“Elə əsir yoldaşlarım vardı ki, onları iş görmək adı ilə aparıb, geri gətirmirdilər”.
Sozcu.az xəbər verir ki, bu sözləri Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib.
Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıblar:
“Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm. Bir il doqquz ay bu Şuşa həbsxanasında əsirlikdə qalmışam. Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıblar.
Bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət veriblər. O vaxt həbsxananın həyətində olan hovuz su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar.
Burada əsirləri öldürüb meyitlərin donuzlara yedizdirirdilər. Hətta bir əsirimizi burada asmışdılar. Gördük ki, donuzlar aşağıdan yuxarıya doğru ağızları çatana qədər onun meyitini yeyirlər...”