“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL
Azərpoçt” ASC-nin apardığı regional idarəetmə siyasəti nəticəsində ASC-nin Astara filialı bağlandı. Bizə bildirdilər ki, Lənkəran filalında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara filalında var idi,
1-ci əsrdə bu hesabları Lənkəran filalına keçirmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi. Hesab açmaq üçün Dövlət Vergi Xidmətindən "şəhadətnamə dublikat" almaq üçün müraciət etmək lazım idi. Əksər bələdiyyələrin DSMF və vergi borcu olduğu üçün Dövlət Vergi Xidmətindən "şəhadatnamə dublikat" üçün müraciət etmək mümkün olmayıb.
Lakin Dövlət Vergi Xidmətinə məktubla müraciət etdik. Sağ olsunlar , vergi borclarını ödəmədən bələdiyyələrə bu imkan verildi. Yeni hesabları açdıq. İndi 3 aydan çox vaxt üstündən keçməsinə rəğmən “Azərpoçt”un Lənkəran filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyə olaraq "Azərpoçt"un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik.
Həm də hesabdan əlavə keçmiş əmək haqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir.
“Azərpoçt” qazansın deyə, bu gün Astaranı 15 bələdiyyəsi iflic vəziyyətə düşüb.
Bugün düyünə düşmüş bu məsələnin həllinə çalışmaq lazımdır.
Rüfət Əliyev
Astara rayonu Homoşam bələdiyyəsinin sədri
P.S. Məsələ ilə əlaqədar Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarına və “Bələdiyyələrin onlayn xidmət” mərkəzinə müraciət etdik. Qurumlardan bildirdilər ki, məsələdən məlumatlıdırlar və bununla bağlı “Azərpoçt”un rəhbərliyi ilə əlaqə saxlanılıb. “Azərpoçt rəhbərliyi tərəfindən məsələnin tezliklə bələdiyyələr üçün “itkisiz” həll ediləcəyi bildirilib.