İyunun 5-də Azərbaycanda ard-arda 3 zələlə baş verib. Yeraltı təkanlar Pirquluda, Şamaxıda və Lerikdə qeydə alınıb. 3.6, 4, 3.7 maqnitulı zəlzələlər zamanı heç bir itki olmayıb. Zəlzələlərin davam edib-etməyəcəyi ciddi təlaş doğurur. Seysmik aktivliyin artmasının səbəbləri, dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a bildirib ki, ümumilikdə dünyada seysmik aktivlik artır və Azərbaycan da təbii olaraq bundan kənarda qalmır:
"Dünya miqyasında seysmik və tektonik aktivlik artır. Türkiyədə ard-arda bir neçə zəlzələ baş verib. Mən qeyd etmişdim, yenə də baş verəcək. Srağagün Türkiyədə 5,8 maqnitudalı zəlzələ baş verib. Etno vulkanı püskürür. Bütün dünyada tektonik və seysmik aktivlik artmaqda davam edir. Azərbaycan da kənarda qalmır. Qonşu ölkələrin seysmik ocaqları aktivləşirsə, Azərbaycan tektonik baxımdan sabit qala bilməz. Təbii ki, silkələnmələr olacaq. Cari il ərzində Azərbaycanda hiss olunan zəlzələlərin qaçılmaz olduğunu əvvəlcədən demişdim. 3.5, 4, 4.5 maqnitudalı zəlzələr baş verəcək. Yaponiya, Türkiyə, Myanmarla müqayisə etdikdə dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilməz. Çünki yerdəyişimi intensivliyi o qədər yüksək səviyyədə aktiv deyil ki, güclü, dağıdıcı zəlzələ yaransın. Hiss olunan zəlzələr isə qaçılmazdır, davam edəcək, bu dövrilikdir. Çünki Azərbaycan ərazisui seysmo-tektonikdir. Burada bir neçə qırılma nöqtələri var, aktiv zonalardır".
Hiss olunan zəlzələlər hansısa fəsadlara səbəb ola bilərmi?
Bu suala cavabında Q.Babayev deyib:
"Əgər binalar, hansısa yaşayış obyektləri uçqun vəziyyətindədirsə, ora diqqət artmalıdır. Zəlzələ baş verdikdə panikaya qapılmaq lazım deyil. Hətta Türkiyədə baş verən zəlzələdə ürəktutmasından vəfat edən də oldu. Azərbaycanda isə güclü, dağıdıcı zəlzələ gözlənilmir. Xəzər dənizində zəngin seysmik ocaqlar mövcuddur, onlar Bakı şəhəri, Abşeron yarımadası üçün təhlükə törədir. Amma katastrofik, güclü zəlzələ gözlənilmir".