməramlı”larından bundan artığını gözləmək olmazdı.  Hesab edirəm ki, onların bu kimi fəaliyyətlərinə bizim güc strukturlarının kartoqrafları da müəyyən cavablar hazırlaya bilərdi.  Məsələn, biz də Saxalini, Şikotanı,  Kurill adalarını, İtrup adasını Yaponiya ərazisi, Kalininqradı Köniqsberq adıyla Almaniya ərazisi kimi göstərən xəritələr çap edə və onları Rusiya “sülhməramlı”larının saxta xəritələrinə, o cümlədən Laçın şəhərini virtual “işğal” etmələrinə cavab olaraq media vasitəsilə tirajlaya bilərdik. Təəssüf ki, müvafiq qurumlar hələ bu haqda düşünmürlər”,- deyə Ədalət Verdiyev qeyd edib.  “Rusiya Müdafiə  Nazirliyinin Azərbaycan ordusunun nəzarətində olan əraziləri “sülhməramlı” kontingentin məsuliyyət zonası kimi  göstərməsi heç bir halda “təsadüfi”, “texniki səhv” kimi dəyərləndirilə bilməz. Əgər bu, təsadüfdürsə, qoy bir dəfə də Xankəndini “Stepanakert” yox, öz adıyla Azərbaycanın nəzarətində olan bir məntəqə kimi göstərsinlər. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı məqsədyönlü və təxribat xarakterli addımlardır. Hesab edirəm ki, müvafiq dövlət qurumlarımız belə addımların qarşısını almaq üçün fəaliyyətə keçməli və zərurət yarandıqda bununla bağlı uyğun bəyanat və notalar da verməlidirlər”,- deyə hərbi ekspert vurğulayıb.

Rusiya və “kuklaları”nı məsuliyyətə cəlb edəcəyik

Kaxovka SES-də baş verən partlayışın məsuliyyətini Rusiya və onun “kuklaları” daşıyır. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının Prezidenti Şarl Mişel deyib. Mişel bildirib ki, sözügedən hadisəyə görə şokdadır: “Mülki infrastrukturun məhv edilməsi açıq şəkildə müharibə cinayəti kimi təsnif edilir və AB Rusiyanı və onun “kukla”larını məsuliyyətə cəlb edəcək”.

"Kremldəki quldurların hər biri məhkum ediləcək" - Zelenski

"Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir..." "Müharibə başlanandan 485 ukraynalı uşaq həlak olub, 1005 uşaq yaralanıb, 19 505 nəfər deportasiya edilib, bunlar yalnız rəsmi rəqəmlərdir..." "AŞPA-nın aprelin 27-də qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasyası soyqırım adlandırılıb..." Ukrayna prezidenti Vladimir Zelenski iyunun 4-də Rusiyanın təcavüzü nəticəsində həlak olan uşaqların Xatirə Günündə bəyan edib ki, Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün növbəti videomüraciətində bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb. O, iyunun 4-də gecə Dnepr şəhərinin raket zərbəsinə məruz qalması, nəticədə iki yaşlı körpə qızcığazın həlak olması və beş uşağın yaralanmasını xatırladıb. "Rusiyanın terroru yüzlərlə uşaqlarımızın həyatına son qoyub. Təkcə fevralın 24-dən tammiqyaslı müharibə müddətində 485 nəfər uşaq həlak olub. Bu rəqəmi rəsmən təsdiq edə bilərik, çünki o uşaqların hər birini tanıyırıq. Təəssüf ki, onların sayı daha çoxdur", - o, deyib. Prezident qeyd edib ki, hər dəfə müdafiə qüvvələri Ukrayna ərazisini rusiyalı işğalçılardan azad edəndə, onların günahından nə qədər uşağın həlak olduğu barədə həqiqət bəlli olur. "Təəssüf ki, hələlik, Rusiyaya deportasiya edilən yüzlərlə uşaq haqqında tam məlumatımız yoxdur. Bugünədək müxtəlif səylərlə 371 deportasiya edilmiş uşaq Ukraynaya qaytarılıb. Həm də bizim ən azı 19 505 nəfər ukraynalı uşağın deportasiya olunması barədə dəqiq məlumatımız var. Bu, hələ də düşmənin sərəncamında olan körpə ukraynalı oğlan və qızların yalnız bir hissəsidir. Biz onların hamısını qaytarmalıyıq", - o, bəyan edib. Zelenski vurğulayıb ki, 2014-cü ildə Kreml "xalqların taleyini həll edə biləcəyinə" qərar verməsəydi, bir çox uşaq sağ qalardı. "Bu quldurların hər biri məhkum ediləcək. Mən buna şübhə etmirəm. Bütün lazımi hüquqi təsisatlar bu nəticəyə işləyir", - prezident deyib. Kontekst: 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya soxulub, müharibənin tammiqyaslı mərhələsinə başlayıb. Rusiya faktiki olaraq Ukraynaya qarşı 2014-cü ildə, Ləyaqət İnqilabından sonra qanunsuz olaraq Krımı ilhaq edib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib. Ukrayna Baş Prokurorluğu Ofisinin məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilənin əvvəlindən 485 uşaq həlak olub, 1005 uşaq yaralanıb. "Müharibə uşaqları" dövlət portalının məlumatına görə, Ukraynadan ən azı 19 505 uşaq deportasiya edilib. Onlardan yalnız 371 nəfəri geri qaytarılıb. Ukraynanın uşaq ombudsmanı Darya Qerasimçuk bəyan edib ki, Ukrayna ərazisinin bir hissəsi işğal altında olduğuna və hakimiyyətin oraya çıxışının olmadığına görə söhbət bir neçə yüz min oğurlanmış uşaqlardan gedə bilər. Aprelin 27-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasiyası soyqırım adlandırılıb.

Zelenski SES-dəki partlayışa görə təcili iclas keçirdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. "Kaxovka su anbarından su ilə təmin olunan bütün şəhər və kəndlərin riskli ərazilərdən köçürülməsi və içməli su ilə təmin olunması tapşırılıb. İnsanları xilas etmək üçün bütün xidmətlər, hərbçilər, hökumət, Prezident Ofisi iştirak edir", - deyə qeyd olunub. "Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiyanın bu terror aktına görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq və təhlükəsizlik tədbirləri kompleksi razılaşdırılıb", - məlumatda deyilir.

İrəvan 10 noyabr sazişinin 9-cu bəndindən rəsmən imtina etdi

Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Ermənistan TŞ katibi Armen Qriqoryan ardıcıl olaraq antirusiya təbliğatı aparır. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” erməni nəşrində bildirilib. Qeyd edilib ki, “Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir” və “Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb” fikirləri Armen Qriqoryana məxsusdur: “Dünən isə televiziya efirində Armen Qriqoryan açıq mətnlə bəyan etdi ki, Ermənistan 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, - Qriqoryan dedi. İrəvanın fikrincə, blokadanın aradan qaldırılması belə olmalıdır: bütün sərhəd nəzarəti Ermənistan tərəfində olacaq; bütün sərhəd xidmətlərini yalnız Ermənistan yerinə yetiriləcək. Bu arada, 2020-ci ildə 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”. Həmçinin qeyd edilir ki, nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Müəllif məqalədə qeyd edib ki, Paşinyan Ukraynaya qarşı müharibədə Ermənistanın Rusiyanın müttəfiqi olmadığını deyəndən bir gün sonra Ankaraya, Ərdoğanın andiçmə mərasiminə gedib: “Belə görünür ki, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən imtina etmək niyyətindədir. Lakin onun alternativi nədir, bu barədə məlumat verilmir”. Məqalədə bildirilib ki, Ermənistanın sərhəd təhlükəsizliyi və müstəqillikdən, suverenlikdən danışması gülüncdür. Çünki Ermənistan hələ də öz sərhədlərini özü müdafiə etmir – xüsusilə Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri qoruyur və ərazisində Rusiyanın bazası var.axar)

Poroşenko: Bir neçə saata “Fırtına əməliyyatı” başlayır

Ukrayna qoşunlarının əks-hücumu yaxın bir neçə saat ərzində başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Pyotr Poroşenko deyib. “Nə vaxt başlayacaq? Həftələr yox, günlər yox, saatlar sonra. Bunu əks-hücum adlandırmamağa çağırıram. Bu, Ukraynaya edilən hücumda bizdən alınanları geri qaytarmaq üçün bir neçə nöqtədən aparılan “fırtına əməliyyatı”dır”, - o bildirib.

Baxmut istiqaməti - afərin, döyüşçülər! - Zelenski

Rusiya Ukrayna ordusunun Donetsk bölgəsindəki uğurlarını isterik şəkildə qəbul edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Baxmut istiqaməti - afərin, döyüşçülər! Biz Rusiyanın orada bizim hər addımımızı, bütün mövqelərimizi necə isterik şəkildə qəbul etdiyini görürük. Düşmən Ukraynanın qalib gələcəyini bilir. Onlar bunu görürlər. Bunu döyüşçülərin və xüsusən də sizin zərbələriniz sayəsində hiss edirlər. Donetsk vilayətinə bunun üçün təşəkkür edirik", - Zelenski vurğulayıb. Qeyd edək ki, Ukrayna ordusunun Baxmutda 2 kilometrə yaxın irəlilədiyi barədə xəbərlər yayılıb.

Rusiyanın bu bölgəsi tamamilə ələ keçirildi - Video

Rusiyanın Belqorod vilayəti Rusiya Azadlıq Legionunun tam nəzarətindədir. Sozcu.az xəbər verir ki, bununla bağlı görüntülər də yayılıb. Qeyd edək ki, Rusiya höküməti tərəfindən bu legion terror təşkilatı kimi tanınıb.

"Kreml Belqorod ətrafında üsyançılarla necə davranmağı bilmir" - ISW

"Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir..." "Üsyançılar hərbi əsirləri Ukraynaya təhvil vermək niyyətindədir..." Üsyançılar Belqorod ətrafında Kremlə yeni problem yaradıb Analitiklər indiyədək Moskvanın Belqorod vilayətindəki üsyana qarşı dəqiq koordinasiyalı reaksiyasını görmür. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib. Qeyd edilir ki, Kreml Belqorod vilayətinin sərhədyanı rayonlarında üsyançıların reydlərinə necə münasibət göstərməyi bilmir. Onlar "Rusiya könüllülər korpusu" və "Rusiyaya azadlıq" legionunun Ukrayna sərhəddindən 3, 5 km məsafədə yerləşən Novaya Tavoljanka qəsəbəsi rayonunda mövcudluğunu təsdiq edir. Əgər Rusiya Müdafiə Nazirliyi üsyançıların tez bir zamanda Ukrayna ərazisinə sıxışdırılması barədə hesabat verməyə tələsirsə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov qəsəbə yaxınlığında davam edən döyüşlər barədə məlumat verir. Qarışıqlıq vəziyyəti Qladkovun Rusiya könüllülər korpusunun görüş keçirmək və əsirləri mübadilə etmək barədə çağırışına münasibəti daha da qəlizləşdirib. Qladkov əvvəlcə Şebekino blok-postda görüşə razı olsa da, sonradan fikrini dəyişərək bu görüşdən imtina edib. "Rusiyanın Belqorod vilayətində məhdud reyd barədə ziddiyyətli cavabları və məlumatları onu sübut edir ki, Rusiya rəhbərliyi bu məhdud transsərhəd reydlərinə necə cavab verməyi qərarlaşdırmayıb", - analitiklər hesab edir. ISW analitiklərinin fikrincə, Rusiya könüllülər korpusunun çağırışına münasibət bildirmək Qladkovun şəxsi təşəbbüsü olub, bu da hərbçilərlə regionun mülki hakimiyyəti arasında koordinasiyanın olmamasından xəbər verir. ISW həmçinin Rusiya təbliğatının bu hadisələr barədə bir-birinə əks olan şərhlərə də diqqət çəkib. Bəzi spikerlər əhalini sakitləşdirməyə cəhd edir, digərləri isə, əksinə, Rusiyanın, guya, sağ qalması uğrunda mübarizə aparması barədə narrativi dəstəkləyir. "Rusiyanın reaksiyası əsasən informasiya təsirinə köklənib və Rusiya rəhbərliyinin ölkənin sərhəd vilayətlərində bundan sonra məhdud reydlərin qarşısının alınması üzrə daha geniş siyasətinin hər hansı əlamətləri yoxdur. Həmçinin Rusiya hakimiyyətinin bu fəaliyyətə cavab olaraq təxliyyəni təşkil edəcəyi aydın deyil", - analitiklər qeyd edib. Belqorod vilayətində vəziyyət -son xəbərlər Artıq neçə gündür ki, Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin (Rusiya könüllülər korpusu və "Rusiyaya azadlıq" legionu) silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir. Bu ərəfədə üsyançılar qubernatora, sadəcə, "ünsiyyət üçün" görüş təklif edib. Bu görüşdə onlar hökumət ordusunun əsir götürülən əsgərlərini təhvil verməyi vəd edib. Qubernator əvvəlcə görüşə razı olsa da, sonradan alternativ görüş yeri təyin edib. Daha sonra o, fikrini dəyişərək görüşdən imtina edib. O zaman "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin əsirləri götürməyə razılaşıb, lakin üsyançılar bəyan edib ki, əsirləri Ukraynaya təhvil vermək daha yaxşıdır. Bu arada isə yerli hakimiyyət və polisin qaçdığı Şebekino şəhərində ucdantutma talançılıq başlayıb. İndi rusiyalılar Ukraynanın zəbt edilən ərazilərində olduğu kimi kütləvi şəkildə bir-birini talan edir.

“Sülh sazişinin tezliklə əldə olunacağı haqda proqnozlar reallıqdan çox uzaqdır...”

“Buna hələ uzun bir yol var... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər  güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır...” “Kişinyov danışıqlarının nəticələrindən danışsaq, göründüyü kimi, ortalıqda  heç bir nəticə yoxdur. Yəni hər hansı bir sənəd imzalanmadı, gözlənildiyi kimi, hər hansı bir anlaşma əldə edilmədi.  Əslində, bunu bir sıra KİV-ə öncəki açıqlamalarımda mən də demişdim ki, oradakı görüşlərdən real heç nə gözləmirəm. Ona görə ki, bugünkü mürəkkəb geo-siyasi situasiyada Azərbaycan və Ermənistan arasında hər hansı bir sənəd imzalanması tərəf tutmaq kimi olacaq”.  Sozcu.az xəbər verir ki, bu sözəri moderator.az-a açıqlamasında  iyunun 1-də Kişinyovda Avropa İttifaqı, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin danışıqlarının nəticələri haqda danışan siyasi təhülksəizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə deyib. “Biz gördük ki, Vaşinqton danışıqları, ondan öncə və sonrakı Brüssel görüşləri – bunlar hamısı Moskva tərəfindən çox aktiv müdaxilə ilə qarşılanır. Rusiya bununla demək istəyir ki, anlaşma heç bir halda əks tərəfin, yəni Qərbin,- istər ABŞ, istər Avropa İttifaqı olsun, istər ikisi birlikdə  olsun, - əldə oluna bilməz. Və bunu həm İrəvanda, həm də Bakıda çox yaxşı anlayırlar. Odur ki, tərəflər hələlik mümkün qədər sülhlə bağlı yekun sənədin, hətta nəinki yekun sənədin, ilkin, çərçivə sənədinin imazalanmasına belə, ciddi təşəbbüs göstərmirlər. Ona görə ki, bu halda Rusiya tərəfdən təzyiq güclənəcək. Digər tərəfdən isə Kremlin vasitəçiliyi ilə sülh sazişini imzalamaq Qərbin hədəfinə gəlmək demək olacaq, həm də Rusiyanın bölgəyə müdaxiləsinə şərait yaradacaq”- deyə açıqlamasının  davamında analitik söyləyib.  “Yadınızdadırsa, Moskva görüşü ərəfəsində də Rusiya baş nazirinin müavini Aleksey Overçuk hansısa sənədin imzalanacağı haqda optimist açıqlama vermişdi. Amma həmin gün Rusiya müdafiə naziri Şoyqu da açıqlama vermişdi. O demişdi ki, bölgədə sülh yaranması üçün KTMT-nin “sülhməramlı” qüvvələri də yeridilməlidir. Yəni Rusiyanın hədəfləri açıq-aydın görünür: hərbi güc vasitəsilə bölgəni öz nəzarətinə qaytarmaq. Təbii ki, bu da istər Ermənistanın, istərsə də Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də sülh sazişi, onun tezliklə əldə olunacağı haqda Azərbaycan mediası və ictimai-siyasi kəsimində gedən müzakirələr, verilən optimist proqnozlar reallıqdan çox uzaqdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasına hələ xeyli yol var. Uzun bir yol... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər  güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır. Bax,  bunlardan asılı olaraq sülhə doğru yol hələ xeyli gediləcək”, -deyə ekspert vurğulayıb.

Kemal Kılıçdaroğlunun yeni komanadası - Adlar

Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ali idarəetmə orqanı olan Mərkəzi İdarə Heyətinin (MYK) yeni tərkibi məlum olub.  Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu seçkilərdə qələbə çalmağın mümkün olmamasından sonra MYK-nın keçmiş tərkibi istefaya getmişdi.  Qeyd olunub ki, partiya seçicilərin səsvermə ilə verdiyi mesajı analiz etdikdən sonra yeni siyasi xəttin hazırlanmasını təmin edəcək. 

Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək

Ukraynada Rusiya ilə müharibənin nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil. Kiyev müharibəni tamamilə haqlı tərəf olaraq yekunlaşdıracaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Bunun necə yekunlaşacağı haqqında biz dəqiq vaxt deyə bilmərik. Bu, çox tez və ya gec ola bilər. Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək. Onlar bu müharibənin əvəzini tam ödəyəcəklər. Nəinki təzminatlarla, nəinki müəyyən əhəmiyyətli itkilərlə, hətta övladlarımızın ərazimizə raket zərbələri endirilərkən hiss etdikləri hər şeyi onlar hiss edəcəklər”, - Podolyak bildirib.

Nərminin qətli: Gündəmi silkələyəcək fakt üzə çıxdı - Foto

Bu, Tovuzda oğurlanıb öldürülmüş Nərmin Quliyevanın atası Şərif Quliyevin Qarabağ müharibəsində hərbi hissədən qaçdığını sübut edən sənəddir. Sozcu.az xəbər verir ki, bu sözləri jurnalist Aytən Məmmədova qeyd edib. “Necə olursa, 30 il keçir, “Nərmin olayı”ndan dərhal sonra ona (Ş.Quliyev) “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün “Müharibə veteranı” vəsiqəsini hadisədən sonra kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra? Şərif həmin gün axşam saat 6-da qardaşıgilə gedəcəkdi. Nə ehtiyac var idi ki, günorta qızını gödəkçəyə görə oraya göndərirdi? Nərmin gəlib çıxmır, arxasınca ondan bir yaş böyük qızı Şəbnəmi göndərir. Şəbnəm də qayıdıb, xəbər verib ki, əmimgil deyir, bir saatdır Nərmin çıxıb gedib. Normalda ata neyləməlidir? Narahat olub qızını axtarmalıdır. Bu isə heç bir addım atmır, qızını axtarmır. Üstündən 3-4 saat keçəndən sonra – axşam saat 6-da qardaşıgilə yollanır (o qardaşı ki Nərmini gödəkçəyə görə onlara göndərmişdi), onlarla birlikdə qonşu kəndə qardaşı qızının toyaxşamına gedir. Orada yeyib-içirlər, axşam saat 8-9 radələrində geri qayıdırlar. Gecə təxminən 11 radələrində – iş-işdən keçəndən sonra polisə uşağın itkin düşdüyünü xəbər verirlər”, – deyə Aytən Məmmədova bildirib. Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Şərif Quliyevin I Qarabağ müharibəsində hərbi hissəni tərk etməsi haqda olduğu deyilən sənədi təqdim edirik:

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya iddiaçılar tərəfindən təmin ediləcək.

Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis təyin etdi - FOTO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb. Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Sergey Atamanenko müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Pirallahıda evdən 10 450 manatlıq oğurluq edilib

Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Tehranda dindirilməyə çağırılan 2 jurnalist həbs edildi

Tehranda saxlanılan Hoda Tohidi və Zəhra Tohidi adlı iki jurnalist Evin həbsxanasına köçürülüblər. Bu barədə onların qardaşı Əli Tohidi məlumat yayıb. Onun sözlərinə görə, jurnalistlər ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün saxlanılıb. Əli Tohidi bildirib ki, bacıları bir neçə gün öncə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırılıb. Onlar mühakimə olunmadan və barələrində irəli sürülən ittihamlar sübuta yetirilmədən cəzaçəkmə müəssisəsinə köçürülüb. Vəkilləri də bildirib ki, dindirilmə zaman jurnalist xanımların müdafiəsinə icazə verilməyib. Onlar bacıların mühakimə olunmadan həbsxanaya köçürülməsini qanunsuz adlandırıblar. Qeyd edək ki,  İran məhkəməsi jurnalistlər "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq"da ittiham edilir.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər

Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə Sozcu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, minalanmış ərazilər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Erməni işğalçıları 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Ağdam şəhər Cümə məscidinə gələn AŞPA-nın həmməruzəçilərinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. AŞPA-nın həmməruzəçiləri sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı qərargahında olan qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

Mərkəzi Bank yoxlamalar aparacaq - DETALLAR

Azərbaycan Mərkəzi Bankı yoxlamalar aparacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, yoxlamalar dövriliyinə görə planlı və plandankənar, əhatə dairəsinə görə hərtərəfli və ya tematik olaraq bu qanuna və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır. Bu zaman yoxlamaların müddəti 45 (qırx beş) iş günündən çox olmayaraq müəyyən edilir. Yoxlamanın aparılması məqsədilə müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxsin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 45 (qırx beş) iş günü müddətinə qədər uzadıla bilər. Planlı yoxlamalar nəzarət subyektinin risk profilinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən yoxlamalar planı üzrə aparılır. Planlı yoxlamalar hərtərəfli və ya tematik olmaqla eyni nəzarət subyektinə münasibətdə ildə bir dəfədən çox olmayaraq aparıla bilər. Plandankənar yoxlamalar hərtərəfli və ya tematik olmaqla aşağıdakı hallarda aparıla bilər: - Mərkəzi Banka təqdim edilən hesabatların təhlili və digər mənbəyi məlum olan məlumatlar əsasında nəzarət subyektində: - kapital adekvatlılığı, likvidlik və ya ödəmə qabiliyyəti göstəricilərinin pisləşdiyi müşahidə edildikdə, o cümlədən aktivlərin itirilməsi təhlükəsi yarandıqda; - aktivlərin keyfiyyəti və maliyyə vəziyyətini xarakterizə edən göstəricilər kəskin və ya davamlı olaraq pisləşdikdə, yaxud dəyişdikdə; - aktivlərin fiziki mövcudluğuna dair əsaslı şübhə yarandıqda; - öhdəliklərin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlər əhəmiyyətli səviyyədə, yaxud davamlı olaraq azaldıqda; - idarəetmə sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların meydana çıxdığı müəyyən edildikdə; - qanunvericiliyin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb olunduqda; - təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə; - maliyyə bazarlarına nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində xarici maliyyə bazarlarının tənzimlənməsi və nəzarət orqanlarının sorğuları daxil olduqda; - müvafiq nəzarət subyekti barəsində yoxlamanın aparılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda; - istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb olunduqda; - nəzarət subyektinə tətbiq edilmiş təsir, təshih tədbirlərinin, sanksiyaların və icrası məcburi olan digər göstərişlərin icra vəziyyəti yoxlanıldıqda, habelə həmin göstərişlərin icrası barədə Mərkəzi Banka müəyyən edilmiş müddət ərzində məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu aşkar edildikdə; - maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulan digər hallarda. Yoxlama planı və yoxlama barədə qərar Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq edilir. Yoxlama barədə qərarda nəzarət subyektinin adı və ünvanı, yoxlamanın başlanma tarixi və müddəti, növü, əhatə dairəsi, yoxlama plandankənar olduqda onun təyin edilməsinə əsas verən hal, yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, habelə yoxlamanın dövrü qeyd edilir. Yoxlamalar Mərkəzi Bankın əməkdaşları və (və ya) Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar (yoxlayıcılar) tərəfindən həyata keçirilir. Yoxlayıcıların tərkibinə qarşılıqlı fəaliyyət prinsipi əsasında Mərkəzi Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı xarici ölkənin nəzarət orqanının əməkdaşları və digər şəxslər (ekspertlər, mütəxəssislər) də daxil edilə bilərlər. Nəzarət subyektinə planlı yoxlamanın başlanmasına azı 7 (yeddi) iş günü qalmış, plandankənar yoxlama zamanı isə azı 2 (iki) iş günü qalmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlama barədə qərara müvafiq olaraq yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi, habelə yoxlamanın dövrü və müddəti qeyd edilir. Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektində əvvəlcədən məlumatlandırmadan yoxlama aparıla bilər. Yoxlama bu barədə qərar təqdim edilməklə həyata keçirilir. Nəzarət subyekti yoxlayıcının işinin təmin edilməsi üçün şərait yaradır, o cümlədən ayrıca yer ayırır və yoxlayıcını lazımi texniki avadanlıqlarla (kommunikasiya vasitələri, surətçıxarma aparatları, çap avadanlıqları və s.) təmin edir. Yoxlamanın nəticələri yoxlama başa çatdıqdan sonra 30 (otuz) təqvim günü ərzində iki nüsxədə (yoxlama məhkəmənin qərarı əsasında aparıldıqda, üç nüsxədə) tərtib olunan yoxlama haqqında hesabatla rəsmiləşdirilir.

Tahir Kərimli ağcaqanadla bağlı çıxışından danışdı: “Filmdə deyildiyi kimi, “lənət olsun içimdəki insan sevgisinə...””

“Azərbaycan mediası sanki böyük bir fəlakət yaşayır. Daha nə deyim? Milli Məclisdə ağcaqanad məsələsini problem kimi qaldırmışam, anti-sanitariyadan malyariya yarana biləcəyini demişəm. Ağcaqanadların hədsiz artdığını dilə gətirmişəm. Çünki əvvəllər dezinfeksiya, sanitariya işləri aparılırdı, problemin qarşısı alınırdı. İndi isə on illərdir bunun olmaması, insanların xəstəliyə tutula biləcəyi məsələsini qaldırmışam ki, problem həll edilsin. Yaxud küçə itlərinin dişləməsi nəticəsində yarana biləcək quduzluq, hətta bunun adam ölümünə səbəb olması, şəhər və qəsəbələrdə kütləvi halda sahibsiz itlərin yayılması təhlükəsini ortaya qoymuşam. Təsəvvür edin, bu problemlər kənara qoyulub, çıxışımın içindən təkcə ağcaqanad hissəsini yazıblar. Utanmadan xəbərin başlığına da qoyurlar. Yaxşı, deyək ki, müxalifətdən kimsə bəyənmir, təhqir edir. Amma görürəm ki, iqtidarda da çoxunun xoşu gəlir, rəvac verir ki, xəbər yayılsın. Çünki özlərinin də məsuliyyəti var axı. Nəyə görə sanitariya tədbirləri həyata keçirilmir? Bu qədər dövlət vəsait ayırır və ya ayırmalıdır. Sanki, iqtidarlı-müxalifətli bir cəbhə açıblar”. Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Kərimli deyib. Deputat bildirib ki, problem həll edilməlidir:  “Sual şəklində demişəm ki, indi nə edək, sahibsiz itləri Koreyaya, Çinə sataq? Yəni tədbir görmək lazımdır. Amma bunlar yazırlar ki, Tahir deyir, itləri Çinə, Koreyaya sataq. Heyvansevərləri üstümə qaldırırlar. Təəssüf edirəm ki, biz bu gündəyik. “Qurani-Kərim”də Allah-Təala bir neçə yerdə “öldür” deyir. Bu gün İslamın əleyhinə olan Qərb və digər ölkələrdə deyirlər ki, İslam necə dindir, adamı öldürməyə təşviq edir. İslam əleyhinə ciddi çıxışlar edirlər, amma heç kim demir ki, Allah nə üçün, hansı halda “Quran”da “öldür” deyir. Mənim də çıxışım ştrix ola bilər. Ancaq heç kim demir ki, Tahir hansı problemləri ortaya qoyub? Bu problemlərdən danışmaq, həll etmək lazımdır. Problemi öz həllindən uzaqlaşdırmaqdan ötrü belə edirlər. İqtidar mənsubları da bunu bilir ki, problemi həll etmək lazımdır, amma həll etmir. Hansı subyektiv səbəblərə görə, bunu bilmirəm, iqtidarın marağı var ki, əleyhimə getsin. Bəs bu müxalifətdəkilər? Onlar arasında qərəzli olanlar da var, lakin sosial şəbəkələrdə əleyhimə yazanlar çoxdur. O qədər bunları cılızlaşdırıblar ki, xəbərin başlığında bir kəlimə görürlər ki, “Tahir Kərimli ağcaqanaddan danışdı”, başlayırlar söyməyə. Axı məsələnin kökünü bilmirlər, xəbəri açıb içini də oxumurlar. Tahir Kərimlinin müsahibəsini də dinləmirlər. Çıxışımın videosu da var. Belə hallar çoxdur, böyük bir dərddir. Məşhur filmdə deyildiyi kimi, “lənət olsun içimdəki insan sevgisinə...” Nə qədər deyirəm ki, xalqın, millətin problemi ilə bağlı danışmayım, hansısa ştrix söz çıxarıb, mənə qarşı hücuma keçəcəklər, yenə də olmur. Ürəyim dözmür, görünür, genetik olaraq belədir ki, xalqın qayğısına qalmaq lazımdır”.

Bakıya eniş edən təyyarənin sərnişini öldü

Bakıda təcili eniş edən təyyarədəki sərnişin Mərkəzi Klinikida vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.  Araşdırma zamanı müəyyən edilib ki, Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olmuş, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının- ikili vətəndaşlığı olan, Tsang Yau Keung mayın 29-da Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib. Təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinikaya yerləşdirilib.  Xəstəxanada müayinə zamanı 1962-ci il təvəllüdlü Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyən edilib və ona Mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində iyunun 3-ü saat 08:00-da ölüb. 

Türk lirəsi o qədər ucuzlaşdı ki... - Tarixi rekord

Türkiyədə valyuta məzənnələri yüksəlməyə davam edir.  Sozcu.az xəbər verir ki, yeni həftənin ilk günü sərbəst bazarda dollar 21,15 Türk lirəsinə bərabər olub.  Rəsmi valyuta məzənnələrinə görə, avro 22,99 lirəyə yüksəlib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir. 

"Ramo"nun aktyoru evlənir

Sonuncu dəfə "Ramo" serialında rol alan türkiyəli aktyor İlker Aksum evlilik qərarı alıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Dilay Ekmekçioğlu ilə nikah masasına oturmağa hazırlaşır. Qeyd edək ki, cütlük 2 ildir eşq yaşayır.