"Gözümün qarşısında iki qadının meyitini yandırdılar".
Bu fikir qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Mehrəliyevin ifadəsində əksini tapıb.
O, ifadəsində qeyd edib ki, kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb: "Kəndin bir neçə sakininin qətlə yetirilməsinin şahidi olmuşam. Gözümün qarşısında qətlə yetirdikləri iki qadının meyitini yandırdılar. Atamın meyitini dəfn etdikdən sonra çox əziyyətli günlər yaşadıq. Kənddən çıxanda əliyalın idik".
Zərərçəkmiş Sədaqət İsmayılova isə istintaqa verdiyi ifadəsində deyib ki, Qarabağ müharibəsi başlayanda həyat yoldaşı Tahir könüllü şəkildə döyüşlərə qatılıb: "Mənə zəng edib dedilər ki, yoldaşın şəhid olub. Daha sonra məlum oldu ki, Tahir Meşəli soyqırımı zamanı öldürülüb. Həmin gün ermənilər evlərimizə od vurub yandırmışdılar".
Qeyd edək ki, hər iki zərərçəkmiş üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərinə görə onların ifadələri elan olunub. /Report/