“Milli iqtisadiyyatın şaxələndirilməsi baxımından ölkədə turizmin inkişafına yönəlik investisiyaların həcminin artırılmasına və onun effektivliyinin təmin olunmasına xüsusi önəm verilməlidir. Dövlət infrastruktur seqmentini öz üzərinə götürməli, özəl sektor isə işgüzar fəaliyyətin canlanmasına doğru müvafiq istiqamətlər üzrə investisiyaları artırılmalıdır. Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına, bank sektorunun bu işlərdə aktiv rol oynamasına ehtiyac var”.
Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.
O qeyd edib ki, qış turizminin daha da inkişaf etdirilməsi üçün işlər görülməlidir:
“Qusar, Quba, Xaçmazda artıq bu istiqamətdə müvafiq infrastruktur işləri görülüb. Eyni zamanda bazarda təklifin çoxalmasına, rəqabət mühitinin inkişafına ehtiyac var. Bu isə qiymətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Eyni zamanda ölkəmizin Qərb bölgəsində, xüsusilə Gədəbəy rayonunda qış turizminin inkişafı ilə bağlı müvafiq infrastruktur və özəl sektorla bağlı işlərin reallaşdırılmasına ehtiyac var. Orada mövcud olan potensialın böyük hissəsi hələ də reallaşmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi önəm verməlidirlər”.