İsa Qəmbər: "Vətəndaşımız rahat, təhlükəsiz, firəvan, ləyaqətli bir həyat sürəməyə layiqdir"

Müsavat Partiyasının yeni seçilmiş başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bu partiyanın strateji xətti, qarşıdakı seçkilərdə iştirakı və ictimai saziş təklifindən danışıb.

Sozcu.az həmin müsahibəni təqdim edir:

Amerikanın Səsi: Müsavat Partiyasının XI qurultayı partiyanın qarşısına hansı istiqamətlərdə mübarizəni priroitet kimi qoyub. Yeni sədr kimi əsas strategiyanız nə olacaq və bu əvvəlki dövrlərdəki strategiyadan nə ilə fərqlənəcək?

İsa Qəmbər: Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin qurduğu və onun müəyyənləşdirdiyi ideologiya, onun müəyyənləşdirdiyi siyasi xəttə uyğun fəaliyyət göstərən bir siyasi qüvvədir. Yüz ildən artıq bir müddətdir ki, bu yolu biz davam ediririk. Bu yolun 1992-ci ildən başlayan mərhələsinə, Azərbaycanda partiyanın fəaliyyətinin bərqərar edilməsindən başlayan mərhələsinə biz rəhbərlik edəndə də bu dəyərlərə, bu hədəflərə uyğun fəaliyyət göstərmişik. Bu baxımdan Müsavatın hədəfi çox sadədir. Məhəmməd Əmin Rəsulzadə bunu Azərbaycanın istiqlalını yaşatmaq, Azərbaycan vətəndaşının xoşbəxtliyinə nail olmaq kimi müəyyənləşdirib. Bizim də əsas hədəfimiz budur, - istiqlalı yaşatmaq, Azərbaycan vətəndaşının, Azərbaycan xalqının xoşəbxtliyini təmin etmək. Qurultaydakı çıxışımda da qeyd etdim ki, biz ötən əsrin 80-ci illərində Azərbaycanda xalq hərəkatına başlayanda 3 hədəf müəyyənləşdirmişdik. Birincisi Azərbaycanın istiqlalına nail olmaq, ikincisi Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək, üçüncüsü Azərbaycanda demokratiya, haqq-ədalətin bərqərar olmasına nail olmaq. Bu üç hədəfdən birini, yəni istiqlalı Əbülfəz Elçibəyin liderliyində xalıqımız qazanıb. İkinci hədəf Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək, Azərbaycanın bütün torpaqlarında dövlətimizin suverenliyini bərqərar etməkdir. Bu hadisə son illərdə baş verdi. İndiki hakimiyyətin zamanında baş verdi. 2020-ci ildəki 44 günlük savaşda və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı ilə bu hədəflərə çatıldı. Bu baxımdan bizim indi qarşımızda olan əsas hədəf Azərbaycanda haqqın-ədalətin bərqərar edilməsi, Azərbaycanda demokratiyanın qalib gəlməsi və Azərbaycan xalqının bu dəyərlər əsasında azad, xoşbəxt, firəvan həyatını, yaşayışını təmin etməkdir. Bu baxımdan düşünürəm ki, qarşıdakı dövrdə də Müsavat Partiyasının əsas hədəfi məhz bu olacaq.

İsa Qəmbər: Azərbaycan dəyişikliklərə məhkumdur

Amerikanın Səsi: Müsavat Partiyasının qurultayı Azərbaycanda insan haqlarının pozulması, partiyanın üzvü Tofiq Yaqublunun, siyasi motivlərlə tutulan bütün fəalların və jurnalistlərin azadlığa buraxılmasını tələb edən bəyanatlar qəbul edib. Qurultayın bu tapşırıqlarını yerinə yetirmək üçün hansı təsiredici addımlar atılacaq?

Torpaqlarımızın azad edilməsi ilə ölkəmizdə bu qədər haqsızlıqların olması çox ciddi bir dissonansdır.

İsa Qəmbər: Elə qurultayın özündə bu istiqamətdə bəyanatların qəbul edilməsi, bütün siyasi məhbusların azadlığa buraxılması məsələsinin birmənalı şəkildə irəli sürülməsi onu göstərir ki, partiyamız bu istiqamətdə çox ciddi fəaliyyət göstərmək fikrindədir. Diqqət etdinizsə bizim çox dəyərli ağsaqqalımız, qurultayımızım fəxri sədri, hörmətli Cəmil Ünal da öz çıxışında bu məsələyə diqqət ayırdı. O birbaşa dövlət başçısına müraciət edərək bütün siyasi məhbusların azadlığa buraxılması təklifini səsləndirdi. Belə bir vəziyyətin Azərbaycana yaraşmadığını, Azərbaycana ziyan verdiyini aydın şəkildə ortaya qoydu. Qurultaydan sonrakı dövrdə də biz bu məsələyə diqqətimizi artıracağıq. Partiyanın üzvü Tofiq Yaqublunun, digər partiyaların fəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin həbsdən azad edilməsi məsələsi istiqamətində fəaliyyət göstərəcəyik. Bunun üçün həm partiyamızın bütün resursları prosesə cəlb ediləcək, həm də hesab edirəm ki, cəmiyyətimizin digər qüvvələri ilə birlikdə bu istiqamətdə əməkdaşlıq etmək, bu problemin birdəfəlik və uzunmüddətli həllinə nail olmaq planımızda var. Ciddi şəkildə bu istiqamətdə işləyəcəyik.

Amerikanın Səsi: Siz çıxışınızda bildiribsiniz ki, ölkədə vəziyyət kifayət qədər ağırdır. Müsavat Partiyası iqtidarın daxili və xarici siyasərtində hansı addımları qəbul etmir və hansı islahatları zəruri hesab edir?

İsa Qəmbər: Yəni siyasi məhbusların azadlığı məsələsini qeyd elədik. Söhbət ondan getmir ki, bu gün kimlərisə buraxsınlar, sabah da başqalarını həbs eləsinlər. Təəssüf ki, indiki hakimiyyət bu yolu davam etdirir. Azərbaycanı siyasi məhbus olmayan bir ölkə halına gətirmək lazımdır. Bir neçə ay əvvəl Azərbaycanın AŞPA-dakı fəaliyyəti dayandırıldı. Oradakı əsas iradlardan biri məhz siyasi məhbuslarla bağlı bir məsələ idi. Avropa Şurasının üzvü olan və onun qarşısında, digər beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürən ölkəyə, dövlətə yaraşmaz ki, ölkədə bu qədər siyasi məhbus olsun. Əslinə qalsa bir siyasi məhbus da olmamalıdır. Eyni zamanda əsas problemləri sadaladıq. Rüşvətxorluq, korrupsiya, monopoliyalar. Bunlar aradan qaldırılmalıdır. İqtisadi azadlıqlar tətbiq olunmalıdır. Siyasi azadlıqlar verilməlidir. Partiyalar, medialar üçün də, vətəndaş cəmiyyəti üçün də azadlıqlar verilməlidir ki, bu qurumlar qanunauyğun şəkildə, rahat bir şəkildə fəaliyyət göstərə bilsinlər. Məhkəmələrin müstəqilliyinə nail olunmalıdır. Ölkədə qanunun aliliyi təmin edilməlidir. Ölkədə normal demokratik seçkilərin keçirilməsinə nail olunmalıdır. Hədəflərimiz bu olacaq. Hesab edirik ki, bu sahələrdə ciddi dəyişikliklərə, islahatlara ehtiyac var. Hakimiyyət də islahatdan danışmaq mərhələsini bitirib. O istiqamətlərdə konkret addımlar atmalıdır. Çünki bu islahatlar Azərbaycan üçün həddindən artıq önəmlidir. İstər xalqımızın, vətəndaşımızın xoşbəxtliyi baxımından, istərsə də Azərbaycanın çağdaş dünyada öz layiqli yerini tutması baxımından, bu məsələlər öz həllini tapmalıdır. Son illərdə dəfələrlə bu fikri vurğulamışıq ki, torpaqlarımızın azad edilməsi ilə ölkəmizdə bu qədər haqsızlıqların olması çox ciddi bir dissonansdır (uyğunsuzluq-red). Buna son qoyulmalıdır. Ölkədə bütün azadlıqlar bərqərar edilməlidir. Vətəndaşımız rahat, təhlükəsiz, firəvan, ləyaqətli bir həyat sürəməyə layiqdir.

Amerikanın Səsi: Siz qurultayda ölkədə dinc demokratik keçid üçün ictimai saziş təklifi ilə çıxış edibsiniz. İctimai saziş təklifinizin əsas komponentləri nədir? Təklifinizin reallaşması üçün hansı yeni fəaliyyətləri gündəliyə gətirəcəksiniz?

Ölkədə dinc, demokratik keçidi təmin etmək üçün ən ağlabatan yol hakimiyətlə cəmiyyət arasında ictimai sazişə nail olmaqdır.

İsa Qəmbər: Əslinə qalsa haqqında danışdığımız problemlər, müəyyənləşdirdiyimiz hədəflər ictimai sazişin əsas mövzularıdır. Qurultaydakı çıxışımda da qeyd etdim ki, dünya dəyişir, region dəyişir. Azərbaycan da dəyişikliklərə məhkumdur. Bu dəyişkliklər labüddür, zəruridir və dəyişikliklər həyata keçirilməlidir. Nəzəri cəhətdən bunun iki yolu var. Ya hakimiyyət yuxarıdan bu addımları atmağa başlamalıdır. Bunu hakimiyyət etməyəcəksə, prosesin hansısa mərhələsində xalq öz sözünü deyəcək. Xalq meydana girərkən bunun bütün müsbət cəhətləri ilə yanaşı, sosial partlayışlar, qarşıdurmalar, inqilabi dəyişikliklər, - bu da baş verir. İnqilabi dəyişikliklər qulağa xoş gəlsə də hər halda mən və bütövlükdə Müsavat Partiyası dəyişikliklərin təkamül yolu ilə getməsinə tərəfdarıq. Sadəcə, o qədər zaman itirilib ki, bizim qarşımızda belə bir on illiklərlə bu dəyişikliləri həyata keçirmək kimi bir lüksumuz, imkanımız yoxdur. Bu dəyişikliklər bir neçə ilin içində, çox sürətlə həyata keçirilməlidir. Bunun da ən ağlabatan yolu, mənim fikrimcə, ölkədə dinc, demokratik keçidi təmin etmək üçün hakimiyətlə cəmiyyət arasında ictimai sazişə nail olmaqdır. Əslinə qalsa demokratik ictimaiyyət bu istiqamətdə müxtəlif cəhdlər edib. Xatırlayırsınız ki, 2012-ci ildə İctimai Palata bir yol xəritəsi müəyyənləşdirmişdi. Cəmiyyətə də, hakimiyyətə də müəyyən təkliflər irəli sürmüşdü. Yəni, bu tipli cəhdlər cəmiyyətdən, demokratik ictimaiyyətdən olub, addımlar atılıb. İndi yeni mərhələdə biz təklif etmək niyyətindəyik ki, bu istiqamətdə səylərə başlanılsın. Bunun üçün təkcə hakimiyət və cəmiyyət arasında yox, elə demokratik cəmiyyətin də daxilində, bütövlükdə cəmiyyətdə də məsləhətləşmələr, müəyyən bir hədəflərin dəqiqləşdirilməsinə, konsensusa gəlinməsinə ehtiyac var. Cəmiyyət bütöv olaraq bu dəyişikliklərin zəruri olduğunu, belə bir ictimai saziş yolu ilə bu zəruri addımların atılmasının sürətlənməsini və mümkün qədər itkisiz, çətinliklər, qarşıdurmalar olmadan həyata keçməsininin baş verməsini istəyir. Biz təklifimizi etmişik və bu istiqamətdə müəyyən müzakirələrə başlamaq düşüncəsindəyik, müəyyən addımlar atmaq fikrindəyik. Amma, təbii ki, bu tipli təşəbbüslər yalnız bir tərəfin iradəsi ilə həyata keçirilə bilmir. Hakimiyyətin də burada sağlam təhlilinə ehtiyac var. Hakimiyyət tərəfindən vəziyyətin düzgün dəyərləndirilməsinə ehtiyac var. Hakimiyyətin öz səhvlərini, yanlışlarını ehtiraf etmək və dəyişikliyin labüd olmasını dərk etməsinə ehtiyac var. Zaman göstərəcək ki, bu mümkün olacaq, yoxsa yox. Ancaq, biz hər halda öz təklifimizi, öz təşəbbüsümüzü irəli sürmüşük və bu istiqamətdə addımlar atılacaq.

Amerikanın Səsi: Müsavat Partiyası qarşıdakı parlament və bələdiyyə seçkilərində iştirak edəcəkmi? Yəni blok halında, yoxsa müstəqil iştirak edəcək?

Müsavat Partiyası seçkilərə meyilli bir partiyadır.

İsa Qəmbər: Müsavat Partiyası seçkilərə meyilli bir partiyadır. Biz hakimiyyətə gəlməyin seçkidən başqa variantlarını məqbul saymırıq. İstəyirik ki, dəyişikliklər seçki yolu ilə baş versin. Ona görə də, bizdən asılı olsa, biz seçkilərdə iştirak edəcəyik. Amma təbii ki, seçki bir az seçkiyə oxşamalıdır. Heç olmasa müəyyən ilkin şərtlər buna imkan verməlidir. Ən azından seçki komissiyalarında seçkidə iştirak edən qüvvələrin təmsilçiliyi təmin edilməlidir. Seçkidən əvvəl və seçki dövründə seçkidə iştirak edən siyasi qüvvələrin rəqabət şəraiti, bərabər iştirak etmək imkanları olmalıdır ki, o seçkinin də ölkəmizin inkişafı üçün bir anlamı olsun. Cəmiyyətin də buna inanması mümkün olsun. Hər halda görünən odur ki, yaxın aylarda ən azı parlament seçkisi gözlənilir. İlin sonunda da bələdiyyə seçkiləri nəzərdə tutulur. Yenə deyim ki, Müsavat Partiyası seçkidə iştirak etməyə meyillidir. Amma konkret qərar konkret şəraitdə verilir. Ümumiyyətlə partiya qərarlarını bilirsiniz ki, kollegial idarəçiliklə verir. Bu bir adamın idarə etdiyi partiyalardan deyil. Seçkidə necə iştirak edəcəyimiz sualına gəldikdə isə Müsavat Partiyasının yanaşması, bu məsələlərdə demokratik düşərgədəki aparıcı qüvvələrin funksional əməkdaşlığı yanaşmasıdır. Yəni bu ondan ibarətdir ki, hər bir mərhələdə hədəf aydın olanda, o hədəfə doğru gediləcək yolda fikirləri, yanaşmaları eyni olan qüvvələr təbii ki, əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlıq olsa, dəyişikliklər daha rahat, daha sürətlə gedə bilər. Amma bu yenə də Müsavatdan aslı olmayacaq, digər qüvvələrdən də asılı olacaq. Bizim təklif etdiyimiz taktika, üslub digər qüvvələr üçün uyğun olacaqsa, təbii ki nədən əməkdaşlıq olmasın.

Share on Facebook