Çörək bahalaşacaq? - Açıqlama

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi.

Hazırda ölkə üzrə bazara təqdim ən ucuz unu "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısını isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir.

Bəs, unun topdansatış qiymətinin artması çörəyin qiymətinə təsir edəcəkmi?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır.

Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Ukraynada taxılın qiymətində artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edir:

“Bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaqla çörək hazırlanır. Təssüf ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Hazırda unun qiymətində artım məhz bununla bağlıdır. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər taxıl aldığımız üç ölkə -Ukrayna, Rusiya və Qazaxıstan var idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Bu, mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır".

İqtisadçı vurğulayıb ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq: “Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır. İndiki məqamda da çörəyin bahalaşmasının ciddi etiraz doğuracağı nəzərə alınaraq, çəkinin azaldılmasına çalışacaqlar”.

Share on Facebook