Redaktor seçimi

Ermənilər 4 rayonumuzu atəşə tutdu

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Şəmkirdə ət kəsim məntəqəsi yaradılıb.

Qəssabların verdiyi məlumata görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları onlara xəbərdarlıq edib ki, bütün heyvanların kəsim işi orada həyata keçirilməlidir. İri buynuzlu heyvanlar üçün 20 manat, xırdabuynuzlu heyvanlar isə 8 manat olmaqla ödəniş edilməlidir(ümumiyyətlə bunun qanunvericiliyə nə dərəcədə uyğun olması haqqında heç bir izahatları mövcud deyil). Əgər Qəssabxananın mövcud olduğu ərazidə kəsim işi təşkil edilərsə birinci 500 manat, ikinci xəbərdarlıqda 1000 manat, 3-cüdə isə 1500 manat cərimə olunacaqları bildirilib. Ümumiyyətlə Azərbaycanda "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il "199" nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi: 1.1. yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; 1.2. bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; 1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq bu Sərəncamın 1.1-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin etsinlər. Sözcü.az

“Baku Electronics” müştərini partlayış səsi ilə oyadan nasaz məhsulu yenisi ilə əvəzləməkdən BOYUN QAÇIRIR

“Samsung” un rəsmi distribütoru olan “Baku Electronics” ticarət mərkəzindən olunan müştəri şikayətini dərc etmişdik. Bakı sakininin 6 ay əvvəl “Baku Electronics”dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz çıxması, müştəri, eləcə də onun yaşadığı bina sakinləri üçün ciddi problemə çevrildiyini qeyd etmişdik.  Müştərinin dediyinə görə, məişət cihazı alınan gündən normal işləməyib. Evə gətirilib quraşdırılandan sonra ailə demək olar ki, hər gün partlayış səsindən dik atılır. Qaz plitəsindən çıxan partlayışın zərbəsi vətəndaşın yaşadığı binadakı işıq sistemini də sıradan çıxarır. Analoji hal isə hər dəfə plitə işə salınarkən baş verir. Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq müşkül məsələyə çevrilib. Ev sahibi qorxulu yuxuya çevrilən bu məsələnin çözülməməsindən və şirkətə şikayət etməkdən artıq təngə gəlib. Baxmayaraq ki, “Bakı  Elektronics” iki aydan çoxdur ki, qaz plitəsini yenisi ilə əvəzləyəcəklərini vəd edir. Nə müştəri məmnuniyyəti təmin olunur, nə də yararsız və nasaz məhsul yenisi ilə əvəzlənir.  Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir Növbəti dəfə saytımıza müraciət edən müştərinin dediyinə görə, şirkət servisindən qaz plitəsini təmir etmək üçün hər on gündən bir yeni əməkdaş göndərilir. Servis əməkdaşlarının işi isə sadəcə məişət cihazına baxış keçirməkdən ibarət olur. Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir: “6 aydır nasaz qaz plitəsini işlədirik. Aylardır gözlətdilər ki, anbarda məhsulumuz yoxdur, xaricdən gətirilsin, yenisi ilə dəyişərik. İndi də verdikləri vədi yerinə yetirmirlər. Nasaz detalı dəyişdirməyəcəklərini bildirirlər. 3 il zəmanətlə aldığım məhsul niyə yenisi ilə dəyişilməməlidir ki? Halbuki plitə aldığımız gündən normal işləmir. Anlamıram, bunların müştəri məmnuniyyəti, xidmətləri budur?”, - deyə müştəri əlavə edib. “Bakı Electronics”ə aylar öncə ünvanladığımız sorğuya iaə cavab yoxdur. Baxmayaraq ki, Bizim.Media-ya araşdırma aparılandan sonra açıqlama verəcəkləri bildirilmişdi. Yəni, şirkətdən aylardır səs-səmir çıxmır. “İstənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var” Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, “Bakı Elektronics”dən onlara da yağış kimi şikayətlər yağır: “Dəfələrlə bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirmişəm ki, bu şirkətləri toplayıb, onlarla konkret danışmaq lazımdır. Məsələ burasındadır ki, bu şirkətin işi məhsulu satana kimidir. Hansısa problem yarananda vətəndaşı qəbul etmirlər. Azərbaycanda hələ “Bakı Elektronics”in rəhbərinin qəbuluna düşən bir nəfər belə olsun istehlakçı olmayıb. Bu şirkət “malını götür, itil cəhənnəmə” prinsipi ilə işləyir. Həftədə bizə 3-4 şikayət daxil olur. Bu şirkətin məhsullarının zavod qüsuru var. Qaldı ki, konkret o müştərinin şikayətinə, tək o deyil, istənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”. Eyyub Hüseynovun sözlərinə görə, xoşagəlməz hallar ona görə artır ki, dövlətin istehlakçı hüququnu qoruyan qurum heç bir iş görmür: “Aidiyyəti qurumun bu günədək müstəqil ekspertiza aparmasını görməmişik. Bu səbəbdən də biznes qurumları istehlakçıların başına istənilən oyunu aça bilirlər. Get-gedə ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar da zəifləyir. Adını çəkdiyim qanun 1995-ci ildə qəbul olunub. Necə dəfə dəyişiklik aparılıb və hamısı da istehlakçıların zərərinə olub. Üstəlik, Nazirlər Kabinetinin 343-cü qərarı (təhlükəsizliyi təmin olunan malların sertifikatlaşdırılması) ləğv olunub. Yəni ölkəyə daxil olan bütün mallar əvvəlcədən yoxlanmalı, sonra qəbul olunmalıdır. Ona görə ölkənin əmtəə bazarında hər cür təhlükəli mallar tüğyan edir. Aldadılan istehlakçılara tövsiyəm budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”. Xatırladaq ki, bəhs etdiyimiz alıcı dekabrın 14-də “Baku Electronics”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi alıb. Evə gətirib quraşdırandan bir neçə gün sonra cihazdan partlayış səsi gəlib və bu, hər istifadə zamanı təkrarlanıb. Dərhal şirkət servisinə məlumat verilib. Servis əməkdaşı plitəni yoxlayandan sonra məhsulun istifadəyə yararsız  və dəyişdirilməli olduğunu bildirib. Şirkət isə məhsulu yenisi ilə əvəzləməkdən boyun qaçırır. 

Beştərəfli görüşdə nə müzakirə edilib? – İrəvan

Moldovada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən beştərəfli qeyri-rəsmi görüşün detalları açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə məhbuslar, itkin düşənlər və digər humanitar məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunub. İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırılır. Mişel bildirib ki, Fransa və Almaniya liderlərinin iştirakı ilə daha bir görüş oktyabrın 5-də İspaniyada gözlənilir.

Pentaqon: “Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücumlarında həlledici rol oynayacaq”

“Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatlarında həlledici rol oynayacaq”. Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib. O bildirib ki, tanklar həm müdafiə, həm də hücum üçün çox vacibdir: “Təkmilləşdirilmiş müasir tanklar və texnikalardan istifadə üçün keçirilən təlimlər Ukraynanın uğurunun əsasını təşkil edəcək. Təxminən 400 Ukrayna əsgəri bu yaxınlarda ABŞ istehsalı olan M1A1 modifikasiyalı “Abrams” tankları ilə təlimlərə başlayıb. Bu təlimlər 12 həftə davam edəcək. Ukrayna qoşunlarının təxminən yarısı bu tankları idarə etməyi öyrənir”. M.Millinin sözlərinə görə, ABŞ Ukraynaya ümumilikdə 31 “Abrams” tankı verməyi öhdəsinə götürüb: “Digər ölkələr artıq Böyük Britaniya istehsalı olan “Challenger 2” və Almaniya istehsalı olan “Leopard 2” tanklarını göndərib”. Pentaqon rəsmisi həmçinin qeyd edib ki, F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü vaxt alacaq. Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paşinyan erməni icması ilə görüşdən imtina etdi

Moldovada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib. Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi: “İclas iştirakçılarının siyahısında birinci diaspor rəhbəri kimi mənim adım vardı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Bildirdim ki, burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var, niyə iştirak etməməliyəm? Təxminən bir saat əvvəl mənə zəng edərək görüşün olmayacağını dedilər”.

Kəlbəcərin bu kəndində hayklar əkilməmiş torpaq qoymayıb...

“Kənddə yeni doğuşlar artıb və oğlan uşaqları üstünlük təşkil edir...” Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya  "sülhməramlı" hərbi kontingentinin müvəqqəti(!) nəzarətində və separatçı-terrorçu rejimin faktiki işğalında qalan Həsənriz kəndində bu il “yazlıq tərəvəzlərin misli görünməmiş səpini aparılıb”. Sozcu.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə “Aterk” adlandırılmış kəndin  qanunsuz  “icma rəhbəri” Vardan Qriqoryan danışıb. “Həyətyanı  və təsərrüfat sahələrində geniş miqyasda kartof və pomidor, lobya, kələm, badımcan, qarğıdalı yetişdirilir. Kənd camaatı blokadanın yaratdığı problem və çətinliklərə rəğmən ümidini üzməyib, əksinə, torpaqla daha fəal işləməyə başlayıb, günün çox hissəsini tarlalarda, bağlarda keçirib. Hazırda icmada əkilməmiş torpaqlar, demək olar ki, yoxdur”, - deyə V.Qriqoryan bildirib. “Sakinlərimiz iradəli insanlardır. Yalnız ümid etmək olar ki, Artsaxda layiqli sülhün bərqərar olmasını çox gözləməyəcəyik” -deyən erməni məmur, kənddə yeni doğuşlar artdığını və oğlan uşaqlarının üstünlük təşkil etdiyini sevinclə qeyd edib...moderator

Belqoroda girən legion Moskvaya hücuma hazırlaşır

Rusiyanın Azadlığı Legionunun könüllüləri Moskvaya hücum üçün sıralarına minlərlə əsgər cəlb edir. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” legion nümayəndələrindən birinə istinadən məlumat yayıb. “Bizim əhəmiyyətli imkanlarımız var. Minaatanlarımız, zirehli texnikamız, “Stinger”, MANPADS, portativ tank əleyhinə sistemlərimiz və çox təsirli kəşfiyyat aparatlarımız var. Hazırda Rusiyanın Azadlığı Legionunda 500-dən 1000-ə qədər döyüşçü var. Biz cinayətkar və “Vaqner” kimi şəxsi hərbi şirkət deyilik. Hamımız Rusiya vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət etmişik”, - nümayəndə bildirib. Onun sözlərinə görə, legionun əsas məqsədi Ukraynanı qorumaq, onun ərazilərini azad etmək və Putini devirməkdir. Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu Rusiya Könüllüləri ilə birgə Belqoroda hücum etmişdi.

Biz odu qoyub, külü ilə oynayırıq...

“Bilməm nə görübdür bizim oğlan oxumaqdan?” “Məktəblərdə, universitetlərdə oxumaq təhsil deyil, sadəcə təhsil almaq yoludur.” (Ralf Emerson) Bu gün dahi satirikimiz M. Ə. Sabirin doğum günündə onun  “Bilməm nə görübdür bizim oğlan oxumaqdan?” şer parçası Konfutsinin hər zaman üçün aktual hesab edilən bir fikri barədə düşüncələrimı təzələdi: «Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi – məhz bunlar müəllimlik məharətidir». Əgər desək ki, öyrənməyi öyrənmədən heç nə öyrənmək mümkün deyil, heç də yanılmarıq. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını ehtiva edir. Bəs, biz nə edirik...?  Biz odu qoyub, külü ilə oynayırıq. Biri deyir ki, dərslər səhər saat 7-də başlasın, çünki havalar tez işıqlaşır,  digəri deyir, tənəffüs müddəti Yaponiyada olduğu kimi 30 dəqiqəyə çatdırılsın. Başqa birisi deyir ki, uşaq bağçalarına tərbiyəçi vəzifəsinə yalnız maqistratura bitirilənlər götürülməlidir, çünki, Finlandiyada belədir. Digər birisi də deyir ki, qırmızı diplom sovetdən qalmış mirasdır. Daha hansını deyim... Sinqapurda elədir, Koreyada belədir... Bir vacib məqamı da nəzərə almırıq ki, beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin. “Dama-dama göl olar” prinsipi ilə orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurduq, hər testə beş-on sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşıladıq, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etdik. Gec də olsa o qənaətə gəldik ki, qapalı testlərlə yanaşı açıq testlər də lazım imiş. Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb, onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratdıq, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirdik. Hələ də məktəbli kitabçasına nədən qiymət yazmaq, nə yazmaq və ümumiyyətlə yazmamaq barədə gündə bir fikrə düşürük. Maraqlı olan və diqqətçəkən məqam nə idi? Yarım əsrdən artıq bir müddətdə Leninin“Uçitsya, uçitsya, yeşo raz uçitsya” çağırışı tərcümədə dilimizdə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi assosiasiya olunub. Halbuki, “uçitsya” anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində “çitat”, “proçitat”anlamına gəlir. Məsələn, “çitat vslux” (ucadan oxumaq), “proçitat stixotvoreniye” (şer oxumaq) və s. “Uçenik” (şagird), “uçitel” (müəllim), “uçyonıy” (alim) sözləri “uçit” (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagırdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şer oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil, öyrənmək tələb olunur. Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, “uçitsya” mesajını verərkən oxumaq və öyrənmək anlayışlarının fərqində olmamış deyildi və yəqin ki, “Min bir gecə nağılları”nı oxumağı nəzərdə tutmamışdı. Bununla belə tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlamasında tərcümə xətalarına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikində qat-qat artıq idi və hansısa dərslikdə, məsələn, tut ağacının “derji derevo” (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi. Bəlkə də, belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrənmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı “Kamal attestatı” adlı hansısa bir sənəd veriləcək. İnstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gələməzdi. Arada bir müəyyən “üzürlü” səbəblərdən dərsdən qaçmağmıza və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olardıq və s. Nə isə… Əgər hesab etsək ki, Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” lozunqunun 70 il ərzində bizə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi təqdim olunması tərcümə xətası deyildi, bəs onda elə o dövrün sonlarında orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” kursunu “Ata yurdu” adlandırmağımızın adı nə idi? Bəlkə, ideya təşəbbüsçüləri kursun adını dəyişərkən “Oteçestvo” sözü ilə “Otçestvo” sözünü qarışıq salmışdılar? Bəlkə hesab ediblər, rus qonşularımızın “Oteçestvennaya istoriya” adlandırdığı tarix “Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini “qınamaq” da ədalətsizlik olardı. Çünki bu rusların dilində elə qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu “Oteçestvo” (Vətən) ilə “Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır. “Əlifba”ya “ərəb damğası” vurub sıradan çıxardıq (ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyan sözüdür), sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika… bizim sözlər imiş kimi…O da maraqlıdır ki, lap elə indinin özündə dilimizdə “первобытные люди”, “первобытно-общинный строй”, “ibtidai insanlar”, “ibtidai icma quruluşu” kimi təqdim olunduğu halda, nəyə görə “начальная школа”, “начальные классы” məsələn, daha münasib sayıla biləcək ”ilkin məktəb”, “təməl sinifləri” kimi deyil, “ibtidai məktəb”, “ibtidai siniflər” kimi işlənilməlidir? Hər halda ziyanın yarısından dönmək də bir xeyirdir deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində rus dilinə əsaslanıb “oteçestvennaya voyna” sözünü “ata müharibəsi”, “za oteçestvo” sözünü “ata uğrunda”, “rodina mat zovyot” sözünü “ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən yurdumuzu ata mülkiyyətinə çevirib “özəlləşdirməyimizə” nə ehtiyac vardı? Bəli, indi oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. İnkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün “oxumaq” yox, “öyrənmək” sözündən istifadə edirlər. Məhz, öyrənməyi öyrətməyin vaxtı çoxdan yetişıb. Artıq biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə, bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik. Çünki, hər zaman olduğu kimi, bu gün də də imtahanların nəticələri ilə bağlı münaqişə və mübahisələr səngimək bilmir: “Test tapşırıqları anlaşılmazdır, yoxsa şagirdlərimiz anlaşıqsızdır?“ Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin məşhur bir kəlamı var: “Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.” Digər bir amerikalı  filosof, sosioloq, futroloq Alvin Tofflerə görə isə “21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir.” Əfsus ki, biz hələ də həyat üçün yox, məktəb üçün oxuyuruq… Nadir İsrafilov, Təhsil eksperti

Regionda vəziyyət kifayət qədər gərgindir — Paşinyan

"Biz Moskvada keçirilən üçtərəfli görüşdə regional kommunikasiyaların açılmasından danışdıq". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib. "İrəvan ölkənin suverenliyi və yurisdiksiyası prinsipi əsasında buna hazırdır. Hazırda dəmir yolunda işlər gedir", - Paşinyan deyib. "Dünyada baş verən hadisələr, Rusiya ilə Ukrayna arasında, İran-Əfqanıstan sərhədində kəskinləşməyə görə regionda hərbi-siyasi vəziyyət kifayət qədər gərgin olmaqda davam edir. Amma İrəvan “sülh gündəmini” həyata keçirmək üçün hər şeyi edir", - o bildirib. Ermənistan baş naziri Laçın dəhlizi barədə danışarkən Rusiya sülhməramlılarını ittiham edib.

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb. Məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb. Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb. Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib. Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Ermənistan eyni səhvləri edir - Azərbaycanın bu dəfə cavabı nə olacaq?

Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. "Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Biz belə hallarla dəfələrlə rastlaşmışıq. Keçən ilin sentyabrında da başlanan təxribatlar sonunda sülh sazişi üzrə danışıqları təxminən altı ay müddətinə ləngitmişdi. Ermənistanda bu tərxibatlarla sülh sazişinin imzlanmasını müəyyən qədər uzun müddətə yaymağa çalışır. Bu cür təxribatların qarşısı keçmişdə də alınıb, indi də alınacaq. Təxribatların miqyasının genişlənməsi isə Azərbaycanın daha sərt adekvat və təsirli addımlar atmağa vadar edə bilər", - deyə o əlavə edib. Xatırladaq ki, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.