Redaktor seçimi

Kılıçdaroğlu və komandasının süni zəka ilə çəkilmiş FOTOSU

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun və onun komandasından İstanbul və Ankara bələdiyyələrinin sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşın süni zəka ilə fotoları çəkilib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, foto sosial şəbəkələrin Türkiyə seqmentində viral olub. 

Ləhic bağlarında fəhləni öldürən şəxsə 10 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhru edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Ötən il iyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətaidə mopeddən yıxılaraq xəsarət alan 21 yaşlı qız ölüb

Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ötən gün isə həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 24 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 24 il ötür. Sozcu.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Tərtərdəki mina partlayışının təfərrüatı...

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub. ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb. Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir. Hadisə nəticəsində zərərçəkmiş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanıb.

Şəhid anası tələbə oldu: “Heç kimin əlinə baxmaq istəmirəm”

Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva kollecə qəbul olub.  Bu barədə Yenisabah.az-a danışan M.Quliyeva vaxtilə Qazaxıstanda kollec bitirsə də, Azərbaycanda diplomunu istifadə edə bilmədiyi üçün yenidən ölkəmizdə diplom almaq niyətində olduğunu bildirib. O, bunu heç kimin əlinə baxmaq istəməməsi ilə əlaqələndirib:  “Mən kolleci vaxtilə Qazaxıstanda bitirmişəm. Ərəb dili tərcüməçisiyəm, daha sonra Almatıda universitetə daxil oldum. Amma vəziyyət elə gətirdi ki, övladımın atasını Qazaxıstandan deportasiya etdilər. Ona görə biz Azərbaycana qayıdıb gəldik və təhsilimi davam etdirə bilmədim. Bura gəldikdə Qazaxıstandakı diplomumu istifadə edə bilmədim.  Bu gün Azərbaycanda şəhid anaları üçün hər cür komfort yaradılıb, gedirsən, adına maaş olan bir kart yazıb verirlər, işləmirsən, yenə sənə güzəşt edirlər. Lakin mən bundan istifadə etmək istəmədim, icra başçısına iş üçün müraciət etdim, bildirdi ki, sənin diplomunu burada qəbul etmirik. Bu səbəbdən mən də yeni diplom almaq istədim. Halbuki icra hakimiyyətində çalışan 50 faiz diplomlulardan daha savadlıyam. Hələ ki, ixtisasımı seçməmişəm, işğaldan azad olunmuş bölgələrdə çalışmaq üçün aqrar sahəni seçmək istəyirdim, sadəcə, kimya və biologiya savadım güclü deyil. Bu imtahanda rus dili və Azərbaycan dili nəticələrim yüksəkdir, ora tarixi də əlavə etmək istəyirəm”.  Şəhid anası təhsilini hansı sahə üzrə davam etdirəcəyinə hələ ki, dəqiq qərar vermədiyini deyib:  “Təhsilimi əyani yoxsa qiyabi davam etdirəcəyimə hələ ki, qərar verməmişəm. Mən Aqrar Universiteti seçmək istəyirdim, çünki Gəncə bizə daha yaxındır, həm də gələcəkdə işğaldan azad olunmuş bölgələrdə bu sahəyə tələbat daha çox olacaq. Fikrimi dəqiqləşdirəndən sonra qərarımı verəcəyəm. Hələ ki, 2 ay vaxtım var, ola bilər ki, kimya və biologiya müəlliminin  yanına hazırlaşmaq üçün gedərəm”. 

“Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin?..”

“Məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?..”   Düşünürəm ki, hazırkı geo-siyasi və hərbi-siyasi durumda Rusiya Azərbaycanın yaratdığı reallıqla hesablaşmağa məcburdur.  Çünki artıq Moskvanın bizimlə hədə-qorxuyla danışmaq dövrü gedibdir.  Ən azı, ona görə ki, Putin rejimi də ermənilərə görə Azərbaycanla və eyni zamanda Türkiyə ilə münasibətlərin pozulmasını istəməz.  Konkret desək, Kreml ermənilərə görə Azərbaycanı tam şəkildə itirmək fikrində deyil”.  Bu fikirləri müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamasında  “Sizcə, Rusiyanın “sülhməramlı”larının yeni komandanı general Aleksandr Lentsovun başçılığıyla danışıqlar aparan nümayəndə heyəti doğrudanmı Azərbaycanın Laçında qurduğu sərhəd-buraxılış məntəqəsinin götürülməsini təkidlə tələb edir, yoxsa?” sualını cavablandırarkən ifadə edib. “Məhz bu deyilən səbəblərdən hesab edirəm ki,  Rusiyanın Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük postları qurmasına reaksiyası şifahi narahatlıq ifadəsindən o tərəfə getməyəcək. Bunu da, sadəcə, ermənilərin bir az könlünü almaq, onları özlərindən tam qaçırmamaq üçün edirlər. Amma məsələyə kəskin formada münasibət bildirilməyəcək  və Rusiyanın “sülhməramlı” adlanan kontingenti də Azərbaycan rəsmiləri ilə, Azərbaycan hərbi komandanlığıyla diqtə formasında danışmağa cəsarət ettməz. Çünki onu da yaxşı bilirlər ki, Azərbaycan tərəfi  xalqın iki ildən çox gözlədiyi addımı atdıqdan sonra Rusiyanın qarşısında geri çəkilib özünün həm daxildə, həm beynəlxalq miqyasda nüfuzdan düşməsinə razı olmaz. İkincisi də, məgər biz hansısa beynəlxalq cinayət törətmişik ki, hansısa dövlətdən, yaxud beynəlxalq təşkilatdan çəkinək?  Biz 32-ci ildir ki, beynəlxalq birlik, o cümlədən BMT tərəfindən tanınmış dövlət sərhədimizdə qanunsuz silah, narkotik, insan ticarəti və s. qarşısını almaq üçün növbəti sərhəd-buraxılış və gömrük postu qurmuşuq. Rusiya “sülməramlı” komandanı olan hansısa general kimdir ki, bizə komanda versin. Ona demək lazımdır ki, siz burada Ukraynadakı kimi işğalçı qüvvə yox, sülhməramlısınız, siz, sadəcə, təhlükəsizliyi, iki qarşı duran tərəf arasında atəşkəsi, sülhü təmin etməlisiniz. Biz isə öz qanuni sərhədimizdə qanuni nəzarət postları qurmaqla, əksinə, sizə dəstək oluruq - əraziyə qanunsuz silah, təxribat yarada biləcək canlı qüvvə, yararsız məhsul, narkotik və s. keçirilməsinə imkan verməməklə sizin sülhyaratma işinizə dəstək oluruq. Odur ki, gedin, işinizlə məşğul olun...  Bütün deyilənləri nəzərə alsaq, heç bir narahatçılığa ehtiyac yoxdur və artıq biz öz suveren ərazimizdə, o cümlədən Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə və s. öz suveren haqq-hüquqlarımızı diqtə etməli, keçmiş Dağlıq Qarabağ və ətraf rayonların məskunlaşdırılmasıyla ciddi məşğul olmalıyıq”- deyə sabiq nazir müavini vurğulayıb.

Əsirlikdə olan Aqşinin anası: “Oğlumun xəttini tanıyıram, məktubu o yazmayıb” - FOTO

“Oğlumun əsirlikdə yazdığı məktub bizə gəlib çatdı, amma onun xətti deyil”. Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. Məktubda yazılıb: “Salam, anam, atam. Mən yaxşıyam. Burada heç bir problem yoxdur, narahat olmayın”. Dürdanə Bəbirova məktubun oğlu tərəfindən yazıldığına şübhə ilə yanaşdığını söyləyib. “Mən oğlumun xəttini tanıyıram. Bizə verilən məktubu o yazmayıb. Oğlumu 100 faiz sorğu-sual ediblər, oğlum deyib, ermənilər də yazıb. Öz xəttinə qətiyyən oxşamır”, - deyə əsirin anası bildirib. Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. “Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK-nın yaydığı məlumatda deyilir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Ermənistan yenə separatçılara pul ayırdı

Ermənistan Qarabağla bağlı növbəti təxribatçı addım ataraq, separatçılara dövlət büdcəsindən 3,5 milyard dram (15,469,379 AZN) kredit ayırmaq barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb. Diqqətçəkən məqam isə odur ki, Qarabağa ayrılan kredit “dövlətlərarası” statusdadır.

Müdafiə nazirinin müavinləri Türkiyəyə getdilər

Azərbaycanın müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər. Bu barədə Sozcu.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları “Texnofest-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət edib. Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyətimiz Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulanıb. Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nərminin qətli: məhkəmə araşdırması yekunlaşdı

Bu gün İlkin Süleymanovun məhkəməsində 2 ekspert və 1 şahid ifadə verib, hakim məhkəmə araşdırmasını başa çatmış elan edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə 2 ekspert və Nərmin Quliyevanın nənəsi ifadə verib. Bundan sonra hakim Dadaş İmanov Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun məhkəmə araşdırmasının başa çatdığını elan edib. Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.

Azərbaycanın kiberməkanına İrandan hücumlar edildi

2022-ci ildə Azərbaycanın kiberməkanına İrandan hücumlar olub və bu, Bakı-Tehran münasibətlərini daha da gərginləşdirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatında bildirilir. Sənəddə deyilir ki, ötən il ölkənin səlahiyyətli qurumları 25 kiberhücumun mənşəyi ilə bağlı araşdırma aparıb. Bu hücumların 24-nün İran, 1-nin isə Niderland əsaslı olduğu üzə çıxıb. Beləliklə, kibertəhlükəsizlik məsələsi Azərbaycanın milli təhlükəsizliyi üçün ən ciddi narahatlıq və çağırışlardan birinə çevrilib. "Hazırda ölkənin aidiyyəti strukturları İran, eləcə də Ermənistan və Rusiyadan qaynaqlanan potensial kiberhücumlara qarşı iş aparır. Kiberhücumlar barədə ilk öncə iqtidarda olan Yeni Azərbaycan Partiyasından (YAP) müraciət olunub. Araşdırma zamanı hakerlərin İP (İnternet Protokol) ünvanlarının İran mənşəli olması sübuta yetirilib. Bir ay sonra isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), eləcə də bir telekanalın internet səhifələrinin iranlı hakerlərin hücumuna məruz qalmasına dair xəbərlər yayılıb", - hesabatda qeyd olunub. Bundan başqa, sənəddə ölkənin kiberhücumlarla bağlı tarixçəsinə toxunulur və bildirilir ki, 2000-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytını, ABŞ-ın Bakıdakı səfirliyinin və bir sıra beynəlxalq təşkilatların saytlarını hədəfə alıb, rəsmi Bakıya, xüsusilə keçmiş Prezident Heydər Əliyevə qarşı düzgün olmayan və təbliğat xarakterli materiallar yerləşdirərək Qafqaz regionunda rəqəmsal münaqişələrin genişlənməsinin əsasını qoyub. “2012-ci ilin yanvarında müəyyən xəbər agentliklərinin internet saytları da dövlət əleyhinə fikirlərin yayılması məqsədini güdən hücuma məruz qalmışdı. Digər bir araşdırmaya əsasən, “Staksnet" (Stuxnet) adlı "kompüter qurdu"nun hücumu dünyanın bir çox dövlətlərini təsirə məruz qo duğu kimi Azərbaycan ictimaiyyətinin diqqətini kibertəhlükəsizliklə bağlı məlumatlılıq mövzusuna cəlb edib. "Staksnet" əsasən İrandakı kompüter şəbəkələrinə qarşı yönəlmişdi, lakin Azərbaycan daxil olmaqla bir sıra digər ölkələrdə də aşkarlandı. Şübhəsiz ki, effektiv əks-tədbirlərlə operativ reaksiya nəticəsində bu "kiber-raket"in ("cyber-missile") yaratdığı ziyan məhdudlaşdırılsa da, "Staksnet" hadisəsi Azərbaycanda kiberməkanın mövcud müdafiə vasitələrinə xəbərdarlıq mahiyyəti daşıdı", - hesabatda bildirilib.