Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.
Dövlət başçısı işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb.
Xarici işlər naziri Ceyhun Bayramov da bu yaxınlarda həmin mövzunu yenidən gündəmə gətirib və ölkəmizin mövqeyini İrəvanın diqqətinə çatdırıb. Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndin Azərbaycanın nəzarətinə qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyib. O, həmin kəndlərdən 4-nün anklav olmadığını, “bizim digər kəndlərə bitişik formada” olduğunu vurğulayıb: "Bizim yanaşmamız ondan ibarətdir ki, həmin kəndlərin qaytarılması ilə bağlı bəlli bir ardıcıllıq olsun”.
Bu proses göstərir ki, Azərbaycan yaxın gələcəkdə Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndi ilə bağlı əməli işlərin görülməsini gözləyir. Eyni zamanda işğal altında olan kəndlərin qaytarılması məsələsi öz həllini tapmazsa, sülh müqaviləsinin olmaması da gündəmdədir.
Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu kəndlərin qaytarılmasını tələb etmək üçün qanuni hüququ var.
Onun sözlərinə görə, Azərbaycan sülh danışıqlarında əsas mövqedədir:
"Hazırda Ermənistanın dəstəyinə arxalandığı Qərbdəki bəzi qeyri-mütəşəkkil və dini qərəzli ölkələr, xüsusən də Fransa və ABŞ-dır. Amma bildirim ki, indiyədək onlar heç nə əldə etməyiblər. Paşinyan bilir ki, növbəti müharibə artıq variant deyil. Yeganə yol sülhdür və bunun üçün bəzi kəndlərin geri qaytarılması tələb olunursa, etməlidir. Təbii ki, Baş nazir Nikol Paşinyanın bu addımı daxildəki müxalif qüvvələr və diaspor üçün uğurlu olmayacaq".
Politoloq hesab edir ki, hazırda bu proseslər üçün Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə ciddi vəzifələr düşür. O fikirlərini belə əsaslandırıb: "Amma hər iki tərəf anlayır ki, regionda sabitlik üçün sülh vacib şərtdir. Bunun üçün də müəyyən güzəştlər vacibdir. Eyni zamanda tərəflərin heç bir xarici müdaxiləyə ehtiyacı yoxdur. Proseslər göstərir ki, Azərbaycan və Ermənistan liderlərinin üz-üzə müzakirəsi vacibdir və Azərbaycan bu zərurəti vurğulamaqda haqlıdır. Düşünürəm ki, tərəflər yaxın zamanda vasitəçisiz danışıqlara başlamalıdır. Sülh danışıqları üçün növbəti görüş yeri elə iki ölkədən biri ola bilər”.
Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir:
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km.