Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. "Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb. "Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır", - Emin Əmrullayev bildirib.
Bu gün general-mayor Polad Həşimovun doğum günüdür. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Həşimov xalqın qələbə mübarizəsinin, əzminin, zəfər uğrunda sarsılmaz gücünün başlanğıcı oldu. Döyüş zamanı şəhid olan general-mayor kimi o hərb tarixinin nadir şəxsiyyətlərindən biridir. Milli qəhrəmanın doğum günü ilə bağlı anası Səmayə Həşimova Moderator.az saytına danışıb. "1975-ci ilin bu günü sevinirdik ki, Polad dünyaya gəldi. Bu gün də kədərlənirəm ki, Polad həyatda yoxdu. Mən onun yoxluğuna dözə bilmirəm." Polad Həşimovun ölümü təkcə onun anası, ailəsi üçün yox, bütöv bir xalq üçün böyük itkidir. Bu fikirləri Səmayə xanım da təsdiq etdi. "Xalq onu sevir, xalqım sağ olsun. Bu gün Polad Həşimovun məzarına yüzlərlə insan toplaşmışdı. İndi də evimiz insanlarla doludur. Xalq onu ehtiramla anır, unutmur. Əgər kimsə Poladdan halallıq istəyirsə, Polad həyatda yoxdur, amma mən varam." Qəhrəmanın anası deyir ki, Polad Həşimovun adını ata babası qoyub. Ad insanın taleyinə, xarakterinə təsir edir. O, elə polad kimi bərk, sarsılmaz yetişdi, o cür yaşadı. Polad iki qızdan sonra dünyaya gələn oğlan nəvə idi. Oturub məsləhətləşdilər, babası dedi ki, "onun adını Polad qoyacam". Polad kimi böyüdü, yetişdi, yaşadı və Polad kimi də dünyadan köçdü." Təmtərağı sevməzmiş qalib xalqın qəhrəman oğlu. Doğum günlərini evdə, ailəsi ilə sadə süfrə başında qeyd edərmiş həmişə... "28 il orduya xidmət etdi və ad günlərini heç zaman təmtəraqlı qeyd etmədi. Ümumiyyətlə, təmtərağı sevməzdi. Uşaq vaxtı da ad günü olanda mən süfrə açardım, ona hədiyyə alardım, evdə, ailə içində qeyd edərdik. O, elə görmüşdü, həmişə də elə qeyd edirdi. Sonuncu illərdə Daşkəsəndə xidmət edirdi. İki il ad gününü orda qeyd etdik. Heç bir iş yoldaşına da demirdi doğum günü olanda. Orda kirayə qaldığı evdə bir süfrə açmışdıq, ailəsi, uşaqları ilə qeyd etdi." Yanvarın 2-si dünyaya göz açan general-mayor sağ ikən vətəninə xidmət etdi, ölümüylə isə, vətəninin zəfərinə yol açdı. Belə oğulları yalnız qəhrəman analar yetişdirə bilər! Qəhrəmanın ruhuna ehtiram, qəhrəmanı yetişdirən ananın isə varlığına təzim edirik!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb. P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.
2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Bakupost.az -ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmyacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi sürpriz isim olacaq. Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinin hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərhad Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıların İrəvana qaçan nümayəndəsi Samvel Babayan deyib. “Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.
Ərdoğan bizi günahlandıra biləcək sonuncu şəxsdir. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına münasibət bildirərkən deyib. Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri Ərdoğanın təriflədiyi və dəfələrlə ev sahibliyi etdiyi HƏMAS-la mübarizə aparır. Qeyd edək ki, daha öncə Ərdoğan Netanyahunu Adolf Hitlerlə müqayisə edərək tənqid edib.
“Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir...” “Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər...” “Təbii ki, bütün idman oyunları kimi “Qarabağ” komandasının Xankəndindəki oyunu da bir şou idi. Ancaq Rusiyanın Qarabağdakı oyunlarına gəldikdə, hesab edirəm ki, həmin oyunlar nəinki bitmək üzrədir, hətta yeni fazaya keçməkdədir”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının bir neçə gün öncə öz köşəsində qoyduğu “Xankəndində futbol da oynadıq, bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?” sualını cavablandırarkən ifadə edib. “Biz bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun dilindən 2020-ci ilin noyabrından “sülhməramlı” kimi Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin “sülhməramlı” olması haqda bir ifadə də eşitmədik. Amma Rusiya rəsmisi həmin kontingenti “Rusiya hərbi qüvvələri” adlandırdı. Belə çıxır ki, Rusiya doğrudan da, Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində bizim də ehtimal etdiyimiz və təəssüflə qeyd etdiyimiz hərbi baza yaratmaq yolunu tutubdur. Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər. Hər şey, hər bir əməl, hər bir addım onun adının dəyişdirilməsindən başlayır. Və Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir. Bu, o deməkdir ki, Moskvanın həmin hərbi qüvvələri hələ yaxın illərdə Azərbaycan torpağında qalacaqdır. Və mən düşünürəm ki, Rusiyanın bu oyunu davam edir və təəssüf ki, bu, Azərbaycanın xeyrinə yox, ziyanınadır...”, - deyə analitik vurğulayıb.
“Burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib…” Son bir neçə ildə ölkəmizdə bir sıra iri dövlətlərin, o cümlədən İranın, Fransanın, hətta ABŞ-ın kəşfiyyat-agentura şəbəkələrinin ifşası barədə informasiyaların tezliyi artıb. Görəsən, yaxın dövrdə Azərbaycanda, ümumiyyətlə, Güney Qafqazda, azı, 300 ilə yaxın dayaqlara malik olan və xalqımıza qarşı bəlkə də on minlərlə cinayətlər törətmiş və sözsüz ki, hazırda da buna davam edən Rusiya imperiyasının kəşfiyyat-agentura şəbəkəsinin ifşası haqda xəbərlər eşidəcəyikmi?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri ifadə edib: “Digər iri dövlətlərinki ilə müqayisədə Rusiya kəşfiyyatı, Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib. Özü də burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib. Xalqın tarixini dəyişmək, saxtalaşdırmaq, onun dini, milli-mənəvi ənənələrini, mədəniyyətini, elmini gözdən salmaq, Azərbaycan xalqının və dövlətinin daxilində müxtəlif sabotajçı, özü də uzunmüddətli əməliyyatlar həyata keçirmək, ölkədə “5-ci kalon” yaratmaq və s. Bax, bütün bu işləri görmüş Rusiya kəşfiyyatının casuslarının, onun əməllərinin ifşa olunması üçün, ən başlıcası, Azərbaycandakı keçmiş “KQB” arxivləri açılmalıdır. Və bundan sonra həmin arxivlərdən çıxan agentura mənsublarının, casusların bu gün dövlət, hökumət qurumlarında hansı vəzifələrdə yerləşdirildiyi açkarlansın və həmin qurumlar onlardan təmizlənsin... Bundan başqa dövlətlə bağlı bir neçə digər şərtə də əməl olunmalıdır... Yalnız bu halda biz Rusiya casus şəbəkəsinin, özü də nəhəng bir casus şəbəkəsinin ifşasının şahidi olacağıq. Və nəticədə Rusiya kəşfiyyat-agentura şəbəkəsi üzvlərinin törətdiyi cinayətlərin də, hamısının olmasa da, xeylisinin üstü açılacaq...”
ABŞ-ın CNN telekanalı İsrail əsgərləri ilə bağlı tükürpədən iddianı açıqlayıb. İddialar İsrail Müdafiə Qüvvələrinin (IDF) keçən həftə 8 günlük əməliyyat keçirdiyi Kamal Advan xəstəxanası ilə bağlıdır. Sozcu.az musavat.com-a istinadən xəbər verir ki, CNN-ə danışan xəstəxana işçiləri İsrail əsgərlərinin həyatını itirən fələstinlilərin cəsədlərinə hörmətsizlik etdiyini, əlil arabasındakı xəstənin İsrail hərbi itləri tərəfindən parçalandığını və çox sayda həkimin güllələndiyini iddia edir. CNN müxbiri hadisənin görüntülərinə baxdığını bildirib. Məlumata görə, İsrail əsgərləri xəstəxana bağçasında qazılan müvəqqəti kütləvi məzarlığı buldozerlə qazaraq fələstinlilərin cəsədlərini çıxarıblar. "İsrail əsgərləri səhər qəbirləri qazdılar, cəsədləri çıxardılar və sonra buldozerlərlə əzdilər. Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim" - xəstəxananın pediatriya xidmətlərinin direktoru Hossam Abu Safiya deyib.
Separatçıların qondarma rejiminin buraxılması haqqında fərmandan sonra Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz “administrasiyası” rəhbərinin müavini təyin edib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan bildirib. Qriqoryan deyib ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb. Lakin Xankəndidə yaşayan və əvvəllər müxtəlif vəzifələrdə çalışan Qalstyanın hansı funksiyanı yerinə yetirməli olduğu aydın deyil.
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələrlə və nəticədə bir nəfər zabitin ölümü ilə bağlı, az qala, doqquz aydır sürən məhkəmə prosesi yekunlaşır. Yeniavaz.com “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, Beyləqandakı işgəncələrə görə mühakimə olunanlar dekabrın 21-də məhkəmədə son sözlərini deyiblər. Hakim önünə çıxarılmış beş nəfərin arasında general-mayor Bəkir Orucov da var. O, ötən ilin sentyabrında həbs olunarkən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirmiş. Beyləqanda bu hadisələr yaşananda isə korpusun qərargah rəisi olub. “Bizi qurban seçiblər” General məhkəmədəki son sözündə deyib ki, işgəncələrə göstəriş verənlər, nəzarət edənlər kənarda qalıb, onlar da “zəif bənd” kimi qurbanlıq seçiliblər. B.Orucov vurğulayıb ki, müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə onları cəzalandırırlar. O, olub-bitənlərin Müdafiə Nazirliyi rəhbərliyinin nəzarəti altında, korpus komandiri Mais Bərxudarovun göstərişi ilə baş verdiyini söyləyib: “Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə verə, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyi Hüquq İdarəsinin ovaxtkı rəisi-red.) gəlib orada kimisə həbs elətdirə bilməzdi. İndi kimin adamı, pulu var, hamısı vəzifədə, bizi qurban seçiblər”. B.Orucovun fikrincə, həmin ərəfədə gerçəkdən xəyanət olub, sadəcə konkret kimlərin xain olduğu düzgün müəyyənləşdirilməyib. Nəticədə Tərtər və Beyləqanda yüzlərlə hərbçiyə işgəncə verilib, 10 nəfərdən çox adam öldürülüb. General yaşananlara görə müdafiə naziri Zakir Həsənovu da günahlandırır: “Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir ki, xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var?”. “Əmri verən Baş Qərargah rəisi, korpus komandiri” Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam edilən İntiqam Məmmədov son sözündə deyib ki, korpus komandiri Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu: “İndi Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud da yazıblar ki, guya mən kimlərisə vəzifədən çıxartdırıb, əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiri. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?!”. İ.Məmmədov ovaxtkı Baş Qərargah rəisi N.Sadıxovla münasibətlərinin yaxşı olmadığını, qərəzli münasibətinə görə də onu əsassız cəzalandırıb iclasdan qovduğunu deyib: “Nəcməddin Sadıxovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu...”. “Belə çıxır ki, davam edir 37…” Özündən öncəki iki təqsirləndirilən kimi, Rahib Məmmədov da son sözündə bəraət istəyərək Beyləqandakı sorğu-suala cəmi 15 dəqiqə qatıldığını söyləyib. Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb, onu cəzalandırırlar: “Mən Yazıçılar Birliyinin üzvüyəm və üç roman, doqquz şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm”. Korpusda təlimatçı olmuş Ülvi Rəşidovun son sözü qısa olub. O da bəraət istəyib. Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib, təcili tibbi yardım çağrılıb. Həkimlərin rəyi əsasında məhkəmə prosesi dekabrın 28-nədək ertələnib. Xatırlatma Məhkəmə istintaqı bir neçə aydır yekunlaşıb. Prokuror onlara 8 il 6 aydan 12 il 6 ayadək həbs cəzası istəyib. Ayyarım öncə vəkillər də müdafiə çıxışı etdiyindən yalnız təqsirləndirilən şəxslərin son sözləri qalıb. Prokuror təqsirləndirilən şəxslərdən general B.Orucov və Z.Kazımovun hər birinə 12 il 6 ay, Ü.Rəşidov və İ.Məmmədova 10 il 6 ay, R.Məmmədova isə 8 il 6 ay həbs cəzası verilməsini tələb edib. General-leytenant M.Bərxudarov isə ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamları bir müddət öncə belə cavablandırıb: “Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...”.
Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan da özünü “revanşist” elan edib. Sozcu.az xəbər verir ki, Vardazaryan bunu Ermənistan KİV-nə açıqlamasında deyib. Vardazaryan arxiyepiskop Baqrat Qalstanyan, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan və siyasi texnoloq Vigen Akopyandan sonra özünü “revanşist” elan edən 4-cü şəxsdir. O, Azərbaycanla sonuncu müharibənin nəticələrilə barışmadığını, məğlubiyyəti qəbul etmədiyini vurğulayıb. Vardazaryan qondarma “Artsax” Ermənistanın ayrılmaz hissəsi olmasını istədiyi barədə sərsəm açıqlama verib. “Bunu nəzərə alaraq özümü revanşist elan edirəm, - Vardazaryan müharibə tərəfdarı olduğunu bildirib.