"İmtahan sualları sadələşdirilsin" — TƏKLİF

“Bu gün Azərbaycanda ali məktəb tələbəsi olmaq deyildiyi və göründüyü qədər əlçatan deyil. Əksinə, deyərdim ki, bizim ölkədə ali məktəbə qəbul sistemi digər ölkələrlə müqayisədə həddindən artıq çətindir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun fikrincə, universitetə qədərki yol çox mürəkkəbdir:

“Universitetin qapısı abituriyentlərin üzünə çətin açılır, oradan çıxış isə çox asan olur. Bu da o deməkdir ki, çətinliklə tələbə adını qazanan şəxs daxil olduqdan sonra asanlıqla məzun ola bilir. Universitetlərə qəbulda qiymətləndirmə meyarı, testlər, situasiya tipli suallar və s. çətinliklər var”. 

Ekspert keçid ballarının aşağı olmasına da münasibət bildirib:

“Keçid ballarının aşağı düşməsi, bəzi ixtisaslar üzrə 150-180 bal olması bizi çaşdırmasın. Keçid balları nisbidir. Bu gün keçid balı 180 olan ixtisas gələn il 100 bala qədər dəyişə bilər. Bunu imtahan verən abituriyentlərin ümumi göstəriciləri müəyyənləşdirir, nə Dövlət İmtahan Mərkəzi, nə də digər bir qurum müəyyən edir”. 

E.Nuri hesab edir ki, DİM qəbul mexanizmində müəyyən yumşalmalar etsə, situasiya tipli suallar daha sadə qoyulsa, açıq suallar daha anlaşılan olsa, göstəricilər də yüksək olar: 

“Razıyam, abituriyentlərin balları o qədər də yüksək olmadığına görə nisbi xarakter daşıyan ümumi ortaq göstərici getdikcə aşağı düşür. Xatırlayırsınızsa, 4-5 il əvvələ qədər hər il 700 bal toplayan abituriyentlər olurdu, hətta bir il ərzində təxminən 23 nəfər 700 bal toplamışdı. Sonradan imtahan mexanizmi dəyişildi, iki mərhələli keçirilməyə başlandı. Situasiya və açıq tipli sualların sayı artırıldı. Nəticədə nə oldu? İkinci şans verilsə də artıq 3 ildir ki, maksimum bal toplayan olmur. 

Əminliklə deyə bilərəm ki, indinin 150 balı 4 il bundan əvvəlin 280-300 balına bərabərdir. DİM müəyyən güzəştlərə getməlidir ki, səviyyə aşağı düşməsin. Bəzi ixtisaslar üzrə keçidi 150-ə endirməkdənsə, imtahanların təşkili və suallar sadələşdirilsin. Beləliklə, nəticə daha ürəkaçan olar”.

Share on Facebook