“Müəyyən müddətdən bir, yəni fasilə ilə belə olsa, hansısa həkim gəlib atam Oqtay Gülalıyevi müayinə etmir. Yalnız tibb bacıları hər gün səhər saat 09:00-dan 18:00-dək gəlib atamla məşğul olurlar. Təbii ki, atama müəyyən vaxtlarda həkim nəzarəti, onu müayinə etmək lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.
“Həmçinin atam üçün gecə növbəsində tibb bacılarının təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciətimiz olmuşdu. Ancaq Səhiyyə Nazirliyindən hələ də tutarlı cavab almamışıq. Bildiyiniz kimi, sonuncu dəfə M.Topçubaşov adına xəstəxanada həkim səhlənkarlığı ucbatından atama infeksiya salınmışdı. Həmin həkimlə bağlı tədbir görülüb-görülmədiyi barədə də bizə hansısa məlumat daxil olmayıb. Görülsəydi, Oqtay Gülalıyevin ailəsi olaraq məlumatımız olardı”, - T.Gülalıyev deyib.