Mirzoyandan sərhəd açıqlaması: Yaxşı xəbər olacaq

Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir. A.Mirzoyan Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”. XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur - red.) ilə müntəzəm münasibətlərdə maraqlıdır.

Azərbaycanla sülh sazişinin imzalanması… - Mirzoyan

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir. Sozcu.az xəbər verir ki, bunu bu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib. O bildirib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir: “Bu sazişin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır. İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır”.

SON DƏQİQƏ: Atəşkəs olmayacaq, HƏMAS yox edilməlidir - İsrail

İsrail hərbçiləri HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir. Sozcu.az verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. O, Qəzza zolağında müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır”.

Qarabağda Rusiyaya ehtiyac qalmayıb - Sülhməramlılar çıxarılmalıdır

Azərbaycan ordusunun sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı Rusiya sülhməramlılarının mövcudluğunu davam etdirməsi müzakirələrə səbəb olub. Vladimir Putinin də dediyi kimi, sülhməramlıların funksiyası Qarabağda atəşkəsi təmin etmək idi. Ermənistan ordusunun qalıqları antiterror tədbirlərindən sonra Azərbaycanı tərk etdiyi üçün artıq sülhməramlıların yerinə yetirəcəyi funsksiya qalmayıb. Sentyabrın 19-dan bu yana Qarabağda Rusiya sülhməramlılarına məxsus bir çox post ləğv edilib.  Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda yaradılan təsisatlardan biri də Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzidir. Ağdam şəhərində yerləşən bu mərkəzin noyabrın 11-də Rusiya və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan razılaşma əsasında yaradılıb. Həm Rusiya sülhməramlı kontingentinin, həm də Birgə Monitorinq Mərkəzinin bundan sonrakı fəaliyyəti maraq doğurur. Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş səfiri Hulusi Kılıç bildirib ki, monitorinq mərkəzinin gələcəyi Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunacaq. "19 sentyabrda baş tutan antiterror tədbirlərinin həyata keçirilməsindən sonra hər kəsin ağlında bir sual var. Bu da Rusiya sülhməramlılarının və Ağdamda yerlən Türkiyə-Rusiya monitorinq mərkəzinin bundan sonra fəaliyyətinin nə olması ilə bağlıdır. Çünki bölgədə təhlükə yaradacaq ünsür artıq ortadan qaldırılıb.  2020-ci ilin noyabr ayında Türkiyə və Rusiya müdafiə nazirlərinin qərarı ilə Ağdamda monitorinq mərkəzi yaradıldı. Bu monitorinq mərkəzi öz fəaliyyətini layiqincə yerinə yetirib. Təbii ki, monitorinq mərkəzinin gələcəyinə Azərbaycan, Türkiyə və Rusiya qərar verəcək. Ermənilərin əraziləri tam tərk etməsindən 1 ay keçib. İlk olaraq bölgədə təhlükəsizliyin bərqərar edilməsi lazımdıe", - deyə keçmiş səfir vurğulayıb. H.Kılıç qeyd edib ki, ruslar yaxın gələcəkdə Qarabağı tərk edəcək: "44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir qarşıdurma olmaması üçün Rusiya Federasiyası sülhməramlılarını Qarabağ ərazisinə göndərdi. Həmin ruslar zaman-zaman ermənilərə yaxın olduqlarını göstərən addımlar atsa da, ümumi olaraq vəzifələrini icra etdiklərini düşüncəsindəyik. 19 sentyabrda keçirilən antiterror tədbirlərindən sonra bölgədə təhlükə tamamilə aradan qalxmış oldu. Rus sülhməramlılarının 30-a yaxın postu qapandı, çünki buna ehtiyac qalmayıb. Azərbaycan hər dəfə orada yaşayan erməniləri vətəndaş kimi gördüyünü və istəyənlərin vətəndaşlığı qəbul edib, yaşaya biləcəklərini bəyan etdi. Bu çox normal bir açıqlama idi. Çünki Qarabağ Azərbaycan torpağıdır və orada yaşayanlar da Azərbaycan vətəndaşı olmalıdır. Düşünürəm ki, ruslar bölgədəki vəziyyətə baxaraq, yaxın gələcəkdə buranı tərk edəcəklər. Onsuzda onların 2025-ci ilə qədər onların Qarabağda qalacağı ilə bağlı bəyantda maddə var idi. Lakin indi şərtlər dəyişib. Rusiya ən ağıllı addımı ataraq sülhməramlılar üçün xərc çəkməməlidir. Rusiya sülhməramlılarından Türkiyənin tələbi bunlar idi ki, adından da bəlli olduğu kimi sülhü qorusun, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını inteqrasiyaya hazırlayaraq missiyalarını axıra qədər yetirməsi idi. Yəni sülhməramlıların buradan çıxarılması ilə bağlı qərarı Rusiya özü verəcək". Keçmiş polkovnik Ünal Atabay isə düşünür ki, ilk olaraq Rusiya sülhməramlıları bölgəni tərk etməli, daha sonra isə monitorinq mərkəzinin fəaliyyəti dayandırılmalıdır. "Mərkəzin yaradılmasında məqsəd Qarabağ bölgəsində xidmət edən Rusiya sülhməramlılarının fəaliyyətini asanlaşdırmaq və burada silahlı erməni quldur dəstələri ilə erməni ordusunun leytenantları tərəfindən atəşkəs rejimini pozması barədə məlumat vermək olub. Lakin sentyabrın 19-dan sonra vəziyyət dəyişdi. Mən hesab edirəm ki, bu mərkəzin artıq effektiv rolu yoxdur. Ancaq hesab edirəm ki, hələ də Qarabağda olan Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etmədən bu mərkəzin öz vəzifəsini davam etdirməsi məqsədəuyğun olardı. Çünki hərbi rolu olmasa belə, ən azı Türkiyə-Azərbaycan münasibətləri baxımından Rusiyaya qarşı siyasi missiyada lazım gəldikdə körpü missiyası kimi istifadə oluna biləcəyi düşünülə bilər. Ən azı hələlik bu, Rusiya sülhməramlılarının bölgəni tərk etməsi ilə bağlı dialoqa şərait yarada bilər. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin əvvəlcə Qarabağı tərk etməsi təmin edilməlidir, sonra isə müşahidə mərkəzinin funksiyasına xitam verilə bilər". Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı da Rusiya sülhməramlılarına ehtiyac qalmadığını düşünür. "19 sentyabrda Azərbaycan həyata keçirdiyi antiterror əməliyyatları ilə Qarabağ münaqişəsinin tamamilə bitdiyini rəsmi olaraq elan etdi. Məhz buna görə də həmin ərazilərdə hərhansı sülhməramlı qüvvəyə ehtiyac qalmayıb. Rusiya öz sülhməramlılarını Qarabağdan çıxarmalıdır. Çünki rus sülhməramlıları deyilən bir qüvvə artıq Azərbaycanın nəzarət etdiyi torpaqlardadır. Qeyd etdiyim səbəblərə görə, Azərbaycanın torpağında xarici bir gücün olmasına gətək yoxdur. Azərbaycan müstəqil bir dövlətdir və Qarabağ məsələsi də öz həllini tapdıqdan sonra orada hərhansısa bir qüvvənin qalması mənasızdır. Lakin Rusiyanın Qarabağda qaldığı müddətdə Türkiyə əsgərlərinin də həmin ərazidə qalmağı lazımdır. Problem aradan qaldırılıb, buna görə də Rusiya çəkilmə qərarı qəbul etməlidir. Bundan sonra isə əgər Azərbaycan istəyərsə, Türkiyə orada qalar. Yəni Qətər, Somali, Liviyadakı kimi Qarabağda da Türkiyəyə baza verə bilər. Onsuzda bizim Şuşa bəyannaməsi ilə silahlı qüvvələr baxımında tək dövlət kimi hərəkət etmək hüququmuz var. Yəni Azərbaycanın müdafiəsini gücləndirmək üçün Türkiyə Silahlı qüvvələrinə baza verilməsi qeydolunan bəyannamənin təbii əksi ola bilər".

İsrail ordusu Qəzza şəhərini mühasirəyə aldı - Təcili

İsrail hərbçiləri artıq birbaşa Qəzza şəhərinin ərazisindədir və onu müxtəlif tərəfdən mühasirəyə alıblar. Bu barədə jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi məlumat verib. “Əsgərlərimiz artıq Qəzza şəhərindədir, onu bir neçə istiqamətdən mühasirəyə alıblar və mən irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış ərazidə döyüşmək məcburiyyətindəyik”, - deyə o bildirib. Mənbə: TASS

Haqqında araşdırma başladılan Nəcməddin Sadıkov: “Bu məsələlər sizi niyə narahat edir ki?”

Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmara reaksiya verib. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq Baş Qərargah rəisi qeyd edib ki, mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki? “Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”, - deyə o qeyd edib.

Erməni milyarder “CNN”-ə müsahibəsində Ruben Vardanyana azadlıq tələb etdi...

Erməni iş adamı və xeyriyyəçi, 2021-ci ildə koronavirusa qarşı peyvənd istehsal etməsi ilə məşhurlaşan “Moderna” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyan beynəlxalq oyunçuların “artsax”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın “Azərbaycan hakimiyyəti tərəfindən həbsinə qarşı çıxacaqlarına ümidvar olduğunu” bildirib.  Sozcu.az xəbər verir ki, erməni milyarder bu haqda "CNN”-in aparıcısı Kristian Amanpoura müsahibəsində danışıb. Ruben Vardanyanla 23 il ərzində Ermənistanda onlarla humanitar və xeyriyyə layihələrində işlədiyini xatırladan Nubar Afeyan “Ruben əslində bütün ermənilərin simvoludur. Onların onu həbs edə bilmələri, bunu nümayiş etdirmələri və sonra ona ittiham irəli sürmələri əslində dünyada on milyon erməniyə psixoloji işgəncə vermək məqsədi daşıyan bir şeydir. Mən həqiqətən ümid edirəm ki, beynəlxalq güclər dayanmayacaq, çünki bütün bu cür işlər cəzasız olaraq bu cür ədalətsizliyi daha çox təşviq edir və düşünürəm ki, həqiqətən də buna qarşı çıxış etməliyik”,- deyə çərənləyib. Erməni iş adamı hayların kütləvi, amma könüllü şəkildə Qarabağdan köçməsini həyasızcasına “klassik etnik təmizləmə” adlandırmaqdan da çəkinməyib. moderator.az)

“Nəcməddin Sadıkov tezlikllə Arayiklə birlikdə hakim qarşısında dayanacaq”

“20 ildir ki, mətbuatda sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı yazılar yazılır. Onun adı nəinki “Tərtər işi”, yaxud Sumqayıtdakı 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə, ümumilikdə çox böyük maxinasiyalarda, kadr işlərində və korrupsiyada hallanır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. O, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmadan söz açıb. “Bizim düşüncəmizə görə, o, çoxdan həbs edilməli idi. Lakin neçə ildir ki, onu qoruyanlar var. Şükürlər olsun ki, indi onun adı çəkilir, adı hallanır. Onsuz da ordudakı satınalma ilə bağlı 143 milyonluq yeyintidə də onun adı hallanmışdı. Mən onun haqqında yayılan xəbəri gördüm. İnşallah, o cəzasını alar”, - əlavə edib.  Jurnalistə görə, məhkəmə qərarı olmadan N.Sadıkova cinayətkar deyə bilmərik: “Lakin daxil olan məlumatlar və şikayətlər əsasında deyə bilərik ki, onun çox böyük korrupsiya və cinayət hadisələrində adı hallanır. Xüsusilə də Zakir Həsənov müdafiə naziri olandan sonra Nəcməddin Sadıkov geniş səlahiyyətlər əldə etdi. Amma Nəcməddin Sadıkovun keçmiş müdafiə naziri Səfər Əbiyevin dövründə də ordunun içərisindəki kadr məsələlərində maxinasiyaları olub. Doğrudur, Səfər Əbiyev bunun əl-ayağını yığmışdı, intəhası, 1993-cü ilin Kəlbəcər hadisələrində, eləcə də torpaqlarımızın müdafiəsi zamanı və sonrakı proseslərdə bunun adı hallanır”.  “Orduda olan adamlar bilir ki, Nəcməddin Sadıkov ordu quruculuğuna mane olan biri kimi bir çox hərbi cinayətlərin başında durub. Ümidvaram ki, o, Azərbaycanın ədalət məhkəməsində cavab verəcək. Necə ki bu gün Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və digərləri məhkəmə qarşısında durursa, Nəcmnəddin Sadıkov da tezliklə onlarla birlikdə hakim qarşısında duracaq. O da bir gün bütün etdikləri əməllərinə görə cavab verəcək”, – fikirlərini yekunlaşdırıb.

Müsavat Partiyası Orxan Hacılının həbsi ilə bağlı bəyanat verdi

Siyasi opponentlərin övladlarının həbsi hiddət doğurur - Müsavatın bəyanatı Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.  Bununla əlaqədar Müsavat Partiyası bəyanat qəbul edib. Sənəddə deyilir: Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, bu, adi bir yol nəqliyyat hadisəsidir və onun baş verməsinin səbəbkarı Orxan Hacılı deyil. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərindən, övladlarını həbs etmək yolu ilə təzyiq etməsi Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, hadisə, başqa sürücünün yol hərəkəti qaydasını pozduğu üçün baş verib. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan başqa bir şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərinə övladlarını həbs etmək yolu ilə təzyiq etməsi xüsusilə hiddət doğurur və bu, durdurulmalıdır.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IX hissə

    Qarabağın Qərvənd kəndindən Saleh qardaşları və dostları, Nəzərəli kəndindən Əşrəf və qayınları, Qarabağın Alpoyt kəndindən Qazanpapaq oğullarından Yunis, qardaşları və əmisi oğulları, dostları, eyni kənddən Sarıtel Aslan, oğlu və dostları, Garısudan Saday bəy bizimlə birləşdi, 300 nəfər idik. Onlar da dəstə halında yeni hökümətlə mübarizə aparıb şəhidlər verməklə yanaşı qızıl imperialistlərə də qan uddurmuşdular. Lakin bundan sonra yeni güc toplamağa imkan qalmamışdı. Ona görə toplanmışdıq ki, son meydan savaşında onlara yenidən dərs verib İrana keçək. Qarabağın məşhur Vəzirov ormanında Göyüş adlı bir kommunistin əsgərləri və milislərilə üz-üzə dayanmışdıq. Sabahı gözləyirdik. Səhər tezdən ölüm-dirim mübarizəsi başladı. Elə ilk həmlədə də Göyüşü vurduq. Göyüş Azərbaycanın ən məşhur qaçaqlarından biri Qaçaq Qəmbərin də qatiliydi. Beləcə onun da intiqamını aldıq. Mücadiləmiz bitdikdə arayıb onun cəsədini tapdım. Cibindən öldürdüyü insanların siyahısı çıxdı. Qaçaqlara onun meyidi üzərinə quru odun toplamalarını tapşırdım və hazır olduqda əllərimlə od vurdum. Onun yanmasını xeyli seyr etdim.     Ərzağımız tükənmişdi, Kür kənarındakı Qılıclı kəndinə bir nəfər göndərdik. O kəndə girəndə bir neçə kişiylə rastlaşır. Bu kişilər çayın o biri sahilinə keçirmişlər. Onlar üzbəüz gəldikdə - dur, deyə bizimkiləri saxlayırlar. Bu zaman həmin adamlardan biri – Oğlan məni tanımadınmı, mən dünyanı titrədən Hüsnü Qocayevəm – deyir. Qarabağın Alpout kəndindən Qazanpapaq oğullarından Səməd – səni çox yaxşı tanıyıram deyib, güllələri onun ağzına sıxır. Yanındakıları da öldürüb geri dönürlər. Onların tez qayıtması bizi şübhələndirdi. Bunun səbəbini soruşduqda kəndin kənarındakı hadisəni bizə danışdılar. Biz yerimizi dəyişib başqa kəndlərdən ərzaq toplaya bildik.     Bu son çarpışmalarımız zamanı, məni Parisdən gələn iki kişi axtardığını eşitdim. Öyrəndim ki, biri erməni, digəri gürcüdü. Xaricdəki istiqlalçılar tərəfindən göndərilmişdilər. Onları sağ-salamat Bakıya yola saldım. Artıq elə bir gün olmurdu ki, davasız ötüşə bilək. Nəfəs almağa belə vaxtımız yox idi. Ona görə də tam gücümüzü ortaya qoymuşduq. Canlarından bezmiş rus zabitləri Moskvadan Sibir alayları göndərməyi xahiş edirdlər. Artıq müdafiə olunmaq yox, yalnız hücum edib şər qüvvələrdən daha çox öldürməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz vətənimizi tərk etmək olduğu üçün daha çox bolşevik öldürməyi qənimət sayırdıq. Yenidən Vəzirov ormanına gəldik. Kür çayı daşmış, ətrafı su basmışdı. Orada şiddətli döyüşlər başladı və Sarıtel Aslanın cavan oğlu şəhid oldu. Biz düşmən qüvvələrindən də xeyli öldürmüşdük. Bu döyüşlərdə vəhşi bir kommunist olan Əsədi də məhv etdik.     Bir müddət sonra Sibirdən ordu birləşmələri də gəldilər. Biz bundan bir az gec xəbər tuta bildik. Bolşeviklər yanımza səliqəli bir adam göndərdilər. Onun məqsədi Samuxlu Arıqlı çopur Məmmədqasımın burda olub-olmamasını öyrənmək imiş. Həmin adamı Garıslı Saday bəylə görüşəndə Saday bəy ondan – Nə üçün gəldin – soruşduqda, o deyir – Məni bura Sibirdən gələn ordunun generalı göndərib. Deyib ki, Məmmədqasımın sizin yanınızda olub-olmadığını dəqiqləşdirim. Saday bəy məni göstərərək qarşınızda dayanan Məmmədqasımdı, yanındakılarda qaçaqlarıdı. Mənidəki, tanıyırsan – deyə cavab verir. Bu adam geri qayındanda Saday bəyin qaynı Musa onu vurdu. Mən – Musa, deyə qışqırdım. Nə üçün onu vurduğunu soruşdum. Dedim ki, axı bu adamı zorla göndəriblər. Üstəlik bu yazıq onların qüvvələri barədə bizə dolğun məlumat verdi. Sonra fikirləşdim ki, bu olaylar, ölüm-dirim mübarizəsi insanların düşüncələrini pozur və onlar yerli-yersiz intiqam hissiylə alovlanırlar.     Muğan çölünün istisi, sivri tək uzanmış qamışlıqları həmişə olub. Orada ilan əlindən tərpənmək də mümkün deyildi. Deyilənə görə Böyük İsgəndər də Əhəmənilərə hücumu ordan başlamış, lakin ilanların ucbatından sonra istiqaməti dəyişmişdir. Yer üzünün cəhənnəmi olan bu ucsuz-bucaqsız səhralarda üç ay dolaşdıq.     Bu yazdıqlarım sizə əfsanə gəlməsin. Hər şey həqiqətdi. Bu günləri mən yaşayıb görmüşəm.                                                              ***     Araz çayında keçid olmadığı üçün İrana keçə bilmirdik. Keçid yerlərini rus əsgərləri tutmuşdu. Suların azalmasını gözləyirdik. Axşamlar düşəndə təhlükəli yerlərə qarovulçular düzüb, gecə üç-dörd dəfə yoxlayırdım. Daha heç kimə ümidim qalmamışdı. Mən səhərə yaxın özüm də növbətçi oldum və durbini əlimə alıb ətrafı seyr etməyə başladım və Ovçu yolu deyilən əraziylə Sibirdən gətirilmiş rus kazaklarının bizə doğru gəldiyini gördüm. Bütün qaçaqları oyatdım və vəziyyəti anlatdım. İrəliləyən əsgərlərin qarşısında əlverişli mövqe tutmaq üçün hazırlaşdıq. Yarım ay şəklində səngərlərə dolduq. Elə vəziyyət yarandı ki, gələn qüvvələr bizim pusqumuza düşdü. Onlar özlərini qurtarmaq üçün can atır, biz isə müdafiə olunduğumuza görə onları bir-birinin ardınca yerə sərirdik. Bu vuruşmada Alpoutlu Yunis bəyin qardaşı Nəbini vurdular. Bir neçə qaçaq da yaralandı. Fəqət həmin ərazi düşmən cəsədləri ilə doluydu.     Qaranlıq düşənədək döyüşdük. Onlar tam hazırlıqlı olduğundan qaranlıqda projektorları bizə tərəf çevirdilər. Sanki gündüz idi, hər yeri görmək olurdu. Biz səngərlərə dolub başımızı çıxarmağa ehtiyat edirdik. Ardıcıl olaraq biz tərəfə bomba atmağa başladılar. Biz də səngərlərdə boş-bekar dayanmırdıq. Yaralıları isə tez arxaya aparırdıq. Bu on ildə topladığımız cəsarət və allahın bizi qoruması nəticəsində qorxu nə olduğunu bilmirdik. Qaçaq dəstəsinin rəisi olduğum üçün tez-tez səngərləri yoxlayırdım. Bütün qaçaq dəstələrinin rəislərinə bir addım da çıxmamağı əmr etdim. Bu kafirləri yalnız bu yolla məhv etmək mümkün idi. Qaçaq dəstələrinin rəisləri də mənim tövsiyyələrimə qulaq asırdılar. Artıq qaçaqlar canavara dönmüşdülər. Vuruşduğumuz yetmir kimi Saday bəylə yeni planlar cızırdıq. Bu dəfəki mübarizəmiz çətin olacaqdı. Onları geri qaytarmaq çətinləşmişdi. Biz, iki qrupa ayrıldıq. Mən qaçaqların bir hissəsiylə düşmən qarşısına çıxmalı, digər qrupdakılar isə düşmənə arxadan zərbə vurmalıydı. Rusların bizim planımızdan xəbəri yox idi. Döyüş zamanı mənim dəstəm onlarla üz-üzə gəldi. Əlimizdəki silahlar düşmənin üzərinə od yağdırırdı. İki atəş arasında qalan düşmən qüvvələri çaş-baş qaldılar. Nə edəcəklərini bilmirdilər. Onların hamısını öldürdük. İsti hava, ağcaqanadlar da bir yandan düşmən qüvvələrini əldən salırdı. Onlar : - Biz Azərbaycan partizanları ilə mübarizə apara bilmərik – deyərək öz generallarını da öldürdülər və tamamilə geri çəkildilər. Bizim isə hələ burada qalmağımız vacib idi. Qamışlıqların arasında dincəlirdik.                                                               ***     1932-ci ilin 25 avqustu idi. Bolşevik qoşunları tamam çəkilmişdi. Bir az dincələ bildik. Fəqət biz bilirdik ki, arxadan yeni qüvvələr gələcək. Buna şübhəmiz yox idi. Qaçaqların saç-saqqalı bir-birinə qarışmışdı. Mən bir kişini Araz çayına baxmağa göndərdim, o bir azdan qayıdıb Arazı keçmək olar deyə xəbər gətirdi.     O yerdə toxumluq heyvanlar yetişdirən dövlət fermaları vardı. Ora hücum edib yıxıb uçurduq. Sonra dəmir yolundaki vağzala da hücum çəkdik. Günəş batanda isə Araz çayını keçib atla səhərə qədər xeyli yol getdik. Gün işıqlaşdığı zaman Çaxırlı kanalı yanındakı körpünü 8 nəfərlə nəzarətə götürdük. Rusların pusqusuna düşməmək üçün sakitcə keçməyimiz məsləhət idi. Sonra o birisi qaçaqlar da gəldilər. Ertəsi gün İrana keçdik.     İranda varid olduğumuz qəsəbə rus postlarına yaxın idi. Artıq cənnət vətənimizdən ayrılmışdıq. Bir qurban kəsib ətini kasıb-küsuba payladıq və on iki illik mübarizəmizə son qoymalı olduq.     Allah bizləri qorumuşdu. O məlunların əlində öldürməmişdi. Niyə ana yurdumuz bizə cəhənnəm olmuşdu ? Nədən vətənimizdə ailəmiz, uşaqlarımız insan kimi yaşaya bilmədi ? Tanrının bizə bu qədər güc verməsi, vətənimizi, dinimizi o kafirlərin əlindən qurtarmaq idisə bunu sona çatdıra bilmədik. Özümüz də bu mübarizənin qurbanı olduq. Son !!! Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Oqtay Gülalıyevin oğlu: "Səhiyyə Nazirliyindən hələ də tutarlı cavab almamışıq"

“Müəyyən müddətdən bir, yəni fasilə ilə belə olsa, hansısa həkim gəlib atam Oqtay Gülalıyevi müayinə etmir. Yalnız tibb bacıları hər gün səhər saat 09:00-dan 18:00-dək gəlib atamla məşğul olurlar. Təbii ki, atama müəyyən vaxtlarda həkim nəzarəti, onu müayinə etmək lazımdır”.  Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.  “Həmçinin atam üçün gecə növbəsində tibb bacılarının təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciətimiz olmuşdu. Ancaq Səhiyyə Nazirliyindən hələ də tutarlı cavab almamışıq. Bildiyiniz kimi, sonuncu dəfə M.Topçubaşov adına xəstəxanada həkim səhlənkarlığı ucbatından atama infeksiya salınmışdı. Həmin həkimlə bağlı tədbir görülüb-görülmədiyi barədə də bizə hansısa məlumat daxil olmayıb. Görülsəydi, Oqtay Gülalıyevin ailəsi olaraq məlumatımız olardı”, - T.Gülalıyev deyib. 

Paşinyan Qarabağ ermənilərinə vətəndaşlığın tez verilməsini istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçənlərə ölkə vətəndaşlığının verilməsi prosesinin sürətləndirilməsi barədə danışıb. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunun mümkün qədər tez təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb. "Qarabağdan bir çox soydaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir", - o deyib.

Rusiyanın itkiləri 303 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 617-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 302 420 hərbçi, 5241 ədəd tank, 9877 ədəd zirehli döyüş maşını, 7292 ədəd artilleriya sistemi, 850 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 566 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9658 ədəd avtomobil texnikası, 5488 ədəd PUA, 1549 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1032 xüsusi avadanlıq itirib.

İranın İsrailə neft satdığı üzə çıxdı

İran Türkiyə vasitəsilə İsrailə neft ixrac edir və bu, Təl-Əvivin yanacağa olan ehtiyacının əhəmiyyətli hissəsini təmin edir. Sozcu.az xəbər verir ki, bu barədə İLNA Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat yayıb. İran parlamentinin keçmiş üzvü Hidayətullah Xadimi İLNA-ya müsahibəsində bunu inkar etməyib. “Türkiyə ilə İsrail arasında iqtisadi, hərbi, mədəni və turizm sahəsində əlaqələr var və Türkiyənin İrandan aldığı nefti İsrailə ixrac etməsi ehtimalı yüksəkdir”, - o deyib. Müstəqil ekspertlər bildirirlər ki, sanksiyalardan əziyyət çəkən və neftin satılmasında problemlər yaşayan İranın Türkiyə vasitəsilə İsrailə neft ixrac etməsi Tehran rəsmilərinin razılığı əsasında baş verir. Xatırladaq ki, Əli Xamenei noyabrın 1-də müsəlman ölkələrdən İsrail ilə əlaqələri kəsməyi, bu ölkəyə yanacaq və ərzaq ixracatını dayandırmalarını təlb etmişdi.

Bu gün öldürülən müğənni ilə bağlı tükürpədən fakt

Bu gün səhər saat 07 radələində Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov barəsində bəzi faktlar üzə çıxıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib. Həmin vaxt o, həbs edilib və uzun müddət həbsdə saxlanılıb. Həbs müddətində islah olunmayan şəxs azadlığa çıxandan sonra ögey (ata bir, ana ayrı) bacısı-Gəncədə yaşayan Səbinə ilə əlaqə saxlayıb. O, müğənnilik edən bacısından mütəmadi olaraq pul tələb etməyə başlayıb və aralarında narazılıq yaranıb. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirməmişdən əvvəl də cinayət əməli törədibmiş.

Siqaret və spirtli içkilər bahalaşacaq - Təcili

Aksiz dərəcələri artırılır. Sozcu.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır. Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

HƏMAS-ın müdafiə xətti yarıldı - Təcili

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yarıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib. “Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttini yarıb", - o bildirib.

Məktəblərdə bu tarixlərdə dərs olmayacaq - Rəsmi

Elm və Təhsil Nazirliyi qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikində edilən dəyişikliyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Azərbaycanda alimentin məbləği ARTIRILDI

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manata olacaq. Sozcu.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qeyd edək ki, 2023-cü il üçün alimentin minimum məbləği 220 manat olub.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VIII hissə

   Bir gün Sultan dərəsilə dağlara çıxmalıydıq. Biz ora çatmazdan əvvəl aralıda bolşevik qüvvələrini gördük, onlar isə bizi görə bilmirdilər. Mən tapşırdım ki, onlar bizə atəş açmayınca heç kəs silah işlətməsin. Biz iki hissəyə bölünüb, Sultan dərəsini öndən və arxadan mühasirəyə aldıq. Yollarını kəsdik. Onlar iki qüvvə arasında qalmışdı. Axşamadək döyüşlər davam etdi. Biz hamısını öldürüb axşam dağlara çəkildik. Sübh tezdən əsgərlər hər yerə doluşmuşdu. Bizimlə döyüşmək üçün əlavə qüvvələr də gətirilmişdi. Biz də tamam əldən düşmüşdük. Bu dəfə bizi allah qurtardı. Tufanlı, yağışlı ruzigar başladı. Bolşeviklər bu yerləri yaxşı tanımadıqları üçün çətin vəziyyətə düşmüşdülər. Onlar bizi tapa bilmədilər. Ertəsi gün Şəki istiqamətində getməyə başladıq. Qarlı havada yol getmək də çətinləşmişdi. Böyük bir ağacın ovuğunda gecələdik. Yapıncılarımıza bürünüb yatdıq. Sabah olanda isə qarşımızda iki arxac göründü. Onlar dağıstanlılar idilər. İki qrup halında arxaca gəldik. Çox qonapərvər idilər. Bizə yemək-içmək verdilər. Baş çoban bizdən kim olduğumuzu soruşanda hər şeyi doğru düzgün anlatdıq. Bu adam da bizə normal münasibət göstərdiyi üçün iki gün orada qaldıq. Bayırda qış havası duyulurdu, qar yağırdı. Ağdaşa getməyə qərara aldıq. Bu da bizi qorxutmurdu. Belə səfərlərə alışmışdıq. Yorucu bir yolculuq başlamışdı. Gecə qaranlığı düşsə də yenə də yol gedirdik. Gecə yarısı Səfərabad qəzasına çatdıq. Əyri çayını keçdik və sıx bir ormanlığa girdik. Qaçaqlara qurumuş kötükləri toplamağı tapşırdım. Qar yağırdı. Yapıncıları üstümüzə örtüb qarın altında yatdıq. Səhər tezdən yuxudan duranda yatmış qaçaqlar qıraqdan qəbirlərə bənzəyirdi. Onları bir-bir yuxudan ayıltdım. Kəndlər rus əsgərlərilə dolmuşdu. Hər kənddə on əsgər, bir çavuş vardı. Qaçaqlardan biri yaxınlıqdakı kənddən idi, bu səbəbdən də gedib bizə yemək gətirə bilərdi. Tütünləri qurtaran qaçaqlar ağac yarpaqlarını ovub siqaret kimi çəkirdilər. Bu durum bir həftə davam etdi. Bir axşam üstü yenə yola başlayıb Ağdaşın Cəyirli qəzasına gəldik. Orada iki qoyun yatağı vardı. Biz yenə də iki qrupa bölündük. Mən yatağa girdim. Yemək bişirirdilər. Qaçaqlar da gəldi. Əyləşib yemək yediyimiz vaxt içəriyə yaşıl gözlü, sarışın bir nəfər girib salam verdi. Sonra siz kimsiniz –deyə soruşdu. Mən də - görmürsənmi insanıq, həm də hökümət adamı – deyə cavab verdim. Bu adam çox hirsliydi. Mən başa düşmürəm, telefon etmişəm beş dəqiqəyədək sizin kim olduğunuz aydınlaşacaq. Mən təkrar –sən qarnımızı doydur, nə qədər istəsən pul verəcəyik. O isə - mən nə sizi tanıyıram, nə də yemək verəsiyəm – deyib üzümüzə baxdı. Bunu dedikdə - Mən səni bizi dinləməyə məcbur edərəm – deyib ayağa qalxdım. Əlini ayağına bağladım. Əlimə bir ağac alıb döyməyə başladım. Sonra isə qaçaqlara – kimin ülgücü varsa bunun qulağını bir az kəsin, yadında saxlasın. Bizdən sonra bura gələn qaçaqlara belə rəftar etməsin – dedim. Bunu eşidən Fidail həmin adamın qulağını dibindən kəsdi. Bunu haqq etmişdi. Ona görə ki, bu adam satqın və kommunist idi. Sonra onu yanına çağırıb bir də biz buralara gələndə belə etsən özündən küs –dedim. Burada qalmağımız təhlükəli olduğundan ərzaq götürüb uzaqlaşdıq. Küllü qara deyilən yerdə yenə də iki qoyun yatağı vardı. Yataq sahibi nurlu sifət Hacı Həmzə idi. Bizi gülər üzlə qarşılayıb xoş gəlmisiniz – dedi. Çobanları çağırıb iki qoyun kəsmələrini tapşırdı, onun iki gəlini vardı. Onlar da təzə çörək bişirməyə başladılar. Damda tütün vardı. Onu da qaçaqlara payladı. O da dərdliydi. 4 oğlu vardı, ikisi Sibirdə sürgündə, ikisi də nəzarətdəydilər. Mənə baxaraq : - Çopur Məmmədqasım sənsənmi –deyə soruşdu. Sonra mənə Ələsi göstərin deyə xahiş etdi. Biz də ona Ələsin başqa yerə getdiyini söylədik.     Yemək hazır idi. Əyləşib doyunca yedik. Hacı Həmzə bildirdi ki, 2400 qoyun var. Onları sizə fəda edə bilərəm. Vətən və millət naminə mübarizə aparırsınız. Silahdaşlarınıza deyin ki, tez-tez gəlib yemək aparsınlar. Ancaq bir kimsə bilməsin. O bizə gizli olaraq 500 mauzer gülləsi verib yanaqlarımızdan öpdü və vidalaşdı.     Ətrafı yaxşı görmək və özümüzü müdafiə etmək üçün əlverişli bir yer tapmalıydıq. Ona görə də Naltökən deyilən yerə çatmalıydıq. Biz düzə çatdıq, oradan hər yer aydınca görünürdü. Qaçaqlara istirahət etmələri üçün icazə verdim. Mən də bir təpənin başına çıxıb durbinlə ətrafı seyr etməyə başladım. Çox qarışıq bir suvari dəstəsinin bizə tərəf gəldiyini gördüm. Bizi hər yerdə axtarırdılar. Komandirləri avtomobildəydi. Qarşısına çıxan ceyranları ovlayırdı.     Onlar bizi tapa bilməyib axşam üstü geri çəkildilər. Biz də bir müddət burada qalıb yenidən Samuxa döndük.     Vəziyətimiz getdikcə ağırlaşırdı. On illik qaçaq həyatı bizi əldən salmışdı. Vəhşi bir həyat tərzi keçirirdik. Digər bölgələrdəki qaçaq dəstələrinin çoxu yaxalanmışdı. Öldürülmüşdü. Bu durum qarşısında bütün qüvvələr bizə qarşı yönəlmişdi. Bizim silahdaşlarımızdan Mehralı və Camal, üç qardaş, bu ağır şəraitə dözməyib bizdən ayrılıb qaçmış, gedib hökümətə təslim olmuşdular. Mübarizəyə dözüb təslim olmayan qaçaqların da mənəviyyatları sarsımışdı. Qafqazın dağ və ormanları rus əsgərlərinin məzarları ilə dolmuşdu. Bizdən ayrılanları həbs edəndə bolşeviklər : - “Qasımın qüvvəsi azaldı. Qardaşı da suda boğuldu” deyə sevinirdilər.     Bir gün Oğurca deyilən bir yol keçidində əyləşmişdik. Birdən postdakı qarovulçumuz bizim yanımıza gəlib – “ Hazır olun gəlirlər” deyə bağırdı. Havada yağışlıydı. Onlarla burda döyüşmək məqsədə uyğun deyildi. Aradan çıxmaq üçün şansımızda qalmamışdı. Qarşıdakı bir dağa çıxdıq. Bura çatanda qablarımızda bir damcı da su qalmamışdı. Çox susamışdıq. İçi soxulcan və böcəklərlə dolu su içməyə başladıq. Hökümət qüvvələri isə bizdən əl çəkmirdi. Biz dağın əsas nöqtələrini tutub çalanın içində pusqu qurduq. Döyüşə hazır vəziyyətdə gözləməyə başladıq. Köhnə dostumm Pirvəli oğlu Səməd də dəstəsi ilə üstümüzə gəlirdi. Onunla əvvələr dost idik. İndi isə heç bir bağlılığımız yox idi. O yolunu azmışdı. Səməd mənim ünvanıma söyə-söyə - “ Sən Denikinmisən, Kolçakmısan, ortaya çıxsana, Qasımı öz əlimlə tutub aparacam” – deyərək qışqırırmış. O, bizi axtararkən hökümət qüvvələri ilə döyüşlər başladı, hər tərəfdən silah səsi eşidilirdi. Üstümüzə gələn Səməd də əlində silah bir yoxuşu çıxırdı. Ora həm yoxuş, həm də dar keçid idi. Ən qabaqda Əsəd dayanmışdı. Səməd yoxuşu çıxanda qardaşım Əsəd onu vuracaqdı. Mən də sürünə-sürünə o tərəfə irəlilədim. Aramızda on beş, iyirmi metr məsafə qalmışdı. Ya allah deyib nişan aldım. Güllə açıldığı ilə Səmədin aşmağı bir oldu. Qardaşım Əsədi də ölümdən qurtardım. Səmədin yanındakıları da öldürdüm. Onun arxasınca gələn qüvvələr isə sevinərək ura çəkirdilər. Onlar elə biliblər ki, Səməd məni öldürüb. Mən isə sürünüb Səmədin cəsədi olan yerə gəldim. Onun səsini təqlid edərək dəstənin başcısı Yunisə - yavaş-yavaş gəlin onları təmizlədim – deyə, bağırdım. Özüm də onlara tərəf sürünməyə başladım. Yunis ağır-ağır yoxuşu çıxırdı, silahsız idi. Ona da bir güllə vurdum. Öz rəislərinin öldürüldüyünü görən hökümət qüvvələri məcbur qalıb yenə də geri çəkildilər.     Bitib tükənməyən bu mübarizəmiz, ağır yolculuq həyatı, soyuq ruzigar bizi də yormuşdu. Nə olursa olsun, yalnız bu işgəncə bitsin deyə allaha yalvarırdıq. Azacıq yeməyimiz qalmışdı, onu da yeyib qurtardıq. Mən bir kənara çəkilib qardaşım Əsədi də yanıma çağırdım. Əyləş dedim. Sonra söhbətə başladım. Dedim ki, Əsəd ola bilsin mən səhv düşünürəm. Sənin də məsləhətin lazımdı. O, diqqətlə qulaq asırdı. Qardaşım, vəziyyətimizi görürsən, qaçaq dəstələrinin hamısını dağıtdılar. Bizim də qüvvəmiz azaldı. Ələs də suda boğuldu. Ailəmiz, qohum-əqrabamız məhv edildi. Qalanları isə Sibirə sürgün olundular. Düşmənlərimiz isə gündən-günə güclənməkdədi. Yanımızdakıların da üçü qaçıb hökümətə təslim oldu. Tək ümidimiz İrana keçməkdi. Sənin fikrin nədi ? O da tərəddüd etmədən razılıq verdi.                                                             ***     Kür çayının bütün keçidləri nəzarət altındaydı. Qaçaqların bir qismi ilə çayın kənarındakı Adabaşı kəndinə gəldik. Kənddə Qurban və Zəkəriyyə adlı iki dostumuz vardı. Onlar barama ilə məşğul olurdular, qayıqları da vardı. Bu sadiq dostlarımdan Qurbanı çağırtdırdım və qayığı ilə bizə qarşı sahilə keçirməsini rica etdim. O da məmnuniyyətlə bu xahişimi yerinə yetirəcəyini bildirdi. Bizi sağ-salamat qarşıdakı Küçüklü kəndinə çatdırdı. Bu kənd həm qayalıq, həm də sıx ormanların əhatəsindəydi. Qorunmağımız üçün əlverişli şəraiti vardı. Orada da hökümətdən qaçaq düşən bir dostumuzla rastlaşdıq. Adı Mirzə idi. O, bizləri görüncə sevincindən nə edəcəyini unutmuşdu. Bizim qayəmiz isə Qarabağdan İrana keçmək idi. Bu arzumuzu ona da söylədik. Yəni Mingəçevirə gedib lüt Əli Hüseyni Mustafa və qardaşlarını görəcəyimizi anlatdıq. O bizimlə razılaşdı və bir yerdə hərəkət etdik. Mingəçevirdəki dostlarımızı da götürüb yola çıxdıq. Qərarımız qəti idi.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Xameneinin üstüörtülü ittihamı: Bu dəfə Bakıya çağırış etdi

İranın Ali dini rəhbəri Seyid Əli Xamenei 13 aban (4 noyabr) Tələbələr Günü və Milli Təkəbbürlə Mübarizə Günü münasibətilə tələbələrlə görüşdə Qəzzada baş verənlərdən danışarkən müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb. Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İran açıq şəkildə olmasa da, Azərbaycan və Türkiyəni ittiham edir: “Bu gün İsrailə neft və qaz ixrac edən əsas ölkə Azərbaycandır. Rəsmi Bakı ilə Təl-Əviv arasında bu sahədə yüksək münasibətlər mövcuddur. İran isə həmişə olduğu kimi, bu gün də Azərbaycanı ittiham etməkdən çəkinmir. Necə ki, Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol vermir, eyni qaydada heç bir ölkə də Bakının əməkdaşlıq etdiyi ölkələrə qarışa bilməz. Bu bizim xarici siyasətimizə müdaxilə cəhdidir. İranın HƏMAS-İsrail müharibəsində sərgilədiyi mövqe obyektiv deyil, çünki Tehranı nə Fələstin, nə də Qəzza maraqlandırır. İran üçün əsas məsələ Yaxın Şərqdəki maraqlarıdır. Bu məqsədlə Qəzzanı da qurban verə bilər”.

"Bir çox ərəb ölkələri bugünkü savaşda gizlincə İsrailə qələbə arzulayır..."

"Ərəb liderləri anlayır ki, İsrailin cavab tədbirləri nəticəsində fələstinlilərin qurban və əzabları artarsa, bu, öz vətəndaşlarında hiddət doğuracaq..." "Müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq..." Bir çox ərəb ölkələri İsraillə qarşıdurmaya rəğmən, bugünkü savaşda gizlincə ona qələbə arzulayır. Sozcu.az xəbər verir ki, bu sensasiyaya yaxın fikirlə ABŞ Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə sabiq direktoru Dennis Ross çıxış edib. Məlumatı "The New York Times" nəşri yayıb. "İsrail HƏMAS-a qalib gəlməli olduğu inamında tək deyil. Son iki həftə ərzində bütün regiondan olan və mənim çoxdan tanıdığım ərəb nümayəndələri ilə söhbət edəndə onların hamısı HƏMAS-ın Qəzzada məhv edilməli olduğunu deyib", - diplomat qəzetdə dərc edilən məqaləsində yazıb. Rossun həmsöhbətlərinin sözlərinə görə, əgər HƏMAS regionda qalib kimi qəbul ediləcəksə, bu, İran və onun müttəfiqlərinə impuls verəcək, bu da digər ərəb ölkələri hökumətlərini müdafiə mövqeyində dayanmağa vadar edəcək. Ross qeyd edir ki, ərəb ölkələri nümayəndələri belə mövqeyini yalnız özəl söhbətlərdə ifadə edir və yalnız bəziləri HƏMAS-ın İsraildə 1400-dən artıq insanın kütləvi şəkildə qətlini açıq şəkildə pisləyib. "Niyə? Çünki ərəb liderləri anlayır ki, əgər İsrail cavab tədbirləri görərsə və fələstinlilərin qurban və əzablarının sayı artarsa, o zaman bu, öz vətəndalarında hiddət doğuracaq", - Ross izah edib. O, vurğulayıb ki, heç bir yerdə "küçənin ovqatına yüklənmək" HƏMAS-ın İsrail Müdafiə Ordusunun Qəzza bölgəsində Əl-Əhli xəstəxanasını bombalaması barədə bəyanatından sonra tələm-tələsik İsrailin ünvanına ittihamlarda belə parlaq şəkildə təzahür etməyib. Hətta HƏMAS-ın hücumunu pisləyən Birləşmiş Ərəb Əmirlikləri sonradan "İsrailin hücumuna" dəstək verməyib. "İsrailin Qəzza bölgəsində hava bombardmanları vüsət aldıqca və mülki əhali arasında qurbanların sayı artdıqca, atəşin dərhal dayandırılmasına beynəlxalq çağırışlar artır.  Bəziləri İsrailə yerüstü əməliyyatın dərhal dayandırılmasına çağırış edir. Lakin müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq", - diplomat hesab edir. Rossun fikrincə, hazırda İsrailin siyasi liderləri HƏMAS hərbi məğlubiyyətə uğradıqdan və xeyli dərəcədə tərksilah edildikdən sonra  Qəzzanı tərk edəcəkləri və onun mühasirəsinə son qoyacağını aydın və açıq şəkildə vurğulamalıdır. "Onlar məlumat verməlidir ki, bütövlükdə fələstinlilərlə vəziyyətin siyasi nizamlanmasının zəruriliyini anlayır. İsrailin regiondakı tərəfdaşları imkan daxilində tez bir zamanda məhz bunu eşitməlidir", - diplomat vurğulayıb.

Bakıda bu həyət evlərinin qiyməti ucuzlaşacaq: “Orada heç kim yaşamaq istəməyəcək”

Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. Bəs kommunal istiqamətdə edilən ciddi dəyişiklik fərdi yaşayış evlərinin də qiymətlərinə təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu dəyişikliyin qiymətlərə də təsir edəcəyini bildirib: “Yeni qərar həm çıxarışlı torpaq sahələrinin, həm də çıxarışlı həyət evlərinin qiymətini artıracaq. Digər tərəfdən çıxarışı olmayan torpaq sahələrinin və tikilməkdə olan həyət evlərinin qiymətlərində kəskin enmələr olacaq. Çünki torpaq sahəsi alan adam orada nə isə tikmək istəyir, evi tikdikdən sonra həmin adam kommunikasiya xətləri çəkə bilməyəcəksə, təbii ki, orada heç kim yaşamaq istəməyəcək, istəsə belə yaşaya bilməyəcək. Bu qiymətlərə ciddi şəkildə təsirini göstərəcək”. Ekspertin sözlərinə görə, çıxarışsız evlərə çıxarışların verilərsə, bu, dövlətin də böyük gəlir əldə etməsinə səbəb olacaq: “Təbii ki, bu addım çıxarışsız həyət evlərinin sayının azalması üçün atılıb. Çünki yüz minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri var. Amma həm də buna alternativ addımlar atılmalı idi. Düşünürəm ki, çıxarışı olmayan evlərin çıxarışla təmin olunmasına başlanmalı və paralel olaraq digər istiqamətdə işlər görülməli idi. Hələ ki, tikintilərin dayandırılması ilə bağlı bu cür addım atılıb deyə düşünürəm. Yəqin ki, bu addım effektiv olar.  Amma istənilən halda, çıxarışı olmayan həyət evlərinə çıxarışların verilməsi yalnız vətəndaşların hüquqlarının qorunub tanınması deyil, bu həm də dövlətin bu sahədən böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Çünki bu sahədə olan boşluqlara görə - çıxarışların olmamasına görə dövlət ciddi şəkildə itkilərə məruz qalıb.  Çıxarışı olan həyət evləri əmlak vergisi, torpaq vergisi ödəyir, sığortalanır, alqı-satqı zamanı hər kvadratına görə vergi ödənir və s. Amma çıxarış olmadığı halda dövlət bu gəlirlərdən məhrum olur. Bu baxımdan işlər paralel aparılsaydı, daha yaxşı olardı.  Nəticə olaraq, yeni qərar çıxarışlı həyət evlərinin qiymətini artıracaq, çıxarışı olmayanların qiyməti isə aşağı düşəcək”.

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş: "Gözümün qarşısında iki qadının meyitini yandırdılar"

"Gözümün qarşısında iki qadının meyitini yandırdılar". Bu fikir qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Mehrəliyevin ifadəsində əksini tapıb. O, ifadəsində qeyd edib ki, kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb: "Kəndin bir neçə sakininin qətlə yetirilməsinin şahidi olmuşam. Gözümün qarşısında qətlə yetirdikləri iki qadının meyitini yandırdılar. Atamın meyitini dəfn etdikdən sonra çox əziyyətli günlər yaşadıq. Kənddən çıxanda əliyalın idik". Zərərçəkmiş Sədaqət İsmayılova isə istintaqa verdiyi ifadəsində deyib ki, Qarabağ müharibəsi başlayanda həyat yoldaşı Tahir könüllü şəkildə döyüşlərə qatılıb: "Mənə zəng edib dedilər ki, yoldaşın şəhid olub. Daha sonra məlum oldu ki, Tahir Meşəli soyqırımı zamanı öldürülüb. Həmin gün ermənilər evlərimizə od vurub yandırmışdılar". Qeyd edək ki, hər iki zərərçəkmiş üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərinə görə onların ifadələri elan olunub. /Report/