“Bu gün Qarabağ separatçıları üçün çıxış yolu və alternativlər çox deyil. Bu baxımdan, qondarma qurumun “başçı” seçimi çox məhduddur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitik Qarabağ separatçılarının Laçın yolunun bağlanması fonunda Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə bölgəyə daşınması planlaşdırılan humanitar yüklərlə bağlı onların Bərdəyə gələcəkləri barədə səslənən iddialara toxunub.
Xatırladaq ki, bu iddia ilə Ermənistanın “Past İnfo” nəşri çıxış edib. Erməni nəşri Bərdədə yeni bir görüşün keçirilməsi ehtimalını istisna etməyib.
N. Miriyə görə isə məsələnin ikinci tərəfi budur ki, A. Arutyunyanı tənqid edən, hətta onu təhqir edib söyən alternativ qüvvələr mövcuddur ki, bunlardan birinin başında dayanan elə Ruben Vardanyanın özüdür:
“Ruben Vardanyanın özü ayrılıqda bir gücdür. Bundan başqa, Qarabağda digər güc şəbəkələri var ki, burada da ayrı-ayrılıqda hər şəbəkəyə məxsus silahlı qruplaşmalar mövcuddur. Bu da bölgədə fikir ayrılığı ilə bərabər, həm də Xankəndidə yaxın perspektivdə vətəndaş qarşıdurması təhlükəsini ortaya qoyur.
Məhz bunun nəticəsidir ki, Arayik Arutyunyanı tənqid edən, onun “istefa”sini tələb edən “deputatlar”a qarşı dünən Arayik Arutyunyanın tərəfdarı olan silahlı birliklər “parlament”ə hücum edib. Bu, artıq sözü deyil, əksinə, gücün dili ilə danışıqların dövriyyəyə girdiyini göstərir. Eləcə də belə başıpozuq qüvvələr Qarabağdakı digər güclərdə də mövcuddur”.
Onun fikrincə, A. Arutyunyan anlayıb ki, özünü və “hakimiyyəti”ni qorumaq üçün mütləq mənada güc nümayiş etdirməlidir:
“Bununla bağlı yeni “silahlı qüvvələr komandanlığı” yaradılıb ki, bu da birbaşa Araik Arutyunyanı qorumaq və onun maraqlarını təmin etmək üçün yaradılan bir hərbi gücdür. Bu kontekstdə Araik və ətrafı Qarabağdakı “müxalif qüvvələr”i güclə susdurmaq və bundan sonra Azərbaycanla dialoqa getmək perspektivini ortaya qoymaq istəyirlər. Bu baxımdan, Bərdə danışıqlarının baş verməsi ehtimalı yüksəkdir. Əgər Bərdə danışıqlarına qədər Qarabağın daxilində hər hansı bir silahlı qarşıdurma və “vətəndaş müharibəsi” olmasa, düşünürəm ki, belə bir danışıqların baş tutması tam mümkün sayıla bilər. Çünki başqa alternativ yoxdur. Eləcə də müəyyən zaman keçəndən sonra Araik Arutyunyan əhalini çatışmayan ərzaqlarla təmin etmək məcburiyyəti ilə üzləşəcək”.
Siyasi təhlilçi hesab edir ki, onların başqa alternativi yoxdur:
“Yeganə alternativ rəsmi Bakının təklif etdiyi ərzaq təchizatının təminatı olan yollardır. Qısası, istər Araik Aruttyunyan, istərsə də digəri olsun, onlar bu təklifə getmək məcburiyyətindədir. Hesab edirəm ki, burada, həmçinin Rusiya məsələsi də var. Rusiya indiki vəziyyətdə bu danışıqların baş tutmasında maraqlı kimi görünür. Çünki ərzaq təchizatının olmaması indiki vəziyyətdə bölgədəki rus hərbi kontingentini də pis vəziyyətdə qoyur”.
O, əlavə edib ki, biz paralel olaraq Rusiya vətəndaşlarının Qarabağın dağlıq hissəsindən çıxarılması məsələsini də diqqətə gətirməliyik:
“Bunların hamısı, bir tərəfdən, separatçı rejimin “rəhbərliyi”, digər tərəfdən isə Rusiya sülhməramlılarının razılığı çərçivəsində baş verib. Çünki Qarabağı tərk edənlərin əksəriyyəti Rusiya pasportu daşıyanlardır. Deməli, bu prosesin gerçəkliyini həm Kreml, həm də Xankəndidəki qondarma qurum nümayəndələri anlamağa başlayıb. Ona görə də ortada hərbi qarşıdurma və “vətəndaş müharibəsi” potensialı olmasa, Bərdədəki görüşlərin baş tutması realdır”.