Yevlaxda güllələnən şəxsin anası: Bir gün əvvəl oğlum...

Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub. Sozcu.az-ın report-a istinadən məlumatına görə, bu gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib. Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı: “Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər”-deyə mərhumun anası bildirib. Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nazarbayev mühafizədən də məhrum edilir

Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin mühafizəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin “Açıq hüquqi aktlar” portalında məlumat dərc olunub. İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir. Belə ki, xüsusən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü abzasının başqa redaksiyada verilməsi təklif edilir və burada komitənin “Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etmək” öhdəliyi daşıdığı qeyd olunur. Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidentinin - Elbasının təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur.

"Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb..." - Elnarə Abdullayeva

"Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də mənə artıq-əskik təklifi görmədim. Mən bütün azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar". Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib. Sənətçi xoşaqəlməz həyat tərzi keçirən qadınları sözləri ilə yerdən yerə vurub: "Həyatda məcburu heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər çölə. Çöldə o kişi qız, qadın görməsə qoltuğuna pişiyi, çaqqalı vurub aparmayacaq ki, harasasa... Çıxıb, əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran isə qadındır. Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasasa aparır? Hə? Niyə? Niyə axı sən özünü bu günə qoyursan? Mən bu cür qadınları qınamıram, onlardan ötrü ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır?  Olmaz ki, çətin yaşayın, amma qürürla yaşayın və özünüzdən muğayat olun?!"

Gəncədə evə hücum: iki nəfər bıçaqlandı

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb. Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb. Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub. Faktla bağlı araşdırma aparılır.

Qəzzada ölənlərin sayı 11 mini keçdi

Qəzza zolağında İsrial və HƏMAS arasında müharibə nəticəsində 11180 nəfər həlak olub, 28 min nəfər isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. Yaraqlıların İsrail ərazisinə hücumu zamanı 1,2 min nəfər həlak olub, 5,4 min nəfər isə yaralanıb.

“Hər yerdə cəsəd yandırma mərkəzləri var” - Uyğur jurnalistən ŞOK AÇIQLAMA

“Çin işgəncəsi” ifadəsini yəqin ki çoxlarınız eşitmisiniz. Qədim tarixə və mədəniyyətə malik olan Çində öz mədəniyyətlərinə yad olan müsəlman, həm də türk uyğurlar illərdir ki, sözün əsl mənasında elə həmin “Çin işgəncəsi”-nə məruz qalırlar. Bu mövzuya müxtəlif zamanlarda toxunmuşuq, elə bu gün də toxunmaq istədik. Məhz bu gün bu mövzuya toxunmamız isə heç də təsadüf deyil. Bu gün 1933-cü ilin 12 noyabr tarixində qurulan Şərqi Türkistan İslam Cumhuriyyəti, daha sonra 1944-cü ilin 12 noyabr tarixində Şərqi Türkistan Cumhuriyyətinin yaranmasının ildönümüdür. Uyğur türklərinin yaşadığı faciə ilə bağlı Şərqi Türkistandan olan  jurnalist Mir Kamil Kaşğarlı ilə söhbət etdik. Doğulduğu yerin adını özünə təxəllüs götürən Mir Kamil bəyin özü də Çin zülmündən xilas olanlardan və uyğur türklərinə verilən işgəncələr mövzusunda səsini duyurmağa çalışanlardandır. 1996-cı ilin sonunda Çindəki problemlərə görə ailəsi ilə birlikdə mühacir həyatı yaşamalı olublar. Mir Kamil Kaşğarlı uyğur türklərinin hazırkı vəziyyəti ilə bağlı proseslər barədə deyir ki, Şərqi Türkistan dedikdə ağlımıza qırğın və assimilyasiyanı, nasist düşərgələrini və inkvizisiya məhkəmələrini, ən əsası isə İslam dünyasının zəngin cənnəti olan Əndəlüsü gətirmək lazımdır. “1492-ci ildə Əndəlüsün süqutu zamanı Əndəlüsdə baş verən hadisələr, Şərqi Türküstanın Çin tərəfindən işğalı və bugünkü gündə soydaşlarımızın amansız soyqırım düşərgələrində çəkdiyi zülmlərə səssizlik və reaksiyasızlığın nəticəsidir ki, Şərqi Türkistan öz “qınına” çəkilmiş vəziyyətdədir. Səkkiz əsr İspaniyanın taleyində söz sahibi olan müsəlmanlara sanki bu ölkəyə ayaq basmamış kimi davranılırdı. Çin də Şərqi Türküstanın Əndəlüs fəlakəti ilə eyni şeyi yaşamasını istəyir. 1949-cu ildə Çin və Rusiyanın müştərək təşkil etdiyi təyyarə qəzası sui-qəsdi ilə Şərqi Türküstan Respublikasının prezidenti və baş naziri başda olmaqla, öndə gedən general və liderlər aradan qaldırıldıqdan sonra Şərqi Türküstana muxtar bölgə statusu təklif edildi. Şərqi Türküstan xalqının həyatına, malına, mədəniyyətinə və dini həyatına toxunulmayacağı, hətta siyasi idarəçiliyinə belə qarışmayacağına dair bir çox öhdəlik imzalandı. Bu öhdəliklərə görə, çinlilər Şərqi Türküstanda yalnız oranı çiçəkləndirmək, Təkləməkan səhrasını yaşıllaşdırıb qızılgül bağına çevirmək və iqtisadiyyatın inkişafına kömək etmək üçün məskunlaşacaqdılar. Çin bu yalançı öhdəliklərlə Şərqi Türküstana ayaq basdıqdan sonra Əndəlüsdəki kimi 3-5 il öz öhdəliklərinə sadiq qaldı. Bu prosesdə, Şərqi Türküstanda yerli nizami əsgərləri dağıdıb, onların əlindən silah almaq üçün xalqı yuxuya verməklə dünya tarixində misli görünməmiş bir hiylə həyata keçirdi. Düz 5 il sonra bütün sərhədlər bağlanaraq xarici dünya ilə bütün əlaqələr kəsildi və Şərqi Türküstan açıq qırğın düşərgəsinə çevrildi. Əndəlüsdə olduğu kimi, indi də  Şərqi Türküstanda transformasiya başladı. Meydanlarda yüz minlərlə qiymətli kitab və Quran toplanaraq yandırıldı, əlifba dəyişdirildi, evlərində uyğurca kitab saxlayanlar qeyri-müəyyən müddətə həbs edildilər. Sonradan “Mədəni inqilab” adlandırdıqları qırğın düz 28 il davam etdi. Qeyri-rəsmi rəqəmlərə görə, ən azı 25 milyon Şərqi türküstanlı soyqırıma məruz qalıb. 1982-ci ildə dünyada baş verən proseslərə ayaq uydurmalı və iqtisadi cəhətdən kapitalizmə uyğunlaşmalı olan Çin dünyanın reaksiyasından yayınmaq üçün Şərqi Türküstandakı qırğınlarına ara verməli oldu. Dünya ölkələrindən sərt reaksiya almamaq üçün Şərqi Türküstan xalqının dini, dil və adət-ənənə hüquqlarını, eləcə də ağır və kommunist çevriliş düşərgələrinə çevrilmiş məscid və mədrəsələrini müvəqqəti olaraq geri çəkilmək məcburiyyətində qaldı. Bu azadlıq yalnız 10 il davam edə bilərdi. Şərqi Türküstanın bütün vilayət, mahal və kəndlərində onlarla müxtəlif adlar altında Çin üsulu nasist düşərgələri quraraq, İslamın bütün rəmzlərini, hətta Allah kəlamını terrora bağlayaraq, uyğurları oyandıran bütün fəaliyyətləri kütləvi şəkildə təbliğ etməklə separatizm, dini ekstremizm kimi uydurma bəhanələrlə mədəniyyət və adət-ənənələr yenidən məhvə və soyqırıma başlayıb. Saysız-hesabsız məscidlər dağıdılıb, Quran daxil olmaqla dini kitablar yığılıb yandırılır. Xüsusən də hər şəhər və rayonda yaradılmış “cəsəd yandırma mərkəzləri”  Şərqi Türküstan xalqının nə cür  kütləvi soyqırım dönəmində olduğunun ağırlığını izah etmək üçün kifayət edər, hətta bəlkə də artar” – deyə müsahib bildirdi. Mir Kamil Kaşğarlı dünyanın uyğur türklərinin soyqırımına biganə qalmasından şikayətlənərək deyir ki, təəssüflər olsun ki, İslam və Türk dünyasındakı parçalanma Əndəlüs fəlakətində olduğu kimi, Şərqi Türküstanın 2-ci Əndəlüsə çevrilməsini də seyr etməklə qalır. “Heç bir türk və ya islam ölkəsində hələ də “Çin Strateji Araşdırmalar İnstitutu”nun yaradılmaması bunun əyani göstəricisidir ki, dünya ölkələrinin çoxu Çini kifayət qədər yaxşı tanımır. Ən böyük səhvimiz Çini özümüz qədər dürüst “özü və sözü bir” olaraq görməmizdən və onların dediklərinə asanlıqla inanmağımızdan irəli gəlir. Şərqi türküstanlı dindarların fəryadlarına bağlı qalan qulaqlar dərhal Çinin şirin sözlərinə açılır. İslam və Türk dünyası sarsılmadan, bir baş, bir bayraq, bir hədəf ətrafında birləşməsək, başda Şərqi Türküstan olmaq üzrə heç bir yaramızı sağalda bilməyəcəyik. Məncə, təcili olaraq atılmalı bəzi addımlar var. Hansı ki, Çinin Şərqi Türküstanla bağlı açıq siyasət yürütməsini təmin etmək, onu bu nöqtədə qapalılıq və məlumatsızlıq siyasətlərindən əl çəkməyə məcbur etmək və ya diplomatik kanallarla razı salmaq. Bunun göstəricisi kimi qadağan olunmuş xarici rabitə kanallarının açılması və tikinti şirkətlərinin xaricdəki qohumları ilə rahat ünsiyyət qura bilməsi zəruridir. Çinin media qurumlarının təmsilçiliyi olan bütün ölkələr, xüsusilə Türkiyə, Şərqi Türküstanda qarşılıqlı olaraq media nümayəndəliklərini açmalıdırlar və hətta onların azad xəbər hüquqları təmin edilməlidir. Bundan əlavə, əcnəbi səyyahların istər fərdi, istərsə də qrup halında Şərqi Türküstana yönləndirilməsi və orada əcnəbiləri sıx şəkildə olmasını təmin etmək çox faydalı olardı. Xarici iş adamlarını investisiya qoymağa, ofis və iş yerləri açmağa təşviq etmək lazımdır. Bu təşəbbüslər uğur qazandıqda, Çinin öz qeyri-insani assimilyasiyasını daha gizlədə bilməsinə mane olacaq. Çin də İslam dünyasındakı imicinə və uzunmüddətli imperialist məqsədlərinə xələl gəlməsinin qarşısını almaq üçün öz qəddarlığını və zülmünü bir az da olsa azaldacaq yaxud azaltmağa məcbur qalacaq”.musavat.com)

"Bizim bir düşmənimiz var, o da Putin və onun arxasında dayanan nasist Rusiyasıdır" - Qordon

"Biz daxili çəkişmələr deyil, istisnasız olaraq faşist Rusiyası üzərində qələbə haqqında düşünməliyik..." "Hərbçilər cəbhədə baş verənlər haqqında şərh verməməlidir, bu, təcavüzkarın işini asanlaşdırır və müttəfiqlərimizdə təlaş yaradır..." Hərbçilər və siyasətçilər vəziyyəti heç də həmişə eyni cür dəyərləndirmir. Sozcu.az xəbər verir ki, bu fikri "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordon teleaparıcı Vasili Qolovanova müsahibəsində ifadə edib. O, Ukrayna prezidenti Vladimir Zelenski və Silahlı Qüvvələrin Baş Komandanı Valeri Zalujnı arasında Rusiya işğalçıları ilə bundan sonra aparılacaq mübarizə ilə bağlı, guya, "fikir ayrılığı" və gərginlik yaranması barədə şayiələrə münasibət bildirib. "Hərbçilər və siyasətçilərin müxtəlif cür düşündükləri normaldır, istənilən ölkə üçün bu, belədir", - o, deyib. Jurnalistin sözlərinə görə, hərbçilər hərbi mənzərəni görür və heç də həmişə siyasi aspektləri nəzərə almır, siyasətçilər isə, əksinə, hər şeydən əvvəl siyasi aspektləri nəzərə alır, lakin hərbi aspektləri görmür. "Belə münaqişələr əvvəlcədən həmişə gözləniləndir. Mən istərdim ki, əgər prezident və general Zalujnı arasında, siyasətçilər və generallar arasında ixtilaflar varsa (bunlar yəqin ki, var, təkrar edirəm, bu, normaldır), bunlar müşavirələr keçirilən zallardan kənara çıxmasın. Bizim bir düşmənimiz var, onun soyadı Putin və onun arxasında dayanan faşist, nasist, kiflənmiş, murdar Rusiyadır. Ona görə də biz bu gün daxili çəkişmələr, daxili münaqişələr deyil, istisnasız olaraq faşist Rusiyası üzərində qələbə haqqında düşünməliyik", - Qordon bəyan edib. O,  vurğulayıb ki, Ukraynanın qələbəsinə inanır. "Mən qələbəmizə tamamilə inanıram. Yeri gəlmişkən, mən heç şübhə etmirəm ki, Valeri Fyodoroviçin hətta məlum məqaləsindən sonra da özü də qələbəyə inanır. Mən buna əminəm. Zelenski də qələbəyə inanır. Mən buna da əminəm. Bütün bəlli olanlardan sonra da mən qələbəmizə tamamilə əminəm", - Qordon hesab edir. Noyabrın 1-də Zalujnının "The Economist" nəşrində Ukrayna cəbhəsində yaranmış vəziyyətə həsr edilmiş məqalə dərc edilib.  Məqalədə o cümlədən deyilir ki, müharibə hazırkı mərhələdə "tədricən mövqe formasına keçir", uzunmüddətli müharibə isə Ukrayna üçün böyük risklər yaradır. Baş Komandanın dəyərləndirməsinə görə, hazırda hər iki tərəfin texnoloji inkişafı elədir ki, "dalandan çıxmaq üçün", vaxtilə barıtın kəşf edilməsi zamanı olduğu kimi, vəziyyəti dəyişmək üçün nəsə prinsipial olaraq yeni bir şey lazımdır. Ukrayna prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva Zalujnının məqaləsini şərh edərkən bəyan edib ki, hərbçilər cəbhədə baş verənlər barədə açıq şərh verməməlidir. Onun sözlərinə görə, bu, "təcavüzkarın işini asanlaşdırır", məqalə isə Ukraynanın müttəfiqləri arasında "təlaş" yaradır. Zelenski NBC News" nəşrinə müsahibəsində etiraf edib ki, cəbhədə "bu gün həqiqətən mürəkkəb vəziyyət yaranıb", amma bu, dalan demək deyil. "Bəzən bizim müharibəyə münasibətimiz belə olur, daşünürsən ki, kimsə yerində sayır. Lakin bu, sadəcə, yerində saymaq demək deyil. Yerində dayanaraq da sən düşməni məhv edirsən və bu, faktdır", - dövlət başçısı qeyd edib.

ŞOK: Rusiyanın itkiləri 311 MİNİ ötdü

Ukrayna müharibənin 627-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 311 750 hərbçi, 5349 ədəd tank, 10073 ədəd zirehli döyüş maşını, 7559 ədəd artilleriya sistemi, 881 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 580 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9944 ədəd avtomobil texnikası, 5632 ədəd PUA, 1560 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1078 xüsusi avadanlıq itirib.

Təcili: Təl-Əvivdə dar ağacı quruldu...-Kim üçün?...-FOTO

Oktyabrın 7-də kütləvi qətllər törədən terrorçulara etiraz əlaməti olaraq Təl-Əvivin tarixi Dizenqof meydanında dar ağacı quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Segodnya v İsraile”("Bu gün İsraildə") telegram-kanalı məlumat yayıb. Aksiyanın təşəbbüskarı həbs olunan terrorçuları ölüm cəzasına məhkum edən “Vətəndaş cəbhəsi” (“Həzit əzrahit”) təşkilatı olub. Təşkilatçılar bildiriblər ki, onlar bu dar ağacını əvvəllər onlara bu cür məzmunlu mitinq keçirməyi qadağan edən Təl-Əviv bələdiyyəsinin razılığı olmadan quraşdırıblar. Obyektin özü iki "mələk" qanadı arasında xaç olan dar ağacıdır və üzərində həmin gün ölən İsrail vətəndaşlarının qurbanları təsvir edilib. Postament üzərində bəyanat tərtib edilib: “Oktyabr qırğınının terrorçuları dar ağacında məsuliyyətə cəlb edilməlidir”.

İranın Ermənistandakı səfirindən Azərbaycana qarşı iyrənc təxribat

"Qarabağ xalqı"nın (? - red.) hüquqlarının qorunması vacibdir. Sozcu.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “SivilNet”ə müsahibəsində deyib. “Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır. Hesab edirik ki, Qarabağ xalqının (? – red.), Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır. Qarabağ böhranı başlayanda və qarabağlılar Ermənistana gələndə bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər. Biz “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq”, - Sübhani bildirib. Sübhani Ermənistandan keçən yol haqqında “dəhliz” sözünün işlənməsi haqda qeyd edib ki, bu sözün arxasında onların (Azərbaycanın – red.) gizli fikri var: “Biz Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və onun beynəlxalq sərhədlərini pozan hər şeyə qarşıyıq. Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər”. Səfir vurğulayıb ki, İran nəqliyyat əlaqələrinin bərpasının əleyhinə deyil, lakin Ermənistanın nəzarətindən kənarda yolların mövcudluğunu qəbuledilməz hesab edir: “Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o rabitə və kanalların əleyhinəyik. Bizim nöqteyi-nəzərimizdən Ermənistanın nəzarəti və suverenliyi altında olmayan yol qəbuledilməzdir”. Qeyd edək ki, məkrli surətdə erməni əhalini “Qarabağ xalqı” adlandıran və onların guya həyatlarına təhlükə olduğu üçün Qarabağdan getdiyini deməklə, təxribat törədən, Zəngəzur dəhlizinin məntiqini təhrif edən Sübhaninin açıqlamalarına Azərbaycan XİN artıq cavab verib və İranın buna reaksiyasını gözlədiyi vurğulanıb.

"Rusiya qoşunları 2030-cu ilə qədər Azərbaycanda qalmaq istəyir" - Video

“Azərbaycan Rusiyadan məsafə saxlamalıdır”. Sozcu.az xəbər verir ki, bu fikri TV Müsavat-ın efirində hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu günə qədər Şuşaya və digər işğaldan azad edilən ərazilərimizə getməyən Rusiyanın Azərbaycandakı səfiri artıq tədbirlərdə görünməyə başlayıb. Ekspert bununla bağlı sensasion şərh  verib. Verilişdən həmin hissəni təqdim edirik:

Polşa prezidenti Müsavat rəhbərlərini rəsmi dövlət bayramına dəvət etdi

Müsavat Partiyasının rəhbərliyi Polşanın müstəqillik Günü bağlı keçirilən dövlət tədbirində iştirak ediblər.  Sozcu.az xəbər verir ki, bu haqda məlumatı Müsavat Partiyasının başqanı Arif hacılı özünün Feysbuk səhifəsində paylaşıb:  Bu gün Polşanın Dövlət Müstəqilliyi günüdür.  Prezident Anjey Dudanın dəvəti ilə bu münasibətlə Varşavada keçirilən rəsmi dövlət tədbirində iştirak etdik.  MSDM sədri İsa Qəmbər və Şərqi Avropa, postsovet ölkələri Azadlıq Hərəkatı liderləri ilə birlikdə Varşavanın mərkəzi meydanında şərəf tribunasında yer aldıq.  Polşa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin iştirakı ilə maraqlı bayram tədbiri və hərbi paraddan xoş təəssüratla ayrıldıq.  Avropada səfərimiz yaxın günlərdə davam edəcək.

"Ukrayna cəbhəsindəki rus fərarilər Ermənistana qaçır"

“Səfərbər edilmiş Rusiya qoşunlarının bir qrup əsgəri işğal olunmuş Krım yarımadasında öz alayının komandir müavinini döyərək öldürüb və hadisə yerindən qaçıb”. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı xarici mediaya məlumat ötürüb. Həmin məlumatda qeyd edilir ki, Rusiyanın cənub hərbi dairəsinin səkkizinci ordusuna daxil olan 20-ci motoatıcı diviziyasının əsgərləri noyabrın 1-də polkovnik Musurbekova ağır bədən xəsarətləri yetiriblər. Həmin gün hücumu törətməkdə şübhəli bilinən hərbçilər geyimlərini atıb mülki şəxs qismində qaçıblar. Onlar Simferopol rayonundakı bazanı tərk edərək, Rusiyanın qonşu Krasnodar vilayətinə qaçıblar. Ukrayna kəşfiyyatı bildirib ki, döyüləndən 6 gün sonra polkovnik Musurbekov Simferopoldakı xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib. Ukrayna Baş Qərargahı bildirib ki, Ukraynadakı müharibəni tərk edən Rusiya hərbçilərinin sayı artır. Aşağı əhval-ruhiyyə, zəif təchizat və təlim, eləcə də Vladimir Putinin komandanlıqla bağlı problemlərə genişmiqyaslı müdaxiləsi başlayandan bəri çoxsaylı belə məlumatlar var. Belə ki, bu ilin avqustunda Ukraynanın işğal olunmuş Xerson vilayətindəki bir qrup rus əsgəri Rusiya Əsgər Anaları Komitəsinə videomüraciət yayıb və orada onların əhval-ruhiyyəsini “döşəmə səviyyəsindən aşağı” kimi təsvir ediblər. Ukraynanın “RBC Ukraine” nəşri son aylarda rus qoşunlarının fərarilik hallarının artdığını vurğulayıb. Məsələn, bu il mayın 25-də Ukraynanın şərqindəki Luqansk vilayətinin Svatove yaxınlığında səfərbər edilmiş 20-yə yaxın rus əsgər yük maşınını oğurlayaraq qaçıb. İyunun 9-da eyni bölgənin işğal altında olan Arapivka şəhərində 90-na yaxın rus əsgəri də fərarilik edib. Donetsk vilayətinin Rusiyanın işğalı altında olan Soledar şəhərindəki hərbi hissədən də keçmiş məhbus olan 7 silahlı əsgər qaçıb. Onlardan üçü daha sonra saxlanılıb. Ukrayna mətbuatı cümə günü 76-cı Qvardiya Hava Hücum Diviziyasının hücum briqadasından olduqlarını bildirən iki nəfərin Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərində bir komandirin onu təhqir etdiyi üçün tabeliyində olan şəxsi güllələyərək öldürdüyünü də bildirib. Qeyd edək ki, Almaniyanın “Deutsche Welle” agentliyi belə bir xəbər yaymışdı ki, fərarilərin çoxu postsovet ölkələrinə – Ermənistana və ya Qazaxıstana gedib.konkret)

Zəngəzur mübahisəsi dərinləşir – İran “kart”ını aktivləşdirdi

“İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir”. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni deyib. Ekspert Tehranla Moskva arasında dəhlizə nəzarət məsələsinə yanaşmada fikir ayrılığının olduğunu iddia edir: “İran üçüncü ölkənin bu yollara nəzarət etməsini qəbul etmir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək o yola yalnız Ermənistan nəzarət etməlidir. İran ancaq bu variantın tərəfdarıdır. Hər halda üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Çünki İran da həmin yollardan keçir və o yollara yalnız Ermənistanın nəzarət etməsini istəyir. Bəli, burada İran və Rusiyanın maraqları toqquşur”.

BMT TŞ dərhal Qəzzaya müdaxilə etməlidir - Vəliəhd

BMT Təhlükəsizlik Şurası Qəzzada münaqişəyə dərhal son qoymaq üçün müdaxilə etməlidir. Sozcu.az xəbər verir ki, bunu Küveyt vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Sabah İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammitində çıxışı zamanı deyib. "İsrar edirik ki, Qəzza xalqına təcili humanitar yardım çatdırılmasını təmin etmək və onların məcburi köçkün düşməsinin qarşısını almaq lazımdır", - Sabah qeyd edib.

Cəlal Arutyunyan yenidən hakim qarşısına çıxarılacaq

Özünü Qarabağdakı keçmiş rejimin “ordu rəhbəri” hesab edən Cəlal Arutyunyana qarşı yenidən cinayət təqibi başladılıb. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl məhkəmə Cəlal Arutyunyana qarşı cinayət təqibini bəraət hökmü əsasında dayandırıb. Məhkəmə hesab edib ki, C.Arutyunyan 7 oktyabr 2020-ci il əks-hücum barədə əmr verərkən öz səlahiyyətləri çərçivəsində hərəkət edib. Məhkəmə sözügedən əməliyyatlar nəticəsində itkilərin sayının çox olduğunu etiraf etsə də, qərarın zərurətdən irəli gəldiyini açıqlayıb.   Lakin maraqlıdır ki, bəraət hökmündən qısa müddət sonra Cəlal Arutyunyana qarşı yeni cinayət işi açılıb. Bu barədə onun vəkili məlumat yayıb. Vəkil vurğulayıb ki, yeni hüquqi təqib mahiyyət etibarilə əvvəlkini təkrarlayan yeni cinayət işidir.

SON DƏQİQƏ! İsrail və HƏMAS danışıqlara başladı

ABŞ-ın "CNN İnternational" və "New York Times" nəşrləri İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib. Sozcu.az xəbər verir ki, “New York Times”in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, masadakı təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir. Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, say 100-ə qədər arta bilər. Digər təklifdə bildirilir ki, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılması istənilir. Lakin İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib. "CNN İnternational" da münaqişədə bir müddətlik fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb. Bildirilib ki, HƏMAS rəsmiləri hərbi yaşda olan israilli kişiləri və İsrail əsgərlərini tezliklə azad etmək niyyətində deyil. Hər iki qəzet Qətərin İsrail və HƏMAS arasında vasitəçi rolunu oynadığını və ABŞ-ın yüksək rütbəli rəsmilərinin danışıqlarda iştirak etdiyini vurğulayıb.

Əhməd KANLIDƏRƏ: Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir

Bu yaxınlarda Ötükən Nəşriyyatı eyni vaxtda iki mühüm əsəri oxuculara təqdim etdi. Onlardan biri də 70 il əvvəl alman dilində nəşr olunan Dr. Edige Kırımalın illərdir türkcə gözlənilən Krım Türklərinin Milli Mücadilə əsəri, digəri isə yepyeni bir əsərdir: Prof. Dr. Əhməd Kanlıdərənin Yusuf Akçura və Rusya Türklüyü. Eyni dövrdə və eyni coğrafiyada gedən fikri və milli mübarizəni təsvir edən bu iki əsərin ardıcıl oxunması çox faydalı olar. Mərmərə Universitetinin Ümumi türk tarixi kafedrasının müdiri Prof.Dr. Əhməd Kanlıdərə uzun illər və böyük zəhmətlə üzərində çalışdığı bu əsəri Ötükən Nəşriyyatında uzun müddət ciddi şəkildə çalışaraq nəşr etdirmiş və təqdim etmişdir. 448 səhifəlik sərt üzlüklü kitab kimi oxuculara təqdim olunur. Şübhəsiz ki, Yusuf Akçura və Rusya türkləri kitabı hər bir türk aydınının, hər bir türk vətənpərvərinin, Türk Dünyası üzərində çalışan hər kəsin oxuyub kitabxanasında saxlamalı olduğu bir əsərdir. Əsərin müəllifi Proffesor Əhməd Kanlıdərədir və Türk dünyasında fikri hərəkatlar üzərində işləyən və əsərlər hazırlayan ən yaxşı mütəxəssislərdən biri kimi Türk milliyyətçiliyinin, Türk dünyasının siyasi və mədəni hərəkatlarının üzvüdür. əvvəlki əsərlərində görülən asan oxuna bilən üslubla, elmi ciddilik və səviyyəyə xələl gətirmədən böyük Yusuf Akçura haqqında belə yığcam bir əsərin qoyulması kitabın dəyərini artırmaqla yanaşı, Yusuf Akçuranı və onun dövrünü daha yaxşı anlamamıza kömək edir. Prof Dr Ahmet Kanlıdere işi haqqında bunları deyir: “Akçura ilə bağlı araşdırmaların əksəriyyəti onun Türkiyədəki həyatı və fəaliyyəti üzərində cəmlənib. Ancaq Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir. Akçura 1903-1908 və 1918-1919-cu illərdə Kazan, Moskva, Peterburq, Baxçasaray kimi mərkəzlərdə Rusiya türklərinin siyasi və mədəni fəaliyyətlərini təşkil edən mühüm şəxsiyyət olub. Türkiyədə olduğu illərdə də o yerlərə olan marağını qoruyub saxlamış, yazılarının əhəmiyyətli bir hissəsini Quzey türkləri məsələlərinə həsr etmişdir. Uzun və zəhmətkeş işin nəticəsində Akçuranın indiyə qədər naməlum məktublarını, fotoşəkillərini və onun haqqında bəzi xatirə əşyalarını müəyyənləşdirib üzə çıxardım. Kitabın ikinci hissəsində onun Rusiyada qəzetlərdə dərc olunan, indiyə qədər çox araşdırılmayan məqalələrini müzakirə etdim. Biblioqrafiyada onun bütün yazılarını müəyyən etməyi qarşısına məqsəd qoymuşdum; Bu, indiyə qədər irəli sürülmüş ən əhatəli siyahıdır. Kitabdakı fotoşəkillərin və sənədlərin əksəriyyəti ilk dəfədir ki, çap olunur”. Hörmətli alimlər öz üzərlərinə düşəni edir, belə dəyərli əsərlər yaradırlar və bizim də, oxucunun da vəzifəsi bu əsərləri almaq, oxumaq, oxutdurmaqdır. Əməl Kırım Vakfı

Şəmkir rayon Çinarlı qəsəbəsində Azərişıq tərəfindən yarımcan hala salınmış və təhlükəli vəziyyət yaradan işıq transformatoru

Gördüyünüz fotolar Çinarlı qəsəbəsi şəhid Aqil Mürşüdov küçəsinin girişidir. 26 avqustda Azərişığın əməkdaşları tərəfindən transformatorun tənzilməyicisi çıxarılaraq götürülüb. Harada olduğu, bu günə qədər yerinə niyə qaytarılmaması haqqında heç kəs izahat vermir. Bu səbəbdən küçədə yaşayan sakinlərin evində bir neçə dəfə yanğın təhlükəsi yaranıb. Transfarmatora bağlı naqillərin üstü isə açıqdır. Ətrafı tamamən açıq(qəsəbənin əsas ictimai yerlərindən biridir) transformator ölüm mənbəyidir( ətrafında oynayan uşaqları fotoda görə bilərsiniz). Vətəndaşlara xidmət edirik adı altında ölüm mənbəyi yaradan şəxsləri, qurumları məsuliyyət dərketməyə, öz işlərini doğru şəkildə görməyə dəvət edirik. Sözcü.az

Endirim, yoxsa fırıldaqçılıq?

Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir. Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir. Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.  “Endirim” sözü varsa, aldadılma faktı var Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib: “Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır. Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.  Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb: “Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”. Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar “Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.  Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir: “Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.   

Paris sülh konfransından müharibə küləkləri...

Dünən Parisdə sülh adı altında konfrans keçirildi. Amma, toplantıdan adına uyğun olaraq sülh çağırışları, təşəbbüsləri yox, faktiki olaraq müharibə çağırışları səsləndi. Çağırışları həm Ermənistan, həm də Fransa rəsmiləri Azərbaycana qarşı ünvanlamışdı. Paşinyan “ etnik təmizləmə”dən danışanda ona cavab verən  Azərbaycanın səfiri Leyla Abdullayevaya “Qərbi Azərbaycan” ifadəsini bəhanə gətirərək, Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirib. Üstəlik, müharibə bitəndən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipindən üçünü sanki öz təşəbbüsləri kimi qələmə verib, Azərbaycanın guya sülhdən qaçdığını konfrans iştirakçılarına elan edib. Fransada özünü çox rahat hiss edən Paşinyan səfirin Fransanın sülh işinə mane olmasını, Ermənistanı silahlandırdığı iradlarına, müstəqil dövlət olaraq silahlanmanı düzgün hesab etdiyini vurğulayıb...  Sülh konfransında panel iclasının moderatoru, Montaigne İnstitutunun analitik mərkəzinin xüsusi məsləhətçisi, Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos “ Fransada Azərbaycanın geo-siyasi vəziyyətdən istifadə edərək Rusiya və İranla gizli razılaşma yolu ilə Ermənistanı işğal etmək üçün yeni planlarının olması ilə bağlı qorxuları olduğunu” bildirib. Və məhz bu “qorxuya” görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyi qeyd edilib. Sülh adlı konfransda səslənən silahlanma çağırışlarına baxın... Əlbəttə, ermənilərin böyük bacısının paytaxtında keçirilən konfransdan Azərbaycana xoş sözlər ünvanlanmasını gözləmirik. Göründüyü kimi, yalnız Azərbaycan deyil, Parisin, Avropa İttifaqının hədəfində İran və Rusiya da var.  Bu tip beynəlxalq platformalarda Rusiyanın, İranın ittiham edilməsi bizim üçün yenilik deyil, amma bizim bu ölkələrlə adımızın yanaşı çəkilməsi Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa, Ermənistana yardım etməyin zəruriliyini vurğulamağa xidmət edir. Ermənistan isə müharibədən əvvəl, müharibə gedişində və müharibədən sonra Azərbaycanın sülh təkliflərindən imtina etməklə böyük səhvlərə yol verməsindən nəticə çıxara bilməyib. Ermənistan hələ də o xəyaldadır ki, dünyanın təzyiqi ilə ermənilər Qarabağa qayıdıb hansısa statusa malik olacaqlar. Ona görə də imkan düşən kimi həm beynəlxalq platformalarda, həm də İrəvanın özündə Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyaları aparır, aqressiv ritorika ilə perspektiv sülhə böyük xələl gətirirlər.  İndi də, Azərbaycan və Ermənistan dövlət başçılarının dekabrda guya Brüsseldə görüşəcəyi və masada  “konfrontasiya yaradan” sualların müzakirə ediləcəyi barədə xəbərlər yayırlar. Azərbaycan sülhün imzalanmasının ilk təşəbbüsçüsüdür, amma Azərbaycana qarşı Avropa platformalarında, Ermənistan rəhbərlərinin çıxışlarında səslənən fikirlər bu formatın səmimiliyinə böyük şübhə yaradır. Azərbaycan rəsmilərinin dəfələrlə Ermənistanın Zəngəzur ( Sünik) bölgəsinə heç bir hücum planlaşdırmadığını və gözümüzün olmadığını bildirməsinə baxmayaraq, Fransa rəsmiləri, Avropa İttifaqının məmurları Azərbaycanın olmayan təcavüzündən danışanda sülhə xidmət etmədiklərinin fərqindədirlərmi?  Bəhanələrindən biri də 8 anklav kənddir. Bu problemin danışıqlar predmeti olduğunu, delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti zamanı yekun qərar veriləcəyi dəfələrlə bildirilsə də, yenə Azərbaycanın bu problemi müharibə yolu ilə həll edəcəyini tirajlamaqdan yorulmurlar. Məqsəd nədir? Nəyə nail omağa çalışırlar? Vasitəçilik və sülhün imzalanamsı məkanı uğrunda Qərb və Rusiyanın mübarizəsi çoxdan məlumdur və Paşinyan bütün imkanları ilə Rusiya platformasından qaçır. Qərb formatı isə Azərbaycanın lokal antiterror əməliyyatından sonra ritorikasında və mövqeyində yanlış notlara, ifadələrə yol verdiyindən Azərbaycan üçün maraqlı gəlmir. Sülhü istəyən silahlanmadan, qıcıqlandırıcı ritorikadan imtina etməlidir.Təəssüf ki, belə bir mənzərə müşahidə olunmur. Azərbaycan Xankəndində parlaq hərbi parad nümayiş etdirdi, ərazisinin hər qarışına nəzarət etdiyini bütün dünyaya, ilk növbədə isə Ermənistana və himayədarlarına göstərdi. Ermənistan üçün tarixi şans yaranıb ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa, sabitliyə qovuşsun. Fransa və qeyrisi bölgədə gəlib düşmənçiliyi, gərginliyi davam etdirməklə Ermənistanı daha ağır fəlakətlərə sürükləmiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində bildirdiyi kimi, “Ermənistanın arxasında kim dayanırsa-dayansın”, heç nə əldə edə bilməyəcəklər, əksinə dəmir yumruqla qarşılaşacaqlar. Odur ki, kimsə böhtan və qarayaxma kampaniyası aparmaqla Azərbaycana təzyiq edəcəklərini düşünürlərsə, yanlış yoldadırlar.moderator) İlham İsmayıl

Araik Arutyunyanın qardaşı İrəvanda tele-müsahibəsində deyib ki, Xankəndində...

Gorbagor(!) “artsax” “hökuməti”nin sonuncu “dövlət naziri”  Artur Arutyunyan İrəvanda “artsax” “ictimai televiziyası”na müsahibə verib.  Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb. Müsahibədə separatçı məmur ermənilərin Qarabağdan qısa müddətdə kütləvi şəkildə çıxmasının səbəblərindən danışıb. A.Arutyunyanın sözlərinə görə, separatçı rejim Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyat zamanı  separatçı xunta “bir neçə dəfə bəyanatlar verib ki, “hökumət” ilkin olaraq Azərbaycanın nəzarətinə keçən məntəqələrin sakinlərini, sonra isə lazım gəldikdə Xankəndi şəhərindəki erməniləri təxliyə edəcək.  “Amma elektrik verilmədiyi, əlaqə kəsildiyi üçün bu məlumatı ictimaiyyətimizə lazımi formada çatdıra bilmədik. Eləcə də çaxnaşma yaradan qruplar olub, deyilib ki, guya Ermənistan Respublikasına köçmək istəyənlərə 3 gün vaxt verilib, köçəcəklər, keçməyənlər isə qalacaqlar”- deyə A.Arutyunyan izah edib.   Qondarma “dövlət naziri” bildirib ki, guya  sözügedən naməlum qruplar şayiə yayıb ki,  3 gün ərzində geriyə qalacaq 30 min erməninin Qarabağdan çıxmasına icazə verilməyəcək. “Biz daim o xəbərləri təkzib etməyə, panikaya ehtiyac olmadığını təqdim etməyə çalışdıq, amma təəssüf ki, o qədər də yaxşı alınmadı”- qondarma “nazir” belə deyib. A.Arutyunyan belə şayiələrin yayılmasının qarşısının alınmamasına əsas səbəb kimi Azərbaycan tərəfindən  guya Xankəndində rabitənin kəsilməsini göstərib. Xatırladaq ki, Artur Arutyunyan ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbəri, hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın qardaşı, yaxud əmisi oğludur.  Oktaybrın əvvəllərində A. Arutyunyanın "Laçın" sərhəd-buraxılış məntəqəsində həbs edilməsi haqda xəbərlər yayıldı. Lakin sonradan məlum oldu ki, bir sıra digər seaparatçı liderlər: Samvel Babayan, Vitali Balasanyan və s. kimi o da Ermənistana keçməyi bacarıb...

Maskdan ŞOK sözlər: “Qəzzada bir uşaq öldürülürsə...”

“Əgər Qəzzada bir uşağı öldürürsünüzsə, bir israillini öldürəcək ən azı bir neçə HƏMAS üzvü yaratmış olursunuz”. Bu barədə “SpeysX” şirkətinin qurucusu İlon Mask deyib. “Əsas problem öldürülən hər HƏMAS üzvünün yerinə neçə yeni üzvün meydana çıxmasıdır. Əgər öldürdüyünüzdən daha çoxunu yaradırsınızsa, demək ki, uğursuzsunuz”, - deyə Mask bildirib. (Axar.az)

Qələbəyə yaxınlaşırıq - HƏMAS-dan açıqlama

Əhvalımız yüksəkdir, qələbəyə yaxınlaşırıq. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeydə deyib. “Yeni sürprizlər görəcəksiniz. Sizdən tək istəyimiz dua etməkdir. Kiçik bir dəstənin böyük bir dəstəyə qalib gəldiyini deyəcəklər”, - Əbu Ubeydə bildirib.