"Rusiyaya təzyiqlərin yalnız Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqazdan da gücləndiyinin şahidi oluruq”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin imzaladığı və Rusiyadan Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxmasını tələb edən sənədi şərh edərkən deyib. "Rusiyaya qarşı yeni cəbhə çoxdan açılıb. Bu sadəcə yeni uzantılarından, yeni "döyüş səhnələri”ndən biridir. Bütün bu tələb və təzyiqlər Rusiyanı bütün cəbhələrdə zəiflətməyə yönəlib. BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin Moskvadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmaqla bağlı tələbi də həmin prosesin davamıdır”, deyə Arif Əliyev vurğulayıb. Həmsöhbətimiz qeyd edib ki, bu istiqamətdə cərəyan edən proseslər payıza doğru - sentyabr ayında daha da gərginləşəcək: "Bu, Ukrayna prezidenti Volodirmi Zelenskinin bəyanatlarında öz əksini tapıb. O bildirib ki, payıza yaxın yeni əməliyyatlar gözlənilir. BMT TŞ-nın 6 ölkəsinin Rusiya ilə bağlı qəbul etdikləri həmin sənədi də payıza doğru yeni əməliyyatların başlanması ehtimalı ilə əlaqələndirirəm”. Adif Əliyev bildirib ki, bir sıra məsələlərə həmçinin Rusiya və Türkiyə prezidentlərinin görüşündə aydınlıq gətiriləcək: "Məhz bu görüşdən sonra bir sıra məsələlərə daha dəqiq münasibət bildirmək imkanı yaranacaq. Çünki orada müzakirə olunacaq məsələlərin Rusiyanın indiki dairədən daha geniş bir mühitə çıxış cəhdinə aydiyyatı vardır”. Arif Əliyevin fikrincə, Orta Asiyanın ən sakit dövlətlərindən olan Türkmənistan da Moskvanın yeni iqtisadi əlaqə cəhdlərinin öz ərazisində nəticə verməyəcəyi barədə ciddi bir bəyanat verib. "Onlar bu bəyanatı verərkən Orta Asiyanın digər ölkələrinə də istinad etdilər. Rusiyaya təzyiqlərin tək Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqaz istiqamətindən də gücləndiyinin şahidi oluruq. 6 ölkənin verdiyi bəyanat da məhz bunun təzahürüdür”, deyə ekspert bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edən sənəd imzalayıblar. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıblar. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır.
Azərbaycanın siyasi iradəsi ilə atılan addımlar Ermənistanda təşvişə səbəb olub. Bu gün onlar müxtəlif şoular yaradaraq, prosesin qarşısını almağa çalışırlar. Bu sözləri Axar.az-a tanınmış hərbi ekspert Alparslan İmamqulu Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplaması ilə bağlı yayılan videogörüntünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın antiterror əməliyyatları həyata keçirəcəyini anlayır. Çünki işğaldan azad olunan torpaqlara qayıdış planlarının həyata keçirildiyi, inşaat-quruculuq işləri görüldüyü bir vaxtda ərazidə terror qruplarının mövcud olması ciddi bir təhlükədir: “Torpaqlarımızı işğaldan azad etmişik, lakin hələ də ərazilərimizdə terrorçu qüvvələr mövcuddur. On minə yaxın əli silah tutan bir qüvvə fəaliyyət göstərir və bu, çox ciddi rəqəmdir. Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatları keçirərək bu qrupları tamamilə zərərsizləşdirmək lazımdır. Əks halda Rusiya davamlı olaraq bölgədə revanşizmi dəstəkləyəcək və terrorçu qrupları müxtəlif vasitələrlə silahlandıracaq”. Onun sözlərinə görə, Ermənistanın yürütdüyü siyasət rəsmi Bakını antiterror əməliyyatlarını tez bir zamanda həyata keçirməyə vadar edir: “Buna müharibə yox, irimiqyaslı antiterror əməliyyatlarının başlanması deyərdim. Bu, hər an ola bilər. Çünki Ermənistanın vədinə əməl etməməsi, revanşist fikirlər səsləndirməsi Azərbaycan üçün başqa yol qoymur. Hətta deyərdim, qaçılmazdır. Bunun qarşısının alınmasının da yeganə yolu terrorçuların zərərsizləşdirilməsidir. Ona görə də irimiqyaslı antiterror əməliyyatları tez bir zamanda başlayacaq”. Azərbaycan Ordusunun yüksək hazırlığından bəhs edən ekspert bildirib ki, antiterror əməliyyatları da Bakının zəfəri ilə yekunlaşacaq: “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda struktur dəyişikliyi, təşkilatlanmada və silahlanmada gedən inkişafa baxsaq, Ermənistanın İran, Rusiya, Hindistan kimi ölkələr tərəfindən dəstəklənməsi heç bir məna kəsb etmir. Təbii ki, təhlükələr nəzərə alınmalıdır. Çünki ərazilərimizin içərisində olan bu qüvvə hər an ciddi təxribatlar törədə bilər. Azərbaycan bir neçə dəfə kiçik antiterror əməliyyatı keçirib. Bölgədə strateji yüksəkliklər nəzarətə götürülüb. Bu da bizə Ermənistan və onun ərazilərimizə buraxdığı terrorçu qrupların fəaliyyətini daim izləmək imkanı verib. Bununla yanaşı hava məkanı da daim nəzarətimizdədir. Odur ki, ciddi narahatlığa əsas yoxdur. Sadəcə, tez bir zamanda bu əməliyyatların başladılması önəmlidir. Əks halda, əlində silah olan terrorçu qüvvələrin daha da güclənməsi Azərbaycana gələcəkdə çətinlik yaradacaq”.
Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub. Sozcu.az Baku.ws-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib. Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib. Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərində fəal olan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayit Musiqi Kollecinin məzunu olub. Nurlan evin ən böyük övladı olub. Onun Ruslan və Aqşin adlı qardaşları var. Kürdə batanlardan biri də onun özündən 5 yaş kiçik qardaşı Akşin Elburus oğlu Kərimovdur. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.
"Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb". Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.
“Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir...” “Qarabağdakı ermənilərə “humanitar yardım” şousunun hansısa silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm. Ona görə ki, Ermənistanın bu məsələdə mövqeləri zəifdir. Baxmayaraq ki, yeni silahlar alınıb, guya ordu təchiz olunub, Qarabağdakı separatçıları da ruslar təchiz edirlər”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının “ “Artıq 3 həftəyə yaxındır ki, Ermənistanla sərhədimizdə davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousunun əvvəlkilərə nisbətən genişmiqyaslı silahlı qarşıdurma ilə nəticələnməsi ehtimalı nə qədərdir və bu, hansı güclərə lazımdır?” sualını cavablandırarkə ifadə edib. “Amma nəzərə alsaq ki, bu aksiyanın arxasında Ermənistan hökumətindən daha çox ona opponnet olanlar durur, - bunun da kimliyi, dediyim kimi, göründü,- əlbəttə, ilk növbədə Ermənistan hökuməti konfliktdə maraqlı deyil. Yalnız ona görə yox ki, İrəvan sülhsevərdir, sülhü müharibədən üstün tutur, sadəcə, həm də ona görə ki, bu ölkənin yetərincə gücü yoxdur. Belə bir şəraitdə müəyyən lokal hərbi qarşıdurmalar ola bilər. Amma bunun böyükmiqyaslı hansısa konfliktə keçməsi qeyri-mümkündür”,- deyə davamında analitik bildirib. “Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir. Bunu isə, səhv etmirəmsə, nə Azərbaycan istəyir, nə də Ermənistan. Rusiyaya lazım olan bu konflikt yaratmaq cəhdi digər geo-siyasi oyunçulara da, yəni Türkiyəyə, Qərbə, hətta İrana da lazım deyil. Ümumiyyətlə, bütün bu olaylara: istər həmin “humanitar yardım” şousuna, istər onu hansısa konfliktə çevirmək cəhdinə, istər ona Ermənistan tərəfindən dəstək aksiyası keçirmək cəhdinə, istərsə də Qarabağdakı separatçıların təhdidlərinə kompleks baxdıqda biz, əlbəttə ki, Rusiyanın konflikt yaratma fəaliyyətini görürük. Bax, bu fəalaliyyətin də başlanğıcının anonsu, - əslində ona zəmin çoxdan yaradılıbdır,- məhz Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə departament rəhbərinin son bəyanatıydı”, - deyə ekspert vurğulayıb.
Ukrayna Rusiya ilə müharibədə qalib gəlir, lakin müharibə Yeni il bayramına qədər bitməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” qəzeti məlumat yayıb. “Hazırda uzanan əks-hücumda möcüzə olacağına ümid edirdilər. NATO möcüzələr gözləyirdi və ukraynalılar onlara bunu vəd etdilər. Ancaq optimizm əsasında müharibə apara bilməzsiniz. Əks-hücum zamanı üzə çıxan problemlər Ukrayna ilə müttəfiqlər arasında gərginliyə səbəb olub. Qarşılıqlı ittihamlar səsləndirməyə başladılar. Müharibə isə uzanır. İndi Ukraynaya dəstək üçün uzunmüddətli planlar hazırlamaq lazımdır. Bu, bəlkə də nəhayət, hansısa sülhün mümkünlüyünü nəzərdən keçirmək üçün şərait yaradacaq”, - nəşrin analizində bildirilib.
Ukrayna müharibənin 536-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 253 850 hərbçi, 4298 ədəd tank, 8335 ədəd zirehli döyüş maşını, 5072 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 475 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7543 ədəd avtomobil texnikası, 4204 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 760 xüsusi avadanlıq itirib.
“Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq...” Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcəyi və hətta yeni münaqişələr üçün zəmin yarada biləcəyi” barədə son bəyanatını şərh edərkən “Söhbət Azərbaycan və Ermənistan haqqında gedirsə, Rusiyadan danışmaq istəməzdim... Biz inanırıq ki, savaşda tərəf olmayan digər ölkələrin hər hansı şərhindən asılı olmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik” söyləməsi Ağ Evin artıq əvvəlki dövrlərdən fərqli olaraq iki ölkə arasında sülh sazişinin imzalanması və Qarabağ məsələsinin yekun həllinə əsl mənada qətiyyətlə çalışdığını göstərirmi?.. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: “Metyu Müllerin bəyanatı, şübhəsiz ki, Rusiya Xarici işlər Nazirliyinin verdiyi açıqlamaya cavab idi. Ona görə ki, bu açıqlama hansısa bir adi şəxsin adından verilmir. Şübhəsiz ki, o, rəsmi şəxsdir MDB üzrə departament rəhbəridir. Və əlbəttə ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyidir. Və bu barədə mənim mətbuatda da açıqlamalarım olub, “Facebook” səhifəmdə də yazmışam. Amma şəxsən mən ABŞ tərəfindən belə qəti və birmənalı mövqenin, cavab mövqeyinin ortaya qoyulacağını gözləmirdim. Hər bir halda Millerin bəyanatı göstərdi ki, Birləşmiş Ştatlar bölgədəki mövqelər və proseslərlə bağlı və özünün bölgəyə yönəlik siyasəti ilə bağlı Rusiyanın varlığını nəinki nəzərə almır, hətta onun istəklərini belə, onun prosesə qoşulmaq şansını belə, qəbul etmir”. “ABŞ sülh istəyirmi? Əlbəttə ki, istəyir. Vaşinqton sülhü ona görə istəyir ki, bu onun bölgədəki mövqelərini möhkəmlətmiş olacaq və sülh imzalayan tərəflərin ABŞ-ın tərəfdaşına çevrilməsini təmin edəcək. Və bu həm də Birləşmiş Ştatların Avropa Birliyi ilə iş birliyində olaraq Azərbaycan-Ermənistan sülh müqaviləsinin təmin olunmasına çalışdığının özəl bir göstəricisidir. Düşünürəm ki, Qərb, kollektiv Qərb, konkret halda istər ABŞ olsun, istər Avropa Birliyi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq”- deyə analitik vurğulayıb.
“Mən şəhərin mərkəzində doğulub böyümüşəm və Bülbül adına məktəbdə oxumuşam. O məktəbdə oxuyanda Bakının köklü “Sovetski”, “Dağlı”, İçərişəhər məhəllərindən olanların heç biri rus dili bilmirdi. Əksinə, orada yaşayan rusların özləri Bakı ləhcəsi ilə tər-təmiz Azərbaycan dilində danışırdılar. Özləri rusca danışanda elə bilirdik ki, azərbaycanlı danışır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış şoumen Kamran Həsənli deyib. Müsahibimiz bir sıra məşhurların sosial şəbəkə hesablarında rusdilli paylaşımlar etməsinin sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulmasının səbəblərini izah edib. Xatırladaq ki, tanınmış KVN aktyoru, Əməkdar artist Bəhram Bağırzadə rusdilli paylaşım edən sənətçilər sırasında ilk yerdədir. K. Həsənliyə görə isə əsasən, bölgələrdən gələnlər daha çox rus dilinə meylli idilər və bununla şəhərə mənsubiyyətini göstərirdilər: “İndi rusca danışanlar isə başqadır. Doğrudur, dil bilmək, rus dili bilmək yaxşıdır, ingilis dilini bilmək daha gözəldir, eləcə də digər dilləri bilmək əladır. Amma öz dilini qoyub başqa dildə danışmaq mənə görə, sadəcə öz millətini, irqini və valideynlərini aşağılamaq deməkdir. Bu gün rusca danışanların çoxu Ana dilində danışanlara üstdən aşağı baxmağa çalışırlar. Ona görə də elə adamların adını mən “taxtabaş” qoymuşam”. “O ki qaldı məşhurların rusca danışmasına, mən nə Bəhram Bağırzadənin, nə də digərlərinin videolarını izləməmişəm. Bu gün Bakıda əyri bir stereotip var. Hətta mən rusdilli verilişlərdə də olmuşam, çıxışlar etmişəm. Bir şeyin şahidi olmuşam ki, bu tip adamların düşüncəsinə görə, əgər şəhər internasionaldırsa, deməli, orada ünsiyyət dili rus dili olmalıdır. Bunlar başa düşmürlər ki, sən işğalçıya baş əyib nökərlik edirsən” – o, əlavə edib. “Məsələn, London dünyanın ən çoxmillətli şəhərlərindən biridir, amma hər kəs ingiliscə danışır. Yaxud Moskva da eynilə çoxmillətli şəhərdir, amma orada bir özbək, yaxud tacik öz dilində danışa bilməz. Çünki sənə “çerno natsiya” deyə bilərlər, ona görə də rusca danışmalısan. Bakı da Azərbaycanın paytaxtıdır. Şəhərimiz nə qədər beynəlmiləl olsa yaxşıdır, amma nə olursa olsun, Azərbaycan dilində danışmalısan. Bütün millətlər burada dilimizdə danışmağa məcburdurlar, nəinki rusca. Ona görə də mən belə adamlara “taxtabaş” deyirəm”, – K. Həsənli fikirlərini tamamalayıb.
"II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq". Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri vurğulayıb: "II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb".
“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur. Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək. Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.
“Ermənistan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır...” “Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...” Bu fikri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Ermənistanla sərhədimizdə artıq iki həftədən çoxdur ki, davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousuna Rusiya-Qərb, ABŞ qarşıdurması kontekstindən baxsaq, nə görərik?” sualını cavablandırarkən dilə gətirib. “İlk günlərdə bu yardım şousunun arxasında kimin dayandığı, hansı təşəbbüslərin göründüyü aydın deyildi. Amma elə avqustun 8-də də istər Qarabağ erməniləri, istərsə də Ermənistandakı şərti olaraq “miatsum” tərəfdarlarının təşkil etdiyi aksiyalar, səsləndirilən hədə-qorxular, Laçın dəhlizinə, Şuşaya və ümumiyyətlə, Azərbaycana doğru yürüş cəhdləri, o cümlədən də Paşinyan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır”- siyasi şərhçi belə deyib. Analitik açıqlamasında ABŞ-ın və bəzi Avropa ölkələrinin “humanitar yardım” şousu ilə bağlı Azərbaycanın tənqid edən bəyanatlar verməsinin səbəbini də izah edib. “Təbii ki, Qərb ölkələri həmin “humanitar yardım” şousu ilə bağlı müəyyən bəyanatlar verdilər, humanitar böhranı aradan qaldırmaq haqqında Azərbaycana müraciət etdilər, hətta tənqid də etdilər. Görünür, bu da səbəbsiz deyildi, səbəb də ondan ibarət idi ki, tərəfləri, bax, bu tipli aksiyalardan çəkinməyə məcbur etsinlər, yaxud sövq etsinlər və ya bunu tövsiyə etsinlər. Amma hər halda avqustun 8-də Ermənistanda baş verənlər, həmin bu humanitar yardım deyilən aksiya ilə, ona dəstək həyata keçirilməsi ilə bağlı Azərbaycana doğru yürüşlər etməyin kimi təşəbbüsü olduğu açıq-aydın göstərdi. Əgər Ermənistan hökuməti o “humanitar yardım” şousuna dəstək aksiyasının, bununla bağlı Laçın sərhəd postuna doğru yürüş cəhdinin qarşısını alırsa, bu da açıq-aydın göstərir ki, bəhs edilən şou Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin təşkil etdiyi bir təxribat deyil. Ermənistan hökumətinin isə Azərbaycanla sülh, Qarabağ məsələsində partnyorları Qərb ölkələridir, Rusiya deyil. Deməli, Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...”- ekspert belə deyib. “Təsadüfi deyildi ki, son günlər Araik Arutyunyanın da ritorikası kəskinləşdi. O, Paşinyanı ittiham etməyə başladı. Düzdü, bu ilk dəfə deyil. Ancaq hər bir halda görünən budur ki, Kreml artıq total bir hücuma keçib. Və Rusiya XİN-in MDB departamentinin rəhbərinin “Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcək və hətta yeni münaqişələr üçün zəmin yarada biləcək” deməsi heç də sadəcə sözlər deyilmiş, bunun arxasında artıq konkret fəaliyyət dayanır və ya görünür”- deyə Ərəstun Oruclu vurğulayıb.