İranın Ali dini rəhbəri Seyid Əli Xamenei 13 aban (4 noyabr) Tələbələr Günü və Milli Təkəbbürlə Mübarizə Günü münasibətilə tələbələrlə görüşdə Qəzzada baş verənlərdən danışarkən müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İran açıq şəkildə olmasa da, Azərbaycan və Türkiyəni ittiham edir:
“Bu gün İsrailə neft və qaz ixrac edən əsas ölkə Azərbaycandır. Rəsmi Bakı ilə Təl-Əviv arasında bu sahədə yüksək münasibətlər mövcuddur. İran isə həmişə olduğu kimi, bu gün də Azərbaycanı ittiham etməkdən çəkinmir.
Necə ki, Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol vermir, eyni qaydada heç bir ölkə də Bakının əməkdaşlıq etdiyi ölkələrə qarışa bilməz. Bu bizim xarici siyasətimizə müdaxilə cəhdidir.
İranın HƏMAS-İsrail müharibəsində sərgilədiyi mövqe obyektiv deyil, çünki Tehranı nə Fələstin, nə də Qəzza maraqlandırır. İran üçün əsas məsələ Yaxın Şərqdəki maraqlarıdır. Bu məqsədlə Qəzzanı da qurban verə bilər”.