Redaktor seçimi

Özdağdan Oğanın qərarına sərt təpki: Bu açıqlama Zəfər Partiyasını təmsil etmir

Zəfər Partiyasının sədri Ümit Özdağ ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğanın qərarına münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb. Özdağ qərarın sadəcə Sinan Oğana aid olduğunu, ATA İttifaqının ortaq qərarı olmadığını bildirib. "Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama Zəfər Partiyasını təmsil etmir. Zəfər Partiyası adından açıqlamanı sabah saat 11-də mən edəcəyəm”. Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Qarabağ Azərbaycan ərazisidir - Paşinyan

Bəli, Ermənistan Azərbaycan ərazisini 86 min 600 kvadrat kilometr olaraq tanıyır, bura Qarabağ da daxildir. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mediaya bugünkü açıqlamasında deyib.

Putinin “desant”ı Kəlbəcər ərazisindən Paşinyana müraciət ünvanladı...-VİDEO

Azərbaycan Respublikasının iki əsrdən çox Rusiya imperiyası tərəfindən ermənilərlə  məskunlaşdırılmış və hazırda  iki il yarımdır ki, həmin imperiya qoşunlarının nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejimin sabiq “dövlət” naziri Ruben Vardanyan Kəlbəcər rayonunun işğal altında qalan Kolətək kəndi ərazisindən Ermənistan baş naziri Nikol Paşinyana video-müraciət ünvanlayıb. Moderator.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb. “Mən Artsaxın qəlbində yerləşən Akobavankdan müraciət edirəm. Bilmirəm, cənab Paşinyan, nə vaxta qədər hakimiyyətdə qalacaqsınız, amma sizə deyirəm: siz təhlükəli iş görürsünüz. Siz erməni dövlətini, öz qüdrətinizi qorumağa yox, bizi qullara, heç bir dəyəri olmayan insanlara çevirməyə çalışırsınız. Siz bacarmayacaqsınız”- deyə   9-cu aydır ki, Azərbaycan torpaqlarında qanunsuz, ictimai-siyasi və iqtisadi-sosial fəaliyyətlə məşğul olan, Rusiya diktatoru Putinin milyarder “desant”ı sayılan  Ruben Vardanyan çərənləyib. Xatırladaq ki,  Vardanyan “Akobavank” dedik də Kəlbəcər rayonunun işğal altındakı  Kolətək kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur. 2021-ci ilin oktyabrında separatçı-terrorçu erməni rejimi “Akobavankın dirçəlişi” adlı layihəyə start verdirib. Layihə çərçivəsində “bərpa” adı altında saxtalaşdırma işləri ilə məşğul olunur. Baş separatçı Arayik də Kəlbəcərdəki bu qədim məbədimizə baş çəkib. “Kilsə”yə keşiş də təyin olunub...

Baxmut uğrunda döyüşlər davam edir - Ukrayna

Ukrayna ordusu Kupyansk, Liman, Baxmut, Avdeyevka və Marinka istiqamətlərində rusların çoxsaylı hücumlarını dəf etməkdə davam edir. Son sutka ərzində ruslar bu cəbhə xəttində 37 hücum həyata keçirməyə cəhd ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Ötən sutka ərzində Baxmut istiqamətində ruslar İvanovskoye qəsəbəsinin cənubunda itirilmiş mövqelərini bərpa etməyə çalışıblar. Düşmən Qriqorovka istiqamətində də uğursuz hücum əməliyyatları keçirib. Baxmut uğrunda döyüşlər davam edir. Düşmən Donetsk vilayətinin Vasyukovka, Markovo, İvanovskoye, Belaya Qora, Toretsk və Nyu York yaşayış məntəqələrini atəşə tutub. Kupyansk istiqamətində ruslar Masyutovka ərazisində irəliləməyə çalışıblar. Xarkovun müxtəlif əraziləri artilleriya və minaatanlardan atəşə tutulub. Liman istiqamətində isə Rusiya ordusu Nevski vilayətinə aviasiya zərbələri endirib”, - məlumatda deyilib.

Ukraynanın Krıma zərbə endirməsinə etiraz etmirik - ABŞ rəsmisi

ABŞ Krımı Ukraynanın ərazisi hesab edir, buna görə də Kiyevin Amerika silahları ilə yarımadaya hücum etməsinə etiraz etmir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN telekanalına açıqlamasında bildirib. “Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”, - deyə Sallivan bildirib. Qeyd edək ki, bundan əvvəl Ukrayna da Krımdakı rus mövqelərinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququnun olduğunu açıqlayıb.

Xanım generalın yüksək vəzifə verdiyi şəxs həbs edildi - Tütün alveri, parfumeriya ticarəti...

Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinovanın rəhbərlik etdiyi qurumun sabiq vəzifəli əməkdaşı həbs edilib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin sabiq baş zabiti, təqaüddə olan Qəzənfər (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 1975-ci il təvəllüdlü Qəzənfər vəzifəsində olarkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə FHN əməkdaşıarının külli miqdarda vəsaitini mənimsədiyi üçün həbs olunub. Ümumilikdə Qəzənfərin əməllərindən 20-dən çox FHN əməkdaşı zərər çəkib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü qismən təqsirli bilərək, peşman olduğunu bildirib. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1992-1997-ci illər ərzində Prezdent yanında İdarəçilik Akademiyasının sosial idaəretmə və sosiolgiya fakültəsində təhsil alıb. 1999-cu il tarixdən yanğından mühafizə xidməti üzrə müxtəlif vəzifələrdə çalışıb, 2012-ci il tarixdə FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsinə təyin edilib. Həmin vəzifə üzrə fəaliyyəti FHN-nin kadr məsələləri üzrə xüsusi rütbəli əməkdaşları ilə bağlı işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və digər məsələlərlə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olub. 2019-cu ilin mart ayının 4-də işdən xaric edilib və həmin tarixdən də ona təqaüd təyin olunub. Qəzənfər sözügedən vəzifədə çalışarkən 2017-ci ildən sahibkar kimi də fəaliyyət göstərib. Həmin işlə yanaşı başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyib, buna görə parfümeriya və tütün məmulatlarının satışı ilə məşğul olub. O, FHN-nin Qardağ rayonu üzrə Yanğından Mühafizə idarəsinin rəisi, polkovnik Elçin Ələkbərovdan qara metal alveri ilə məşğul olmaq üçün 82000 manat borc da alıb. Lakin sonradan iflas olduğu üçün rəisin borcunu da qaytara bilməyib. Buna görə o, Kadrlar idarəsində işləməsini əsas gətirərək təqaüddə olan və hazırda xidmət edən FHN-nin əməkdaşlarına pensiya məbləğinin artırılması, nazirlikdə işləyən və ev növbəsində olan əməkdaşlara Bakı şəhəri, Suraxanı rayonu ərazisində inşa edilən xidməti evlərin verilməsi və həmin əməkdaşların qohumlarını işə düzəlmək adı ilə aldadaraq, pullarını ələ keçirməyi planlaşdırıb və icra edib. Nəticədə 2022-ci ilin yanvar ayında törədiyi cinayət əməlinin üstü açıldıqdan sonra saxlanılıb.

Baş separatçı qərar verdi...- Torpağımızda növbəti qanunsuz “referendum” keçiriləcək?..

Son günlər Qarabağda Rusiyanın himayəsinə sığınmış hayk separatçılarının “elitası” arasında daxili siyasi vəziyyət gərginləşib. Bir tərəfdən, Samvel Babayan və Ruben Vardanyan timsalında müxalifət qüvvələri fəallaşıb. Eyni zamanda, Babayan “dövlət naziri” təyin olunmasını tələb edir. Digər tərəfdən, separatçı “hökumət” daxilində də, qanunsuz parlamentdə də, anlaşma yoxdur.  Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb. Xəbər verildiyi kimi, bu günlərdə Xankəndindəki oyuncaq “parlament”in sədri  bir tələb səsləndirib: “Arayik Arutyunyan ya istefa verib yeni seçkilərə gedir, ya da ölkədə etimad referendumu keçir”.  Xatırladılır ki, baş separatçı bir neçə gün əvvəl “siyasi məsləhətləşmələrə başlayacağını və müxalifət qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun – “müdafiə komitəsi”nin formalaşdırılması barədə məlumat vermişdi. “Ancaq məsləhətləşmələr uğurlu alınmır, siyasi qüvvələr bir masa arxasında əyləşə bilmir və indiki hakimiyyət arasında hər hansı razılaşma yoxdur”.. “Dünən öyrəndik ki, Arayik Arutyunyan etimad referendumunun keçirilməsi təklifi üzərində dayanaraq qərar verib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq”- deyə erməni nəşri bildirir. Məlum olur ki,  həmin qondarma və qanunsuz “referendum”da  Qarabağdakı hayklar bir suala cavab verəcək: baş separatçı Arayikə  güvənir, yoxsa yox?” ...moderator

Bakıda 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma olub. Sozcu.az xəbər verir ki, Nəsimi rayon ərazisində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu bıçaqlayıb. Faktla bağlı Nəsimi RPİ-in İstintaq şöbəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Banklardakı əmanətlərə hansı təhlükə var? – “Heç 30 faizi də sığortalanmayıb”

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. Bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib. Sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olduğuna görə geriyə qalan 70 milyon manat vəsaitin aqibəti hələ ki, bəlli deyil. Bu isə insanları narahat edən məqamdır. Bəs görəsən, bu digər banklarda olan əmanətçilərin öz pullarını geri çəkməsinə səbəb ola bilərmi?   Mövzu ilə bağlı Yenisabah.az-a danışan İqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq sahiblərinə geri qaytarılacaq: “Əmanətlərin sığortalanması qaydası mövcuddur və sığorta olunmayan əmanətlərin qaytarılması Mərkəzi Bank tərəfindən həmin kommersiya bankına kənar idarəçi təyin olunur, onlar gələcəkdə həmin borcların qaytarılması ilə bağlı aktivləri (bu bankın daşınmaz əmlakı, yaxud digər aktivlər ola bilər) sataraq, yaxud kredit verərək ödənilməlidir. Bu məsələ belə tənzimlənir, əlavə tənzimlənmə metodu yoxdur. Bankın öhdəliyi var, vətəndaşlardan əmanətlər cəlb edir, bu əmanətlərin sığortalanmasını təmin etməli idi, ancaq bildiyiniz kimi qaydalarda müəyyən məbləğdən yuxarısı sığortalanmır. Faiz dəhlizi də elə qoyulub ki, bu, bəzən insanları şirnikləndirir”. Ekspert vətəndaşları bundan sonra daha ehtiyatlı olmağa səsləyib: “Bu vətəndaşlarımıza xəbərdarlıqdır ki, onlar böyük faizlər müqabilində vəsaitlərini banklara qoymasınlar. Azərbaycanda təəssüf ki, belə hadisələr tez-tez baş verir və hökumət nümayəndələri, Mərkəzi Bankın nümayəndələri camaatı sakitləşdirsə də, pozitiv mesajlar versə də, məlum olur ki,  banklarda olan əmanətlərin heç 30 faizi sığortalanmayıb. Bu "Royalbank"da da, “NBC Bank”,  “Ata Bank”, “Standart Bank”da da belə idi. Bütün banklarda vəziyyət məhz bu cür idi”.

Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...

Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir. Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib; İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır. Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür. Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir. Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şaiyələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb: “Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”. Xankəndidə həm də, diqqətçəkən qeyri-müəyyən proseslər gedir.

"İstəyirsiniz buraları cəhənnəmə çevirin, biz buna hazırıq, amma tez gəlin..." - Mustafa Cəmilov

"Krımı işğaldan azad etmədən Krım-tatar xalqının gələcəyi yoxdur..." "Krım azad ediləndən sonra tam demilitarizasiya edilməyəcək, orada Ukraynanın güclü hərbi-dəniz bazası olmalıdır..." Krımın Ukraynayönümlü sakinləri yarımadanın güc yolu ilə işğaldan azad edilməsinə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Krım-tatar xalqının lideri Mustafa Cəmilov "Ukrinform" nəşrinə müsahibəsində bəyan edib. O, vurğulayıb ki, Rusiyanın özü Krımla bağlı danışıqlar üçün bütün yolları bağlayıb. "Və bu gün hərbi yoldan başqa yol qalmır. Mənə Krımdan həmvətənlər zəng edib işlərin nə yerdə olduğunu, hansı perspektivin olacağını  soruşanda, mən deyirəm ki, böyük ehtimalla, Krım güc yolu ilə azad ediləcək. Deyirəm ki, biz o cümlədən Krımdakı hərbi bazalara zərbələr endirəcəyik. Əlbəttə, mən şüurlu insanlarla danışıram, onlar isə cavab verir: "İstəyirsiniz buraları cəhənnəmə çevirin, biz buna hazırıq, amma tez gəlin". Bax, Krım tatarlarının bu məsələyə münasibəti belədir", - Cəmilov deyib. "Krım azad ediləndən sonra tam demilitarizasiya edilməyəcək..." "Krımı işğaldan azad etmədən Krım-tatar xalqının gələcəyi yoxdur. Hərçənd, işğaldan azad edilməsi ağrı, ölüm və dağıntılarla müşayiət ediləcək, bizim vətəndaşlarımız işğal olunmuş ərazilərdə bütün səylərini qoşunlarımıza kömək etməyə yönəltməlidir. İşğaldan azad edildikdən sonra isə Krımın problemləri böyük intizamla, ağılla həll edilməli, orada millətlərarası toqquşmalara yol verilməməlidir", - Cəmilov deyib. O, qeyd edib ki, yarımadada qısa zamanda normal həyatı təmin etmək lazım gələcək. "Və bir də belə qonşumuz olduğu halda Krımın tam demilitarizasiyasından danışmaq, çətin ki, mümkün olsun, orada Ukraynanın güclü hərbi-dəniz bazası olmalıdır. Mən əminəm ki, biz NATO-nun üzvü olacağıq. Biz mütləq böyük Avropa ailəsində-Avropa İttifaqında olacağıq. Bizim hüquqlarımıza Avropa normalarına uyğun olaraq zəmanət veriləcək. Krım-tatar xalqının mövcud olması və inkişafına böyük ümidlər var", - Cəmilov deyib. Kontekst: Rusiya Krımı Ukrayna hərbi hissələrini bloklayandan və 16 mart 2014-cü ildə qanunsuz referendumdan sonra işğal edib. Yarımadanın Rusiya Federasiyasına "birləşdirilməsi" Ukrayna və əksəriyyət ölkələr tərəfindən tanınmır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanın qitə hissəsinə, o cümlədən Krıma tammiqyaslı hərbi müdaxilə edib. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, 2014-cü ildən Ukraynanın zəbt edilmiş bütün ərazilərinin, o cümlədən Krımın azad edilməsini qarşısına məqsəd qoyub. Ukrayna prezidenti Vladimir Zelenski yarımadanın qeyri-hərbi yolla azad edilməsini istisna etməyib. "Kimsə Krımın qeyri-hərbi yolla işğaldan azad etmək üsulunu təklif etməyə hazırdırsa, mən yalnız bunun tərəfdarı olaram", - o, 2022-ci ilin noyabrında deyib. Dekabr ayında Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov bəyan edib ki, Krım həm hərbi, həm də diplomatik yolla geri qaytarılacaq. "Bizim bölmələr oraya əllərində silah daxil olacaq", - Budanov deyib. 2023-cü ilin fevralında Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşşuk məlumat verib ki, Ukrayna Krımın idarə edilməsi üzrə kadrların hazırlığına başlayıb. Mart ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Krımın hərbi yolla azad edilməsinin alternativi yoxdur.

Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO

Birinci siniflərə qeydiyyatın başlamasından bir həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də buna nail ola bilmirlər. Qarşıdakı aylarda uşaqlarını 1-cı sinfə göndərəcək valideynlər indidən problemlə üzləşiblər. Onlar bildirirlər ki, yaşadıqları yerə yaxın ərazidə övladlarını məktəbə qoya bilmirlər. Məsələyə Elm və Təhsil Nazirliyi münasibət bildirib. Nazirlikdən qeyd olunub ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq. Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər. Bəs bu problemin yaşanmaması üçün nə edilə bilər? Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa, neqativ halların qarşısını vaxtında almaq mümkün olar. Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialda: