Limit ləğv edildi - Mərkəzi Bank məlumat yaydı

Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub. Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilmiş, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir. Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib. Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Kəmaləddin Heydərov bu şəxsə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət mayoru Bağırov Orxan Etibar oğlu FHN-in Muğan Regional Mərkəzinə rəis təyin edilib. Bu vəzifəyə qədər Orxan Bağırov Bakı Regional Mərkəzində şöbə rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, uzun illər sözügedən mərkəzin rəhbəri Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov olub. Mehman Axundov bu ilin yanvar ayında öz istəyi ilə təqaüdə göndərilib, yerinə Vüqar Qüdrət oğlu Ağayev təyin edilib. Onun rəis olduğu dövür ərzində mərkəzdə rəis müavini vəzifəsi boş qalıb.

Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib. Sozcu.az xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər. Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb. Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib. Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

Xanlar Cəfərov dələduzluqda təqsirləndirilir - MƏHKƏMƏ

Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib. Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb. İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib. Məhkəmədə X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. Növbəti proses avqustun 23-nə təyin edilib. Qeyd edək ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.

Heç bir şey etmədən pul qazanır: Hər kəsin istədiyi iş

Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib. Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb. "Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim" - o bildirib. Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.

Hər kəsin sevdiyi dondurmanın ZƏRƏRLƏRİ

Böyükdən kiçiyə hər kəsin sevimli deserti olan dondurmanın piylənməyə səbəb olduğu açıqlanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislər yay aylarında bu deserti olduqca az istifadə etməyi məsləhət görür. Qeyri-sağlam hesab olunan dondurmanın tərkibindəki şəkər və yağ kökəlməyə gətirib çıxaran əsas faktorlardandır. Diyetoloqlar bildirir ki, dondurma ən çox belini incəltmək istəyənlər üçün tövsiyə edilmir. Onların tərkibindəki şokolad dənəcikləri, yağlı süd və qaymaq kalorilərin artmasına xidmət edir. Bu da bel ətrafında çəki artımına gətirib çıxarır. Mütəxəssislər adi dondurma əvəzinə daha sağlam variantlar təklif edirlər. Təbii dadlandırıcılar və təzə meyvələrlə dondurulmuş qatıqlara üstünlük verin. Əsl meyvədən hazırlanmış və şəkər əlavə edilməyən şərbətlər və ya daha az şəkərli kiçik bir parça tünd şokoladdan zövq almağa çalışın. Arada-bir dondurma yemək olsa da, müntəzəm istehlak şəkər xəstəliyinə, çəki artımına və ürək problemlərinə səbəb ola bilər. Unutmayın ki, sağlam həyat tərzi üçün moderasiya vacibdir.

İlkay Gündoğan bu həftə "Barselona"dan ayrıla bilər

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klubu tərk edə bilər.  Sozcu.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Kataloniya təmsilçisi onu La Liqada qeydiyyatdan keçirə bilməsə, türkəsilli almaniyalı yarəmmüdafiəçinin müqaviləni birtərəfli qaydada ləğv etməsi mümkündür. Bununla bağlı onun müqaviləsində bənd yer alıb. Futbolçu bu həftə "Barselona"nın heyətində heç bir rəsmi oyun keçirmədən klubu tərk edə bilər. Xatırladaq ki, Gündoğan bu yay Kataloniya təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. Müqavilənin daha 1 mövsüm uzadılması variantı var. Qeyd edək ki, "Barselona" La Liqada yeni mövsümün ilk oyununda avqustu 13-ü "Xetafe"nin qonağı olacaq.

Məşhur müğənni qəzaya düşdü

Türkiyəli məşhur müğənni Tan Taşçı avtomobil qəzası keçirib.  Sozcu.az xəbər verir ki, qəza zamanı meneceri də yanında olub. Xəsarət alaraq xəstəxanaya çatdırılan müğənni və menecerinin həyati təhlükəsi olmasa da, xəstəxanada müalicələri davam edir.  Avtomobil yararsız hala düşüb.

Sabah 44 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi bildirilir. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Vətəndaşların diqqətinə! Hər ay bu idarəyə qanunsuz pul verirsiniz

30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. "JEK”lər "fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb. 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan "JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Bəs "Jek”lərin fəaliyyəti nə dərəcədə qanunidir? Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hər kəsin Mənzil Kommunal İstismar Sahəsi kimi tanıdığı "JEK”lərin fəaliyyəti qanunsuzdur: "Hər kəsin MİS kimi tanıdığı və JEK kimi bildiyi idarələr əslində 1959-cu ildə SSR-də yaradılıb. Bu idarələrin əsas məqsədi dövlətin balansında və mülkiyyətində olan vətəndaşlara verilmiş çoxmənzilli binaların idarə olunması, onun kommunal şəraitinin yaxşılaşdırılması və ya həmin əraziyə kommunal xidmətlərin göstərilməsi olub. Lakin dövlətimiz müstəqilliyini qazandıqdan sonra artıq bir özəlləşdirmə dalğası başladı və bunun nəticəsində vətəndaşlar sosial kirayə müqavilələri əsasında onlara məxsus olan orderli mənzilləri özlərinin mülkiyyətinə keçirə bildilər. 2009-cu ilə qədər Azərbaycan Respublikasının ərzisində Azərbaycan SSR-nin mənzil məcəlləsi qüvvədə idi. 2009-cu ildə isə həmin qanun ləğv olunub və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minib”. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması "JEK"lərə həvalə olunub: "Amma 2018-ci ildə həmin qanundakı o müddəa ləğv olundu və maddədə göstərilən həmin hissə, yəni "JEK"lərə aid olan bənd ləğv olunub. Bununla da "JEK"lərin ən böyük səlahiyyəti itirilmiş hesab olunub. Səlahiyyəti itirilmiş bir idarənin də qanuni fəaliyyət göstərməsi, pul yığması əsassız və qanunsuzdur, çünki onların bu gün bununla bağlı qanuni əsası mövcud deyildir”. Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi, habelə qaydaların pozulmaqla müqavilənin əksinə həyata keçirilməsi məsuliyyətə səbəb olur. Yəni bu birmənalı olaraq qanun pozuntusudur. Amma təəssüflər olsun ki, bu gün vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdir. Onlar daha çox "JEK"lərə ailə tərkibi haqqında və ya yaşayış yerinə dair yaşayışla bağlı müraciət edirlər və müraciət etdikləri anda da "JEK"lər onlara yığılmış mənzil xidmətləri borcunun müəyyən bir qisminin ödənilməsi qarşısında arayışın verilə biləcəyini bildirir. Amma vətəndaşlar bilməlidir ki, həm ailə tərkibi haqqında arayışı, həm də yaşayış yerinə dair arayışı istənilən Asan Xidmət məntəqələrinə müraciət etməklə almaqları mümkündür. İndiki halda qanunsuz halda fəaliyyət göstərən "JEK"lərin ləğv olunmaqla onların işçi heyyətinin bələdiyyələrin tərkibinə verilməsi və vətəndaşların da həmin kommunal ödənişləri bələdiyyələrə ödəməsi daha məntiqli və qanunidir. Bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır", deyə Ramil Süleymanov qeyd edib.

Əmilərini öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib. Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Bu məktəblərdə forma DƏYİŞMƏYƏCƏK

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir: "Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Naxçıvan Muxtar Respublikası Təhsil, İqsadiyyat nazirlikləri və şəhər, rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən ənənəvi məktəbli yarmarkaları bu il də davam etdiriləcək. Yarmarkalarda digər məktəbli ləvazimatları ilə yanaşı, məktəbli formalarının satışı da həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideyinlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideyinlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq".

MİT Suriyada yeni əməliyyat keçirib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında yeni əməliyyat keçirib. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 3 üzvü və xeyli sayda silah-sursat ələ keçirilib.

“Sərhəddəki “humanitar yardım” şousunu Paşinyan hökuməti təşkil etməyib... Çünki...”

“Ermənistan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır...” “Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...” Bu fikri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Ermənistanla sərhədimizdə artıq iki həftədən çoxdur ki, davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousuna Rusiya-Qərb, ABŞ qarşıdurması kontekstindən baxsaq, nə görərik?” sualını cavablandırarkən dilə gətirib. “İlk günlərdə bu yardım şousunun arxasında kimin dayandığı, hansı təşəbbüslərin göründüyü aydın deyildi. Amma elə avqustun 8-də də istər Qarabağ erməniləri, istərsə də Ermənistandakı şərti olaraq “miatsum” tərəfdarlarının təşkil etdiyi aksiyalar, səsləndirilən hədə-qorxular, Laçın dəhlizinə, Şuşaya və ümumiyyətlə, Azərbaycana doğru yürüş cəhdləri, o cümlədən də Paşinyan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır”- siyasi şərhçi belə deyib.  Analitik  açıqlamasında ABŞ-ın və bəzi Avropa ölkələrinin “humanitar yardım” şousu ilə bağlı Azərbaycanın tənqid edən bəyanatlar verməsinin səbəbini də izah edib. “Təbii ki, Qərb ölkələri həmin “humanitar yardım” şousu ilə bağlı müəyyən bəyanatlar verdilər, humanitar böhranı aradan qaldırmaq haqqında Azərbaycana müraciət etdilər, hətta tənqid də etdilər. Görünür, bu da səbəbsiz deyildi, səbəb də ondan ibarət idi ki, tərəfləri, bax, bu tipli aksiyalardan çəkinməyə məcbur etsinlər, yaxud sövq etsinlər və ya bunu tövsiyə etsinlər. Amma hər halda avqustun 8-də Ermənistanda baş verənlər, həmin bu humanitar yardım deyilən aksiya ilə, ona dəstək həyata keçirilməsi ilə bağlı Azərbaycana doğru yürüşlər etməyin kimi  təşəbbüsü olduğu açıq-aydın göstərdi. Əgər Ermənistan hökuməti o “humanitar yardım” şousuna dəstək aksiyasının, bununla bağlı Laçın sərhəd postuna doğru yürüş cəhdinin qarşısını alırsa, bu da açıq-aydın göstərir ki, bəhs edilən şou Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin təşkil etdiyi bir təxribat deyil. Ermənistan hökumətinin isə Azərbaycanla sülh, Qarabağ məsələsində partnyorları Qərb ölkələridir, Rusiya deyil. Deməli, Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...”- ekspert belə deyib. “Təsadüfi deyildi ki, son günlər Araik Arutyunyanın da ritorikası kəskinləşdi. O, Paşinyanı ittiham etməyə başladı. Düzdü, bu ilk dəfə deyil. Ancaq hər bir halda görünən budur ki, Kreml artıq total bir hücuma keçib. Və Rusiya XİN-in MDB departamentinin rəhbərinin “Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcək və hətta yeni münaqişələr üçün zəmin yarada biləcək” deməsi heç də sadəcə sözlər deyilmiş, bunun arxasında artıq konkret fəaliyyət dayanır və ya görünür”- deyə Ərəstun Oruclu vurğulayıb.

İranda etiraz edən müəllimlər işdən qovuldu

İranda Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri Lida İsmaili və Əlirza Himməti işdən qovulublar. Sozcu.az xəbər verir ki, bu barədə Təhsil İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb. Hər iki müəllimin Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurasının qərarı ilə cəzalandırıldığı bildirilib. Onlar müəllimlərin hüquqlarını təmini ilə bağlı fəaliyyətləri, etiraz aksiyasında həbs edilən müəllim və tələbələrin azadlığını tələb etdikləri üçün işdən qovulublar. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən, tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Müəllimlərin bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

533-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 533-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 252 200 hərbçi, 4278 ədəd tank, 8303 ədəd zirehli döyüş maşını, 5028 ədəd artilleriya sistemi, 711 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 469 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7495 ədəd avtomobil texnikası, 4179 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 746 xüsusi avadanlıq itirib.

Nabranda avtomobil aşdı: ölən var

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib. 2000-ci il təvəllüdlü Tofiq Pərviz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bakı nefti bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 87,50 dollara, yüngül neftin bir barreli isə 84,36 dollara, "Azəri Layt" markalı Azərbaycan neftinin bir barreli isə 91,15 dollara satılır.

Putinlə heç vaxt danışıq olmayacaq - Ukrayna

Kiyev Moskva ilə yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılacağı danışıqlara hazırdır, lakin Putinlə deyil. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. “Məqsədə müharibə və diplomatiyanın birləşməsi yolu ilə nail olmaq olar. Ukrayna generalları Rusiya qüvvələrini geri çəkilməyə sövq etməli, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqla məşğul olmalıdır. Amma bizə aydındır ki, biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görməyəcəyik”, - Kuleba bildirib.

Başkənd uğrunda savaş( 1992-ci il avqust) - Dilqəm Əliyev yazır( 5-ci hissə)

Mutudərə döyüşü həqiqətən Gədəbəy uğrunda gedən döyüşlərin ən ağırı oldu. Birdən sul verilər ki,Dilqəm yazırsan ki,dayanmadan atəş açırdıq yazırsan. Bəs bu qədər mərmini, gülləni haradan alırdın? Cavabı çox sadədir : Gədəbəydə fövqaladə səlahiyyətli Səxavəddin Nəsibli adlı Gədəbəyli ziyalı şəxs var idi. Yəqin ki, Gədəbəylilər onu yaxşı tanıyarlar. Həmin Səxavəddin müəllim 4(Dörd) maşın sursatı vaxtında bizə çatdırdı. Əgər o sursatlar vaxtında olmasaydı,Gədəbəy də bəlkə qaçqın həyatı yaşayardı. Biz 07.08.1992-ci il tarixdə tərpənən nə varsa hamısını vurduq. Varlığa nə darlıq. PDM-lərin topları od kimi qızmışdı. İsgəndər və Sahib də dayanmadan çayın sahilindəki evlərdə gizlənən erməniləri QRAD atəşi ilə məhv edirdilər.Belə ki, ermənilər mülki evlərə doluşub bizə atəş açırdılar. Yuxarıda qeyd etdiyim kimi həm Krasnoselskidən gələn erməni və ruslar,həm də Başkənddən çıxan ermənilər Mutudərədə öz hərbçilərinə qoşularaq bizə qarşı döyüşürdülər. Həmin döyüşdə mənim ən çox çəkindiyim texnika PDM-2 idi. Belə ki,mən Ukraynada xidmət edəndə məhz PDM-2 rotasında xidmət etdiyimdən onun nəyə qadir oduğuna mükəmməl bələd idim. Bacarıqlı əllərdə PDM-2 sürətli,dəqiq,uzaq məsafəyə atışlarına görə tək başına çox işin öhdəsindən layiqincə gəlir. Bir sözlə PDM-1-in PDM-2-yə qarşı şansı həddən artıq azdır. Ona görə də Əfqanıstan müharibəsində Sovet qoşunları PDM-1-ləri PDM-2 ilə əvəzlədilər. Burada da eyni şey idi... Burada ermənilər PDM-2-dən atış edəndə açıq mövqeyə çıxır,10--15 saniyə gözləyir və sonra atırdılar.Bu onların böyük səhvi idi. Mən Ali Hərbi məktəbdə oxuyanda Atəş hazırlığı müəllimimiz Mayor Nikel bizə sual verən kimi fikirləşməyə vaxt vermədən bizdən cavabı dərhal tələb edirdi. Bizlərin narazılığına cavabı çox sadə idi: Yodaş Kursantlar, mən sizə istədiyiniz qədər vaxt verə bilərəm və siz bütün suallara cavab verə bilərsiniz. Amma döyüşdə DÜŞMƏN sizə bu VAXTI VERƏCƏKMİ? İndi ona nə qədər minnətdar idim,bunu tək ALLAH bilir. Odur ki,açıq mövqeyə çıxıb PDM-2 nin çıxışını gözlədim. Burada hər şeyi mənim onu birinci atəşlə vurub vurmayacağım həll edirdi. Yox əgər vura bilməsəm bu hər şeyin sonu oilacaqdı. O,görünər-görünməz mən atəş açdım. Mərmi qüllə və korpusun birləşdiyi yerdən dəydi. PDM-2-nin qülləsi sıradan çıxdı. O,artıq döyüşə tam yararsız hala düşdü və döyüş müydanınıl tərk etdərək getdi... Arada imkan tapıb 37 mm-lik topu da sıradan çıxarda bildim... Gecə saat 22.30 radələrində bizim sursatımız tükəndi. Bu zaman qaranlıq yerdən mənə qarşı alov çıxdığını gördüm və mən də dərhal həmin yerə atəş açdım. Qumbaraatan mərmisi PDM-in altında partladı.Mənim atdığım mərmi isə ermənilərin gizləndiyi yerə dəydi. 4--5 nəfər məşələ dönmüş adamın necə qamasını bir neçə saniyə müşahidə etdim. Onlar bir az qaçaraq yerə yıxıldılar(yandılar).Axmaqlar yanacaq çəninin arxasında gizləniblərmiş. Düşmən yavaş--yavaş irəliləməyə başladı. Mən artıq ancaq insan komuna atəş açırdım. Qrad da atəşi dayandırdı. Digər PDM-də olan Paşa gecə cihazından istifadə edə bilmədiyindən vəziyyət lap pisləşdi. Bu zaman əsgərlərdən biri:   -- Komandir ora bax,nə gəlir? Dedi.  Mən həmin yerə baxdım. Atəşin səngidiyini görən ermənilər irəlidə PDM-lər lə kəndin içinə doğru gəlirdilər. Mən məcburən GERİ ÇƏKİLİN əmrini vermək istəyirdim.Lakin bu zaman bir neçə əsgərin qucaqlarında PDM mərmiləri gətirdiklərini gördüm. Dayanmadan Qəlıpəli və ya Kumulyativ mərmi demədən,hansını verdilərsə onu da ermənilərə atdım. Düşmən yaxında olduğundan mərmilər hamısı hədəfə dəydi. Biz öz yerimizdə qaldıq. Həmin mərmiləri 861 saylı alayın sursat anbarı rəisi gizir Balayev Mübariz bizə çatdırdı. Yerimizdə qalmağımıza baxmayaraq vəziyyət son dərəcə gərgin idi. Bu zaman gecənin qaranlığını Qasımağalı tərəfdən gələn Tank səsi bürüdü. Bu nədir? Mühasirədir,yoxsa nə??? Hər ehtimala qarşı PDM-in topunu səs gələn yerə çevirdim... Gələnlər QAZAX TANKçıları idilər. Onların komandiri baş leytenant Salmanov Eldar öz tankçıları ilə vaxtında köməyimizə çatdılar. Tank səsini düşmən də duydu. Gecə səhərə qədər nisbi sakitlik yaşandı. Onu da qeyd edirəm ki, axşam saatlarında mən sol tərəfə baxanda düşmən texnikasının yerini mənə deyən qadının əlində avtomat düşmənə tərəf güllə atdığını gördüm. Belə XALQI HEÇ KİM MƏĞLUB EDƏ BİLMƏZ. Gecə vaxtı isə PDM-in gecə görmə cihazı ilə ermənilərin ay işığında öz meyitlərini maşınlarla yığıb apardıqlarını müşahidə etdim. Onlar bir neçə reys etdilər. Onlar meyitləri üst-üstə yığırdılar... Səhər tezdən saat 08 - 09 radələrində mən PDM-in motoruna yağ tökənə qədər İsgəndər və Paşa QRAD və PDM-lə kəndin içinə doğru hərəkət etdilər. Bu səhv hərəkət idi. Onları hər an vura bilərdilər. Odur ki, işimi yarımçıq qoyub tez onların arxası ilə getdim və zamanında çatdım. Düşmən PDM-i topunu aşağı salıb atışa hazırlaşırdı. Hərəkətdə ikən ona atəş açdım. Mərmi onun üstündən keçdi və PDM geri çəkildi. Geriyə baxdım və Gədəbəyin Kom.Batı Malbaxovun əlində TT markalı tapança ilə piyadaların önündə gəldiyini gördüm, Şəmkirdən olan Dəli Kür Praporşiklər rotası da onunla idi. Əsil real kino sənhəsi idi. Artıq tək deyilik,qələbə ovcumuzdadır...    ARDI VAR... Dilqəm Əliyev 

“Xankəndi müharibə elan etdi... -Bizim də hədəfimiz elə birbaşa Xankəndi olmalıdır...”

“Araik Arutunyanın dünən dünyaya təcili müraciət-xəbərdarlığı Azərbaycana müharibə elan etmək idi...” Azərbaycanın erməni-rus işğalı altında qalan ərazisində vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Laçın yoluna tətbiq edilən bəzi məhdudiyyətləri bəhanə gətirən separatçı rejim daxilə və xaricə yönəlik yeni siyasi xətt yürütməyə başlayıb. Daxildə qondarma parlamentin sədri istefaya gedəndən sonra onun yerinə “Daşnaksütyun” partiyasının üzvü David İşxanyan gətirilib. Ermənistanda müxalifətdə olan və baş nazir Paşinyan tərəfindən daşnakların xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana giriş qadağası tətbiq olunduğu bir vaxtda, Xankəndində daşnakın vəzifəyə gətirilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü Xankəndində hakimiyyətə gətirilir və İrəvandan daha çox diaspora ilə işbirliyində olmağı məqsədəuyğun hesab etməklə, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiq gücləndirilir. Bu, Rusiya tərəfindən idarə olunan separatçı rejimin yeni siyasi xəttidir və strateji hədəflərində dəyişiklik baş verdiyini göstərən əlamət kimi dəyərləndirilməlidir. Araik Arutunyanın BMT başda olmaqla dünyanın aparıcı siyasi qurumlarına, ABŞ, Fransa, Rusiya dövlət başçılarına son təcili müraciət-xəbərdarlığı, İrəvandan deyil, beynəlxalq qüvvələrdən kömək tələbini (bu istək deyil, tələbdir) yeni xəttin bariz nümunəsi hesab etmək olar. Araik müraciətində Ermənistana xəbər ünvanlayıb ki,  sizə elə də ehtiyacımız yoxdur, amma “Artsaxdan danışanda ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının Xankəndi separatçıları üçün bir o qədər əhəmiyyəti yoxdur, hətta iki ölkə arasında sülh müqaviləsi imzalansa belə, onların “öz müqəddaratını təyin etmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək...  Bu mübarizə-müharibə, əlbəttə, Azərbaycanla aparılacaq və Xankəndi separatçılarının lideri dünyaya son müraciət xəbərdarlığı ilə perspektivdə təkbaşına deyil, ünvanladığı tərəflərlə birgə olacağını nəzərdə tutur. Araik bildirir ki, bu tərəflərin önündə Rusiya Federasiyası dayanır, o sahədədir, başqa qüvvələr isə masadan Azərbaycana təzyiq göstərsin, sanksiyalar tətbiq etsin, Azərbaycan Avropa Şurası üzvüüyündən çıxarılsın. Bu müharibə elan etmək deyilsə, nədir?..  Araik erməni xislətinə sadiq qalaraq, müraciətdə 17 dəfə “genosid” ifadəsini işlədib. Hələ bir nəfərin burnu qanamadığı halda “sevimli genosid” ermənilərin şüarı olaraq qalır. Yer üzündə ermənilər qədər “məzlumluğu” ilə dilənçilik edən və bununla fəxr edən ikinci millət tapmaq mümkün deyil. Bu “yazıqlığ”ın arxasında hansı məkrin, qəddarlığın dayandığını biz də bilirik, dünya da, sadəcə dünya gücləri bu millətdən yeri gələndə təzyiq vasitəsi kimi istifadə ediblər, edirlər...  Dünən İrəvanda etiraz aksiyası keçirən “ Səlibçilər” dəstəsi belə bir bəyanat verib:” Laçın yoluna doğru gedirik, qoy, türklər bilsinlər ki, erməni xalqı oyanıb”. Soruşmaq lazımdır: “nə oldu, nə etdiniz də ayıldınız?”.  Məqsədiniz bəllidir: dəstəni “səlibçi”, “xaçdaşıyanlar” adlandımaqla Qarabağ problemini dinlərarası müstəviyə keçirmək və xristian dünyasını bizə qarşı qoymaqdır. Keçməz... Ermənilər son günlər “humanitar fəlakət” şousu altında gərgin situasiya yaradıb, Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə məruz qoymaq siyasətinə xüsusi önəm verməklə maraqlarını, konkret olaraq Laçın yolunun tamamilə açılmasını, ümumiyyətlə, nəzarət məntəqəsinin ləğvini tələb edirlər. Yuxarıda qeyd olunanlar bölgədə situasiyanı gərginləşdirir. Biz nə etməliyik?.. Xankəndindəki separatçı rejim məlum havadarlarının dəstəyilə bizə müharibə elan edib, dünyanı da bu müharibədə özünə müttəfiq etməyi planlaşdırır.  Deməli, bizim də hədəfimiz birbaşa Xankəndi olmalıdır. Bu ilin may ayından yenidən danışıqlara start veriləndə Azərbaycanı “danışıqlar burulğanına, labirintinə” salıb vaxtı uzatmaq siyasətinin başlandığını və bu uzadılan müddətdə ermənilərin hər cür təxribata, şantaja əl atacaqlarını qeyd etmişdim. İndi o rəngli şantaj təxribatın nümunəsini Araik dünən nümayiş etdirdi və yalnız bizi deyil, müraciət-xəbərdarlıq etdiyi ünvanları da unutmadı. “Siz başa düşürsünüzmü”, “siz dərk edirsinizmi”, “doğrudanmı siz narahat olmursunuz” və bu kimi etikadan uzaq ifadələrlə (Araikin aləmində bu təsiredici ifadə üslubudur) faktiki müraciət-xəbərdarlıq etdiklərini də şantaj edib. Rusiyanın idarə etdiyi separatçı rejimdən ayrı nə gözləmək olar? Ona görə də Rusiyanın rəsmiləri sülh danışıqları başlayanda “Qafqaz əsiri”nin Saaxovu kimi:” Yoox, tələsmək lazım deyil”məsləhətini verirlər...  Sülh danışıqları ilə paralel olaraq, təcili Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsinin siyasi və hərbi yolu gündəmə gətirilməli, qarşı tərəflərə vaxt verib xəbərdarlıq edilməlidir. Separatçılar dünyaya xəbərdarlıq müraciəti göndərə bilir, biz beynəlxalq hüquqa əsaslanan xəbərdarlığımızı edə bilmirik?! Uzaq keçmiş yox, ən yaxın tariximiz- 1988-ci ilin fevralın 13-dən 2020-ci ilin 27 sentyabrınadək - bizə dərs deyilmi? Erməni sərtlik görməsə, yola gələn məxluq deyil. Bir daha təkrar edirik: erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının müddətini təyin edib xəbərdar etmək; keçmiş Dağlıq Qarabağ ərazisindən etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının doğma yurdlarına qayıdışı üçün zəruri siyasi-diplomatik addımları gecikmədən gündəmə gətirmək; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparıb tərəfimizdən humanitar malların Ağdam yolundan çatdırılmasını həll etmək; düşmənin son müraciət xəbərdarlığına qarşı informasiya təbliğatını beynəlxalq ictimaiyyətə çatdırmaq...(moderator) İlham İsmayıl

Bayden ukraynalı pilotlara F-16 təlimi keçmək üçün "yaşıl işıq yandırdı" – Pentaqon

ABŞ ukraynalı pilotların Amerika istehsalı olan Qərb tipli F-16 təyyarələrində təlim keçməsini dəstəkləyir. Sozcu.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çərşənbə axşamı Ukrayna pilotlarının birinci qrupunun təlimlərə hazır olması ilə bağlı xəbəri şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bunu mümkün etmək, həmçinin F-16-da ukraynalı pilotların təliminə dəstək vermək üçün "yaşıl işıq yandırıb”. "Bildiyiniz kimi, hazırlıqlara Danimarka və Hollandiya rəhbərlik edir", - ABŞ müdafiə sözçüsü əlavə edib. Sinq qeyd edib ki, hələlik Amerika tərəfdən qarşıdakı təlimin təfərrüatları ilə bağlı rəsmi açıqlama yoxdur.

SEPAH zabiti Çaldıranda öldürüldü

Avqustun 8-də Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində SEPAH zabiti Əmir Hüseyn Salehian naməlum şəxslər tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. “Zabit vəzifə başında olduğu vaxt əks-inqilabçı qüvvələr tərəfindən qətlə yetirilib”, - məlumatda qeyd olunub.

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi...

Sozcu.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktları təqdim edir. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. *** Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. *** Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranır:  “Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım Nabat müəllimin xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”. Rayonda - xəstəxananın həyətində dostunun bir nəfərlə sözü çəpləşir. Dava başlayır. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.  “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana göstərdi ki, əslində, həyat nədir, necədir...” Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə “R” hərfini əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib. "Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə, xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam". ***  Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir: “Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər”. İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırlarmış. Həsən Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır və tapşırır ki, ssenarini verin ona oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. Rejissor Səhiyyə nazirinə zəng vurur. Xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana - əsəb sanatoriyasına göndərirlər. *** 1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayırmış. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi. Moskvada, kino festivalı vaxtı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir, onunla zarafat eləyirlər, cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.