Aygün Kazımovanın 1.4 milyonluq səhifəsi oğurlandı

Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan instaqram səhifəsi oğurlanıb.  Sozcu.az xəbər verir ki, onun bütün paylaşımları silinib. Sənətçinin səhifəsindəki profil fotosu da dəyişdirilib. Məlumatı müğənninin prodüseri də təsdiq edib.

Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı – FOTO

Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib. Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb. Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb - FOTO

Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb. Bu barədə Şahin Rzayev özü sosial şəbəkədə məlumat yayıb. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.

XİN-dən İranda həbsdə olan Fərid Səfərli barədə açıqlama

Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust 2023-cü il tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı suala cavabında deyib. O qeyd edib ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: "Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.

"Burada bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan” - Putin

Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub. Axar.az xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib. “İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib. Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə səbəb olmuşdu.

Xərçəngin müalicəsi çoxdan tapılıb, qəsdən etmirlər – Azərbaycanlı cərrah

Dünyada hələ çarəsi tapılmayan xərçəngin müalicəsi ətrafında müzakirələr həmişə təzadlı olub. “Medicina” xəbər verir ki, onkoloq cərrah İbrahim Əsədli “Künc-bucaq” youtube kanalna şiş xəstəliklərinin yaranma səbəbi və müalicəsinin bəlli olduğunu bildirir. “Mən neçə illərdir xərçəngi araşdırıram. Elmi təbabət xərçəngdə əsas şişi götürür, səbəbi araşdırmırlar, 3 metodları var: cərrahiyyə, şüa və kimya... Digər istiqamət naturopatik onkologiya. Xərçəngin müalicəsi çoxdan tapılıb. Amma bu üsulları rəsmi protokollara daxil etmirlər. Çünki beynəlxalq güclərə insanların sağalması və sayının artması maraqlı deyil. Onlar xərçəngin müalicəsini əngəlləyirlər. Xərçəngin yaranmasının bir obyektiv səbəbi var: hipodinamiya, az hərəkət etmək, oturaq həyat. İnsanlar daha çox şəhərlərə üz tutur, burda isə həyat tərzi zərərlidir. Ürək-damar xəstəliklərinin səbəbi də budur. Elektromaqnit dalğalar, kimyəvi maddələr, yuyucu vasitələr, plastik və keyfiyyətsiz qida. Bunlar şəhər əhalisinin daha tez xəstələnib ölməsinə səbəb olur”.

Qar yağdı, Bakı "batdı": Meriyanın yollar üçün aldığı 2300 ton duz hara getdi?

Yanvarın 13-də Bakıya yağan qar onsuz da tıxac problemi yaşayan paytaxt yollarında vəziyyəti daha da dözülməz həddə çatdırdı. İlk saatlardan yolların iflic olması müşahidə olunmağa başladı. Sosial şəbəkələrdə yolların qardan təmizlənməsi, buz bağlamaması üçün duz və ya qum səpilməsi barədə çağırışlar olsa da, müvafiq qurumların bu yöndə ciddi addımları gözə dəymədi. Hər halda bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə ancaq tənqidlərin şahidi oluruq. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu – Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “Fidan-TN” MMC seçilib. Qurumla şirkət arasında maliyyə dəyəri 262 199,54 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə 2300 ton xam duzun alınması nəzərdə tutulub. Nəzərə alsaq ki, 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər Bakıya qar yağmayıb, alınan bu qədər duzun hara istifadə edildiyi sual doğurur. Duz satan “Fidan-TN” haqqında isə açıq mənbələrdə məlumatlara rast gəlinmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. Araşdırmalarımız zamanı məlum olub ki, “Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur. Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və “obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.Qafqazinfo

Partlayan mebel sexi haqda şok fakt: Qazlaşdırılmayan binada qazsızması necə olub? – “Azəriqaz”dan AÇIQLAMA

15 yanvar 2024-cü il tarixində Bakıda mebel sexində, elə həmin gün Sumqayıtda yataqxanada ölümlə müşayiət edilən partlayışlar baş verdi. Partlayışlar zamanı onlarla insan xəsarət aldı. Sirr deyil ki, istər Sumqayıt, istərsə də paytaxtda belə “ölüm məhəllələri” çoxdur. İlkin məlumata görə, yataqxanadakı partlayışa məhz kanalizasiyadakı qaz sızması səbəb olub. Abay Kunanbayev küçəsində yerləşən və partlayışın baş verdiyi sexin isə qaz borusunun üzərində tikildiyi iddia edilir. Bəs bu tikintilərə kimlər icazə verir? “Azəriqaz” İstehsalat Birliyindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, hadisə baş verən yataqxanaya qaz verilməyib: “Sadəcə, yataqxanaya yaxın bir zavod var, ora qazlaşdırılıb. İlkin ehtimala görə, həmin yeraltı boru xəttindən sızma olub. Orada istintaq işi aparılır, hər şey aydın şəkildə ortaya çıxacaq. Hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər bizim də əməkdaşlarımız hadisə baş verən ərazidədirlər. Nəticə haqda ictimaiyyətə açıqlama veriləcək”. E.Vəliyev mebel sexinin qaz borusu üzərində tikilməsinə aydınlıq gətirib: “Mebel sexinin dəqiq qaz xəttinin üzərində tikilməsi də araşdırılacaq. Əslində, hər hansı bina, obyekt tikilən zaman “Azəriqaz”dan da icazə alınmalıdır. Lakin bir çoxları buna əməl etmirlər. Bəzən çoxmərtəbəli bina tikildikdən sonra yada düşür ki, infrastruktur nəzərə alınmayıb. Yəni bina tikildikdən sonra kommunal xətlərinin haradan çəkiləcəyini düşünürlər. Normalda qaydalara riayət edilməlidir. Tikinti aparılması üçün icazənin olub-olmaması yoxlanılmalı, icazə verilərsə, tikilməli, verilməzsə, tikinti dayandırılmalıdır. Abay Kunanbayev küçəsində baş verən partlayışın səbəbi də araşdırılır”.

Azərbaycanda yanğınlar: Günahkar kimdir? FHN, yoxsa...

Son günlər ard-arda baş verən yanğınlar obyektlərdə yanğın və təhlüksizlik tədbirləri ilə bağlı məsələni gündəmə gətirib. Sosial şəbəkələrdə bir çox insan əksər yaşayış və qeyri-yaşayış obyektlərinin təhlükəsizlik baxımından ciddi mühafizə olunmadığını düşünürlər.  Mütəxəssislər hesab edirlər ki, paytaxtda və ölkənin digər şəhər və rayonlarında ölümlə nəticələnən yanğın hadisələrinin baş verməsinə görə obyekt sahibləri ilə yanaşı, həm də əlaqədar dövlət qurumlarının rəhbərləri məsuliyyət daşıyırlar.  Son illər ölkədə yanğın və partlayış hallarının intensiv xarakter alması, xüsusilə ötən gün paytaxtda baş verən partlayış nəticəsində 9 nəfərin ölməsi gözləri yenidən bu sahəyə mənsub olan dövlət qurumlarına çevirib.  Fövqəladə Hallar Nazirliyi nədən effektiv nəzarət mexanizmi yarada bilmir?  Obyektlərdə, idarə və müəssisələrdə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmaması yeni faciələrə yol aça bilərmi? Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, analoji halların qarşısını almaq üçün rəsmi qurumlarla yanaşı, sahibkarlar, idarə və müəssisə rəhbərləri də diqqətli olmalıdırlar.  Ekspert Yenisabah.az-a açıqlamasında deyib ki, xüsusilə yanğın potensialı daha yüksək obyektlərin bu məsələyə daha diqqətli yanaşılmalı olduğunu qeyd edib.  “Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair normativləri, standartları, o cümlədən obyektin yanğın təhlükəsizliyi ilə bağlı təchizatları təmin etməlidir. Obyektdə çalışan işçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının formalaşması olduqca vacibdir. Alışabilən, yanma qabiliyyəti yüksək olan avadanlıq və qurğularla yanğın təhlükəsizliyinin tələblərinə uyğun şəkildə rəftar etməklə bağlı qaydalar tətbiq edilməli, işçilərin də bu qaydalara riayət etməsi təmin olunmalıdır. Mütləq qaydada bütün obyektlərin yanğın təhlükəsizliyi normalarına və standartlarına uyğun olaraq ehtiyat su çəninin, yanğınsöndürmə dolablarının, xəbərdaredici siqnalizasiya qurğularının, ilkin yanğınsöndürmə vasitələrinin olması vacibdir. Bütün bu sadalanan qayda və təchizatlar düzgün şəkildə təşkil olunarsa, yanğınların qarşısı daha tez və effektiv şəkildə aradan qaldırılar. Xüsusilə təhlükə riski daha yüksək olan obyektlərdə tezalışan, partlamayameyilli maddələrin saxlanması, daşınması zamanı təhlükəsiz istismar olunmasına diqqət yetirilməlidir. Bunlar hamısı kompleks şəkildə görülməli olan tədbirlər planıdır. Ona görə bütün müəssisələrdə yanğın təhlükəsizliyi rejimi yaradılmalı, işçilərin bu barədə bilik və bacarıqlarının təmin olunmasına, yanğın və partlayış riski yüksək olan avadanlıqlarla, qurğularla düzgün davranış qaydaları öz əksini tapmalıdır”.

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlham Əliyev Lənkərana getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

Bəzi universitetlər Bakıdan köçürülə bilər

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Onun sözlərinə görə, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır: “İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər”, – deyə o qeyd edib.

Beş mərtəbədən hündür bina tikməyə İCAZƏ VERİLMƏYƏCƏK - BAKIDA QADAĞA

“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”. Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.  O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.(oxu.az)

Azərbaycanda DƏHŞƏT: Bir yumruqla tanışını öldürdü

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində tanışını yumruq zərbəsi ilə qətlə yetirən 1981-ci il təvəllüdlü Nurlan Rəhimovun cəzası ağırlaşdırılıb.  Sozcu.az xəbər verir ki, 2019-cu ildə baş verən cinayət hadisəsi zamanı həmyerlisi, 1978-ci il təvəllüdlü Teymur Səfərçinovun ölümünə səbəb olmuş şəxs barəsində prokurorun protestinə baxılıb.  Şəki Apellyasiya Məhkəməsi N.Rəhimov barəsində Cinayət Məcəlləsinin 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib. Məhkəmə həmin hökmlə təyin edilmiş cəzanı çəkərək azadlığa çıxmış şəxsi bu dəfə Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Nurlan Rəhimova 9 il 6 ay müddətinə həbs cəzası verilib. Onun daha əvvəlki hökmlə əlaqədar çəkdiyi 2 il 3 ay 15 gün azadlıqdan məhrumedilmə müddəti cəzadan çıxarılıb və üzərində qəti olaraq 7 il 2 ay 15 gün müddətə azadıqdan məhrumetmə cəzası saxlanılıb.  Qeyd edək ki, prokurorluq daha əvvəl Nurlan Rəhimov barəsindəki hökmdən protest versə də, Şəki Apelyasiya Məhkəməsi protesti təmin etməmişdi. Prokurorluq kassasiya şikayəti verdikdən sonra Ali Məhkəmə işi yenidən apelyasiya instansiyasına qaytarmışdı. Bundan sonra hadisənin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə araşdırılmasına qərar verilib və 2023-cü ilin 26 noyabr tarixində Nurlan Rəhimov həbs edilib. 

Bakıdan Xırdalana metro çəkilir? - Rəsmi açıqlama

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.  Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.  "Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - Komitə sədri vurğulayıb.  Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunan dövrədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulub. 

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? - Mühüm açıqlama

Bakı və Abşeronda sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı məsələ neçə illərdir gündəmdədir. Ötən ilin oktyabrında qəbul olunan qərara görə, yeni fərdi yaşayış evlərinə kommunal xidmətlərin göstərilməsi, yəni qaz, su və işıq enerji şəbəkələrinə qoşulması məhdudlaşdırılıb. Bu, sənədsiz evlərlə bağlı problemi daha da qəlizləşdirib. 2024-cü ildə məsələnin həlli istiqamətində irəliləyi olacaqmı? Sənədsiz əmlaklara çıxarışların verilməsi gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu Gürcüstanı nümunə çəkərək, ölkəmizdə də bununla bağlı aministiyanın tətbiq olunmasını mütləq sayır: “Bu ayın əvvəlində qonşu Gürcüstanda daşınmaz əmlaklarla bağlı aministiya tətbiq olundu. Çıxarışı olmayan daşınmaz əmlaka çıxarış verilməsinə start verildi. Bununla bağlı ölkəmizdə də ötən ilin əvvəlində dövlət başçısı birbaşa icra hakimiyyəti orqanlarına ərazilər üzrə monitorinqlərin aparılması, torpaqların təyinatının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verib. Bir çox evlərin çıxarış ala bilməməsinin başlıca səbəblərindən biri həmin ərazilərdəki torpaqların fərqli təyinatlı olmasıdır. Təəssüflər olun ki, bu məsələ ilə bağlı hələlik ciddi addımlar atılmayıb. Bəzi rəqəmlərə görə, Bakı və Abşeronda 500 min civarında çıxarış ala bilməyən fərdi yaşayış evi var. Bu evlərin demək olar ki, hamısına kommunal xidmətlər göstərilir. Bircə, onların sahiblərinə çıxarış verilməsi qalır”.  Ekspert bu məsələdə ən böyük ziyanın məhz elə dövlətə dəydiyini qeyd edib: “Elementar olaraq, təkcə Bakı və Abşeronda dövlət 500 min əmlakın vergisindən məhrum olur. Üstəlik, regionlarda da çoxlu sənədsiz əmlak mövcuddur. Onlara çıxarış verilsə, sahibləri torpaq və əmlak vergisi verəcəklər. Ötən il təxminən 50 min qeyri-yaşayış obyektinə aminitiya tətbiq olundu. Həmin obyektlərin sahibləri sənədlərini mərhələli şəkildə aiddiyyəti orqanlara yönləndirir və çıxarışların verilməsinə start verilir. Düşünürəm ki, qadağan olunmuş ərazilər xaric, digər ərazilərdə olan əmlaklara çıxarışların verilməsi vacibdir”.

Prezident kim olursa olsun, ABŞ dəstəyi davam etdirəcək

ABŞ Ukraynaya kimin prezident olmasından asılı olmayaraq yardımını dayandırmayacaq, çünki bu cür dəstək Vaşinqtonun strateji maraqlarına uyğundur. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Ukraynaya kömək etmək ABŞ-ın ən yaxşı strateji maraqlarına uyğundur. Növbəti ABŞ prezidentinin hansı partiyadan olmasından asılı olmayaraq biz qalib gələcəyik", - Kuleba qeyd edib.

Bakıdakı partlayışda ölənlərin sayı 7 nəfərə çatdı - Rəsmi

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Sumqayıtdakı partlayışda yaralanan 4 nəfərdən 3-nün vəziyyəti ağırdır

Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib. 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Binəqədidəki yanğında ölənlərin sayı 5-ə çatdı

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb. Sozcu.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib. Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, bundan əvvəl yanğın zamanı 3 nəfərin öldüyü, 24 nəfərin yaralanmağı barədə açıqlama verilmişdi.

Bakıdakı dəhşətli partlayışla bağlı rəsmi açıqlama: 3 nəfərin meyiti tapıldı

Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilir ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.  Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.  İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək. 

Sabahdan Bakıda və rayonlarda qış daha sərt üzünü göstərəcək - 15 dərəcə şaxta

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Rusiya üçün ağır itki: 350 milyonluq nadir təyyarə məhv edildi

Rusiya ordusuna məxsus A-50 havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi Qara dəniz üzərində vurulub. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, İl-22M11 komanda-idarəetmə təyyarəsinə ziyan dəyib. Məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk və Ukrayna hökumətindəki mənbələr qismən təsdiqləyib. "Militarniy" nəşri mənbələrə istinadən Rusiyanın RF-50601 qeydiyyat nişanlı A-50 təyyarəsinin Ukrayna hava məkanı üzərində itdiyini bildirib. RBC-nin məlumatına görə, A-50 yanvarın 14-də saat 21:10-21:15 radələrində Kirilivka yaxınlığındakı patrul zonasına daxil olduqdan az sonra vurulub. Təyyarə radardan itib və taktiki aviasiya tələblərinə cavab verməyi dayandırıb. Daha sonra Rusiyanın Su-30 pilotu naməlum təyyarənin yandığını və enişini müşahidə edib. Rusiya hakimiyyətinə yaxın teleqram kanalları və rus hərbi blogerlər də məlumatı təsdiqləyib. Rusiyanın Müdafiə Nazirliyi hadisə ilə əlaqədar şərh verməyib. Qeyd edək ki, A-50 təyyarəsi olduqca nadir hava vasitəsidir. İl-76 nəqliyyat təyyarəsi əsasında yaradılan platforma Rusiyanın havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi kimi xidmət edir. Təyyarə uzaq mənzilli hava hədəflərini aşkar edə, qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilər. Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir A-50 ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı. İl-22M isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir. Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir İl-22 vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuşdu.

Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə qərar elan olunub

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.