Aqrar Sığorta Fondu fermerlərə ödənişlərini açıqladı

Aqrar Sığorta Fondu (ASF) aqrar sığorta hadisələri üzrə 2023-cü ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ödənişləri açıqlayıb. Fonddan Sozcu.az-a verilən məlumata görə, 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirilib. Sığorta ödənişlərinin 742,3 min manatı bitkiçilik, 432,4 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həyata keçirilib. Hesabat dövründə bitkiçilik sahəsi üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb. Bitkiçilik üzrə ən çox sığorta ödənişləri pambıqçılıq sahəsi üzrə olub. Bu sahə üzrə 100 fermer və təsərrüfata 372 042 manat ödəniş edilib. Arpa əkinləri üzrə 85 fermerə 190 684 manat, buğda sahəsi üzrə isə 35 fermerə 158 241 manat ödəniş həyata keçirilib. Heyvandarlıq sahəsi üzrə isə 24 fermer və təsərrüfat sığorta hadisəsi ilə bağlı ödəniş alıb. Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

539-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 539-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 255 570 hərbçi, 4324 ədəd tank, 8380 ədəd zirehli döyüş maşını, 5152 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 485 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7614 ədəd avtomobil texnikası, 4248 ədəd PUA, 1404 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,56 dollara, yüngül neftin bir barreli isə 80,68 dollara satılır.

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Urojaynoe yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar rəsmi açıqlamasında məlumat verib. “Urojaynoe azad olundu. Ordumuz ərazidə möhkəmlənir. Hücum əməliyyatları davam edir”, - Malyar bildirib. Qeyd edək ki, bir neçə gün öncə də Ukrayna ordusunun Urojaynoe yaşayış məntəqəsini azad etməsi barədə də məlumatlar yayılmışdı.

Dənizdə batan 4 nəfərin meyiti tapıldı

Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb. Bu barədə Sozcu.az-a FHN-dən bildirilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Telefonlara gələn zəlzələ xəbərdarlığı... - Rəsmi açıqlama

Telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib. Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ baş verib.

"Rusiya dağılacaq" - Politoloq

Azərbaycan üçün dörd həyati əhəmiyyəti bölgədən biri olan Şimali Qafqazda son zamanlar ciddi hadisələr baş verir. Elektrik enerjisinin fasilələrlə verilməsinə, suyun olmamasına və ən nəhayət bahalığa etirazlar ağır qəzalarla müşaiyyət olunur. Böyük təlafata səbəb olan qəzalar təsadüfi deyil, məntiqi hadisələrdir. Dövlətin çöküşü ərəfəsində bir qayda olaraq infrastruktur dağılmağa başlayır. Proseslərin pisləşən xəttlə davam edəcəyini nəzərə almaq lazımdır. Əks halda bir neçə aydan sonra sürprizlə qarşılaşa bilərik. Rusiyanın mövcudluğunu qoruyacağına inanmaq böyük səhv olar. Heç bir möcüzə olmayacaq və çökməkdə olan imperiya hökmən dağılacaq.  Çünki ətalət qanunu ilə hərəkət edən cəmiyyətlər müəyyən zamandan sonra hadisələrin xüsusiyyətlərinin pisləşməsi nəticəsində deqredasiya mərhələsinə daxil olur. Uzun zaman böyük imperiyadan miras qalan ətalətlə hərəkət edən Rusiya bir müddətdir ki, deqredasiya mərhələsinə daxil olub. Ətalət mərhələsi on illər çəksə də, deqredasiya mərhələsi bir qayda olaraq qısa, bir neçə il çəkir. Hətta kənar müdaxilələrin təsirləri ilə bir neçə aya da yekunlaşa bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə proses eyni ardıcılıqla və məntiqlə davam edir. Qurumuş ağacın çürüməsi uzun müddətli, çürümüş ağacın aşması qısa zaman işidir. Güclü külək və ya yağış çürümüş ağacı vaxtından öncə aşıracaq. Cəmiyyətlərin də cürüməsi uzun müddət çəkdiyi halda, çürümüş cəmiyyətin dağılması qısa zaman işidir. Rusiyanın Ukraynada üzləşdiyi hərbi məğlubiyyət çürümüş ağacı aşırmaq üzrədir. Xəqani Cəfərli, siyasi şərhçi 

Şuşada əsir saxlanılan azərbaycanlı: “Ermənilər əsirləri öldürüb, meyitlərini donuzlara yedirirdilər”

“Elə əsir yoldaşlarım vardı ki, onları iş görmək adı ilə aparıb, geri gətirmirdilər”. Sozcu.az xəbər verir ki, bu sözləri Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib. Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıblar: “Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm. Bir il doqquz ay bu Şuşa həbsxanasında əsirlikdə qalmışam. Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıblar. Bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət veriblər. O vaxt həbsxananın həyətində olan hovuz su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar. Burada əsirləri öldürüb meyitlərin donuzlara yedizdirirdilər. Hətta bir əsirimizi burada asmışdılar. Gördük ki, donuzlar aşağıdan yuxarıya doğru ağızları çatana qədər onun meyitini yeyirlər...”

İmamoğlu yenidən bələdiyyə sədri ola biləcəyinə işarə etdi: “İstanbul ittifaqı qurmağa gəlirəm”

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu gələn il baş tutacaq bələdiyyə seçkilərində yenidən bu posta namizəd ola biləcəyinə işarə edib. İmamoğlu bu barədə Haliç Konqres Mərkəzində kameralar qarşısında çıxışı zamanı deyib. “Mən Böyükşəhər Bələdiyyəsinin sədri olduğum zaman bütün xalqımıza söz vermişdim ki, bu müqəddəs şəhərin ən uğurlu bələdiyyə sədri olacağam. Bu vədimə əməl etməyə davam edəcəyəm”, - deyə o qeyd edib. “Yoxsulluğu aradan qaldıran firavan bir şəhər yaratmaq, dünyanın bütün texnoloji yeniliklərinə və inkişafına ev sahibliyi etmək üçün yola çıxıram. İstanbullular və şəhərinə, səsvermə hüququna sahib çıxan İstanbul Könüllüləri ilə yenidən İstanbul ittifaqını qurmağa gəlirəm”, - deyə Əkrəm İmamoğlu vurğulayıb.

"Volt Azərbaycan": AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam yol seçib

"Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə "Volt Azərbaycan" MMC məlumat yayıb. “Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - qeyd olunub.

"Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz"

Beynəlxalq tərəfdaşlar Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etmir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Bu xəbərlər heç nə ilə təsdiqlənmir. Onlar yalnız internetdə mövcuddur. Bilmirəm, bəlkə də bu, Rusiyanın troll ordusunun işidir, amma tərəfdaşlar danışıqlar üçün heç bir tələb qoymayıblar. Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz. Rusiya Karfagen kimi məhv edilməlidir. Düşməni özündən arxada qoymaq olmaz”, - Danilov bildirib.

NBC: Tramp avqustun 25-dək polisə təslim olmalıdır - Məhkəmə canlı yayımlanacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə cəhdində ittiham olunur.  Sozcu.az xəbər verir ki, NBC-nin yerli prokuror Faney Uillisin yaydığı sənədə istinadən verdiyi məlumata görə, Corciya ştatında ittiham aktı açıqlanıb. Tramp və digər müttəhimlər avqustun 25-dən gec olmayaraq polisə təslim olmalı və həbs-qəti imkan tədbirini təyin edəcək hakim qarşısına çıxmalıdırlar. Görüş canlı yayımlanacaq. Dövlət Böyük Münsiflər Heyətinin ittihamın lehinə səs verdiyi bildirilir. İttiham aktında saxtakarlıq və saxta sənədlərin təqdim edilməsi də daxil olmaqla 13 maddə var. Trampdan başqa, onun keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfər müttəhimdir. Bundan əvvəl Tramp məxfi sənədlərin düzgün saxlanmaması, keçmiş pornoqrafik aktrisa Stormi Danielsin ödənişində dələduzluqda ittiham olunub. O, həmçinin Kapitoliya hücumu ilə bağlı məhkəməyə çağırılıb.

Arif Əliyev: “Rusiyaya təzyiqlər artır, sentyabr həlledici ay olacaq”

"Rusiyaya təzyiqlərin yalnız Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqazdan da gücləndiyinin şahidi oluruq”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin imzaladığı və Rusiyadan Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxmasını tələb edən sənədi şərh edərkən deyib. "Rusiyaya qarşı yeni cəbhə çoxdan açılıb. Bu sadəcə yeni uzantılarından, yeni "döyüş səhnələri”ndən biridir. Bütün bu tələb və təzyiqlər  Rusiyanı bütün cəbhələrdə zəiflətməyə yönəlib. BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin Moskvadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmaqla bağlı tələbi də həmin prosesin davamıdır”, deyə Arif Əliyev vurğulayıb. Həmsöhbətimiz qeyd edib ki, bu istiqamətdə cərəyan edən proseslər payıza doğru - sentyabr ayında daha da gərginləşəcək: "Bu, Ukrayna prezidenti Volodirmi Zelenskinin bəyanatlarında öz əksini tapıb. O bildirib ki, payıza yaxın yeni əməliyyatlar gözlənilir. BMT TŞ-nın 6 ölkəsinin Rusiya ilə bağlı qəbul etdikləri həmin sənədi də payıza doğru yeni əməliyyatların başlanması ehtimalı ilə əlaqələndirirəm”.  Adif Əliyev bildirib ki, bir sıra məsələlərə həmçinin Rusiya və Türkiyə prezidentlərinin görüşündə aydınlıq gətiriləcək:  "Məhz bu görüşdən sonra bir sıra məsələlərə daha dəqiq münasibət bildirmək imkanı yaranacaq. Çünki orada müzakirə olunacaq məsələlərin Rusiyanın indiki dairədən daha geniş bir mühitə çıxış cəhdinə aydiyyatı vardır”.  Arif Əliyevin fikrincə, Orta Asiyanın ən sakit dövlətlərindən olan Türkmənistan da Moskvanın yeni iqtisadi əlaqə cəhdlərinin öz ərazisində nəticə verməyəcəyi barədə ciddi bir bəyanat verib.  "Onlar bu bəyanatı verərkən Orta Asiyanın digər ölkələrinə də istinad etdilər. Rusiyaya təzyiqlərin tək Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqaz istiqamətindən də gücləndiyinin şahidi oluruq. 6 ölkənin verdiyi bəyanat da məhz bunun təzahürüdür”, deyə ekspert bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edən sənəd imzalayıblar. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıblar. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır. 

"İmtahan sualları sadələşdirilsin" — TƏKLİF

“Bu gün Azərbaycanda ali məktəb tələbəsi olmaq deyildiyi və göründüyü qədər əlçatan deyil. Əksinə, deyərdim ki, bizim ölkədə ali məktəbə qəbul sistemi digər ölkələrlə müqayisədə həddindən artıq çətindir”.  Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun fikrincə, universitetə qədərki yol çox mürəkkəbdir: “Universitetin qapısı abituriyentlərin üzünə çətin açılır, oradan çıxış isə çox asan olur. Bu da o deməkdir ki, çətinliklə tələbə adını qazanan şəxs daxil olduqdan sonra asanlıqla məzun ola bilir. Universitetlərə qəbulda qiymətləndirmə meyarı, testlər, situasiya tipli suallar və s. çətinliklər var”.  Ekspert keçid ballarının aşağı olmasına da münasibət bildirib: “Keçid ballarının aşağı düşməsi, bəzi ixtisaslar üzrə 150-180 bal olması bizi çaşdırmasın. Keçid balları nisbidir. Bu gün keçid balı 180 olan ixtisas gələn il 100 bala qədər dəyişə bilər. Bunu imtahan verən abituriyentlərin ümumi göstəriciləri müəyyənləşdirir, nə Dövlət İmtahan Mərkəzi, nə də digər bir qurum müəyyən edir”.  E.Nuri hesab edir ki, DİM qəbul mexanizmində müəyyən yumşalmalar etsə, situasiya tipli suallar daha sadə qoyulsa, açıq suallar daha anlaşılan olsa, göstəricilər də yüksək olar:  “Razıyam, abituriyentlərin balları o qədər də yüksək olmadığına görə nisbi xarakter daşıyan ümumi ortaq göstərici getdikcə aşağı düşür. Xatırlayırsınızsa, 4-5 il əvvələ qədər hər il 700 bal toplayan abituriyentlər olurdu, hətta bir il ərzində təxminən 23 nəfər 700 bal toplamışdı. Sonradan imtahan mexanizmi dəyişildi, iki mərhələli keçirilməyə başlandı. Situasiya və açıq tipli sualların sayı artırıldı. Nəticədə nə oldu? İkinci şans verilsə də artıq 3 ildir ki, maksimum bal toplayan olmur.  Əminliklə deyə bilərəm ki, indinin 150 balı 4 il bundan əvvəlin 280-300 balına bərabərdir. DİM müəyyən güzəştlərə getməlidir ki, səviyyə aşağı düşməsin. Bəzi ixtisaslar üzrə keçidi 150-ə endirməkdənsə, imtahanların təşkili və suallar sadələşdirilsin. Beləliklə, nəticə daha ürəkaçan olar”.

Hava temperaturu ilə bağlı rekord yeniləndi — 50 dərəcə

Türkiyədə havanın yüksək temperaturu ilə bağlı rekord təzələnib. Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Meteorologiya xidmətinin məlumatına görə, Hatay vilayətinin Hassa rayonunda 50 dərəcə istilik olub. Bundan əvvəl Türkiyədə qeydə alınmış ən yuxarı temperatur 2021-ci ilin 20 iyul tarixində Şırnak vilayətinin Cizre rayonunda olub - 49.1 dərəcə. Rəsmi açıqlamadan sonra Hassadakı küçələr boş qalıb. Havanın istiliyindən əziyyət çəkən insanlar Karapınar gölünə axın ediblər. Sakinlərin sözlərinə görə, sərinləmək üçün suya girib çıxdıqdan 5 dəqiqə sonra yenidən yanğı hiss edirlər: "Fəlakətli istilər var".

Güneydə etiraz aksiyalarına çağırış edildi

Bir sıra Güney Azərbaycan təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz aksiyasına çağırış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib. Aksiya ilə bağlı yayılan elanda avqustun 27-i, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.

“Barbi”nin aktrisası 50 milyon dollar qazanacaq

“Barbi” filminin baş rol ifaçısı Marqot Robbinin qazanacağı gəlir bəlli olub. Ekran əsərinin baş rol ifaçısı və prodüseri Marqot Robbi təxminən, 50 milyon dollar qazanacaq. Qeyd edək ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan film ABŞ və Kanadada 526, dünya nümayişindən isə 657 milyon dollar gəlir əldə edib.

Bir xiyarı 4 manata satırlar, gözlərini pul tutub...

Gün, ay, il yadımda deyil. Heç yazının məzmunu da yadımda qalmayıb. Amma sərlövhəni indiki kimi xatırlayıram: "İvan ayıdır, həm də dayıdır..."  Biz hər il isti avqust günlərində ailəlikcə Yessentuki şəhərinə istirahətə gedirdik. Mila xala rus olsa da, bizə öz qohumlarımız qədər doğma, əziz idi. Onun həyətindəki ayrıca mənzildə kirayədə qalırdıq. Valideynlərimin 20-25 gün üçün nə qədər kirayə pulu ödədiyini bilmirdim. Amma Mila xalanın bizi öz doğma nəvələrindən ayırmadığını görürdüm. Yessentukidə qaldığımız 20-25 gün ərzində heç vaxt meyvə-tərəvəzə pul verməzdik. Ev sahibi hər gün məni və qardaşımı dondurmaya qonaq edərdi. Teatra gedəndə bizə də bilet alardılar. Azərbaycana qayıdanda isə cibimizə pul qoyub yola salardılar... İvan Mila xalanın oğlu idi. Görkəmindən ayıya oxşasa da, bizə əsl dayılıq edirdi. Özü, xanımı Vera müəllimə, tələbə qızı Lyudmila hər gün bizə nəsə bağışlayırdı. Onların nurlu çöhrəsi hələ də gözlərimin qabağındadır.  2016-cı ildə ailəlikcə Ukraynaya istirahətə getmişdik. Bu dəfə mən övladlarımı dincəlməyə aparmışdım. Dostum, həmkarım Teyyub Mirqasımovun təşkilatçılığı ilə Kiyevin ən prestijli yerində - məşhur "Maydan" meydanının 100 addımlığında səliqəli bir mənzil kirayələmişdik. Hər sutka üçün 25 dollar vəsait ödəyirdik. Bu məbləğ indi olduğu kimi o vaxt da böyük pul deyildi. Buna rəğmən ev sahibi  mətbəxi, hamamı, qonaq otağını zəruri ləvazimatlarla doldurmuşdu. Bahalı sabunlar, şampunlar, masa silmək üçün ətirli bezlər, tualetdə və hamamda istifadə olunan salfetlər, təravətləndirici balonlar, brend firmalara aid yuyucu vasitələr...  Biz o vaxt Kiyevdə təxminən iki həftə qaldıq. Amma iki ay da qalsaydıq, bu ləvazimatların hamısını işlədib qurtara bilməzdik. Gülərüz, sarışın ev sahibəsi məmnun qalmağımız üçün əlindən gələni etdi.  İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən... Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub.  Mila xala 20 ildi ölüb, amma biz hər gün onun üçün rəhmət oxuyuruq. Görəsən, Bakının istisindən qaçıb nisbətən sərin rayonlara pənah aparan bizim kimi kasıb insanlara 1 xiyarı 4 manata satan bu adamlar üçün rəhmət oxuyan tapılacaq?  Seymur VERDİZADƏ 

Ev sahibini döyərək öldürən kirayəçilər məhkəmə qarşısında

Tovuzda ev sahibini döyərək öldürməkdə təqsirləndirilən Aynaz Alıyeva və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib. Qeyd: Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub. İlkin araşdırma zamanı evdə kirayə qalan 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın evdə yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta əşya ilə vurması nəticəsində 71 yaşlı qadının aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub.

"Qəzadan sonra Nicatın telefonlarını və pulqabısını oğurlayıblar"

"Qəzadan sonra Bloger Nicat Şakirlinin (Nikosayağı) telefonları və pulqabısı oğurlanıb. Bu haqda teleaparıcı- bloger Ramal İsayev instagram hesabında paylaşım edib. "Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb cəzalandırılacaq! Bu qədər də yox!” sözlərini yazıb. O qeyd edib ki, Nicat hazırda reanimasiyadadır, dostunun ölümündən xəbərsizdir, həkimlərdən dostunun vəziyyətini soruşub./Azxeber.com

İrandan Xəzər vasitəsilə narkotik keçirmək istədilər

Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-ya verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və 1992-ci il təvəllüdlü Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Putinin “desantı” bu gündən Xankəndində “pulsuz yeməkxanalar” şousuna başladı...

"Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki..." Bu gün – iyulun 15-dən Xankəndində fəaliyyətə başlayacaq “xeyriyyə” yeməkxanalarının "ərzaq qıtlığını müəyyən qədər azaldacağı gözlənilir". Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb. Yeməkxanalar Putinin milyarder “desantı” Ruben Vardanyanın rəhbərlik etdiyi qondarma “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” qanunsuz “ictimai hərəkatı” tərəfindən açılır. Burada hamilə qadınlar, 16 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar yemək yeyə bilərlər. Vardanyanın ofisi bildirir ki, “Sosial yeməkxana” xeyriyyə proqramı “qidalanma ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyaclı soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”. Lakin bu təşəbbüs Xankəndi əhalisi tərəfindən birmənalı qarşılanmır.  “Bu qidaların haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, həmin məhsullar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan bir az alıb bütün ailə ilə yemək yesinlər. Hamı yemək istəyir”, - "Hraparak"ın  həmsöhbəti belə deyib. P.S. Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki...

Dinozavrların yaşıdı olan canlı tapıldı

Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub. Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.

340 min toyuq məhv ediləcək - XƏSTƏLİYƏ GÖRƏ

İsveçin ən böyük yumurta istehsalçısı "CA Cederqrens" quşçuluq fermasında salmonella virusu qeydə alınıb, bu səbəbdən 340 min toyuq məhv ediləcək. Sozcu.az report-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. "Cedergrens" ümumi yumurta istehsalının təxminən 20% -ni təşkil edir. Aprel ayında məhsullarda zərərli bakteriya aşkar olunduğu üçün tədarükdə növbəti fasilə yaranıb. Qeyd edək ki, salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Qida zəhərlənmələrinin əsas törədicilərindən biri sayılan salmonellalar heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.