Rusiyada qəzaya uğrayan təyyarədəki 49 nəfərin hamısı ölüb – Yenilənib

Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsi zərbə zamanı yanıb və təyyarəsinin bütün sərnişinləri, həmçinin ekipaj üzvləri həlak olub.

Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanan təyyarənin qalıqları “Mi-8” helikopterinin ekipajı tərəfindən Tında şəhərindən 16 km aralıda, Kuvıqta kəndi istiqamətində, dağın yamacında aşkar edilib.

Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

***10:56 

Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yer tapılıb.

Sozcu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə getməyə davam edir”, - məlumatda deyilir.

***10:25

Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, “Anqara” aviaşirkətinin “An-24” təyyarəsi Tında hava limanından bir neçə kilometr aralıda radardan itib.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü var.

“Blaqoveşenskdən Tındaya uçan “An-24” sərnişin təyyarəsi bu gün radarlardan itib. İlkin məlumatlara görə, göyərtədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub”, - qubernator “Telegram” kanalında yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi də Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib.

Təyyarənin axtarışı üçün xilasedicilər göndərilib.

Pilotlar havada problem olduğuna dair heç bir siqnal verməyiblər.

Share on Facebook