Arif Əliyev: “Rusiyaya təzyiqlər artır, sentyabr həlledici ay olacaq”

"Rusiyaya təzyiqlərin yalnız Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqazdan da gücləndiyinin şahidi oluruq”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin imzaladığı və Rusiyadan Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxmasını tələb edən sənədi şərh edərkən deyib.

"Rusiyaya qarşı yeni cəbhə çoxdan açılıb. Bu sadəcə yeni uzantılarından, yeni "döyüş səhnələri”ndən biridir. Bütün bu tələb və təzyiqlər  Rusiyanı bütün cəbhələrdə zəiflətməyə yönəlib. BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin Moskvadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmaqla bağlı tələbi də həmin prosesin davamıdır”, deyə Arif Əliyev vurğulayıb.

Həmsöhbətimiz qeyd edib ki, bu istiqamətdə cərəyan edən proseslər payıza doğru - sentyabr ayında daha da gərginləşəcək:

"Bu, Ukrayna prezidenti Volodirmi Zelenskinin bəyanatlarında öz əksini tapıb. O bildirib ki, payıza yaxın yeni əməliyyatlar gözlənilir. BMT TŞ-nın 6 ölkəsinin Rusiya ilə bağlı qəbul etdikləri həmin sənədi də payıza doğru yeni əməliyyatların başlanması ehtimalı ilə əlaqələndirirəm”. 

Adif Əliyev bildirib ki, bir sıra məsələlərə həmçinin Rusiya və Türkiyə prezidentlərinin görüşündə aydınlıq gətiriləcək: 

"Məhz bu görüşdən sonra bir sıra məsələlərə daha dəqiq münasibət bildirmək imkanı yaranacaq. Çünki orada müzakirə olunacaq məsələlərin Rusiyanın indiki dairədən daha geniş bir mühitə çıxış cəhdinə aydiyyatı vardır”. 

Arif Əliyevin fikrincə, Orta Asiyanın ən sakit dövlətlərindən olan Türkmənistan da Moskvanın yeni iqtisadi əlaqə cəhdlərinin öz ərazisində nəticə verməyəcəyi barədə ciddi bir bəyanat verib. 

"Onlar bu bəyanatı verərkən Orta Asiyanın digər ölkələrinə də istinad etdilər. Rusiyaya təzyiqlərin tək Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqaz istiqamətindən də gücləndiyinin şahidi oluruq. 6 ölkənin verdiyi bəyanat da məhz bunun təzahürüdür”, deyə ekspert bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edən sənəd imzalayıblar. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıblar. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır. 

Share on Facebook